Milli Yaylaq Festivalı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Milli Yaylaq Festivalı
Milli Yaylaq Festivalı
Loqonun şəkli
Janrlar etnoqrafik, mədəni, idman
Tarix Iyul
Yer Gədəbəy, Göygöl
Keçirildiyi illər 2019
2022
Təsisçi Müzadil Həsənov
Təşkilatçı Cavad Xan Tarix və Mədəniyyət Fondu
Sayt myf.az

Milli Yaylaq Festivalı (ing. The National Highland Festival) — Azərbaycanda yaylaqelat ənənələrinin yaşadılması və təbliği, tarixi adət və milli ənənələrə söykənən ən böyük etnoqrafik-mədəni-idman tədbirlərindən birini həyata keçirməklə, ölkənin və regionun sosial, iqtisadi, mədəni inkişafına dəstək məqsədilə ilk dəfə 2019-cu ilin iyulun 26-da Gədəbəy rayonunda keçirilən festival.[1][2]

Festival haqqında

[redaktə | mənbəni redaktə et]

“Milli Yaylaq Festivalı” - xalqımızın kökü min illərə söykənən zəngin yaylaq ənənələrinin və elat mədəniyyətinin yaşadılması və təbliği məqsədilə genişmiqyaslı el şənliyi formatında düşünülüb hazırlanmış orijinal layihədir.

Azərbaycan xalqı olduqca zəngin və çoxşaxəli mədəniyyətə malik bir xalqdır. Zəngin şəhərsalma ənənələri ilə yanaşı, onun yüz illərlə, min illərlə formalaşan həyat tərzi və unikal mədəniyyət nümunələri sırasına yaylaq mədəniyyəti və elat ənənələrini də cəsarətlə aid etmək olar. Əzəldən əsasən əhalimizin heyvandarlıqla məşğul olan hissəsinə xas olan bu maraqlı mövsümi köçərilik ənənəsi bütün tarixi Azərbaycanın torpaqlarında geniş yayılmışdır. Bu ənənələrə uyğun olaraq, hər bir bölgənin özünün ənənəvi yaylaq əraziləri formalaşmışdır.

”Milli Yaylaq Festivalı” - bu zəngin yaylaq ənənələrinin və unikal elat mədəniyyətinin yaşadılması, tanıdılması və təbliği məqsədilə hazırlanmış layihədir. “Milli Yaylaq Festivalı”  həm də geniş coğrafi məkanda yaşayan türksoylu xalqların ortaq tarixi ənənələrinin və mədəniyyətlərinin qarşılıqlı tanıdılması və bu istiqamətdə xalqlararası mədəni-etnoqrafik, elmi-praktiki əməkdaşlıq üçün uğurlu və əlverişli platformadır.

Festivalın əsas hədəfləri dayanıqlı turizm məkanı olan orijinal etnoqəsəbə yaratmaqla, ölkədə müasir turizm sektoruna yenilik və unikallıq bəxş etmək, eyni zamanda hər il ənənəvi şəkildə “Milli Yaylaq Festivalı”nı təşkil etməklə, ölkəmizin turizm cazibədarlığının artırılmasına və beynəlxalq aləmdə tanıdılmasına töhfə verməkdir.

Festivalın tarixçəsi

[redaktə | mənbəni redaktə et]

Milli Yaylaq Festivalı ilk dəfə 2019-cu ilin 26 iyul tarixində Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyi ilə Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında keçirilib.[3] Festivalın ideya müəllifi və layihə rəhbəri Müzadil Zauroğludur. 2019-cu ildə keçirilən ilk festivalda təşkilatçı və tərəfdaş qurumların rəhbər şəxsləri, dövlət və hökumət rəsmiləri, diplomatlar, 16 ölkədən nümayəndələr, Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri İnam Kərimov, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, eləcə də yerli və xarici turistlər qatılıb.[1]

Festivalın keçirildiyi “Yaylaq yurdu” adlı etno-qəsəbədə yaşayış alaçıqları ilə yanaşı, cıdır meydanı, yaylaq bazarı, sənətkarlıq guşəsi, “Dədə Qorqud” ocağı (tamaşaçılar üçün səhnə), yaylaq yatağı (ev heyvanları üçün yerlər), pəhləvan meydanı, “Aşıq Ələsgər” ocağı, yaylaq süfrəsi və digər tematik sahələr yaradılıb. Festival şərti olaraq mədəni-etnoqrafik, milli yaylaq oyunları, eko-etnoturizm adlı 3 hissədən ibarətdir.[1]

  • Milli Yaylaq Festivalı günlərində mədəni-etnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər, xalq mahnıları, müxtəlif xalq səhnələri və tamaşaları, əski xalq oyunları (dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq-aşıq, molla mindi) təşkil olunub, yaylaq kulinariya nümunələri təqdim edilib. Həmçinin tətbiqi sənət nümunələrinin nümayişi və satış-sərgisi təşkil olunub. Qoçların, qurdbasarların (çoban itlərinin) və yerli yorğa atların sərgi müsabiqəsi keçirilib. Yaylaq və spesifik kənd təsərrüfatı mallarının yarmarkası fəaliyyət göstərib. Festival müddətində ölkədə tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların mədəni proqramları və nümunəvi çıxışları təqdim olunub.[1]
  • Festivalın milli yaylaq oyunları şərti adı altında keçirilən hissəsində qədim kökə söykənən yorğa at yarışları, milli güləş yarışı, çaparaq at yarışları, çoban güləşi, nümunəvi çıxışlar, atüstü milli oyunlar – Çövkən, Baharbənd, Sürpapaq, Piyalə, Ər endir (atüstü güləş), Gərdək qaçırmaq; Zorxana, Kəndirbazlıq və ox atma təşkil edilib.[1]
  • Yaylaq festivalının eko-etnoturizm hissəsində isə turistlər üçün köhnə ənənəvi üslubda düzəldilmiş alaçıqlarda qalmaq imkanı yaradılıb. Şərti olaraq XVIII əsrin ənənəvi yaylağına səyahət də təşkil edilib. Belə ki, burada turistlər gün ərzində adi kənd həyatını yaşayırlar. Yəni, inək, qoyun-keçi otarır, onları sağır, ot biçir, taya düzəldir, atlara qulluq edir, nehrə çalxayır, tətbiqi sənətlə məşğul olur, milli xörəklərdən bişirir və dəyədə gecələyirlər. Həmçinin bölgənin məşhur yerlərinə - Koroğlu qalası, Mahrasa məbədi, Qız qalası və digər məkanlara turlar, at gəzintiləri; “Alman izləri” adlı xüsusi ekskursiyalar təşkil olunub.[1]

Festivalın hissələri

[redaktə | mənbəni redaktə et]

Vahid konsepsiya şəklində düşünülmüş Milli Yaylaq Festivalı şərti olaraq bir-biri ilə sıx bağlılığı olan bir neçə tərkib hissə və bölmələrdən ibarətdir:

A) Mədəni hissə;

[redaktə | mənbəni redaktə et]

1. Milli-mədəni irsimizin ümumi təbliği

2. Milli rəqslər (yallılar, cəngilər)

3. Aşıqların deyişməsi,

4. Xalq mahnıları,

5. Milli musiqimizin və musiqi alətlərimizin nümayişi və təbliği

6. Müxtəlif səhnələr, tamaşalar;

7. Festival müddətində ölkəmizdə tolerantlıqmultikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların (avarlar, malakanlar, talışlar, yəhudilər, ləzgilər, saxurlar və d.) nümayəndələrinin mədəni proqramları və nümunəvi çıxışları

B)  Etnoqrafik hissə;

[redaktə | mənbəni redaktə et]

1. Əski xalq oyunları (dirədöymə, çilingağac, əzəldəyməz, çiləmə, aşıq-aşıq və s.)

2. Yaylaq kulinariya nümunələri (odun üzərində bişən xörəklər: dovğa, çoban buğlaması, sac üstü kətələr, kabablar və s)

3. Xalçaçılıq, kilimçilik və keçəçiliyin nümayişi

4. Yaradılacaq “Sənətkarlar məhəlləsi”ndə müxtəlif sənət nümunələrinin nümayişi və satış-sərgisi (misgərlik, dabbaqlıq, papaqçılıq, sərraclıq, səbət, həsir, suvenirlər və s.)

5. Milli geyimlərimizin sərgi-nümayişi

C) Milli Yaylaq Oyunları;

[redaktə | mənbəni redaktə et]

“Yaylaq (İdman) Oyunları” şərti adı altında qədim köklərə söykənən ənənəvi milli idman növləri üzrə yarışmalar, yorğa at yarışları, atüstü oyunlar və nümunəvi çıxışlar  təşkil olunacaq:

1. Milli güləş yarışı

2. Qurşaq güləşi (kəmər güləşi)

3. Yorğa at yarışları (müxtəlif məsafələr və kateqoriyalarda)

4. Çaparaq at yarışları (müxtəlif məsafələr və kateqoriyalarda)

Nümunəvi çıxışlar və göstərilər:

5. Qarabağ atları üzərində igidlik nümayişi ("cigitovka")

6. Atüstü milli oyunlar: "Çövkən”, “Baharbənd", "Sürpapaq", "Piyalə", “Ər endir (atüstü güləş),  "Gərdək qaçırmaq", Atüstü oxçuluq.

7. Zorxana

8. Alpaqut- əski türk döyüş növü

9. Ənənəvi oxçuluq

10. Pəhləvanlıq

11. Kəndirbazlıq

Qonaqlar və turislər arasında kütləvi oyun-yarışmalar:

1. Masa (ağac çəkmə) güləşi

2. Kəmənd (kəndir) dartma

3. Nərd yarışı

4. Qalaqapı (GO)

5. Çuval-qaçdı

D) Eko-aqro-etno turizm;

[redaktə | mənbəni redaktə et]

1. Turistlər üçün xüsusi etno-qəsəbədə köhnə ənənəvi üslubda düzəldilmiş yurdlarda, dəyələrdə qalmaq imkanı.

2. “Yaylaqda 1 gün”- Turistlər üçün şərti olaraq XVIII əsrin ənənəvi yaylağına “səyahət”.

Etnoqrafik eko-qəsəbədə 1 gün yaşamaq, eyni həyat tərzi sürmək (inək və ya qoyun/keçi) tarmaq, onları sağmaq, ot biçmək (taya düzəltmək), atlara qulluq etmək, nehrə çalmaq, tətbiqi sənətlə məşğul olmaq, milli kulinariya nümunələri bişirmək və qidalanmaq, dəyədə gecələmək və s.)

3. Bölgənin məşhur yerlərinə - məkanlarına turlar (hiking), Sarıyal zirvəsi, Turşsu, Kəpəz dağı)

4. Müxtəlif maraqlı yerlərə atlı gəzintilər, səyahətlər

5. Regionun müxtəlif tarixi yerlərinə və gəzməli məkanlarına tanıtım ekskursiyaları. (GəncəGöygöl şəhər turu, Göygöl Milli Parkı, Cavad Xan Zirvəsi)

E) Yaylaq təsərrüfatı;

[redaktə | mənbəni redaktə et]

1. “Yaylaq yatağı”  Müxtəlif növ yerli cins k/t heyvanlarının yaylaq üçün ənənəvi şəkildə və təbii şəraitdə saxlanılması və sərgi-nümayişi

2. Qoçların, qurdbasarların (çoban itlərinin) və yerli yorğa atların sərgi-müsabiqəsi

3. “Yaylaq dirriyi” (yaylaq bostanı) ənənəvi əkinlərin nümunəvi təşkili (kartof, tərəvəz, göy-göyərti, lobya və s.)

4. “Yaylaq bazarı spesifik k/t malları yarmarkasının təşkili(herbal aptek (dağların müalicəvi bitkiləri), meyvə-tərəvəz, bal, ətsüd məhsulları (motal və digər pendir növləri), yun, keçə və s.)

F)  “Türksoy” Beynəlxalq hissə;

[redaktə | mənbəni redaktə et]

Türksoylu xalqların və ölkə nümayəndələrinin mədəni və idman proqramları üzrə çıxışları. Hər ölkəyə və xalqa ayrılmış tematik sahələrdə özünəməxsus mədəni-etnoqrafik özəlliyinin, milli kulinariyasının nümayişi, tətbiqi sənət nümumələrinin sərgilənməsi və s.

G) Elmi-praktiki hissə;

[redaktə | mənbəni redaktə et]

Yaylaqelat ənənəsi” mövzulu konfrans və seminarların təşkili, bu sahədə müxtəlif araşdırma, elmi və bədii əsərlərin təqdimatı

K) Hərbi-vətənpərvərlik düşərgəsi

[redaktə | mənbəni redaktə et]

Gənclərin xüsusi hərbi-vətənpərvərlik hazırlığının təmin edilməsinə yönəlmiş Yaylaq Düşərgəsi

Festivalın keçirildiyi dayanıqlı turizm məkanı olan orijinal “Xan Yaylağı” adlı etno-qəsəbədə yaşayış alaçıqları (Yurdlar - Oğuz yurdu) ilə yanaşı, Süvarilər düşərgəsi, oxçuluq sahəsi, cıdır meydanı (atçılıq), ərənlər meydanı (ekstrim sahə), güləş və Zorxana meydanı, Kiçik Alplar meydanı (uşaqlar üçün), yaylaq bazarı, yaylaq süfrəsi (restoranlar), yaylaq hamamı, yaylaq yatağı (kiçik ferma), yaylaq bostanı, yaylaq bağı, mini-zoo, Türksoy Yurdu, sənətkarlar güşəsi, Tamaşalar və rəqs səhnəsi, "Dədə Yedyar" ocağı (Aşıqlar məkanı), “Dədə Qorqud” ocağı (tamaşaçılar üçün səhnə), konsert səhnəsi, amfiteatr, “Yaylaqda Kitab” sahəsi, “Öz yurdunu qur” sahəsi, taxtlı çayxana, atlar üçün saxlanma və digər tematik sahələr yaradılıb.

2022-ci ilin iyulunda "Cavad xan" Tarix Mədəniyyət Fondunun təşəbbüsü və təşkilatçılığı ilə[4] Gəncə şəhərinin Hacıkənd qəsəbəsində keçirilən II Milli Yaylaq Festivalı tənqid olunub[5][6], ardınca Daxili İşlər Nazirliyinin rəsmisi açıqlama verib[7], sonra da Mədəniyyət Nazirliyi üzr istəyib.[8]

  1. 1 2 3 4 5 6 Rauf Hacıyev. "Gədəbəydə ilk dəfə Milli Yaylaq Festivalı keçirilir". azertag.az. 26 iyul 2019. 29 iyul 2019 tarixində arxivləşdirilib.
  2. "Azərbaycanda Milli Yaylaq Festivalı". trt.net.tr. 27 iyul 2019. 29 iyul 2019 tarixində arxivləşdirilib.
  3. "Festival Haqqında". myf.az. 29 iyul 2019 tarixində arxivləşdirilib.
  4. "Yaylaq qalmaqalı böyüyür: günahkar Qənirə Paşayeva imiş..." 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-02.
  5. “Bizə təhqiredici, alçaldıcı münasibət göstərdilər” - Jurnalist nazirliyi ifşa etdi[ölü keçid]
  6. "Festival deyildi, "möhtəşəm" biabırçılıq idi - Telli Pənahqızı". 2022-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-31.
  7. "Yaylaq Festivalında yolda qalanlar olub? - DİN aydınlıq gətirdi". 2022-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-31.
  8. "Mədəniyyət Nazirliyi festivala görə üzr istədi". 2022-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-31.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]