Ər və arvad (musiqili komediya)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Ər və arvadÜzeyir bəy Hacıbəyovun ilk musiqili komediyası. Azərbaycanda musiqili komediyanın ilk nümunəsi.

Musiqili komediya 3 pərdəlidir. Librettosu da bəstəkarındır. Bu əsərlə Üzeyir bəy Hacıbəyovun musiqili səhnə trilogiyasının (buraya "O olmasın, bu olsun" və "Arşın mal alan" musiqili komediyaları da daxildir) başlanğıcı qoyulmuşdur. Hər üç əsərdə ailə-məişət mövzusu çox ardıcıl və dinamik şəkildə açılır, Azərbaycan qadınının ailə və cəmiyyətdəki kölə vəziyyətinə etiraz səslənir. Əhvalatın süjet xəttinin adiliyi və sadəliyi, iştirakçıların azlığı "Ər və arvad"ı vodevilə yaxınlaşdırır. Əsərin ideyası ağıllı və tədbirli arvadın (Minnət xanım) müflisləşmiş və düşkünləşmiş ərindən (Mərcan bəy) mənəviyyatca üstünlüyünü açıb göstərməkdir. Əsərdə Minnətin məsləhətçisi və müttəfiqinə çevrilən namuslu, vicdanlı nökər obrazının böyük rəğbətlə yaradılması o dövr Azərbaycan cəmiyyətində gedən demokratikləşmə prosesinin təzahürü idi.

"Ər və arvad"ın musiqisi manı-rəqs xarakterli olmaqla obrazların daha qabarıq açılmasına xidmət edir. Mərcan bəyin komik obrazı səhnə hadisələrinin əksinə olaraq lirik, səmimi xarakter daşıyaraq (1-ci və 2-ci pərdələrdəki mahnılar) onun mənfi xüsusiyyətlərini daha bariz nəzərə çarpdırır. Nökər Səfinin obrazı 2-ci pərdədəki lirik mahnı ilə açılır; burada Üzeyir bəy Hacıbəyov "Laçın" xalq mahnısından istifadə etmişdir. "Ər və arvad" musiqili komediyasında xor səhnələri tamaşanın mühüm, ümumiləşdirici məqamlarında yerləşdirilərək hadisələrin emosional atmosferini, eləcə də əsas qəhrəmanların davranışına münasibəti ifadə edir. Əsərin əsas qayəsini ifadə edən bu xorlar "müəllif sözü" kimi qavranılır.

"Ər və arvad"dakı instrumental musiqi parçaları — müqəddimə və antraktlar çox canlı və şən səhnə əhvalatları atmosferi yaratmaqla əsəri xeyli zənginləşdirir. Hadisələrlə zəngin olan 2-ci pərdənin antraktında Üzeyir bəy Hacıbəyov ilk dəfə klassik polifoniya formasından — fugettadan istifadə etmişdir. Komediyanın ilk tamaşası 1910-cu il mayın 24-də Bakıda Nikitin qardaşları sirkinin səhnəsində göstərilmişdir. Rollarda Sarabski (Mərcan bəy), Ə. Ağdamski (Minnət xanım), H. Terequlov (Səfi), M. Əliyev (Kərbəlayi Qubad) və başqaları çıxış etmişlər. "Ər və arvad" Azərbaycanın digər teatrlarının (Naxçıvan, Ağdam, Şəki və s.) da repertuarında olmuşdur.

Mənbə

Həmçinin bax