Ən-Nasir
Ən-Nasir Lidinallah | |
---|---|
ərəb. الناصر لدين الله | |
| |
28 may 1180 – 5 oktyabr 1225 | |
Əvvəlki | Əl-Müstədi |
Sonrakı | Əz-Zahir (xəlifə) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bağdad |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Bağdad |
Fəaliyyəti | yazıçı, siyasətçi, qubernator, Xəlifə |
Atası | Əl-Müstədi |
Anası | Zümrüd |
Həyat yoldaşı | Səlcuqi xatun |
Uşaqları | Əz-Zahir (xəlifə), Zamurrad xatun |
Ailəsi | Abbasilər |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Əl-Nasir Lidinallah (6 avqust 1158 – 5 oktyabr 1225) — 1180-ci ildən 1225-ci ilədək hakimiyyətdə olan 34-cü Abbasi xəlifəsidir. Onun ləqəbinin mənası Allahın dinini müdafiə edən deməkdir. Digər Abbasi xəlifələrindən fərqli olaraq əl-Nasir hakimiyyətini hərbi yolla möhkəmləndirmədi. Xəlifə hakimiyyətini möhkəmləndirmək və müharibələr aparmaq özünü qədim Abbasi hakimləri kimi aparırdı. Bu yolla də rahatlıqla Abbasilərin keçmiş torpaqlarına hərbi yürüşləri qanuniləşdirirdi və ona aid olmayan torpaqları iqta kimi paylayırdı. Hakimiyyəti dövründə müxtəlif aralıqlarla Abbasi xilafətinin sərhədləri Mesopatamiyanın dərinliklərinə və İranın cənub sərhədlərinə qədər uzanmışdı.[1]
47 illik hakimiyyəti dövründə dövləti möhkəmləndirmək üçün korrupsiya halları ilə mübarizə aparmış, Bağdadda sülhü bərqərar edə bilmişdi. Ən-Nasir sonuncu ən güclü Abbasi xəlifəsi sayılır. Dövründə Bağdadda mədrəsələr açılmışdır. Lakin öz dövlətinin möhkəmlənməsi və digər hakimlərin zəifləməsi üçün monqolları Azərbaycan və Xarəzm hökmdarları üzərinə hücuma dəvət etmişdir.
Hakimiyyəti
[redaktə | mənbəni redaktə et]Ən-Nasir xəlifə əl-Müstədinin türk qızı Zümrüddən olan oğlu idi. Hakimiyyətə gəldiyi il dövrlərdə Bağdadda vəziyyət qarışıq idi. Beləki, tez-tez müxtəlif qruplar arasında mübarizə meydanına çevrilirdi. Bu mübarizələrdə aktiv rol oynayan sufilər Xəlifə tərəfindən tabe edildilər və mərkəzi hakimiyyətin oyuncağına çevrildilər.[2]
Xilafətinin ilk illərində, onun əsas məqsədi İraq Səlcuq sultanlığınını süqut etdirmək və ərazilərini ələ keçirmək idi. Bu məqsədlə Xəlifə sultan III Toğrula qarşı onun bölgədəki düşmənləriylə ittifaqa girməyə başladı. Bu məqsədlə xəlifə ilk olaraq ona müraciət etmiş Qızıl Arslana III Toğrulla döyüşmək üçün qoşunla yardım etdi. Xəlifə Cəlaləddin ibn Yunisin başçılığı ilə Həmədana qoşun göndərdi. Həmədan ətrafındakı Day-Mərgdə meydana gələn döyüşdə Qızıl Arslanın gəlməsini gözləməyib döyüşə girən xəlifə qüvvələri 6 may 1188-ci ildə III Toğrul tərəfindən darmadağın edildilər.[3]
Məğlubiyyət xəbərini eşidən xəlifə təcili ikinci bir ordu təşkil etdi və başına da Mücahidəddin Xalis əl-Xassi gətirdi. 1188-ci ilin dekabrında Xəlifə ilə Sultan arasında ikinci vuruşma meydana gəldi. Bu dəfə III Toğrul Həmədanı tərk edib İsfahana qaçdı və Abbasi ordusu paytaxtı tutdu. Qızıl Arslan da buraya gəldi. Həmədanda Qızıl Arslan oturdu və Bağdadda onun adına "hökmdar və möminlər əmirinin köməkçisi" adıyla xütbə oxuduldu.[4]
1191-ci ildə III Toğrulla qarşılaşan Qızıl Arslan Sultanı məğlub edərək həbsə atdı.[5] Qızıl Arslan Həmədana qayıdarkən Naxçıvandakı həbsdə olan Səlcuq taxtının varislərindən Səncər ibn Süleymanı da özüylə gətirərək İraq Səlcuq taxtına əyləşdirdi. Sonradan Xəlifənin də məsləhəti ilə Səncəri yenidən həbs etdirib sultanlıq tacını öz başına qoydu.[6]
Lakin həbsdən çıxan III Toğrul xəlifə üçün böyük təhlükə yaratmağa başlamışdı. Qorxuya düşən xəlifə Təkişə məktubla müraciət etdi. Bu təklifi qəbul edən Təkiş, 1193-cü ildə qoşunu ilə Xarəzmdən yürüşə başladı. Semnanda III Toğrulu tərk etmiş İraq Səlcuq əmirləri ilə birlikdə Təkişə qoşuldular.[7] Baş vermiş döyüşdə Toğrul öldürüldü.[8] Başı isə xəlifəyə aparıldı.
1195-ci ilin əvvəllərində Xuzistan hakimi İl-Doğdu öldü. Bundan istifadə edən Xəlifə vəziri İbn əl-Qəssabın başçılığı ilə Xuzistana qoşun yeritdi. Xuzistanı şəhərlərini işğal etdikdən sonra Xəlifənin əmri ilə Abbasi qoşunları qarışıqlıq içində olan Əcəm İraqına da hücuma başladılar.[9]
Həmin il Zəncan yaxınlığındakı döyüşdə məğlub olan Azərbaycan Atabəyi Məhəmməd Cahan Pəhləvanın oğlu Qutluq İnanc öz dəstəsi ilə Xulvan keçidinə, Xəlifənin vəziri, həm də Abbasi ordusunun komandanı olan İbn əl-Qəssaba sığınaraq və ondan kömək istədi. Vəzir Qutluq İnancı fəxri xələtlə təltif etdi və süvari dəstəsini onun sərəncamına verdi. Yenidən Həmədana hücum edən İnanc qısamüddətli döyüşdən sonra xarəzm sərkərdələri Yunis xanı və Mayaçuqu şəhərdən çıxara bildi.[10]
Bu hadisələrdən xəbər tutan Əlaəddin Təkiş xəlifə qoşunlarının Əcəm İraqından çıxarılmasını tələb etdi və qoşunla Xarəzmdən Əcəm İraqına yürüşə başladı. 1196-cı ilin iyulunda, vəzirin ölümündən sonra xəlifə qoşunları içərisində başlanan ixtilafdan istifadə edən Xarəzmşah xilafət qoşunlarını darmadağın edərək Həmədanı ələ keçirdi və Qutluq İnanc öldürüldü.[11]
Xarəzmşah Təkişin Xarəzmə qayıtmasından sonra İraq məmlükləri bir yerə yığışaraq Xarəzmşahlara qarşı mübarizəyə başladılar. İttifaqın başında duran Cahan Pəhləvanın vassalı Gökcə ət-Türki ilə birlikdə xəlifə ən-Nasir də Xarəzmşahlara qarşı hərəkətə keçmişdi. Xarəzmşah tərəfindən Özbəyə verilən köhnə İraq Səlcuq torpaqları xəlifə ilə Gökcə arasında bölüşdürüldü. Rey, Savə, Qum, Kaşan Gökcənin, İsfahan, Həmədan, Zəncan və Qəzvin isə Xəlifənin əlinə keçdi. Özbək Həmədanın idarəsini öz əlinə aldı.[12]
1197-ci ildə yanvarın 27-də Özbəyə xidmət adıyla gəlmiş olan vəziri Cəmaləddinin tərəfdarları Özbəyi Həmədandan çıxardılar və şəhəri ələ keçirdilər. Bu vaxt 1197-ci ildə Əyyubilərin görkəmli sərkərdələrindən əmir Əbül Hayc əs-Sami Əyyubi sultanı ilə əlaqələrinin pisləşməsi səbəbindən xəlifəyə sığındı. Xəlifə onu ordu komandanı təyin edərək Həmədana hücuma hazırlaşmağı əmr verdi. Abbasi qoşunları Həmədana yaxınlaşanda Özbək də öz ordusu ilə onlara qoşuldu. Lakin hərbi müşavirə zamanı Özbək Əbül Haycın təklifi ilə razılaşmadığı üçün tərəflər arasında münaqişə yarandı və Özbək həbs edildi. Bundan xəbər tutan Xəlifə Özbəyin təcili azad olunması əmrini verir və ona fəxri geyim və qızıl qılınc göndərir. Əbül Xayc işin belə şəkil aldığını görərək qorxuya düşdü. Ordusunu tərk edərək Ərbilə qaçdı və orada öldü.[13]
Gökcəni öldürərək İraqi Əcəmi tək başına idarə edən Aydoğmuşa qarşı Cahan Pəhləvanın bir başqa məmlükü Nəsrəddin Məngli çıxış edərək onu məğlub etdi və İraqi Əcəm torpaqlarını əlinə keçirərək Rey, İsfahan, Həmədan və digər əyalətlərdə öz adına xütbələr oxudub, "sultan" adıyla sikkələr zərb etdirdi. Xəlifə ən-Nasir, Azərbaycan atabəyi Özbək və ismaili hökmdarı Cəlaləddin Həsən öz aralarında Menglinin əlindəki İraqi Əcəm torpaqlarını da bölüşdürdülər. Ərbil atabəyi Müzəffərəddin Göy-Börü də onlara qoşuldu. Müttəfiqlərin birləşmiş orduları Həmədana hərəkət etdilər. 1215-ci ilin avqust-senyabrında meydana gələn döyüşdə Məngli məğlub oldu və qaçdığı Savədə şəhər hakimi tərəfindən öldürüldü. Başı isə Atabəy Özbəyə göndərildi. Mənglinin əlindən aldığı torpaqlar üzərinə Cahan Pəhləvanın vassallarından Seyfəddin Oğlamışı canişin təyin edən Atabəy Özbək özü Təbrizə qayıtdı. Ancaq daha əvvəl Xarəzmşahların xidmətində olan Oğlamış hakim təyin edildikdən sonra xütbəni xarəzmşah Əlaəddin Məhəmmədin adına oxudmağa başladı. Bu səbəbdən də 1217-ci ilin yazında Oğlamış öldürüldü və Əcəm İraqında Xarəzmşahların adına xütbə oxunması və pul kəsilməsi dayandırıldı.[14]
İranın ərazisinin xeyli hissəsinin zəbt olunduğunu Qumisdə eşidən Xarəzmşah öz qoşunlarından 12 min seçmə atlını ayırıb Reyə göndərdi. Xeyli- Buzurq yaxınlığında Xarəzmşah ordusu atabəy Sədi yaxaladı və döyüşdə məğlub olan Səd əsir götürülərək Həmədana, Xarəzmşahın yanına aparıldı.[15]
Xəlifənin Şərqi İranın bölüşdürülməsi və Xarəzmşah Məhəmmədin naibi Oğlamışın qətlində əlinin olması Xarəzmşahlarla münasibətləri tamamilə korlamışdı.[16] Həmçinin Xarəzmşah xəlifədən xütbəni onun adına oxumasını tələb edirdi. 1217-ci ildə məşhur alim Qazi Mücirəddini Xilafət sarayına göndərdi. Lakin Xəlifə bu təklifi rədd etdi.[17][18]
Xəlifəyə qarşı hərəkətə keçən Sultan Məhəmməd Tirmiz seyidlərindən olan Əlaül-Mülk Tirmizini xəlifə təyin etdi. İlk öncə xəlifəni vəzifədən çıxardığını və Əlaül-Mülk Tirmizini onun yerinə təyin etdiyini elan edərək xütbələrin yeni xəlifənin adına oxunmasını istədi. Fəqət Sultan Məhəmmədin bu siyasəti nəinki vassalı olan hətta öz paytaxtında belə qəbul edilmədi və bu yöndə heçbir dəyişiklik olmadı.[19][20] Beləliklə Xarəzmşah Məhəmməd Xəlifəyə hakimiyyətini qəbul elətdirə bilmədi. Ancaq Xarəzmşah Məhəmmədin nüfuzuna böyük xələr gəldi.[21][22]
Xarəzmşah Əlaəddin Məhəmmədin ölümündən sonra oğlanları müəyyən ərazilərdə hakimiyyətlərini bərpa etmişdilər. Onlardan ən qüvvətlisi Qiyasəddin Pir şah idi. O, İraqi Əcəmi ələ keçirmişdi. Azərbaycana hücum ərəfəsində atabəyi və qaynı İğan-Taisi ilə Pir şah arasında nifaq düşdü və nəticədə İğan-Taisi 50 minlik ordu ilə kənara çəkildi. Eyni zamanda Pir şah İğan-Taisini məğlub edərək onu geriyə - Azərbaycana çəkilməyə məcbur etdi. Azərbaycana daxil olan İğan-Taisi qarət və qırğına başladı.[23] Sonra isə xəlifə ən-Nasirin əmri ilə Həmədana tərəf hərəkət etdi ki, bura başqa vilayətlərlə birlikdə ona Xəlifə tərəfındən iqta adıyla verilmişdi (ancaq adı çəkilən torpaqlar xəlifənin hakimiyyətində deyildi). Burada İğan-Taisi Hindistandan gəlmiş Cəlaləddin Manqburnun qoşunları tərəfındən mühasirəyə alınaraq darmadağın edildi və özü əsir alındı. Bundan sonra Cəlaləddin Abbasilər üzərinə hücuma hazırlaşdı.[24] Xəlifə qoşunlarını darmadağın edən Cəlaləddin 12 gün Bağdad ətrafında qaldıqdan sonra, Marağa əhalisinin dəvəti ilə Azərbaycana tərəf hücuma başladı.[25]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Eric J. Hanne.p. 204.
- ↑ ʻIzz al-Dīn Ibn al-Athīr.p.260.
- ↑ Erdoğan Merçil.s. 95.
- ↑ Əkbər N.Nəcəf.s.36.
- ↑ Azərbaycan tarixi.316.
- ↑ Əkbər N.Nəcəf.s.37.
- ↑ Azərbaycan tarixi.s.318.
- ↑ Ziya Bünyadov.s.80-81.
- ↑ Ziya Bünyadov.s.82.
- ↑ Azərbaycan tarixi.s.319.
- ↑ Ziya Bünyadov.s.83.
- ↑ Əkbər N.Nəcəf.s.40.
- ↑ Ziya Bünyadov.s.88.
- ↑ Əkbər N.Nəcəf.s.43-44.
- ↑ Ziya Bünyadov.s.97.
- ↑ Çakmak.s 47-51.
- ↑ Kafesoğlu.s.217-218.
- ↑ Barthold.s.396-397.
- ↑ Fəzlullah Rəşidəddin.s.340-341.
- ↑ Kafesoğlu.s.217.
- ↑ Cüveyni.s.78-79.
- ↑ Nəsəvi.s. 32.
- ↑ Süleyman Əliyarlı.s.139.
- ↑ Ziya Bünyadov.s.105-106.
- ↑ Süleyman Əliyarlı.s.139-140.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Eric J. Hanne, Putting the Caliph in His Place: Power, Authority, and the Late Abbasid Caliphate, (Fairleigh Dickinson University Press, 2007).
- Izz al-Dīn Ibn al-Athīr, Years 589-629/1193-1231: The Ayyūbids After Saladin and the Mongol Menace, transl. D.S. Richards, (Ashgate Publishing, 2008).
- Ziya Bünyadov. Azərbaycan Atabəyləri dövləti (1136-1225-ci illər). Bakı, "Şərq-Qərb", 2007. 312 səh.
- Əkbər N.Nəcəf. Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından - XIV əsrə qədər). Bakı, "Qanun", 2010.
- Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III-XIII əsrin I rübü). Bakı, "Elm", 2007. 608 səh. - 24 səh.
- Süleyman Əliyarlı. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, "Çıraq", 2007. 400 səh.
- Erdoğan Merçil. İldenizliler: Azurbaycan Atabegleri, Doğuştan Günümüze Büyük İslam Tarihi. İstanbul, 1993. c. 8.
- İbrahim Kafesoğlu. Xarəzmşahlar dövləti tarixi, Ankara: Türk Tarih Kurumu Yayını, 1992.
- Çakmak M. A. Türk Sultanları ilə Abbasi Xəlifələrinin İqtidar Mücadilələri (XII-XIII. Yüzil). Türk Kültürü ve Hacı Bektaş Veli Araştırmaları Dergisi, 2007.
- Fəzlullah Rəşidəddin. Cami ət-Təvarix, c. I (tərc. Dr. Bəhmən Kərimi). Tehran: İqbal nəşriyyatı, (1374).
- Nəsəvi. Sirət-i Cəlaləddin Məngüberdi, (tərc. Müctəba Minuvi) Tehran: Şirkəti İntişarati Elmi və Fərhəngi, 1986.
- Əlaəddin Ataməlik Cüveyni. Tarixi-Cəhanqüşa, c.I-II. (tərc. M. Öztürk). Ankara: Kültür Bakanlığı Yayını, 1998.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Bosworth, C. E. The Political and Dynastic History of the Iranian World (A.D. 1000–1217) // Frye, R. N. (redaktor). The Cambridge History of Iran, Volume 5: The Saljuq and Mongol periods. Cambridge: Cambridge University Press. 1968. 1–202. ISBN 0-521-06936-X.