Qarabağ bəylərbəyliyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əyalət
Qarabağ bəylərbəyliyi
ولایت قره باغ
Bayraq
Bayraq
Qarabağ bəylərbəyliyinin ərazisi
Qarabağ bəylərbəyliyinin ərazisi
 
 
 
1540 — 1740

Paytaxt Gəncə
Rəsmi dilləri Azərbaycan dili
Bəylərbəyi
 • 1501-1512 Qara Piri bəy Qacar (ilk)
 • 1738-1747 Hacı xan Camışgəzəki (son)


Qarabağ bəylərbəyliyi və ya Gəncə bəylərbəyliyi [1]Səfəvilər dövründə ölkə inzibati cəhətdən bəylərbəyliklərə (əyalətlərə) bölünmüşdü. Onlardan biri də mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyi idi. Bəylərbəyilər qızılbaşlardan təyin olunurdu və onlar həmin ərazini irsən idarə edirdilər. Qarabağ bəylərbəyliyi Səfəvi imperiyasındakı 3 Azərbaycan mərkəzindən biri idi.[2]

Səfəvilər dövlətinin bayrağı
və gerbi
Qarabağ bəylərbəyliyi

Qarabağ bəylərbəyliyi ərazicə Səfəvilər dövlətinin böyük əyalətlərindən biri idi. Bəylərbəylik doqquz mahal və iki ölkəyə bölünürdü.

Qarabağ bəylərbəyliyin mahalları

[redaktə | mənbəni redaktə et]

Hətta XVIII əsrin I rübündə osmanlılar tərəfindən tutulduqda belə əyalətin ərazisi dəyişməz qalmışdı. Tədqiqatçı Hüsaməddin Məmmədov-Qaramanlı bu barədə yazır: "İstər XVI əsrin sonunda, istərsə də XVIII əsrin əvvəllərində Gəncə-Qarabağ əyalətinin ərazisi, əsasən, dəyişməz olmuşdur. Əyalətin sərhədləri şimalda Kür çayı boyunca davam etmiş, Kürün Araz çayı ilə birləşdiyi yerdən Araz çayı boyunca qərbə doğru, Bərgüşad livasına (sancaq, qəza-nəzərdə tutulur) və buradan da şimal istiqamətində Göyçə gölünün şərq hissəsindən keçərək yenə də şimala doğru, Tiflis əyalətinə daxil olmuş, Borçalının cənub hissəsi və Taşır nahiyəsi ilə həmsərhəd olan Lori qəzası na qədər uzanırdı".[3]

Qarabağ bəylərbəyliyinin geniş əraziyə malik olmasını görkəmli sovet şərqşünası İ. P. Petruşevski də təsdiq edir. "İrsiyyətə keçən bəyərbəyliklərdən ən səciyyəvi nümunə Ziyad oğlu sülaləsinin hakimiyyəti altında olan Qarabağ bəylərbəyliyidir. Onlar Qızılbaş Qacar tayfasının Ziyəddin oymağından idilər. Həmin bəylərbəylik XVI əsrin birinci yarısından başlayaraq 300 ilə yaxın Ziyad oğlu sülaləsinin hakimiyyəti altında olmuşlar."

Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin tərkibində yerli inzibati-ərazi vahidi kimi xristian məlikliyi yaradılmışdı. Erməni müəllifləri və onların digər həmfikirləri Qarabağ ərazisində mövcud olmuş beş xristian məlikliyinin rolunu şişirtməyə, hər bir məlikliyi az qala "erməni milli dövlətçiliyi"nin nümunəsi, "əsrlər boyu erməni dövlətçililiyi ənənələrini qoruyub saxlayan, yaşadan" qurum, knyazlıq və s. kimi təqdim etməyə və eyni zamanda erməni əhalisini tarixi Qarabağ ərazisinin yerli sakinləri olduğunu sübut etməyə çalışırlar. Məsələn: erməni tarixçisi A. R. İoannisyan Qarabağİrəvan torpaqlarını erməni əhalisinin əsas hissəsinin cəmləndiyi "tarixi Ermənistan ərazisi" adlandırmaqla yanaşı, Nadir şah dövründə Qarabağ ərazisində olan xristian məlikləri "faktiki olaraq müstəqil hakimlər, öz ərazilərində tam ixtiyar sahibi, özlərinə məxsus hərbi qüvvəyə malik knyazlıqlar" kimi təsvir etmişdir.

İlk olaraq məliklərin özləri haqda: XIX əsr Qarabağ salnaməçilərinin məlumatlarına fikir verək. Mirzə Adıgözəl bəy Qarabağiyə görə, Xəmsə adı ilə məşhur olan beş mahalın hər birinin ayrı adı vardı. Bu mahalların sayı beş olduğundan, onlara Xəmsə adı verilmişdi. Dizaq məliyi Yeqan – Loridən, Vərəndə məliyi Şahnəzər – Göycədən, Çiləbörd məliyi Allahqulu- Mağavizdən, Gülüstan (Talış) məliyi Usub – Şirvandan gəlmədirlər. Bu məlikliklərdən yalnız birinin – Xaçının məlikləri Həsən Cəlalyan övladıdır. Digər "Qarabağnamə" müəllifləri də eyni faktı təsdiq edir. Hətta, əslən Cənubi Azərbaycan ermənisi olan Mirzə Yusif Qarabaği də öz əsərində məliklərin Qarabağa gəlmə olduğunu qeyd edir. Dövrün digər bir mənbəsində "Təzkirət-əl-mülk"də Qarabağ məliklərinin adları yoxdur. Bu onunla izah oluna bilər ki, …bu məlikliklər "ölkə"yə nisbətən daha xırda feodal mülkləri idilər, ikincisi məlikliklər XVII–XVIII əsrdə formalaşmışlar və XVIII əsrin əvvəllərində onların irsi mülklər kimi statusu hələ tam tanınmırdı".

Qarabağın xristian məlikliklərinin əhalisi haqqında: erməni tarixçilərinin və onların həmfikirləri tərəfindən ictimaiyyətin beyninə belə bir fikir yeridilməkdədir: Qarabağ məlikliklərinin əhalisi ermənilərdən ibarət olmuşdur. Məliklərdən dördünün- İsay, Şirvan, Sergey və İosifin 1723-cü ilin martında rus çarı I Pyotra yazdıqları məktubdan aydın olur ki, o zaman Azərbaycanda yaşayan xristianlar özlərini alban adlandırmışlar.

İndiki Ermənistan və ona bitişik ərazilərdə pərakəndə halında yaşayan ermənilərin müstəqil dövlət yaratmaq arzusuna təkan verən amillərdən ən başlıcası XVI–XVII əsrlərdə Səfəvilərlə Osmanlı Türkiyəsi arasında uzun sürən müharibələr olmuşdur. Bu müharibələrdə hər bir məqamdan məharətlə istifadə edən ermənilər yeni-yeni Azərbaycan torpaqlarını osmanlılardan satın almışlar. H. Məmmədov İbrahim Rəhimizadənin "Gəncineyi-fəthi-Gəncə" əsərinə istinadən göstərir ki, 1588-ci ildə Gəncə-Qarabağ bəylərbəyi Məhəmməd xan Osmanlı ordusunun Gəncə şəhərinə yaxınlaşmasından bir neçə gün əvvəl tabeliyində olan 50 minə qədə insanı və öz ailəsini əyalətdən çıxarıb, Araz çayını keçərək Qaradağda yerləşdirsə də, bura gəlmiş Osmanlı ordusu tamamilə onları məhv etmişdir. Gəncə-Qarabağ əyalətinin qeyri-müsəlman olan məlikləri isə gəlib osmanlılara itaətini bildirdilər və bunun müqabilində öz vəzifələrində qalmaqla yanaşı, həm də yeni torpaqlar da aldılar.

Qarabağ bəylərbəyliyi və Ziyadoğlu-Qacarlar

[redaktə | mənbəni redaktə et]

Ziyadoğlu-Qacarlardan qabaq Qarabağı kimlər idarə edirdilər? Tarixi qaynaqların əksəriyyətində bu barədə müfəssəl informasiyaya rast gəlmək mümkün olmasa da, 1675–1676-cı illərdə (hicri 1086-cı il) naməlum azərbaycanlı müəllif tərəfindən qələmə alınmış "Tarix-i aləmara-yi Şah İsmayıl" ("Şah İsmayılın dünyanı bəzəyən tarixi") adlı əsərdəki məlumatlar bu məsələyə aydınlıq gətirməyə kömək edir.

I Şah İsmayıl Səfəvi

Farsca yazılmış bu qiymətli tarixi mənbədə Azərbaycan Səfəvilər dövlətinin banisi I Şah İsmayılın (1501–1524) hərbi-siyasi fəaliyyəti ətraflı surətdə təsvir edilmişdir.[4].

Anonim müəllif, İraqi-ərəbin qızılbaş ordusu tərəfindən fəthi və I Şah İsmayılın qızılbaş sərkərdəsi Xadim bəy Xüləfanı Bağdad hakimi təyin etməsi ilə əlaqədar olan 1508-ci ilin hadisələrindən bəhs etdikdən sonra əlavə edir ki, Xadim bəy Səfəvilər dövlətinin qurulması uğrunda gedən mübarizənin fəallarından olmuşdur. Şah İsmayıl bu mübarizədə fədakarlıq göstərmiş qızılbaş əmirlərini yüksək qiymətləndirmiş və onların övladlarını müxtəlif böyük vəzifələrə təyin etmişdi. Buna misallar sırasında anonim müəllif qeyd edir ki, Şah İsmayıl "Qarabağın və o sərhədin bəylərbəyliyini Qara Pirinin oğlu Rüstəm bəyə inayət etmişdi"[5].

Səfəvilər dövləti dönəmində, Qarabağın ilk bəylərbəyi olmuşdu.

I Şah İsmayıl dövründə yaradılmış olan Qarabağ bəylərbəyliyi ilk vaxtlar Qara Piri bəy Qacar, daha sonra onun oğlu Rüstəm bəy Qacar tərəfindən idarə edilmişdi. Osmanlı müəllifi Heydər Çələbi öz "Rüznamə"sində Çaldıran döyüşündə öldürülən qızılbaş əmirləri arasında Gəncə və Bərdə valisi olan Sərdar bəy Qacarın da adını çəkir[6].

I Şah Təhmasib (miniatür)

I Şah Təhmasib Səfəviinin (1524–1576) dövründən Qarabağ bəylərbəyliyinə Qacar elinin Ziyadoğlu oymağının nümayəndələri başçılıq edirdilər. Bəylərbəyliklər rəsmən mərkəzi dövlətə tabe hesab edilsələr də, əslində yarımüstəqil vəziyyətdə olub, bir növ dövlət daxilində dövlət idilər.

Qacarlar Qarabağın köklü sakinləri idilər. Tanınmış Azərbaycan tarixçisi İskəndər bəy Türkman Münşi (1560–1634) özünün məşhur "Tarixi aləm-arayi-Abbasi" adlı əsərində yazırdı:

"Qarabağ qışlaqları və yaylaqları, təmiz havası və sıx ormanları olan ən gözəl bir diyardır. Qarabağın ən qədim əhalisi qacarlar və onlara qohum olan tayfalar burda gözəl bağlar salmışlar."

Qarabağ bəylərbəylərindən biri də Kəmaləddin Şahverdi sultan Ümmət bəy oğlu Ziyadoğlu-Qacardır. I Şah Təhmasib Səfəvi (1524–1578) 1551-ci ildə Şahverdi sultanı Qarabağa hakim təyin etdi. Şahverdi sultan Qarabağ qoşununun başında Qızılbaşlar məmləkəti tərəfindən bir çox savaşlara qatılmışdı.

1537-ci ildə Şahverdi xan öz qüvvələri ilə Qəndəhar yürüşünə qatılmış və bundan sonrakı mühüm hərbi səfərlərdə də yaxından iştirak etmişdi. Görünür, bu dövrdə Şahverdi Sultan Qarabağ bəylərbəyi olmuşdu. Çünki, 1552-ci ildə Ərzurumda Osmanlı hakimi İsgəndər paşaya qarşı döyüşdə o, Qarabağ bəylərbəyi kimi xatırlanmışdı[7].

O, 1558-ci ildə qiyamçı Kartli valisi Lauraspı (1534–1558) öldürdü. Lauraspdan sonra təyin edilən vali Simon (1558–1560) tez-tez asilik etdiyindən, ayağını cızıqdan kənara qoyan kimi şahın əmri ilə Şahverdi sultan tərəfindən cəzalandırılır, qulaqburması alırdı. Tiflis hakimi Georgi Dadiani (1548–1582) Qarabağ bəylərbəyinin nəzarəti altında idi. Azğınlıq eşqinə düşən kimi Şahverdi sultan qoşunla Tiflisə gəlirdi.

1547-ci ilin əvvəllərində Gürcüstan səfərindən dönən Şah Təhmasib Yevlaxda dayanmışdı. O. Əfəndiyev "Xülasət ət- təvarixin" verdiyi məlumata əsaslanaraq yazır ki, Gürcüstan yürüşündən qayıdan zaman Şah Təhmasib Şahverdi sultan Ziyadoğlu-Qacarın evinə düşmüşdü. Buradan o, Şirvanda üsyan qaldırmış olan Əlqas mirzəyə qarşı Şahverdi Sultan Ziyadoğlunu digər əmirlərlə birlikdə göndərmişdi[8].

Kəmaləddin Şahverdi sultan 1568-ci ildə vəfat etdi. Şahverdi sultanın oğlu Ibrahim sultan atasının yerinə xan ünvanı ilə bəylərbəyi təyin olundu. O, şahzadə Sultanəli mirzənin lələsi idi.

Ibrahim sultandan sonra Qarabağın bəylərbəyi Yusif xəlifə oldu. Yusif xəlifə gözünü açmağa macal tapmamış əmisioğlu Peykər sultan tərəfindən öldürüldü. II Şah Ismayıl Səfəvi 1577-ci ildə Peykər sultanı vəzifəsindən çıxarıb qorçusu Imamqulu bəy Yıva-Qacarı Qarabağa bəylərbəyi təyin etdi. Sultan ünvanı ilə bəylərbəyliyə başlayan İmamqulu bəy tez bir zamanda şahdan xanlıq fərmanı aldı. Hətta şahdan xahiş etdi ki, Ziyadoğlu oymağının nümayəndəsi Peykər sultanı Şirvana bəylərbəyi təyin etsin. Şah Imamqulu xanın xahişini yerinə yetirdi. İmamqulu xan Qızılbaşlar məmləkətinin ən ünlü sərkərdələrinin birinə çevrildi. Bir çox savaşlarda ad qazandı.

İmamqulu xan Qacar 1587-ci ildə vəfat etdi.

1587-ci ildə Qarabağın bəylərbəyi Hüseyn xan Ziyadoğlu-Qacar idi. 1588-ci ildə Məhəmməd xan Xəlil sultan oğlu Ziyadoğlu-Qacar Qarabağın bəylərbəyi təyin olundu. Məhəmməd xan 1616-cı ilə kimi, həlak olduğu çağa qədər Qarabağın bəylərbəyi olmuşdu. Mürşüdqulu xan atasının ölümündən sonra, 1616-cı ildə Qarabağın bəylərbəyi oldu. Onun hakimliyi çox çəkmədi. Qardaşı Məhəmmədqulu xan onu əvəz etdi. Məhəmmədqulu xan bir müddət bəylərbəyi olduqdan sonra I Şah Abbasın qəzəbinə tuş gəldi. Şah 1625-ci ildə onu çıxarıb Tiflis hakimi Davud xan Allahverdi xan oğlunu bəylərbəyi təyin etdi. Davud xan qulam olduğuna baxmayaraq, özündən çox razı idi. Məclisdə ədəb-ərkan tanımadığından, Şah Səfinin (1629–1642) acığına səbəb oldu. Şah onu saraydan qovdu. O da Qarabağı yağmalayıb, Osmanlı dövlətinə pənahlandı. Şah yenidən Məhəmmədqulu xanı bəylərbəyi təyin etdi.

Murtuzaqulu xan atasının vəfatından sonra Qarabağ əyalətinə bəylərbəyi təyin edildi. Gəncə-Qarabağ onun ağalığı illərində özünün çiçəklənmə dönəmini yaşadı. II Şah Abbas 1651-ci ildə imzaladığı bir fərmanda Murtuzaqulu xanın adını çəkir. Fərmanda deyilir: "…Habelə hökmranlıq və qüdrətin pənahı, dəbdəbəli və cəlallı dəstgaha malik, yüksək vəzifəli, cəlallı və iqballı idarəçi Qarabağ bəylərbəyi Murtuzaqulu xan Qacar həmin mahalın əzəmətli mustofilər tərəfindən təsdiq olunmuş məlikliyi müəyyən vahid təyin etdiyi təqdirdə və (həmin vahid) qeyd olunan ali və yüksək rütbəli (şəxsə) ödənməli halda, göstəriş versinlər ki, məzkur mahalın məliklik rüsumunu həmin vilayətdəki qayda üzrə qeyd edilən ali və yüksək rütbəliyə aid etsinlər." (Bax: Azərb. Tarixi üzrə qaynaqlar… Bakı, 1989, səh 210) Murtuzaqulu xan 1664-cü ildə varis qoymadan vəfat etdi. Məhəmmədqulu xanın ikinci oğlu Uğurlu xan bir müddət Qum şəhərinin darğası olmuşdu. Qardaşının vəfatından sonra Qarabağa bəylərbəyi təyin edildi. Uğurlu xan 1666-cı ildə vəfat etdi.

Abbasqulu xan II Şah Səfinin (I Süleymanın) (1666–1694) yaxın adamlarından sayılırdı. Bir müddət Bərdənin hakimi olmuşdu. Qaynaqlarda göstərilir ki, Gürcüstan valisi Georgiyə mehmandarlıq etmişdi. Atasının vəfatından sonra QarabağınKaxetiyanın hakimi oldu. Abbasqulu xan Şah Sultan Hüseynin hakimiyyəti dönəmində bütün Qızılbaşlar ordusunun başında durmuşdu.

Uğurlu xanın ikinci oğlu Kəlbəli xan II Şah Abbas Səfəvinin (1642–1666) yaxın adamları cərgəsində idi. Istanbula, Osmanlı sarayına elçi getmişdi. Kəlbəli xanın Uğurlu xan, Həsənəli xan, Hüseynqulu xan, Rzaqulu xan, Məhəmmədqulu xan, Məhəmmədrəhim xan və Şahverdi xan adlı oğulları vardı. XVIII yüzildə Gəncə-Qarabağ əyalətini növbə ilə Kəlbəli xanın oğulları idarə etmişdilər.

Həsənəli xan Bərdədə hakim idi. Nadir şah Qırxlı-Avşarın qardaşı Məhəmmədibrahim xan Zahirəddövlənin xidmətidə idi. Onunla bərabər Dağıstana yürüşdə iştirak etmişdi. II Uğurlu xan 1738-ci ildə qiyamçı dağıstanlılara qarşı döyüşdə həlak oldu. Uğurlu xandan sonra Gəncə-Qarabağı bir müddət kürd kökənli Hacı xan Çəmişgəzəki idarə etmişdi. Nadir şahın ölümündən sonra qarabağlılar onu qovub Məhəmmədrəhim xan Ziyadoğlu-Qacarı taxta çıxardılar. Lakin qardaşı Şahverdi xan ona aman verməyərək yıxıb yerinə keçdi. Şahverdi xanın hakimiyyəti dönəmində Qarabağda xanlıq yarandı.Gəncə-Qarabağ əyaləti iki xanlığa parçalandı.

XVIII yüzilin ortalarından Azərbaycanın feodal dövlətlərə-xanlıqlara parçalanması zamanı Qarabağ bəylərbəyliyi ərazisində Qarabağ və Gəncə xanlıqları yarandı. Yeri gəlmişkən qeyd edək ki, bir sıra tayfaların (Otuziki, Cavanşir, Kəbirli ellərinin) Əfqanıstana köçürülməsi Nadir şah Qırxlı-Avşarın yürüşləri ilə bağlıdır.

Qarabağ Ziyadoğlu-Qacarların irsi bəylərbəyliyi kimi Qarabağ xanlığının yaranmasına kimi, kiçik fasilə ilə 300 ilə qədər onların nəzarətində qalmışdı. Qarabağ bəylərbəyləri olan Ziyadoğlu Qacarlar haqqında ən mühüm məlumat II Şah Abbas dövründə Qarabağ bəylərbəyi Murtuzaqulu xan Qacarın vəziri olmuş Məhəmməd Məsumun "Xülasət əs-siyar" əsərində verilmişdir. M. Məsum Ziyadoğlu Qacar nəslinin XVI yüzyilliyin 40-cı illərindən- XVII yüzilliyin 60-cı illərinə qədər, təxminən yüzillik tarixini öz əsərində işıqlandırmışdır.

Qarabağın sərhədləri haqqında "Qarabağnamə" müəlliflərindən Mirzə Camal Cavanşir Qarabaği yazır: "Qarabağ vilayətinin sərhəddi belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər – Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahilə "Krasnıy most", yəni Qırmızı körpü adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndindən Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhəddi Kür çayına qədər Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdı"[9].

Mir Mehdi Xəzani yazırdı: "Şimdi Qarabağda sərhədd budur: Cənubiyyən rudi-Arazdır, Xudafərin körpüsünün ta Cavad, Əlvənd və Zərdab kəndlərinin müqabilinə (kimi). Şərqiyyən Kür suyudur. Qərbiyyən Qarabağ dağlarıdır. Şimaliki, Gəncə ilə Qarabağın sərhəddidir, Göran çayıdır"[10].

XIX yüzilliyin 30-cu illərinin əvvəllərində hazırlanmış "Обозрение российских владений за Кавказом" kitabında Qarabağ əyalətinin sərhədləri də öz əksini tapmışdır: "Qarabağ əyalətinin sərhəddi belədir: şimalda Yelizavetpol dairəsi, Şəki və Şirvan əyaləti; şərqdə-Muğan düzü, cənubda Naxçıvan əyaləti və Rusiyanın mülklərini İrandan ayıran Araz çayı; qərbdə – Naxçıvan və İrəvan əyaləti, Yelizavetpol dairəsinin sərhəddi ilə axan Kürəkçay və Qaraçay çayları"[11].

Qarabağ Rusiya təbəəliyinə keçərkən Kotlyarevskinin keçirdiyi sorğuya əsasən 1805-ci ildə Qarabağda 10 000 ailə yaşamışdır[12].

Polkovnik Aseyevin 1808-ci ildə general-feldmarşal Qudoviçə göndərdiyi cədvəldə Qarabağ xanlığı ərazisində 7474 ailənin yaşadığı qeyd edilmişdir[13].

General Yermolovun imperator I Aleksandra ünvanladığı 4 mart 1817-ci il tarixli 32 №-li raportda deyilir: "Qarabağ 1805-ci ildə Rusiya tabeliyinə qəbul ediləndə 10 000 ailədən ibarət idi. 1812-ci il sayına görə, Qarabağda "qarət edilmiş, əmlakından məhrum olmuş 3080 ailə vardır"[14]. Həmin raportda verilən məlumata əsasən, Qarabağın qalan əhalisi düşmən tərəfindən xaricə aparılmış və ya özləri qaçmışlar. General Yermolov imperatora raportunda göstərir ki, mənim keçirdiyim yeni sayıma görə, indi Qarabağda 7872 ailə qeydə alınmışdır[15].

Mogilyevski və polkovnik Yermolovun general Yermolova göndərdikləri 2 may 1823-cü il tarixli 22 №-li raportda həmin il Qarabağ əyalətində 9073 vergi verən, 9490 vergi verməyən (cəmi-18563) ailənin yaşadığı göstərilmişdir[16].

"Обозрение Российских владений за Кавказом" kitabında qeyd olunur ki, 1832-ci ildə keçirilmiş kameral təsvir nəticəsində Qarabağ əyalətində 20546 həyətin (54841 kişi cinsi) olması müəyyən edilmişdir[17].

1823-cü il kameral təsvir materiallarını araşdırarkən çar məmurlarının hesablamalarda yol verdikləri bəzi səhvləri üzə çıxararaq Qarabağ əyalətində 1823-cü ildə 9251 vergi verən, 7847 vergi verməyən ailənin yaşadığını müəyyən etmişik[18]. Yekun cədvəli və faktiki materiallar arasındakı fərqləri tərtib etdiyimiz cədvəl daha əyani şəkildə nümayiş etdirir.

Qarabağın qəza və nahiyələri

[redaktə | mənbəni redaktə et]
Qarabağ bəylərbəyliyi, nahiyələr

Mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyi xeyli geniş əraziləri əhatə edirdi. "Təzkirətül-müluk"da Qarabağ bəylərbəyliyinə daxil olan və hakimlər tərəfindən idarə olunan 9 nahiyənin adları sadalanır və onların iqtisadi və hərbi vəziyyəti haqqında maraqlı statistik məlumatlar verilir.

  • Zəyəm hakimi 5998 tümən 5980 dinar illik mədaxilə və 1200 nəfərlik qoşuna,
  • Bərdə hakimi 3792 tümən 2735 dinar mədaxilə və 515 nəfərlik qoşuna,
  • Ağstafa hakimi 852 tümən 5930 dinar mədaxilə və 700 nəfərlik qoşuna,
  • Cavanşir hakimi 2102 tümən 8000 dinar gəlirə və 832 nəfərlik qoşuna,
  • Bərgüşad hakimi 341 tümən 2750 dinar gəlirə və 300 nəfərlik qoşuna,
  • Qara-Ağac (Gürcüstanın Kaxeti vilayəti ərazisində yerləşirdi) hakimi 636 tümən 5434 dinar gəlirə və 210 nəfərlik qoşuna,
  • Lori və Pəmbək hakimi 1545 tümən 8434 dinar gəlirə və 550 nəfərlik qoşuna,
  • Arazbar ölkəsinin və Bayəzidli elinin hakimi 601 tümən 8345 dinara və 300 döyüşçüyə,
  • Simavi və Tərkür ölkəsinin hakimi isə 300 tümən 2945 dinara və 47 döyüşçüyə malik idi.

"Təzkirətül-müluk"a görə Qarabağ bəylərbəyliyinə tabe olan bu 9 nahiyədən toplanan ümumi illik gəlir 16172 tümən 553 dinar təşkil edirdi. Gəncədə oturan bəylərbəyinin illik mədaxili 28614 tümən 9435 dinar, xidmətində olan qoşunun sayı isə 1430 nəfər təşkil edirdi. Mirzə Səmia Qarabağ bəylərbəyliyinin ümumi illik gəlirinin 24726 tümən 978 dinar olduğunu göstərir. Lakin bu zaman rəqəmlər arasında uyğunsuzluq yaranır. Çünki belə olduqda bəylərbəyinin gəliri ümumi mədaxili üstələmiş olur. V. Minorski bəylərbəyiyə aid məbləğin əvvəlinə "2" rəqəminin səhvən yazıldığını müəyyənləşdirmişdir. Belə olduqda bəylərbəyinin və ona tabe olan nahiyə hakimlərinin ümumi gəliri 24780 tümən 9988 dinar təşkil edir ki, bu da mətndəki rəqəmə çox yaxındır. Qarabağ bəylərbəyliyinin daimi qoşununun ümumi sayı 6084 nəfərdən ibarət idi[19].

1593-cü ilə bağlı Osmanlı "təhrir dəftəri"ndə Gəncə-Qarabağ bəylərbəyliyinin inzibati əraziləri:

  • Gəncə sancağı (Gəncə, Gəncə aranı, Gəncə dağıstanı, Şəmkir aranı, Sonqur dağıstanı, Kürəkbasan aranı, Şütür, Danqı, Zəyəm aranı, Yaylaq, Tovuz, Dəmirçihəsənli-Qazax nahiyələri)
  • Bərdə sancağı (Bərdə, Sir, Pətəklik, İncərud nahiyələri və ulusati-Iyirmidörd ölkəsi)
  • Xaçın sancağı (Xaçın, Qaraağac, Ağcabədi, Çalaberd dağıstanı, Çalaberd, Qarqar, Mağavuz nahiyələri, Ulusati-Hacılı, ulusati-Otuziki ölkələri),
  • Ağstabad sancağı (Ağstabad (Ağstafa)-Böyükçay, Quzey, Güney, İncə dağıstanı, İncə nahiyələri)
  • Dizaq sancağı (Arazbar, Dizaq dağıstanı, Dizaq nahiyələri),
  • Həkəri sancağı (Keştasb, Həkəri, Zarıs, Alpavut nahiyələri)
  • Vərəndə sancağı (Vərəndə nahiyəsi)[20]

1727-ci ilə bağlı Osmanlı "müfəssəl dəftəri"ndə isə Gəncə-Qarabağ bəylərbəyliyi

Qarabağ bəylərbəyləri

[redaktə | mənbəni redaktə et]

Qaynaqlarda Səfəvilərin hakimiyyətinin ilk illərində Qarabağda Qacarlardan Göycə Sultanın bəylərbəyi olduğu göstərilir.[22]

  • Mirzə Ata-Allah İsfahani — Azərbaycanın, Qarabağın və Şirvanın vəziri.
Sıra Bəylərbəyi Hakimiyyət illəri
1
Qara Piri bəy Qacar
1501–1512
2
Hüseyn bəy Ustaclı
?-?
3
Rüstəm bəy Qacar
?-?
4
Sərdar bəy Bəydili-Şamlı
?-?
5
Şahverdi sultan Ziyadoğlu-Qacar
1554–1568
6
İbrahim sultan Ziyadoğlu-Qacar
1568–1570
7
Yusif xəlifə Ziyadoğlu-Qacar
1570–1570
8
Peykər sultan Ziyadoğlu-Qacar
1570–1577
9
İmamqulu xan Yıva-Qacar
1577–1587
10
Hüseyn xan Ziyadoğlu-Qacar
1587–1587
11
Məhəmməd xan Ziyadoğlu-Qacar
1587–1616
12
Mürşüdqulu xan Ziyadoğlu-Qacar
1616–1616
13
Məhəmmədqulu xan Ziyadoğlu-Qacar
1616–1627
14
Davud xan Undiladze
1627–1633
15
Məhəmmədqulu xan Ziyadoğlu-Qacar (ikinci dəfə)
1633–1642
16
Mürtəzaqulu xan Ziyadoğlu-Qacar 
1642–1664
17
Uğurlu xan Ziyadi-Gəncəvi
1664–1666
18
Abbasqulu xan Ziyadoğlu-Qacar
1666–1694
19
Kəlbəli xan Müsahib-Gəncəvi
1694–1702
20
II Uğurlu xan Ziyadoğlu-Qacar
1702-?
21
Mahmudqulu xan
1722-?
22
Hacı xan Camışgəzəki 
1738–1747

Mahal hakimləri

[redaktə | mənbəni redaktə et]
  • Səlim xan Şəmsəddinli — 1629-cu ilə qədər Qarabağ əyalətində yerləşən Şəmsəddinli tayfa mahalının hakimi vəzifəsində çalışmışdır.
  • İsmayıl bəy Şəmsəddinli (Səlim xan Şəmsəddinlinin oğlu) — 1629-cu ildən sonra Şəmsəddinli tayfa mahalının hakimi vəzifəsində çalışmışdır.

Böyük bəylərbəyi

[redaktə | mənbəni redaktə et]
  • Sarı Tağı — gəncliyində Qarabağ bəylərbəyliyinin böyük bəylərbəyi olaraq təyin edilib.

Şah naibləri (reqent)

[redaktə | mənbəni redaktə et]

Bəylərbəylik dövründə hadisələr

[redaktə | mənbəni redaktə et]

Arazbar savaşı − 1587-ci ildə Arazbarda osmanlılarla qızılbaşlar arasında savaş olmuşdu.

Qozluçay döyüşü-Qarabağın Dizaq qəzasının Qozluçay vadisində osmanlılarla qızılbaşlar arasında baş vermişdir.1604-cü ildə Gəncə bəylərbəyi Davud paşa yeddi min nəfərlik qoşunu ilə I Şah Abbas tərəfindən Qarabağa göndərilən Hüseyn xan Ziyadoğlu-Qacarı Qozluçay ətrafında məğlub edərək onu geri çəkilməyə məcbur etmişdir.

Gəncə döyüşü (1606)-1605-ci ilin 7 noyabrında Sufiyan kəndi yaxınlığında (Sufiyan döyüşü) I Şah Abbasın apardığı ən iri döyüşlərdən biri baş verir. Onun hərbi istedadı da burada özünü parlaq bir şəkildə büruzə verir. Bütün əməliyyatlara şəxsən rəhbərlik edən şah əsas və ehtiyat qüvvələri elə bölüşdürür ki, rəqibin üstün saylı ordusunun öhdəsindən gələ bilsin. Bundan başqa o, gözlənilməz hərbi fəndlər işlədir. Bütün bunların sayəsində həddən artıq qənimət, o cümlədən 100-ə qədər ağır top ələ keçirilir.

Həmin qələbədən dərhal sonra Qarabağa yeriyən I Şah Abbas Gəncə qalasını mühasirəyə alır. Qalanın mühasirəsi 1606-cı ilin yayına qədər, düz dörd ay davam edir. Hüseyn xan Mühasib Qacarın yerinə Məhəmməd xan Ziyadoğlu-Qacar Qarabağ hakimi təyin olunur. Bundan sonra I Şah Abbas qoşunlarını Lori, DmanisiTiflisə yeridərək, Şirvana doğru hərəkət edir.

  1. Гарабағ бәјләрбәјлији // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: ГајыбовЕлдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 46.
  2. Nafziger, E. Wayne, Frances Stewart, and Raimo Väyrynen (eds), War, Hunger, and Displacement: Volume 2, WIDER Studies in Development Economics (Oxford, 2000; online edn, Oxford Academic, 3 Oct. 2011), https://doi.org/10.1093/acprof:oso/9780198297406.001.0001, accessed 6 Apr. 2024. page 406
  3. Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. "Şuşa" nəşriyyatı. Bakı. 2000. Səh.4
  4. Musalı N. Səfəvilər zamanında Qarabağ bəylərbəyliyinin yaradılması və onun inzibati quruluşu. // "Qarabağ Dünən Bu Gün və Sabah" V Elmi-əməli konfransın materialları. Bakı, 2006, s. 166
  5. Aləmara-ye Şah Esmail (ba moqəddeme-yo təshih-o təliq-e Əsğər Montəzer Saheb). Tehran, 1349, s. 170
  6. Sümer F. "Safevi devletinin kuruluşu ve gelişmesinde Anadolu türklerinin rolü". Ankara, 1976, s. 37
  7. Efendiev O. A. Azerbaydjanskoe qosudarstva Sefevidov. . , s. 93
  8. Efendiev O. A. Azerbaydjanskoe qosudarstva Sefevidov v XVI v. B. , 1981, s. 84
  9. Mirzə Camal Cavanşir. Qarabağ tarixi // Qarabağnamələr. Birici kitab. Bakı, 1989, s.107–108
  10. Mir Mehdi Xəzani. Kitabi-tarixi-Qarabağ // Qarabağnamələr. İkinci kitab. Bakı, 1991, s.99
  11. Обозрение российских владений за Кавказом в статистическом, этнографическом, топографическом, финансовом отношениях: В 4-х ч.СПб., 1836, ч. IV, c.255
  12. Акты, собранные Кавказской археографической комиссией. В 12-и тт. / Под ред. А. Берже. т. V, Тифлис: Типография Глав.Управ. Наместника Кавказа, 1873, док.696, с.579
  13. Акты, собранные Кавказской археографической комиссией. В 12-и тт. / Под ред. А. Берже. т. V, Тифлис: Типография Глав.Управ. Наместника Кавказа, 1873, c.579
  14. 111, док.1265, с.836
  15. Акты, собранные Кавказской археографической комиссией. В 12-и тт. / Под ред. А. Берже. т. VI, ч. I. Тифлис: Типография Глав.Управ. Наместника Кавказа, 1874, с. 836
  16. Акты, собранные Кавказской археографической комиссией. В 12-и тт. / Под ред. А. Берже. т. VI, ч. I. Тифлис: Типография Глав.Управ. Наместника Кавказа, 1874, док.1308, с.858
  17. Обозрение российских владений за Кавказом в статистическом, этнографическом, топографическом, финансовом отношениях: В 4-х ч. СПб., 1836, ч. IВ, 267
  18. Azərbaycan Respublikası DTA: f.24, siy.1, iş 143, vv.1–223
  19. Mirza Səmia. Təzkirətul-muluk (be kuşeş-e dr. S. M. Dəbirseyaqi). Tehran, 1368, s. 76–78; Sazman-e edari-ye hokumət-e Səfəvi ya təliqat-e Minorski bər "Təzkirətul-muluk" (tərcome-ye Məsud Rəcəbniya). Tehran, 1368, s. 179,181.
  20. "Gəncə—Qarabağ əyalətinin icmal dəftəri", Istanbul Başbakanlıq Arşivi, Tapu № 699
  21. Gəncə—Qarabağ əyalətinin müfəssəl dəftəri, Bakı, "Şuşa", 2000
  22. "Arxivlənmiş surət". 2016-11-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-24.
  • O. Ə. Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: 1993;
  • Azərbaycan tarixi. 7 cilddə. III cild. Bakı: 1999;
  • И.П. Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI – начале XIX вв. Л: 1949;
  • А.А. Рахмани. Азербайджан в конце XVI и в XVII веке. Б: 1981;
  • Историческая география Азербайджана. Б: 1987.
  • M. İ. Əmrahov, Ə. Çingizoğlu, H. İ. Həsənov. Qarabağ xanlığı. Bakı: Mütərcim, 2008, 220. səh.