Şəddadilər

Vikipediya, azad ensiklopediya
(Şəddadilər dövləti səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Tarixi dövlət
Şəddadilər
 
 
951 — 1174

Paytaxt Dvin,Gəncə, Ani
Rəsmi dilləri Farsca (ümumi olaraq)
Dövlət dini Sünni İslam
İdarəetmə forması Mütləq monarxiya
Tarixi
 • 951 Məhəmməd bin Şəddadın Dvini tutması
 • 971 Əli Ləşkəri bin Məhəmmədin Gəncəni tutması
Davamiyyət
 →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəddadilər, Müsəlman sülalə olmuşdur, 951-1199-cu illərdə ErmənistanArrannın müxtəlif ərazilərini idarə etmişdir. Əsası indiki Ermənistan ərazisi olan Dvində qoyulmuşdur. Ermənistanda uzun müddət hakimiyyətdə olduqları üçün tez-tez erməni mənşəli Baqratuni sülaləsi ilə nikah diplomatiyası qururdular. Onlar hakimiyyətini Dvində qursalar da, daha sonra BərdəGəncə kimi böyük şəhərlərə hakimiyyətini yaydılar. Şəddadi kadetlərinə vassalı olduqları Səlcuqlara xidmətinə görə AniTiflis şəhərləri verildi. 1047-1057-ci illərdə Şəddadilər Bizansla bir neçə müharibə aparmışdır. Sonralar Şəddadilər KürAraz çaylarının arasındakı əraziləri (Kür-Araz ovalığı) idarə etmişdir.

Şəddadilər 951-ci ildən 1199-cu ilə qədər Kür və Araz çayları arasındakı ərazidə hökmranlıq etmiş bir müsəlman sülaləsi idi. Şəddadilər sülaləsinin banisi Məhəmməd ibn Şəddad hesab olunur. O, Salarilərin zəifləməsindən istifadə edərək Dvin şəhərini ələ keçirmiş və öz dövlətini qurmuşdur. Şəddadilər nəticədə Azərbaycandakı ərazilər üzərində hakimiyyətlərini genişləndirərək Bərdə və Gəncə kimi böyük şəhərləri idarə etmişdilər.[1] Dövlət bir müddət Səlcuqluların vassal asılılığında olmuş, elə onlar tərəfindən də varlığına son qoyulmuşdur.[2]

Ani şəhərində Şəddadilər dövründə tikilmiş Mənüçöhr məscidinin qalıqları

Şəddadilərdən olan Məhəmməd 951-ci ildə Dvinin hakimi olmuşdu. Lakin Dvini Salari hücumlarına qarşı qoruya bilmədikdən sonra Vaspurakana qaçmışdı. Onun oğlu Ləşkəri 971-ci ildə Gəncə şəhərini ələ keçirərək Aranda Salari təsririni sona çatdırmışdı. O, sonra hakimiyyətini daha da böyütmüşdü. Ondan sonra taxta çıxan qardaşı Məhəmmədin hakimiyyəti cəmi bir neçə il davam etmişdi.

Minorskinin məlumatına görə, Ləşkari ibn Məhəmməd və onun qardaşı Fəzl ibn Məhəmməd 969 və ya 970-ci ildə Salarilər sülaləsi ilə müharibə zamanı Gəncədə möhkəmlənmiş, sonra Şəmkir və Bərdəni ələ keçirərək müasir Azərbaycan ərazisində hakimiyyət qurmuşlar. I Ləşkari 971-ci ildə Gəncəni tutaraq Arandakı Müsafirilərin və ya Salarilərin təsirinə son qoymuşdur. Ləşkəri Gəncədə səkkiz il hökmranlıq etmiş, daha sonra isə Fəzl ibn Məhəmməd 985–1031-ci illərdə Aran əmiri kimi hakimiyyətə gəlmişdir. Fəzl sikkə kəsən ilk Şəddadi əmiri olmuş, ilk olaraq sikkəxanasını Bərdədə, daha sonra isə Gəncədə qurmuşdur. O, Aranda Şəddadilərin ərazilərini genişləndirərək, 993-cü ildə Beyləqanı ələ keçirmişdir. Bundan başqa Fəzl 1022-ci ildə Dvini təkrar hakimiyyəti altına alaraq 1030-cu ildə Xəzərlər üzərinə uğurlu bir yürüş həyata keçirmişdir.[3] Onun ordusu ermənilər və gürcülər üzərinə ilk başlarda ola uğurlu hücumlar etsə də, sonda onların birləşmiş qüvvələri tərəfindən məğlub edilmişdi.[1]

Fəzl ibn Məhəmməd Araz çayı üzərində şimal və cənub sahillərini birləşdirmək üçün Xudafərin körpülərini tikdirmişdir. 1030-cu ildə o, Xəzər xaqanlığına qarşı bir səfər təşkil etmişdir.[4] Həmin il 38 rus gəmisi ilə Şirvanşahlara yeni bir hücum edilmiş və Şirvanşah Manuçöhr ağır məğlubiyyətə uğramışdır. O zaman I Fəzlin oğlu Əskuya Beyləqanda üsyan qaldırmışdır. I Fəzlin sadiq oğlu Musa ruslara pul ödəyərək Beyləqanı qorumuşdur. Nəticədə Əskuyanın üsyanı yatırılmış və o edam edilmişdir.[1]

Fəzlin məğlubiyyətindən sonra regionda vəziyyət xaotik olmağa başlamışd. Eyni zamanda bu dövrdə Səlcuq türkləri kimi yeni və güclü qüvvə artıq Cənubi Qafqaza daxil olmağa başlamışdı. 1031-ci ildə Fəzlin yerinə Əbülfəth Musa taxta çıxdı. Onun hakimiyyəti 1034-cü ildə oğlu və varisi Ləşkəri tərəfindən qətlə yetirilənə qədər davam etdi. Şair Qətran Təbrizi II Ləşkərini erməni və gürcülər üzərində qələbələrinə görə öz şeirlərində övmüşdür. II Ləşkəri 15 il boyunca Aranı idarə etdi. Onnu bu hakimiyyəti Osmanlı tarixçisi Münəccimbaşı tərəfindən problemi hakimiyyət kimi tərif edilir.[5] 1049-cu ildə onun ölümündən sonra Ənuşirvan onun yerinə taxta çıxdı. Ənuşirvanın az yaşlı olmasına görə əslində hakimiyyət hacib Əbu Mənsur adlı şəxsin əlində cəmlənmişdi.[6]

XI-XII əsrlərdə Şəddadilər dövləti

Lakin əhalinin önəmli bir hissəsi yeni rejimə müxalif olmağa başladı. Münəccimbaşı indi bizə məlum olmayan yerli salnamədən aldığı məlumatlara istinad edərək bildirir ki, əhalinin narazılığının əsas səbəbi Əbu Mənsurun qısa vaxt ərzində kaxetiyalılara, gürcülərə və bizanslılara qalalar verməyə razı olması idi.[7] Bütün bunlar yuxarı təbəqənin Şəmkir şəhərindəki dabbaqların rəisi əl-Heysəm adlı şəxsin rəhbərliyi altında üsyana başlamasına səbəb oldu. Vladimir Minorskinin fikrincə, bu hərəkat yüksək bürokratik kastaya qarşı şəhər görkəmli şəxslərin üsyanını təmsil edirdi. O zaman Şəmkirdə məskunlaşan Əbu Mənsur əl-Heysəmi həbs etməyə cəhd etdi, lakin əl-Heysəm və onun qılmanı (nökərləri) "xəncərlərini çəkib" Ənuşirvanın böyük əmisi, Dvin hökmdarı Əbül-Əsvar Şavurun hökmdarlığını elan etdilər.[8]

Əbüləsvar Şavur Şəmkiri ələ keçirdi və qarışıq vəziyyəti yoluna qoymağı bacardı. Gəncəni də ələ keçirdikdə sonra Ənuşirvanı hənbs etdi və beləliklə də, onun iki aylıq hakimiyyəti sonlandı. Eyni zamanda Əbu Mənsur və qohumları da həbs edildilər. Əbüləsvar Şavur eyni zamanda Şəddadilərin ən güclü hökmdarı olmaqla birlikdə müstəqil olan sonuncu hökmdardır. Beləki Səlcuqlu hökmdarı Sultan I Toğrulun Gəncəyə gəlməsi və ondan vassallığı qəbul etməsi tələbindən sonra Şəddadilər Səlcuqluların asılılığına keçdilər.[9][7]

Minorskinin qeyd etdiyinə görə, hakimiyyətə bir neçə dəyişiklikdən sonra gələn Əbüləsvar Şavurun dövrü Şəddadilər erasının zirvəsi hesab olunur. O, müstəqil hökmranlıq edən sonuncu Şəddadilər əmiri olmuşdur. Ziyarilər şahzadəsi Keykavus b. İskəndər "Qabusnamə" əsərində onu "böyük şah" kimi təsvir etmişdir. Keykavus Bizansa qarşı mübarizə apardığı illərdə bir neçə il Gəncədə yaşamışdır. Şavurun hakimiyyəti dövründə Şəddadilər Səlcuq sultanı Toğrulun hakimiyyətini tanımış, 1063–1064-cü illərdə şimaldan gələn Alan hücumlarınının qarşısını almış və Tiflis xalqı ilə müttəfiq münasibətlərini qorumuşdur.[1]

Şavur 1067-ci ildə Gəncədə vəfat etdikdən sonra Şəddadilərin Gəncədəki hökmranlığı tədricən da sona çatmışdır. 1068-ci ilin iyulunda onun oğlu II Fəzl 33 minlik ordu ilə birlikdə Gürcüstana hücum etmiş və yağmalamışdır. Gürcü hakimi IV Baqrat onu məğlub etməyi bacarmış və Şəddadi ordusunu qaçmağa məcbur etmişdir. Kaxetidən keçərkən II Fəzl yerli hakim tərəfindən əsir götürülmüşdü. Azad buraxılma qarşılığında ondan Qabırrıçay boyunca bir neçə qala təslim alınmış, eyni zamanda Fəzl Tiflisə təyin etdiyi vassal hakimi Iv Baqrata tabe olmaq əmri vermişdir.[10]

Fəzlin əsirliyi dövründə onun böyük qardaşı Aşot qısa müddətliyinə Aranı idarə etmiş, hətta öz adına sikkələr də zərb etdirmişdir. Sikkələr üzərində onun və Səlcuqlu hamisi Sultan Alp Arslanın adı qeyd edilmişdi.[11][1] 1075-ci ildə Məlikşah Şəddadilərin daxili müstəqilliyinə də son qoyub ilhaq etdi.[12][13] Şəddadilərin yan qolları Ani və Tiflisi 1175-ci ilə qədər Səlcuqlu sultanının vassalı olaraq bir müddət idarə etdilər.[14]

Anonim "Tarix Bab əl-əbvab" əsərinə görə, Alp Arslan əl-Bab və Aranı iqta olaraq öz qulu Sav Təginə vermiş və Sav Təgin 1075-ci ildə bu əraziləri güclə Fəzldən alaraq onun hakimiyyətinə son qoymuşdur.[1][15]

1085-ci ildə III Fəzl üsyan qaldıraraq Gəncədə müəyyən yerləri ələ keçirdi.[16] 1086-cı ildə Məlikşah onun üzərinə yürüşə başladı və Fəzli yenidən taxtdan saldı. Əbüləsvar Şavurun oğlu Mənüçöhrdən gələn xətt isə Anini Səlcuqlu vassalı olaraq idarə etməkdə davam edirdi.[16] Bu sülalənin Anidəki hakimiyyətinə də 1199-cu ildə son qoyulmuşdur. Sonuncu hökmdar Sultan ibn Mahmud barədə kifayət qədər material yoxdur və yalnız epiqrafik abidələrdə onun adı keçməkdədir. 1200-cü illərin əvvəllərində Ani gürcü hökmdarı Tamara tərəfindən ələ keçirildi və özünün sadiq qulluqçuları olan Mxarqrdzeli ailəsinə idarə edilmək üçün verildi.[7]

  1. 1 2 3 4 5 6 Peacock, 2000
  2. Peacock, 2005. səh. 216
  3. Bosworth və Buchner, 1997. səh. 157
  4. Fisher və Bosworth, 1986
  5. Minorsky, 1953. səh. 18, 46–49
  6. Minorsky, 1953. səh. 18
  7. 1 2 3 Peacock, 2011
  8. Minorsky, 1953. səh. 18–19, 49–50
  9. Minorsky, 1953. səh. 64
  10. Minorsky, 1953. səh. 754
  11. Minorsky, 1953. səh. 6, 24
  12. Blair, 1991. səh. 68
  13. Bosworth, 1997. səh. 170
  14. Minorsky, 1949. səh. 29
  15. Minorsky, 1953. səh. 111
  16. 1 2 Bosworth, 1968. səh. 95
  • Peacock, Andrew, SHADDADIDS, Encyclopaedia Iranica, 2000, 2020-05-26 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24
  • Peacock, Andrew C. S., Nomadic Society and the Seljūq Campaigns in Caucasia, Iran & the Caucasus. 9 (2): 205–230, 2005, 2024-07-11 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-25
  • Bosworth və Buchner, Bosworth, C.E.; Buchner, V.F., Shabankara, In Bosworth, C.E.; van Donzel, E.; Heinrichs, W.P.; Lecomte, G. (eds.). The Encyclopedia of Islam. Vol. IX. Brill., 1997
  • Bayne, Fisher, William, The Cambridge History of Iran, Vol. 4., Cambridge University Press, 1975, ISBN 9780521200936, 2024-09-24 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24
  • Minorsky, Vladimir, Studies in Caucasian history, Cambridge University Press, 1953
  • Peacock, Andrew, SHADDADIDS, Encyclopaedia Iranica, 2011, 2020-05-26 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24
  • Blair, Sheila S., Surveyor versus Epigrapher, Muqarnas. 8. Brill., 1991, 2023-05-02 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-25
  • Bosworth, C.E., Shaddadids, The Encyclopedia of Islam. Vol. IX. Brill., 1997
  • Bosworth, C.E., The Political and Dynastic History of the Iranic World, In Boyle, J.A. (ed.). The Cambridge History of Iran:The Saljuq and Mongol Period. Vol. 5. Cambridge University Press., 1968

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]