III Böyük Mənuçöhr
III Böyük Mənuçöhr | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı |
Vəfat tarixi | 1160 |
Vəfat yeri | |
Atası | I Əfridun |
Anası | Nəslicahan Xanım Sultan |
Həyat yoldaşları | Tamar (Şirvan məleykəsi) Gürcüstan şahzadəsi),Şahbanu Sultan,Mərvanə Xanım |
Uşaqları | |
Dini | Sünni İslam |
III Mənuçöhr və ya Böyük Mənuçöhr – Şirvanşahlar dövlətinin on doqquzuncu hökmdarı, Şirvanşah I Əfridunun oğlu. III Mənuçöhr atası I Əfridunnin 1120-ci ildə vəfat etməsindən sonra taxta çıxmışdır. 40 il hakmiyyətə olmuş III Mənuçöhr 1160-cı ildə anadan olduğu Şamaxı şəhərində vəfat etmişdir.
Həyatı
Adı
Hadi Həsən şairlərdən Əbülüla Gəncəvi, Xaqani və Fələkinin əsərlərinə əsasən III Mənuçöhrün tam adını və titulunu müəyyənləşdirmişdir: Əbül Hüca Fəxrəddin əl-Məlik Mənuçöhr ibn Əfridun, Şirvanşah, xaqan-i Bozorg, Kəbir, yaxud Əkbər. Bu titullar yalnız onun özünə deyil, oğlu I Axsitana da aid idi. Lakin Əbül Müzəffər və Cəlaləddin titulları ancaq Axsitana məxsus olduğu kimi, Əbül Hüca və Fəxrəddin titulları da yalnız III Mənuçöhrə məxsus idi. [1] Bakı qalasının şimal divarının uçması nəticəsində tapılmış böyük daş üzərində kufi xətlə yazılmış üçsətirlik natamam kitabədə köhnə Bakın qala divarlarının Şirvanşah III Mənuçöhr tərəfindən tikildiyi xəbər verilir. [2] XII əsrin birinci yarısında III Mənuçöhr tərəfindən şəhər divarının çəkilməsinə dair kitabənin verdiyi məlumat Şirvan dövlətinin güclənməsilə əlaqədar şəhərlərdə böyük istehkam işləri aparıldığını göstərir. Sikkələr Mənuçöhrün atasının adını müəyyənləşdirir. Saray şairi Fələkinin "Divan"ında onun atasının adının "ibn Əfridun" kimi çəkilməsi isə onu Kəsranın oğlu hesab edən Dornun səhvini düzəldir. Kəsra sözündən olan Kəsran Xosrov sözünün ərəbləşdirilmiş forması olub, Sasani nəslinə süni mənsubluq bildirən soyadıdır. [3]
Ailəsi
Şirvanşah III Mənuçöhrün ehtimal ki, üç arvadı olmuşdur. Fələkinin verdiyi məlumata görə onun beş oğlu [4] [5] olmuşdur. Lakin həmin müəllifın başqa bir əsərində Şirvanşahın, , Tamardan olan üç oğlundan və bir qızından danışılır. [6]
Onlar Mənuçöhrün ölümündən sonra numizmatik məlumatlardan bəlli olan Axsitan, Fərruxzad, Şahənşah, Fəridundur. [7] Baqilani bəndi tikilən ildə Mənuçöhrün qızı Alçiçək və oğlu Fəribürz xəstələnib ölmüşlər. Mənuçöhrün h.555 (1160)-ci ildə qəfil ölümü ölkədə 168 gün davam etmiş kəskin siyasi böhrana və təfriqəyə səbəb oldu. Sarayda hakimiyyət uğrunda mübarizə şiddətləndi. Mənuçöhrün yerini tutmuş şir ürəkli Fəridün şahzadə pusqudan atılan oxla öldürüldü. Nəticədə hakimiyyət Axsitanın əlinə keçdi. [8] Ehtimal ki, Fəridün Şirvanşah Mənuçöhrün valiəhdi olmuşdur. Fələki Şirvaninin aşağıdakı misraları da buna işarə edir: Sənin iltifatının köməyilə iblis torpağı Şirvan ("şər" sözündən) Fəzilət torpağı Xervana ("xeyir" sözündən) çevrildi. Bu aşkar gerçəklik bu şübhələri aradan qaldırdı. [9] [10] Bu misralar Mənuçöhrün ölümünə az qalmış Şirvanda "iğtişaş dövrü" yarandığını göstərir. Xaqaninin əsərlərindən məlum olur ki, Şirvandakı ixtilaflar Şirvanın özünün daxili ziddiyətləri, sosial və siyasi vəziyyəti dövlət başçısı Şirvanşahın feodallar və əyanlarla qarşılıqlı münasibətləri ilə bağlı idi. [11] O. L. Vilçevskiyə görə Mənuçöhrün ölümündən sonra onun dul qalmış arvadı Tamar kiçik oğlu ilə birlikdə qıpçaqlara arxalanaraq Şirvan və Gürcüstanı birləşdirməyə çalışırdı. "Lakin Mənuçöhrün atabəy Eldəgizin qoşunu ilə Şirvana gələn böyük oğlu Axsitan ögey anasını Gürcüstana, tərbiyə edib böyütdüyü qardaşı oğlu – gürcü hökmdarı III Georginin yanına qaçmağa məcbur etdi. Tamar burada ömrünü monastırda başa vurdu".[12] Çox ola bilər ki, Xaqaninin Mənuçöhrün ölümü münasibətilə yazdığı mərsiyənin (Xanıkov onu səhvən Axsitana aid edir) aşağıdakı misralarında həmin hadisələrə eyham edilir: "Ah! Sevinc Kəbəsi indi qəm yuvası oldu, çünki böyük Mənuçöhrün bütün şöhrəti onun öz günlərini başa vurmasına mane olmadı. Lakin böyük (kiliyə) öz xasiyyətləri ilə hər səhər sanki deyirdi: "Bizim şərəfimizi alçaldan adamın adı qoy dünyadan silinsin". [13] Mənuçöhrün Tamardan başqa arvadının olub-olmadığı və onun Xaqani və Fələki tərəfındən adları çəkilən oğullarının hamısının bir anadan olduqları məlum deyil. Ehtimal ki, Mənuçöhrün başqa arvadları və onlardan övladları olmuşdur.
"Kartlis tsxovreba"nın 1161-ci ilə aid ikinci şəhadəti Tamarın əri öldükdən sonra Gürcüstana gəlməsindən bəhs edir. "III Georgi (1156- 1184) Anidə düşərgə salıb nəşəli üzlə onu böyüdüb ərsəyə yetirən bibisinin məleykələr məleyekəsi Tamarın pişvazına çıxdı. Tamar onu təbəssüm qarışıq göz yaşları ilə islatdı".[14] [15] Həmin salnamədə daha sonralar belə bir müxtəsər xəbər var: "Hökmdar I Demetrinin bacısı, Taqvidəki monastırın müəssisi Tamar rahibə kimi ölmuşdür". S. Aşurbəyli qeyd edir ki, bizim gürcü salnaməsinin verdiyi məlumata inanmağa heç bir əsasımız yoxdur və Şirvanşah Mənuçöhrün arvadı olarkən müsəlmanlığı qəbul etmiş "Şirvan məleykəsi"nin [16] ərinin ölümündən sonra Şirvanşahlar sarayını tərk etməyə məcbur olması faktı Şirvanda "iğtişaş dövrü" hadisələrindən xəbər verir, Mənuçöhrün oğulları hakimiyyət uğrunda mübarizə apararkən sarayda bir neçə qruplaşma fəaliyyət göstərirdi və ehtimal ki, Tamarın başçılıq etdiyi həmin qruplardan biri məğlubiyyətə uğramış, onun oğlu Axsitan isə Eldəgəzlərin köməyilə Şirvanşahlar taxtına sahib olmuşdur. Xaqani eyhamla başqa bir hadisədən danışır. Ehtimal ki, baş tutmayan dövlət çevrilişində Tamarla birlikdə Axsitanın qardaşlarının da əli olmuşdur. "Ana yaylığını oğlunun ayaqları altına ataraq, oğlanları üçün aman dilədi". Xaqani hökmdarı anasına qarşı mərhəmətli olmağa və onun sözündən çıxmamağa çağırır. [17] [18] Bu şeirin yazılma tarixi məlum deyil, lakin S. Aşurbəyliyə görə o, "iğtişaş dövrü" hadisələrində, Mənuçöhrün ölümündən sonra onun oğulları arasında hakimiyyət uğrunda mübarizə dövrünə aiddir və söhbət Axsitana müxalif çıxan Tamar və onun oğullarından gedir. Göründüyü kimi – Tamar Şirvanı məhz həmin hadisələrdən sonra tərk etmişdir. Əgər bizim mülahizəmiz yanlışdırsa, onda ehtimal ki, burada Mənuçöhrün başqa arvadından və oğullarından danışılır. Həm də, məlumat daha sonralara aiddir.
Fəaliyyəti
Hakimiyyət dövrü
Müasir gürcü tarixşünaslığında belə bir versiya meydana gəlmişdir ki, Əfridun 1120-ci ildə öldükdən sonra III Mənuçöhr qədər Şirvanşahlar taxtına adı mənbələrdə çəkilməyən bir hökmdar çıxmışdır. [19] [20] Belə bir müddəanın ortaya çıxmasına səbəb saray şairi Xaqaninin III Mənuçöhrün ölümü münasibətilə yazdığı qəsidədə Şirvanşahın otuz il hökmranlıq etməsini xatırlaması [21] olmuşdur. Bu halda onun hökmranlığının sonu 1149/50-ci ilə düşür. Eləcə də, Fələkinin gürcü hökmdarı I Demetrinin ölümü münasibətilə yazdığı qəsidədən məlumdur ki, Şirvanşah III Mənuçöhr 1156-cı ildə hələ sağ idi. [22] Mənuçöhrün dövrümüzədək gəlib çatmış sikkələri 1136-1160-cı illərə aiddir. Onun oğlu Axsitanın ilk sikkəsi də 1160-cı ilə aiddir. [23] [24] "Kartlis tsxovreba"dan məlumdur ki, Mənuçöhrün arvadı Tamar əri öldükdən sonra Şirvanı tərk edərək Tiqvidə monastır təsis etmiş və burada rahibə kimi ölmüşdür. 1161-ci ildə o, hələ sağ idi. [25] Deməli, sikkə məlumatlarına və "Kartlis tsxovreba"ya görə, Mənuçöhrün hökmranlığının sonu h.555 (1160)-cı ilə, yəni onun ölüm ilinə düşür.
III Mənuçöhrə qədər on il ərzində hakimiyyət sürmüş başqa bir Şirvanşahın adına heç bir mənbədə, nə XII əsr şairlərinin əsərlərində, nə də numizmatika məlumatlarında təsadüf olunmur. Xaqaninin otuz illik hökmranlıq haqqında sözləri qeyri-dəqiq, təqribi ola bilər. Belə ki, o, başqa şeirlərində bəzi hadisələrə dair yuvarlaq rəqəmlər gətirir. Belə qeyri-dəqiqliyə poetik əsərlərdə yol verilir, buna görə onlara çox da inanmaq olmaz.[26]
Səlcuqlulardan asılılıq
Şirvanşah III Mənuçöhrün İraq səlcuqlarından asılılığını mənbələrdən və sikkə məlumatlarından görünür. Mənuçöhrün təqribən 1111 -ci ildə gürcü şahzadəsinə, IV Davidin qızına evlənməsi o vaxtlar çox təcavüzkar olan gürcü hökmdarlarına Şirvanın işlərinə qarışmağa bəhanə vermişdir. [27] [28] [29] XII əsrin birinci rübündə Gürcüstanı, bir tərəfdən, Qafqaz düzənliyinin xeyli hissəsini tutmuş güclü köçəri döyüşçülər – türk-qıpçaqlar, digər tərəfdən isə, artıq XI əsrin ikinci yarısından tədriclə Zaqafqaziya ölkələrini istila edən türk-səlcuqlar təhdid edirdilər.
Səlcuqlar artıq XI əsrin birinci yarısının axırlarında İranı, İraqı, Suriyanı, Cənubi Azərbaycanı, Ermənistanı, Gürcüstanı və digər ölkələri zəbt etmişdilər. XI əsrin son rübündə türk-səlcuqlar nəinki Zaqafqaziyada, həm də, bütün Yaxın Şərqdə başlıca və hakim qüvvəyə çevrildilər. Gürcü hökmdarı IV David Qurucu qızı Tamarı Şirvanşahın oğlu Mənuçöhrə ərə verməklə Şirvanşahların simasında səlcuqlara qarşı mübarizədə müttəfıq qazanırdı. Digər tərəfdən, IV Davidin özünün möhtəşəm qıpçaq məliki Şəraqənin oğlu Ətrəkin qızı Quranduxtla evlənməsi və sonra 40 000 qıpçağı ailəsi ilə birlikdə Gürcüstana köçürməsi ona səlcuqlarla və öz qonşuları ilə müharibə aparmaq üçün güclü ordu yaratmağa və qıpçaqlar tərəfindən ola biləcək təhlükəni aradan qaldırmağa imkan verdi. Şirvanşah Əfridun IV Davidin qızı Taman oğluna almaqla səlcuqların hücum təhlükəsi qarşısında gürcü hökmdar evi ilə qohumluq münasibətləri yaratmaq kimi siyasi məqsədlər güdürdü. Bu nikahla, göründüyü kimi, Əfridun eləcə də hərbi cəhətdən çox güclü olan və Şirvanın özü üçün Gürcüstandan az təhlükə doğurmayan qıpçaqları neytrallaşdırmaq və öz tərəfinə çəkmək istəyirdi.
Lakin sonralar Əfridun qüvvələr nisbətini və səlcuqların daha təhlükəli olduğunu görüb, Gürcüstanla ittifaqı pozdu və Şirvanşahların hələ I Fəribürz dövründən bəri sonralar da yeritdikləri ənənəvi siyasət daha güclü düşmənə meyl göstərmək və təhlükə qarşısında gözləmə siyasəti – aparmağa başladı. IV Davidin 1117-ci ildə Mənuçöhrün evlənməsindən bir az keçmiş təcavüzkar hərəkətlərini – oğlu Demetrinin Şirvana hücum edib Kaladzor qalasını tutmasını və sonralar, 1120-ci ildə IV Davidin özünün Şirvana iki dəfə hücum çəkərək, Qəbələni və digər şəhərləri alması bununla izah edilir.
Əfridunun ölümündən sonra onun oğlu III Mənuçöhrün hakimiyyəti dövründə vəziyyət dəyişdi. Səlcuq sultanının koalision qoşunu 1121-ci ildə Trialetidəki Didqoru vuruşmasında məğlub edildikdən və IV David 1122-ci ildə Tiflisi və Dmanisini tutduqdan sonra [30] [31] Mənuçöhr sultandan uzaqlaşdı və həmin vaxtlar çox güclənmiş Gürcüstanın tərəfinə keçdi. Şirvanşah Mənuçöhrün siyasətinin dəyişməsində, səlcuq sultanının vassalı və müttəfiqi olmaqdan imtina etməsində, görünür, Şirvanşahın arvadı – əri üzərində güclü nüfuza malik olan gürcü şahzadəsi Tamar və onun əhatəsi az rol oynamamışdır.
"Türklər və digər müsəlman hökmdarları Gürcüstana qarşı uğursuz mübarizə apardıqları bir vaxtda yeni Şirvanşah artıq Gürcüstanın tərəfində idi. Bu səbəbdən qisas məqsədilə Gürcüstana gələn sultan Mahmud öncə Şirvanşahı cəzalandırmaq üçün Şirvana soxuldu". [32]
"Kartlis tsxovreba"da deyildiyinə görə, h.517 (1123)-ci ildə
"sultan Şirvana gəldi, Şirvanşahı tutub, Şəmaxiyyə şəhərini ələ keçirdi və qasid vasitəsilə hökmdara aşağıdakı məzmunda məktub göndərdi. "Sən meşələrin şahısan və heç vaxt düzə enmirsən. Mən Şirvanşahı tutmuşam və ondan xərac tələb edirəm. İstəyirsənsə, mənə layiq hədiyyələr göndər, əgər bunu etmək istəmirsənsə, onda təcili qabağıma çıx". Buna cavab olaraq, IV David qoşun yığdı, qıpçaqların döyüş hazırlığını yoxladı və 50 minlik qoşunla Şirvana gəldi. Vuruşmada hökmdarın döyüşçüləri Arranın atabəyi Aqsuntuların (Ağsunqur və Əhmədili) başçılığı ilə sultanın köməyinə gələn 4000 nəfəri qırdı, atabəyin özü isə güclə xilas oldu. Sultan divarları arxasında gizləndiyi Şemaxiyyədən qaçaraq, başqa yolla öz ölkəsinə qayıtdı. David isə Gürcüstana döndü". "Erməni salnaməsi" Ağsunqurun qoşununun sayını 4000-dən 3000 nəfərə endirməklə gürcü mənbəyində deyilənləri təkrar edir. [33] [34] Birinci versiya fars və ərəb müəlliflərinin məlumatlarına zidd gəlir. XII əsr anonim fars mənbəyinə görə sultan Mahmud ibn Məhəmməd (1118-1131) h.516 (1122/3)-ci ildə Təbrizdən "Şamaxıya və Şirvana yollandı. O, abxazları (gürcüləri) qovdu, Şirvanşahı isə qaladan endirib geri qayıtdı. Azərbaycanda Şəms əl-Mülkü yaxaladı və onu öldürüb başını Xorasana göndərməyi əmr etdi". [35]
İmad əd-Din əl-İsfəhaninin versiyasına görə sultan Mahmud h.517 (1123)-ci ildə Şirvan əmirlərinin xüsusi dəvətilə Şirvana səfərə çıxdı və məşhur Şirvanşahı həbs etməsi iğtişaş və çaxnaşmaya səbəb oldu. Bundan sonra sərhəd boyunca yaşayan "kafirlər" (yəni gürcülər) hərisləşdilər və 30 min süvari qoşunla sultanın ordugahının 2 fərsəxliyində düşərgə saldılar. Ancaq Allah islamın köməyinə gəldi və qarətkarları darmadağın etdi... bütün bu hadisələr nəticəsində ölkə dağılıb viran qaldı. Əl-İsfəhani bunu Şirvanın "təxrib"i kimi təsvir edir. İşlərin qarmaqarışıq olduğunu görən Sultanın vəziri Şəms əl-Mülk Usman ibn Nizam əl-Mülkə qəzəbi tutdu və onun edam olunmasını əmr etdi. Bu, h.517 (1123/4)-ci il rəbiüləvvəl ayının axırlarında Beyləqanda baş verdi. [36]
İbn əl-Əsir bu hadisələri bir qədər başqa cür işıqlandırır:
"Həmin h.517 (1123)-ci ildə gürcülərin islam ölkəsində cinayətləri artdı. Adamlar, xüsusilə Dərbənd və Şirvan əhalisi buna çətinliklə dözürdü. Buna görə də, onların bir çox nümayəndəsi (gürcülərin) onların başına gətirdiklərindən şikayət etmək üçün sultanın yanına gəldi. Onlar sultana gücsüzlüklərindən, öz ölkələrini qoruyub saxlamaq iqtidarında olmadıqlarından danışdılar. Onda sultan Şamaxıya gəlib çatmış gürcülərə doğru hərəkət etdi və oradakı bir bağda dayandı. Gürcülər sultanın üstünə yeridi. Sultanın qoşunu onlardan bərk qorxdu və vəzir şəms əl-mülk Usman ibn Nizam əl-Mülk sultana geri qayıtmağı məsləhət gördü. Bunu eşidən Şirvanlılar sultanın yanına gedərək dedilər: "Nə qədər ki, sən bizimləsən, biz vuruşacağıq. Əgər sən bizi qoyub getsən, müsəlmanlar ruhdan düşər və məhv olarlar". Sultan onlarla razılaşdı və yerindən tərpənmədi. Qoşunlar qarşıdakı döyüş haqqında düşünüb, gecəni çox həyəcanla keçirdilər. Lakin Allah gözlənilmədən onların işini asanlaşdırdı: o, gürcülərlə qıpçaqlar arasında nifaq və düşmənçilik saldı, onlar həmin gecə öz aralarında vuruşdular. Səhər isə fərari kimi qaçıb getdilər. Beləliklə, Allah möminləri bu vuruşmadan qurtardı. Sultan bir xeyli Şirvanda qaldı, sonra Həmədana yola düşdü və cəmadiyü-ləvvəl (iyul) ayında ora gəlib çatdı." [37]
Göstərilən mənbələrdən aydın olur ki, III Mənuçöhr sultan xəzinəsinə hər il verməli olduğu 40 000 dinar xəracı ödəməkdən imtina edərək, sultana vassal asılılığından çıxmışdı. Şirvanşahın gürcü hökmdarına üz tutması sultanın onu cəzalandırmaq və qoyulmuş xəracı yığmaq üçün Şirvana yürüş etməsinə səbəb oldu. Lakin ölkənin qıpçaqlar və gürcü qoşunları tərəfindən dağıdılıb talan edilməsi, habelə səlcuqların Şirvan ərazisində apardıqları hərbi əməliyyatlar əhalidə vergi vermək iqtidarı qoymamışdı. Sultan bunun günahını öz vəziri Şəms əl-Mülkdə görərək, onun edam olunmasını əmr etdi. İbn əl-Əsir və əl-İsfəhaninin verdikləri məlumatlar daha etibarlıdır. Nə sultanın əsir aldığı Şirvanşahın taleyi, nə də onun göstərilən mənbələrdə çəkilməyən adı bizə bəlli deyil.
Gürcü Baqrati xanədanı ilə münasibətlər
1123-cü il yürüşündən və sultanın Şirvandan getməsindən azacıq sonra IV David səlcuq qoşunlarının burada olmamasından və yerli hakimiyyətinin özünümüdafiə zəifliyindən istifadə edərək, Şirvana qarşı təcavüzkar siyasətini davam etdirirdi. Həmin ilin iyununda havaların şiddətli isti keçməsinə baxmayaraq, David yenidən Şirvana soxulub, Şirvanşahların baş iqamətgahı olan Gülüstan qalasını tutdu və qoşunları ilə birlikdə böyük qənimətlə Kartliyə qayıtdı. 1124-cü ilin əvvəlində o, yenidən Şirvana yürüş etdi. O, əvvəlcə Şəbərəna növbəti basqın edərək, burada Dərbənd qoşun rəisinin başçılığı altında olan kürdləri, ləzgiləri və qıpçaqları qırdı. Həmin ilin avqustunda David sonuncu dəfə hücum etdi. Şirvanı ilhaq etməyə cəhd göstərərək Şəmaxiyyə şəhərini, Buğurt qalasını və onun ətrafındakı yerləri rutdu. [38] Gürcü və erməni salnamələrinin verdiyi məlumata görə, IV David Şirvanın şəhər və qalalarında Xereti və Kaxet əsgərlərindən təşkil olunmuş güclü qarnizonlar saxladı, ölkədə işlərin idarə olunmasına nəzarət etməyi özünün baş katibi olan arxiyepiskop Simon Çkondideliyə tapşırdı. Şirvanın işğalı 5 aya qədər davam etdi. Ehtimal ki, IV David elə bu vaxt öz titullarına sonralar ənənəvi olaraq varislərinin də daşıdıqları Şirvanşah titulunu əlavə etmişdi. Kartliyə qayıtdıqdan sonra o, geniş hərbi ekspansiya layihələri hazırlamaq fikrinə düşdü. Lakin onları həyata keçirmək ona nəsib olmadı. Belə ki, David 1125-ci il yanvarın 25-də öldü. [39] Həmin vaxtdan XII əsrin 70-ci illərinə qədər mənbələrdə gürcülərin Şirvana yürüşləri barədə heç nə deyilmir. IV Davidin oğlu, 30 il Gürcüstanda hakimiyyət sürmüş I Demetrinin hökmdar evi ilə dinclik və dostluq münasibətləri dövrü başlandı. Davidin ölümündən sonra Mənuçöhr, ehtimal ki, elə həmin il Şirvanda hakimiyyətə qayıtmışdır. Lakin Şəki vilayəti I Demetrinin əlində qalmışdı. [40] Şirvanın öz müstəqilliyini bərpa etdiyi III Mənuçöhrün hakimiyyəti zamanı Şirvanşahlar dövlətinin güclənmə və tərəqqi dövrü ohıb, səlcuq imperiyasının tənəzzülü ilə bir vaxta düşmüşdür.
Qıpçaqların üsyanı
Mənuçöhrün bu dövr fəaliyyətini işıqlandıran mənbələr Şirvanşahın saray şairləri Xaqani və Fələkinin əsərləridir. Xaqaninin III Mənuçöhrə ithaf olunmuş qəsidələrinin birində Şirvanşahın qıpçaqların (ehtimal ki, IV Davidin Gürcüstanda məskunlaşdırdığı) üsyanını yatırmasından danışılır. [41] [42] Qıpçaqlar üzərindəki bu qələbədən Fələki də bəhs edir. "Qızılla işlənib, Çin ipəyi kimi parıldayan hind qılıncınla tökülmüş qıpçaq qanını hesablayarkən torpağın yaradıcı qüvvəsinin bitki əvəzinə qıpçaq başı yetirdiyinə təəccüblənməməlisən". Fələkinin sözlərinə görə, Mənuçöhr dikbaş qıpçaqları İraq səlcuqlarının köməyi olmadan əzmişdir. Mənuçöhr güclü hökmdar olmuş və ölkəsində sərt qayda-qanunlar qoymuşdur. Xaqani onun qonşu Arran dövləti üzərində zəfər çaldığını göstərir: "O, Arranı fəth etməklə adını bütün dünyada şöhrətləndirdi, İraqı və Suriyanı zəbt etmək üçün başqa vaxt təyin etdi". [43] [44] Mənuçöhr qırx il ərzində öz dövlətini xeyli möhkəmləndirmiş və ehtimal ki, Şirvanın sərhədlərini genişləndirmək məqsədilə qonşu ölkələrə yürüşlər etmişdir. Fələki Şirvani Mənuçöhrün zamanındakı tərəqqini, ehtimal ki, 1123-1125-ci illərdəki müharibələrlə bağlı hadisələri nəzərdə tutaraq, keçmişdə hökm sürən hərc-mərcliklə müqayisə edirdi: "O, iblisin fıtnəfəsad və qalmaqal yuvası olan Şirvanı gülüzlü türk və türkmən qızları ilə bəzədi". [45][46] Şirvanın və Arranın səlcuqlar tərəfindən istila olunması türk tayfalarının bu ölkələrə axınını artırdı. Həmin ölkələrdə türk qul və kənizləri ucuz qiymətə satılırdı.[47]
Bəndi-Baqilan hadisəsi
Şirvanda Mənuçöhrün hakimiyyəti dövründə olmuş mühüm hadisələr arasında h.532 (1137/8)-ci ildə Kür çayı üzərindəki Baqilani bəndinin (Bəndi-Baqilani) yuyulub dağılması nəticəsində baş vermiş daşqını da qeyd etmək lazımdır. Fələki və Xaqani bu hadisəyə şeir həsr etmişlər. III Mənuçöhr Baqilani bəndini daşqın təkrar baş verməsin deyə, köhnə yerində yox, çayın bir qədər yuxarısında yenidən tikdirmişdi.[48][49][50]
Hakimiyyətinin sonu
Mənuçöhrün hakimiyyətinin son illəri Xaqaninin məktublarında əksini tapmışdır. Onlarda Şirvanda vəziyyətin pisləşdiyindən danışılır. Mənuçöhrə qarşı qəsdin üstü açıldı.
Dövlət çevrilişinə hazırlaşan müxalifət qrupu 60 ən tanınmış dövlət xadimini öldürməyi, 300 yüksək vəzifəli şəxsin evini dağıtmağı nəzərdə tuturdu. O cümlədən şair Xaqanini, Şirvanın siyasi həyatında böyük nüfuzu olan əmir Əsəd əd-Din Xulbaşini öldürməyə hazırlaşırdılar. Mənuçöhr dövlət çevrilişi təhlükəsini aradan qaldırdı. Bir çoxları vəzifədən götürüldü, [51] [52] [53] həbs və sürgün edildi. Mənuçöhr h.555 (1160)-ci ilin sonunda qəflətən öldü.[54]
Hakimiyyət dövrünün xarakteristikası
Mənuçöhr ölkədə böyük tikinti işləri aparır, şəhərləri möhkəmləndirir, yeni şəhərlər saldırırdı. Fələki və Xaqaninin Mənuçöhrə həsr olunmuş əsərlərində XII əsr feodal cəmiyyətinin, Şirvanşah sarayının həyatı əksini tapmış, dövlət xadimlərinin, o cümlədən baş vəzir Seyid əl-Vüzəra Camal əd- Din Əbül Nəsr Məlik Misər ibn Abdullanın adı çəkilmişdir. Fələki onun fəaliyyətini yüksək qiymətləndirmişdir. Mənuçöhrün digər vəziri Əmin əd-Din Məhəmməd ibn Əbd-əl Cəlil-i-Əxrasi fılosof, həkim, astroloq, şair və ənənəçilərə hamilik edirdi. [55] [56] Əmir sipəhsalar – Şirvan qoşunlarının baş komandanı – Hüsam əd-Dövlə və d-Din Əbu-Yəqub Yusif idi. Onun adı Bakı qalasındakı Cümə məscidinin bünövrəsinə qoyulmuş kufı kitabədə çəkilir. [57] [58]
Mənuçöhrün sarayında o dövrün bütün Yaxın Şərqdə şöhrət tapmış, Azərbaycan şeir məktəibni yaratmış görkəmli şairlər, məlik üş-şüəra – "şairlər şahı" adlandırılan Əbül-üla Gəncəvi, Xaqani, Fələki Şirvani, Mücirəddin Beyləqani toplaşmışdı. [59] Mənuçöhr filosof, şair və alimlərə hamilik edirdi. Xaqani Mənuçöhrdən saysız-hesabsız mükafatlar, hədiyyələrdən başqa hər il 30 min dirhəm məvacib alırdı. Onun malikanəsi də var idi. Mənuçöhr Şirvan dövlətinin ən mühüm vəzifələrindən birini – Şirvanşahın xüsusi katibi vəzifəsini Xaqaniyə həvalə etmişdi. [60] Lakin saray çəkişmələri nəticəsində Əbülüla, Fələki Şirvani və Xaqani vətənə xəyanətdə və Mənuçöhrə qarşı qəsddə təqsirləndirilərək həbs olundular. Xaqani də digər iki şair kimi bir neçə aydan sonra azad edildi. [61] [62]
Sikkələri
III Mənuçöhr ibn Əfridunun hökmranlıq vaxtından tam bir sıra aşağı əyarlı gümüş sikkələr qalmışdır. Bir üzündə "əl-məlik Mənuçöhr ibn Əfridun", o biri üzündə dini rəmz, xəlifə əl-Müktafiliəmrüllahın – h.530-555 (1136-1160)-ci illər və səlcuq sultanının adları göstərilmişdir. Sikkələrin hamısında sultanın adında yalnız "...əssultan" sözü oxunur.[63] Üz tərəfində Mənuçöhrün, arxa tərəfində isə Məlik şahın adları həkk olunmuş mis sikkələr də vardır. Kuyumcanın fikrincə, onları III Mənuçöhr İraqın səlcuq sultanı Məlik şah ibn Mahmudun (h.547 (1152/3-ci il) şərəfinə kəsdirmişdir. Amerika Numizmatika Cəmiyyətinin fondunda III Mənuçöhrün h.555 (1160)-ci ildə Şamaxıda zərb etdirdiyi nadir bilon sikkə saxlanılır. Onun üz tərəfındə "əl-məlik əl-müəzzəm Mənuçöhr", qıraqlarında "Şəmax(iyy)ə, beşinci ildə", arxa tərəfındə "əl-Müstəncid es-sultan (Sü)leyman" və müsəlmanlıq dini rəmzi göstərilmişdir. [64] Tarix əl- Müstəncidin (h.555-566 (1160-1170/1)-cı illər) və xüsusilə İraq səlcuq sultanı Süleyman şah ibn Məhəmməd ibn Məlik şahın (h.555 (1160)-ci il) adları ilə təsdiq olunur. Bu, XII əsrdə Şirvanşahlar sülaləsinin Şəmaxiyyə zərbxanasının adını daşıyan yeganə sikkədir. Onun oğlu və varisi I Axsitanın ilk sikkəsinin h.555 (1160)-ci ilə aid olduğunu, Mənuçöhrün h.555 (1160)-ci ilin sonunda taxta çıxmış və h.571 (1176)-ci ilədək hökmranlıq etmiş oğlu və varisi Süleyman Arslanşahın adı ilə sikkə olmadığı nəzərə alınaraq, Mənuçöhrün hakimiyyətinin h.555 (1160)-ci ilədək davam etdiyi qeyd edilir. [65]
SƏLƏF I Əfridun |
III Böyük Mənuçöhr Kəsranilər |
XƏLƏF II Əfridun |
İstinadlar
- ↑ Hadi həsən. Fələki Şirvani, s.9-10
- ↑ Aшypбeйли. Oчepк... c.136.
- ↑ Пaxoмoв. Kpaткий кypc... c.32.
- ↑ Divani-Fələki, s.866, 897
- ↑ Hadi Həsən. Fələki Şirvani, s.15
- ↑ Фaлaки Шиpвaни. Oдa нa cмepть цapя Дeмeтpe; З.M.Бyниятoв. Гpyзия и Шиpвaн в пepвoй пoлoвинe XII в. Tбилиcи, 1966,c.288-291
- ↑ Hadi Həsən. Fəlki Şirvani, s.15-16
- ↑ Гaфap Keндли, c.126, 141-144
- ↑ Divani Fələki, 1078-1079
- ↑ Hadi Həsən. Fələki Şirvani, c.17.
- ↑ Гaфap Keндли, c.143
- ↑ O.B .Bильчeвcкий. Xaкaни. "Coвeтcкoe вocтoкoвeдeниe", 1957, N°4, c.66
- ↑ Bünyadov Z. Azərbaycan Atabəylər dövləti, B., 1989, s. 159-160
- ↑ Бpocce, ч.l, c.382-391
- ↑ Hadi Həsən. Fələki Şirvani, s.14
- ↑ Bильчeвcкий. Xaкaни, c.65.
- ↑ Divani-Xaqani. Tehran, 1316 h., s.116-120, 392-398
- ↑ Гaфap Keндли, c.171
- ↑ Acaтиaни, c.43-47
- ↑ Mecxиa. Дидгopcкaя битвa, c.66.
- ↑ Hadi Həsən. Fələki Şirvani, s.20
- ↑ З.Бyниятoв. Гpyзия и Шиpвaн, c.285, 289-292
- ↑ Пaxoмoв. Kpaткий кypc... c.36
- ↑ Kyймджaн. Уникaльнaя мoнeтa, c.342.
- ↑ Бpocce, c.382
- ↑ S. Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2007
- ↑ Brosse, c.360
- ↑ Hadi Həsən Fələki Şirvani, s.12-13
- ↑ Ф.Д.Жopдания, c.239-240.
- ↑ Бpocce, c.360-368
- ↑ Mecxиa. Дидropcкaя битвa, c.86-89, 99-103.
- ↑ Acaтиaни, c.32.
- ↑ Brosse, p.59, 367-368
- ↑ Hadi Həsən Fələki Şirvani, s.18.
- ↑ Mücmal-ət-təvarix v-əl-qisas 520 h. Tehran 1318 h., c.415
- ↑ İbn əl-Əsir, s.139-141
- ↑ İbn əl-Əsir, s.124-125
- ↑ Apмянcкaя xpoникa, c.59
- ↑ Пaxoмoв Kpaткий кypc... c.ЗЗ
- ↑ З.Бyниятoв. Гpyзия и Шиpвaн, c.287, 289.
- ↑ Kulliyat-i-Khaqani. Lucknow ed), s.411-412, 541
- ↑ Hadi Həsən. Fələki Şirvani, s.20-21
- ↑ Diwan-i Falaki, bənd 810-811, 724
- ↑ Hadi Həsən, s.20-21
- ↑ Divani-Fələki, bənd 655
- ↑ Hadi Həsən. Fələki Şirvani, c.22
- ↑ Бepтeльc. Hизaми и Физyли. M., 1962, c.45, cнocкa 54.
- ↑ Kulliyat Xakani, s.63-65
- ↑ Divani-Fələki, c.498-500, 504
- ↑ Hadi Həsən. Fələki Şirvani, s,22-24
- ↑ A. Ates. Recueil de letters de Xaqani-I Shirwani. "Tpyды двaдцaть тогo мeждyнapoднoгo кoнrpecca вocтoкoвeдoв", т.II. M., 1963 (frn. mətni)
- ↑ Cбopник пиceм Xaкaни Шиpвaни, c.357
- ↑ Ahmet Ateş. Hakaninin mektublaп deгgisi Belleten, Gilt XXV, Sayı 98 den ayribasım (nisan, 1961). Türk tarih Kurumu Basimevi-Ankara, 1961, s.241
- ↑ S. Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2006
- ↑ Divani-Fələki, s.526-527, 530, 728, 729
- ↑ Hadi Həsən, Fələki Şirvani, s.24
- ↑ Xaди Xacaн. Изыcкaния, c.15-16
- ↑ З.M.Бyниятoв и M.X.Heймaтoвa. Hoвый дoкyмeнт пo иcтopии Шиpвaнa. "ДAH Aзepб. CCP", 1973, т.XXIX, № ll-12, c.85-88
- ↑ Бepтeльc. Hизaми и Физyли, c.27-70
- ↑ Гaфap Keндли. Xaкaни Шиpвaни. Aвтopeф. дoкт. диcc. Бaкy, 1972, c.92-93
- ↑ Бepтeльc. Hизaми и Физyли, c.42, 45-46, 58
- ↑ Гaфap Keндли, с. 118-119
- ↑ Пaxoмoв. Moнeтныe клaды, вып.VIП, c.75.
- ↑ Dickran Karnick Kouymjian. A unique coin of the Shirvanshah Minuchihr II dated A.N. 555/1160 A.D.American University of Beirut. 1974, pp.342-346
- ↑ S. Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2006