Rəssam
Rəssam — Ərəbcə (فنان) Təsviri incəsənət sahəsində yaradıcı işçi.
TƏBİƏT VƏ RƏSSAM
Bizi əhatə edən ətraf aləmin gözəlliyi şair və yazıçını, bəstəkarı və rəssamı yaratmağa ruhlandırır.
Ətrafda baş verən hadisələri və varlıqları təsvir etmək üçün yaxşı müşahidəçi olmaq lazımdır. Müşahidəçi — ətrafa tamaşa edən insana deyilir.
Rəssam — müşahidə edən, sirli, sehrli təsvirlər yaradan bir insandır.
RƏSSAM HANSI MATERİALLARLA İŞLƏYİR
Təsviri incəsənət əsərlərini yaradan rəssam müxtəlif materiallardan istifadə edir.
- Akvarel - incə, şəffaf boyadır. Bu boya ilə işlədikdə sudan çox istifadə olunur.
- Quaş - Quaşın şəffaflığı yoxdur, qatıdır. İş zamanı boyadan çox, sudan isə az istifadə olunur.
- Palitra - boyanı qarışdırmaq üçün nəzərdə tutulub.
- Fırça - Boyalarla işləyərkən fırçadan istifadə edilir. Fırçalar yumru və düz formada olur.
Fırça ilə necə işləmək olar?
- Fırçanı suda islat.
- Fırçada olan artıq suyu parçaya hopdur.
- Fırçanı boyaya toxundur və vərəqin üzərində rəngli ləkə çək.
- Yenidən fırçanı suda islat və artıq suyu parçaya hopdur.
- Sonra yeni rəng almaq üçün fırçanı başqa boyaya toxundur və ləkənin üzərini rənglə.
ƏSAS VƏ QARIŞIQ RƏNGLƏR
Dünyanı rəngsiz təsəvvür etmək mümkün deyildir. Ətraf aləmdə o qədər müxtəlif rənglər var ki!..
- Qırmızı, sarı, göy əsas rənglərdir.
- Bənövşəyi, yaşıl və narıncını isə qarışıq rənglərdir.
Əsas rəngləri qarışdırarkən qarışıq rəngləri almaq olar.
Qırmızı və sarı rəngin qarışığından narıncı rəng alınır.
İSTİ VƏ SOYUQ RƏNGLƏR
Rənglər isti və soyuq olur. İsti rənglər sarı, qırmızı, narıncı, qəhvəyi və onlardan alınan rəng çalarlarıdır. Bu rənglər bizə Günəşi, istini, odu-alovu, səhraları xatırladır.
Soyuq rənglər bizə şaxta-sazağı, qarı, buzu, dənizi xatırladır. Bu rənglərə göy, bənövşəyi, yaşıl, mavi və onların çalarlarını aid etmək olar.
PAYIZIN SEHRLİ RƏNGLƏRİ
Bütün sənətkarlar kimi, rəssamlar da təbiətdən ilham alırlar. Onların əsərlərində payız mövzusunun xüsusi yeri var. Bu fəsil öz rəngarəngliyi ilə insanları cəlb edir. Rəssam payızı seyr edən zaman təbiətdə baş verənləri, insanların geyimlərini və hərəkətlərini müşahidə edir. Müşahidələri rəssama bütöv bir əsəri yaratmağa kömək edir. Təsvir zamanı obyektləri elə yerləşdirir ki, onlar bir-birini tamamlasın.
Ayrı-ayrı hissələrdən bütöv bir təsvir yaratmaq kompozisiya adlanır. Kompozisiya vasitəsi ilə rəssam tamaşaçıya düşündüyü hadisənin məzmununu açıqlayır.
TƏSVİRETMƏ QAYDALARI
ORNAMENT VƏ KOMPOZİSİYA
Təbiət özünü hər zaman bəzəyir! Yarpaqlar, çiçəklər çox gözəldir! Təbiətdə mövcud olan forma və materiallardan istifadə etməklə insanlar da ərtafı gözəlləşdirməyə çalışır. Müxtəlif əşyaları bəzəmək üçün rəssam həndəsi fiqurlardan, gül və yarpaqlardan naxış və ornamentlər fikirləşir. Təkrarlanan naxışa ornament deyilir. Ornament qab-qacağı, geyimi, xalçaları bəzəyir.