Milli Musiqi Günü

Vikipediya, azad ensiklopediya
(Milli musiqi günü səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Milli Musiqi Günü
Ölkə

Azərbaycan Milli Musiqi Günü — Azərbaycanda hər il sentyabrın 18-də qeyd edilən bayram.

Milli Musiqi Günü dahi Ü.Hacıbəyovun doğum günü ilə bağlıdır. Xalqımız bu günü Milli Musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur.

1995-ci ildə Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını Maestro Niyazi qoymuşdur. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş.[1] Ənənəvi olaraq bu günü Azərbaycan Dövlət Konservatoriyasının (indiki - Bakı Musiqi Akademiyası) önündə minlərlə insan toplaşırdı. Burada Üzeyir Hacıbəyovun adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin rəhbərliyində bəstəkarın əsərlərini ifa edərdi.

Mədəniyyət ocaqlarında, musiqi məktəblərində, xüsusilə konservatoriyamızın - indiki Musiqi Akademiyasının qarşısında Üzeyir Hacıbəylinin şərəfinə onun ölməz əsərlərindən fraqmentlər səsləndirilərdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda, xüsusilə də Bakıda yaşanan siyasi böhranla əlaqədar bu ənənə bir müddət unuduldu.[2]

Mədəniyyət və Turizm Nazirliyi Milli Musiqi Günü ilə əlaqədar bir sıra tədbirlər keçirirː Bakı musiqi akademiyası önündə bu tarixi günlə bağlı təntənəli mərasim keçirilir, Üzeyir Hacıbəyovun ev-muzeyində mədəni tədbirlər təşkil olunur, Heydər Əliyev adına sarayda Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş təntənəli gecə keçirilir.[3]

"Bakı Metropoliteni" QSC tərəfindən də Milli Musiqi Günü ilə bağlı getdikcə hər il üçün ənənəvi hal alan sosial layihəni gerçəkləşdirilir. Bu münasibətlə stansiyalarda artıq ənənə halını alan musiqili proqram təşkil olunur. Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-i sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramı təşkil edilir. Proqramda milli və klassik musiqi nümunələri səsləndirilir.[4][5][6]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Bu gün Milli Musiqi Günüdür". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-18.
  2. "18 sentyabr- Milli Musiqi Günüdür". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-18.
  3. "18 сентября — День национальной музыки Азербайджана". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-18.
  4. "Metropolitendə Milli Musiqi Günü qeyd olunur - Bakı Metropoliteni". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-18.
  5. "Milli Musiqi Günü qeyd olundu - Bakı Metropoliteni". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-18.
  6. "Sərnişinlərə Milli Musiqi Günü sürprizi - Bakı Metropoliteni". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-18.