Hermetizm

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hermes Trismegistus

Hermetizmellinizm dövründə yaranmış və yayılmış mistik dini-fəlsəfi təlim. Neoplatonizm cərəyanı olmasa da, onun yaranmasına təkan verən təlimlərdən biri idi. Bir çox yeni-platonçu filosofların astrologiya, mistika, teurgiya(tanrıların rəğbətini qazanmaq üçün onların iradəsinə təsir etmək sənətidir), cadugərliyə meylləri də Hermetizmdən qaynaqlanırdı.

border=none Əsas məqalə: Hermes

Bu təlimin adı Misir tanrısı Totla bağlıdır[1]. Yunanlar ona Hermes və ya Üç Kərə Ulu Hermes (yun. Ἑρμῆς ὁ Τρισμέγιστος, lat. Hermes Trismegistus) deyirdilər. Mistik mətnə görə, bu ad dünyanın mistik yönlərini özündə ifadə edir[2]. Romada Hermes Merkurius tanrısı ilə eyniləşdirilməsinə görə, ona Ulu Merkurius (lat. Mercurius ter Maximus) deyirdilər. Onun təlimi Yunan, eləcə də Şərq fəlsəfəsi və inanclarının qarışığından (sinkretizmdən) ibarət idi. Hermetizm yeni-platonçuluq fəlsəfəsinin yaranmasına, daha sonra isə orta əsrlər mədəniyyətinə, gələcəkdə isə ortaya çıxan mistik təlimlərin yaranmasına təsir etmişdir.

Hermetizmin yazılı qaynaqları

[redaktə | mənbəni redaktə et]

Hermetizmin yazılı qaynaqları “Korpus Hermetikum” (lat. Corpus Hermeticum) adlanır. O tanrı Hermesin apardığı dialoqlar şəklində yazılmış 16 kitabdan ibarətdir. Onları gizli, yalnız yüksək biliklərə (loqosa) çatanlar üçün ünvanlanmış ədəbiyyat hesab edirdilər. Bu kitablarda tanrı Hermes bütün dünyanın sirlərini açır. Korpus Hermetikum m. ö. III və ya II yüzilliklərdə yazılmış və münəccimlik, okkultizm, cadugərlik, fəlsəfə və mistika sahələrini əhatə etmişdir. Ancaq bir çox araşdırmaçılar hesab edirlər ki, bu kitablar artıq Xristian dövrünün ilk yüzilliklərində (m. 100 – 300) hansısa qədim rəvayətlərin əsasında yazılmışdır[3]. Çünki, qədim yunan ədib və filosofları onlara istinad etməmişdirlər. Hermetizmin nisbətən sistemli dünyagörüşü o kitablardan biri olan “Poemandres” (yun. Ποιμάνδρης) əsərində verilmişdir[4].

"Poemandres" kitabı

[redaktə | mənbəni redaktə et]

Bu kiçik kitabda hər şeyin başlanğıcında Ata Tanrı (Əql) durmuşdur. O zülmətdən çıxan maddi təbiətdən öncə var olmuş, sonra Əqldən emanasiya (işıqsaçma) baş vermiş və onun Söz (Kəlam-Loqos) adı ilə tanınan Oğlu yaranmışdır. Bu baxımdan Ata ilə oğul eynidirlər.

“Tanrı Sözü gözəl imiş”, ona görə də bütün varlıqlar ona bənzər şəkildə yaranmış, sonra yeddiyə bölünmüş dünyanın yeddi Hökmranı xəlq edilmişdir. Daha sonra Tanrı Sözü yaradılmış təbiətə vararaq Demiurqosla (Yaradıcı ilə) birləşmişdir. Bu birləşmədən isə aşağı qatlarda olan maddi təbiət və heyvanlar yaradılmışdır. Beləliklə, yer göydən ayrılmışdır. İlk İnsanı Ata Tanrı özünə bənzər şəkildə yaradıb, onu sevmiş, onun hökmünə bütün təbiəti vermişdir. O yaradıcı olmaq istəmiş və ona bunun üçün bütün imkanlar verilmişdir. İlk İnsanda kişi və qadın birləşmiş, təbiət onlardan həmən qarışıq cinsdən olan daha yeddi insan yaratmışdır. Müəyyən vaxtdan sonra kainat bağları qırılmış və bütün varlıqlar iki cinsli olmuşdur.

Bu baxımdan İnsan ikili təbiətə sahibdir: bir tərəfdən o ölməzdir, çünki onun İlk insandan miras qalan ruhu və düşüncəsi vardır, digər tərəfdən isə insanın zülmətdən alınmış cismani bədəni də vardır. O isə sonludur, ölümə məhkumdur. Buna görə də, insan gərək öz xilasına doğru yola çıxsın. Bu yol da öz ilahi mahiyyətini tanımaqda və Tanrıya uyğunlaşmaqdadır. Buna da özəl gizli biliklərlə (qnosis) çatmaq mümkündür. Qnosisə yiyələnmiş ruh bədənin ölümündən sonra yeddi göy qatından keçərək orada bütün pisliklərdən qurtarır və İlk Başlanğıca (Tanrıya) qayıdır. İlk Tanrı bunu etməyən və öz nəfsləri ilə yaşayan adamlardan uzaqlaşır və onlar şər varlıqların hökmünə verilir.

"Zümrüd lövhə"

[redaktə | mənbəni redaktə et]

Xilas olmaq üçün insan öz həqiqi mahiyyətini dərk etməlidir. Hermetizmin əsaslarından biri odur ki “yuxarıda olanla aşağıda olan eyni şeydir”. Bu sözlər Hermetizmin əsas ideyalarını əks etdirən “Zümrüd lövhə” adlanan kiçik bir yazıda yazılmışdır. Beləliklə, görünən və görünməyənin arasında belə bir bağlılıq var ki, ona gizli biliyi əldə eləmişlər vara bilərlər. Bununla da, hermetizm magiya, münəccimlik, teurgiya və cadugərlik kimi mistik praktikalara yol açmışdır.

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 233-235. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 233-235. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Hart G. The Routledge Dictionary of Egyptian Gods and Goddesses. : Routledge. Oxon, 2005, p. 158.
  • Davis, Tenny L. The Emerald Tablet of Hermes Tristmegistus: Three Latin versions which were current among later Alchemists. Journal of Chemical Education, Vol. 3, № 8, 1926, pp. 863–875.
  • Frances A. Yates: Giordano Bruno and the Hermetic Tradition. The Press Book, 1964, p. 3.
  • Poemandres, The Shepherd of Men // Thrice-Greatest Hermes by G.R.S. Mead. Vol. 2. London, 1906, pp. 502–511.
  • Лосев А. Ф. История античной эстетики. Итоги тысячелетнего развития. М.: Искусство. 1992. Кн. I. С. 225—241.
  • Пахомов С. В. Герметизм // Энциклопедия эпистемологии и философии науки. — М.: «Канон+», РООИ «Реабилитация». И.Т. Касавин, 2009.
  • Сидоров А. И. Герметизм // Философский энциклопедический словарь. — М.: Советская энциклопедия, 1983. — С. 112. — 840 с.
  • Странден Д. Герметизм. Сокровенная философия египтян. СПб., 1914.

Xarici bağlantılar

[redaktə | mənbəni redaktə et]
  1. Hart G. The Routledge Dictionary of Egyptian Gods and Goddesses Arxivləşdirilib 2022-09-03 at the Wayback Machine. London - New-York: Routledge. Oxon, 2005, p. 158.
  2. Davis, Tenny L. The Emerald Tablet of Hermes Tristmegistus Arxivləşdirilib 2022-08-15 at the Wayback Machine: Three Latin versions which were current among later Alchemists. Journal of Chemical Education, Vol. 3, № 8, 1926, pp. 863-875.
  3. Frances A. Yates: Giordano Bruno and the Hermetic Tradition Arxivləşdirilib 2014-09-30 at the Wayback Machine. London: Routledge and Kegan Paul, 1964, p. 3.
  4. Poemandres, The Shepherd of Men Arxivləşdirilib 2021-08-02 at the Wayback Machine // Thrice-Greatest Hermes by G.R.S. Mead. Vol. 2. London, 1906, pp. 502-511.