İmamzadə türbəsi (Gəncə)
İmamzadə türbəsi | |
---|---|
40°42′54″ şm. e. 46°25′28″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Qədim Gəncə ərazisi |
Aidiyyatı | Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu |
Tikilmə tarixi | XIV-XVII əsrlər |
Üslubu | islam memarlığı |
İstinad nöm. | 193 |
Kateqoriya | Türbə |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Gəncə imamzadəsi və ya Göy imam — Gəncə şəhəri yaxınlığında, Qədim Gəncə ərazisində yerləşən və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan dini memarlıq kompleksidir. Kompleks imam Məhəmməd Bağırın VIII əsrdə vəfat etmiş oğlu İbrahimin məzarı üzərində ucaldılmış türbə ətrafında formalaşmışdır.
Kompleksin əsas tərkib hissəsi türbə binası və qəbiristanlıqdan ibarətdir. Bununla yanaşı, əsas türbə günbəzi ilə bərabər ətrafda daha yeddi günbəzin, məscidin, karvansara tipli evlərin, abidəyə giriş darvazası üzərindəki günbəzin (sayca doqquzuncu günbəz), ornamentləri və kitabələri olan başdaşılarının, sərdabə-türbə tipli qəbirüstü abidələrin, hovuz və digər yardımçı tikililərin mövcudluğu Gəncə imamzadəsinin memarlıq quruluşunu formalaşdırır.
Türbənin inşasında qırmızı kərpicdən istifadə olunmuş, Arran memarlıq məktəbi üçün səciyyəvi olan cəhətlər tətbiq edilmişdir. Mərkəzi günbəzin sağ və sol tərəfində yerləşən kiçik günbəzli hücrələr isə daha sonrakı dövrdə — ehtimal ki, XIII–XIV əsrlərdə abidəyə əlavə edilmişdir. Həmin hücrələrin hər birincə ağ və mavi şirli kaşı ilə işlənmiş nəfis mehrablar vardır.Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın hakimiyyəti dövründə (1786–1804) türbədə əsaslı təmir işləri aparılmış, görülən işlərə saray memarı Kərbəlayi Sadıq rəhbərlik etmişdir. 2010–2016-cı illərdə İmamzadə kompeksində əsaslı yenidənqurma və restavrasiya işləri aparılmış, kompleksə gedən Gəncə-Zazalı yolu yenidən qurulmuşdur. Ümumilikdə İmamzadə türbəsinin bərpasına 31 milyon manat, yolun təmirinə isə 17 milyon manat xərclənmişdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]İnşası
[redaktə | mənbəni redaktə et]Gəncə imamzadə türbəsinin yerində ilk tikilinin inşa olunması tarixi bizim eranın VIII əsrinə təsadüf edir. Şiə İslamının müqəddəs şəxsiyyətlərindən biri hesab edilən beşinci şiə imamı Məhəmməd Bağırın övladları bəhs edilən dövrdə İslam peyğəmbəri nəslinin nümayəndələrinə qarşı təqiblər həyata keçirən Əməvilər xilafəti (661–750) rəhbər dairələrinin əməllərindən can qurtarmaq üçün İrana və Azərbaycanın şəhərlərinə üz tutmuşlar. Bunlardan iki qardaş şahzadə İbrahim və İsmayıl Bərdəyə və Gəncəyə üz tutmuş, lakin bir müddət sonra düşmənləri onları tapmış və qətlə yetirmişlər.[1]
Şahzadə İsmayılın vəfatından sonra Bərdədə imamzadə ucaldıldığı kimi, Gəncədə də şahzadə İbrahimin şəhadətə yetməsindən sonra onun məzarı üzərində türbə inşa edilmişdir.[2] Gəncə imamzadə türbəsinin daxili hissəsində, iç divarından aşkar olunmuş kitabədə bu məsələ ilə bağlı mühüm tarixi fakt əks olunmuşdur. Görkəmli tədqiqatçılar – arxeoloq İshaq Cəfərzadə və epiqrafika sahəsində əhəmiyyətli tədqiqatların müəllifi olan professor Məşədixanım Nemət tərəfindən tədqiq olunmuş bu yazı aşağıdakı kimi oxunmuşdur:
O, Allah əbədidir. Bu, İmam Məhəmməd Bağırın – ona salam olsun – oğlu mövlana İbrahimin müqəddəs məkanı (yerləşmiş) şərəfli (cənnət) bağıdır. Öz babasının köçməsindən 120 il sonra vəfat etmişdir – Allahın ona salavatı olsun[3] |
Bu kitabə İmamzadə türbəsinin birinci mərtəbəsində, abidənin iç divarına hörülmüş kiçik mərmər lövhədən ibarətdir. Kitabədəki yazılar ərəbcədir. Burada əks olunmuş dəqiq xronoloji göstərici hicri tarixlə 120-ci ildir. Miladi təqvimdə qeyd olunan tarix 739–740-cı illərə təsadüf edir. Məhz bu baxımdan Gəncə imamzadə türbəsinin ilkin inşa olunma tarixi şahzadə İbrahimin vəfat etdiyi dövrlə bağlıdır və abidə haqlı olaraq erkən orta əsrlər dövrünün ən dəyərli memarlıq nümunələrindən biri hesab edilir.[4] Gəncə imamzadə türbəsinin bəhs olunan dövrdə olmuş görkəmi müasir xarici görünüşü kimi möhtəşəm deyildi. Yalnız müəyyən müddət sonra Gəncə imamzadəsinin yenidən bərpası, ətrafında abadlaşdırma, yenidənqurma tədbirlərinin həyata keçirilməsi nəticəsində abidə böyük bir kompleksə çevrilməyə başlamışdır.[4]
Kitabələri
[redaktə | mənbəni redaktə et]Türbənin əsas kitabəsində Gəncə imamzadəsinin inşa olunma tarixi, burada dəfn edilmiş peyğəmbər nəslinin nümayəndəsi, beşinci şiə imamı Məhəmməd Bağırın oğlu mövlana İbrahim haqqında faktlar öz əksini tapmışdır.[5][6] İmamzadə kompleksinin giriş hissəsində yerləşən digər epiqrafik kitabədə qəbir gübəzinin 1879-cu ildə görkəmli hərbi xadim, Tiflisdən olan general-mayor İsrafil bəy Yadigarzadə tərəfindən özünün şəxsi təşəbbüsü və maddi vəsaiti hesabına bərpa etdirilməsi haqqında məlumat verilir.[7]
Vəqf kimi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Türbə orta əsrlərdən etibarən, xüsusilə Səfəvilərin Şimali Azərbaycanda Şiəliyi yaymasından sonra mühüm ziyarətgaha çevrilərək, geniş vəqf torpaqları əldə etmişdir.[8]
"Gəncə-Qarabağ əyalətinin 1593-cü ilə aid icmal dəftəri" adlı sənəddə bəhs edilən ərazidə dörd vəqfin olduğu öz əksini tapmışdır: Şeyx Nizami Gəncəvi vəqfi, İmamzadə vəqfi, Şeyx Siracəddin vəqfi və Şeyx İzzəddin vəqfi.[9] Bunlardan ikisi – Şeyx Nizami Gəncəvi vəqfi və İmamzadə vəqfi Gəncə ərazisində fəaliyyət göstərmişdir. Şeyx İzzəddin vəqfinin Kürəkçay ətrafındakı torpaqları əhatə etdiyi və Gəncə qəzasının tərkibinə daxil olduğu, Siracəddin ağa və yaxud Şeyx Siracəddin vəqfinin isə Qarabağ ərazisindəki Dizaq, Arazbar və Həkəri nahiyələrinin torpaqlarını ehtiva etdiyi qeyd olunmuşdur.[8]
Gəncə-Qarabağ əyalətinin icmal dəftərində İmamzadə türbəsi vəqfinin illik gəlirinin 5308 axça olduğu qeyd edilmişdir. Bütün bu gəlirin isə müvafiq olaraq "təamiyyə", "təvliyyət", "qurban", "türbədarlıq", "cibayət", "fərraşiyyə" şəklində təmənnasız surətdə insanların, ehtiyacı olanların tələbatlarının ödənilməsinə sərf edildiyi məlumdur.[10]
Orta əsrlər
[redaktə | mənbəni redaktə et]Orta əsrlər dövründə Gəncə imamzadəsinin ərazisində bərpa və yenidənqurma tədbirlərinin həyata keçirildiyi şübhə doğurmur. Çünki XIII–XV əsrlərdə İmamzadədə memarlıq nöqteyi-nəzərdən müasir görkəminə müəyyən qədər yaxın olan türbə və ətrafda olan əsas tikililər inşa edilərkən əvvəlki türbənin memarlıq, sənətkarlıq xüsusiyyətlərinin ayrı-ayrı elementləri nəzərə alınmışdır.[11] Bununla yanaşı, bəhs edilən tarixi mərhələdə, xüsusilə də XV–XVI əsrlərdə şiəlik məzhəbinin nüfuzunun yüksəlməsi sayəsində Gəncə İmamzadəsinin də təmir və bərpasında daha möhtəşəm, böyük qurğuların tikilməsi, dövrün yeni sənətkarlıq, həmçinin önəmli dini cəhətlərinin tətbiq edilməsinə xüsusi əhəmiyyət verilmişdir. Lakin müxtəlif tarixi məxəzlərdə, istər yerli, istərsə də əcnəbi mənbə və ədəbiyyatlarda Gəncə imamzadə türbəsinin konkret şəxslər tərəfindən təmir edilməsinə, yaxud da onların şəxsi maddi vəsaitləri hesabına kompleksin ərazisində hər hansı yenidənqurma, bərpa işlərinin həyata keçirilməsinə dair məlumatlar yoxdur.[11]
Gəncənin qədim abidələrinin, tarixi tikililərinin, dini ocaqlarının bərpa edilməsinə dair əsas məlumatlar XVIII–XIX əsrlərdən etibarən verilməyə başlayır ki, bu da bərpa işlərinin rəsmi səviyyədə, rəhbər dairələrin birbaşa göstərişi nəticəsində yerinə yetirilməsi ilə əlaqədardır. Nümunə olaraq Gəncənin sonuncu xanı Cavad xan Ziyadoğlu Qacar (1786–1804) tərəfindən bir sıra mühüm abidələrin, o cümlədən Gəncə imamzadəsinin təmir və bərpa olunması, ətrafında müəyyən abadlaşdırma, yenidənqurma işlərinin icra etdirilməsi göstərilə bilər.[12] Qeyd olunan bərpa işlərində Gəncə xan sarayının baş memarı, dövrünün görkəmli şəxsiyyəti, Mirzə Şəfi Vazehin atası Kərbəlayi Sadıqın başçılıq etməsi xanın abidəyə nə qədər yüksək dəyər verməsini göstərir.[13][14]
1878–1879-cu illərdə Çar Rusiyası ordusunun ikinci müsəlman atlı polkunun sərkərdəsi, general-mayor İsrafil bəy Yadigarzadənin maddi vəsaiti hesabına Nizami Gəncəvinin məqbərəsi və İmamzadə kompleksində təmir və bərpa işləri həyata keçirilmişdir.[3]
2010–2016-cı illər
[redaktə | mənbəni redaktə et]2010–2016-cı illərdə İmamzadə kompeksində əsaslı yenidənqurma və restavrasiya işləri aparılmış, kompleksə gedən Gəncə-Zazalı yolu yenidən qurulmuşdur. Ümumilikdə İmamzadə türbəsinin bərpasına 31 milyon manat, yolun təmirinə isə 17 milyon manat xərclənmişdir.
Azərbaycan Respublikasının 4-cü Prezidenti İlham Əliyev 1 mart 2010-cu ildə "İmamzadə" kompleksinin milli memarlıq ənənələrimizə uyğun şəkildə təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması məqsədilə Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən "İmamzadə" kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması üçün Gəncə Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılması haqqında sərəncam imzalayıb.[15]
30 dekabr 2011-ci ildə "İmamzadə" kompleksinin bərpası ilə əlaqədar işlərin sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılması haqqında sərəncam imzalanıb.[16] 24 yanvar 2012-ci ildə "İmamzadə" kompleksində isə əsaslı təmir və bərpa işləri davam etdirilməsi də daxil Gəncə şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılması haqqında sərəncam imzalanıb.[17]
İ. Əliyev 5 iyun 2013-cü ildə "İmamzadə" kompleksinin bərpası ilə əlaqədar işləri tamamlamaq məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 4,0 (dörd) milyon manat ayrılması haqqında sərəncam imzalayıb.[18] 16 may 2014-cü ildə Prezident, "İmamzadə" kompleksinin bərpasının tamamlanması ilə əlaqədar abadlıq-quruculuq işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılması haqqında sərəncam imzalayıb.[19]
21 oktyabr 2014-cü ildə "İmamzadə" kompleksinin bərpası da daxil Gəncənin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə Gəncə Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılması haqqında sərəncam imzalanıb.[20] İ. Əliyev 5 noyabr 2014-cü ildə "İmamzadə" kompleksində bərpa işlərinin başa çatdırılması üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılması haqqında sərəncam imzalayıb.[21]
İ. Əliyev 9 aprel 2015-ci ildə "İmamzadə" kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması və yol infrastrukturunun yenidən qurulması, o cümlədən Zazalı-"İmamzadə" kompleksi-Gəncə avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılması haqqında sərəncam imzalayıb.[22]
9 sentyabr 2015-ci ildə Preziden "İmamzadə" kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 4,0 (dörd) milyon manat ayrılması haqqında daha bir sərəncam imzalayıb.[23] 9 fevral 2016-cı ildə Zazalı-İmamzadə kompleksi-Gəncə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinə 12,0 (on iki) milyon mana ayrılması üçün sərəncam imzalanmışdır.[24]
İ. Əliyev burada görülən işlərlə şəxsən bir neçə dəfə: 9 fevral 2011[25], 21 yanvar 2012[26], 18 oktyabr 2014[27] və 17 fevral 2016-cı ildə tanış olub.[28]
Kompleksin ərazisinin 10 min kvadratmetrinə asfalt örtüyü salınıb, səkilərə bəzək daşları döşənib, müasir işıqlandırma sistemi quraşdırılıb, infrastruktur yaradılmışdır. Burada 42 metr hündürlüyündə 2 minarə, namazgah və ziyarət zalı tikilib. Ərazidə 500 avtomobil üçün 2 dayanacaq inşa edilib. İki zaldan ibarət namazgahda nəfis xəttatlıq işləri görülüb və kaşı materialla örtülüb. Layihəni icra edən "Gəncəkörpütikinti-2" Səhmdar Cəmiyyəti ziyarətgahda təmir bərpa və tikinti işlərini apararkən qədim memarlıq üslubunu saxlamağa xüsusi diqqət yetirib. Ziyarətgahın üçmərtəbəli əsas binasının birinci mərtəbəsi dəstəmazgah, ikinci mərtəbəsi inzibati otaqlar, üçüncü mərtəbəsi isə mehmanxana kimi istifadə üçün nəzərdə tutulmuşdur.
Memarlıq xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]İmamzadə əvvəlcə erkən orta əsrlər dövründə məzar, sonra üzərində məzarüstü abidə olan türbənin ucaldılması nəticəsində tədricən böyük bir kompleksə çevrilmişdir. Artıq bu dövrdə şahzadə İbrahimin məzarı üzərində inşa edilmiş dördkünc formaya malik türbənin üstündə iri günbəz ucaldılmışdır. Abidənin ziyarətgah kimi əhəmiyyətinin artması ilə əlaqədar olaraq, onun quruluşunda təkmilləşmələr, yeni sənətkarlıq, memarlıq elementlərinin əlavə edilməsi həyata keçirilirdi.[29]
Kompleksin əsas tərkib hissəsi türbə binası və qəbiristanlıqdan ibarətdir. Bununla yanaşı, əsas türbə günbəzi ilə bərabər ətrafda daha yeddi günbəzin, məscidin, karvansara tipli evlərin, abidəyə giriş darvazası üzərindəki günbəzin (sayca doqquzuncu günbəz), ornamentləri və kitabələri olan başdaşılarının, sərdabə-türbə tipli qəbirüstü abidələrin, hovuz və digər yardımçı tikililərin mövcudluğu Gəncə imamzadəsinin memarlıq quruluşunu formalaşdırır.[30]
İmamzadə türbəsi üzərində üç günbəzli geniş və hündür məscid binası inşa edilmiş, məscid bir növ hər tərəfdən türbəni əhatə edərək, kompleksin daha qədim hissəsini müdafiə etmişdir. Məscidin mərkəzi günbəzi nəbati elementlər və simvolik xarakter kəsb edən tovuzquşu rəsmləri ilə bəzədilmişdir.[3][31] Mərkəzi günbəz özünün quruluşu, ölçüləri baxımından digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir. Onun hündürlüyü 14,7 metrə çatır. Memarlıq üslubu baxımından, hazırlanma materialı cəhətdən də bu günbəz özünün nəfisliyi, sənətkarlıq nöqteyi-nəzərdən zərif işlənmə xüsusiyyətləri ilə seçilir.[32] "Şahzadə İbrahim" günbəzi adlandırılan mərkəzi günbəz dəbilqə (təskulə) formasındadır. Günbəzin diametri 4,4 metrə bərabərdir.[32] Onun inşa edilməsinə dair bir sıra mülahizələr irəli sürülmüşdür. S. Şükürov yazır ki, "mənbələrdə "Şahzadə İbrahim" günbəzinin XIV əsrdə tikildiyinə dair məlumatlar qeyd olunmuşdur."[33] E. Həsənov isə qeyd edir ki, "…onun inşa olunma tarixinin XII əsrin sonu-XIII əsrin əvvəllərinə aid olduğu şübhə doğurmamalıdır"[32]
Türbənin inşasında qırmızı kərpicdən istifadə olunmuş, Arran memarlıq məktəbi üçün səciyyəvi olan cəhətlər tətbiq edilmişdir.[32] Mərkəzi günbəzin sağ və sol tərəfində yerləşən kiçik günbəzli hücrələr isə daha sonrakı dövrdə — ehtimal ki, XIII–XIV əsrlərdə abidəyə əlavə edilmişdir. Həmin hücrələrin hər birincə ağ və mavi şirli kaşı ilə işlənmiş nəfis mehrablar vardır.
İmamzadə türbəsinin xarici görünüş baxımından ən çox nəzəri cəlb edən əlvan mavi, yaşıl rəngli kaşılarla bəzədilmiş yaraşıqlı günbəzi və onun silindrik gövdəsidir. Fasadların bəzədilməsində, əsasən mavi rəngə malik olan kaşılar işlədilmişdir. Bunlar da ümumi bir fon təşkil edir. Burada mövcud olan paxlava və başqa fiqurlu bəzəklər tünd bənövşəyi rəngdədir. Eyni zamanda, tək-tək yaşılvari rəngi ilə seçilən kaşılara da rast gəlinir.[34] Həmin bəzək elementləri abidəyə XIV–XVII əsrlərdə əlavə edilmiş və ya daha əvvəl olmuş kaşıları əvəzləmişdir.[35]
Cənub-şərq fasadının birinci mərtəbəsini üç tağ təşkil edir. İki kənar tağ çatma olub, yarım kərpic dərinliyində taxçalardan ibarətdir.[36] İkinci mərtəbəyə gəldikdə isə, o da üç çatma tağlıdır. Xarici görünüşü baxımından eyvana bənzəyir.[37] Bundan əlavə, fasadın cənub tərəfinin aşağı mərtəbəsində çatmatağlı qapı vardır. Bu qapı vasitəsilə pillələrlə ikinci mərtəbəyə çıxmaq mümkündür. Qapının üst hissəsində yarımkərpic dərinlikdə çatmatağlı taxça düzəldilmişdir. Fasadın qərb tərəfinin yalnız yuxarı hissəsi görünür.[38]
İmamzadə nekropolu
[redaktə | mənbəni redaktə et]Gəncə İmamzadə türbəsinin ətrafında, o cümlədən kompleksin ərazisində külli miqdarda məzarlardan ibarət olan qəbiristanlıq Gəncə tarixinin, yerli əhalinin dini, milli-mənəvi dəyərlərinin qoruyucusu kimi xüsusi əhəmiyyətə malikdir. İmamzadə türbəsinin yaxınlığında, kompleksin giriş hissəsində, əsasən tanınmış şəcərələrin, əsilzadə nəsillərin sərdabələri, görkəmli insanların məzarları vardır. İmamzadənin ətraf hissəsində tədricən böyük, geniş bir ərazini əhatə etmiş qəbiristanlıqda isə ayrı-ayrı tarixi dönəmlərdə tanınmış, sayılıb-seçilmiş şəxslərlə yanaşı, sıravi insanlar, adi vətəndaşlar da dəfn edilmişlər və müasir dövrümüzdə belə bu proses davam etməkdədir.[7] Nizami Gəncəvi şəcərəsinin davamçıları olan Şeyxzamanovlar nəslinin nümayəndələrinin, axund Mövlana Hüseyn Pişnamazzadə, tanınmış nəqqaş-xəttatlar Şeyx Zaman və Mirzə Mehdi, general-mayor İsrafil bəy Yadigarzadə, 30 il ərzində Gəncənin Şah Abbas məscidinin axundu olmuş Mir Abbas ağa kimi şəxsiyyətlərin burada dəfn olunması İmamzadə kompleksinin Gəncə, bütövlükdə isə Azərbaycan üçün çox böyük əhəmiyyətə malik dəyərli bir ocaq, müqəddəs tarixi məkan olduğuna dəlalət edir. Bundan əlavə, dövrün görkəmli xəttat-nəqqaşları, həkkakları olan Mirzə Mehdi, həmçinin Şeyx Zamanın dəyəri çox yüksək olan epitafiya sənəti nümunələri də vacib tarixi mənbə kimi təsnif edilə bilər.[39][40]
Gəncə imamzadə kompleksində şəhərin nüfuzlu, tanınmış nəsillərinin sərdabələri və qəbirləri saxlanılır. Sərdabə tipli qəbir abidələri çox qədim və zəngin etno-mental dəyərlərin, dini dünyagörüşü, dəfn ənənələrinin mövcudluğunu göstərir.[41] Belə məzarlar məhz Gəncə ilə bağlıdır və bu ənənə müasir dövrümüzə qədər qorunub saxlanılmaqla bərabər, indi də ayrı-ayrı nəsillər tərəfindən ucaldılır.[42][43]
Dəfnlər
[redaktə | mənbəni redaktə et]- Şeyx Zaman
- Mirzə Mehdi Naci (1805–1882)
- Şeyx İbrahim Qüdsi (1816–1869)
- İlyas bəy Ağalarov (1860–1913)
- Şeyxülislam Məhəmməd Pişnamazzadə (1853–1938)
Tədqiqi
[redaktə | mənbəni redaktə et]Gəncə imamzadəsinin tədqiqinə dair ilk işlər L.S.Bretanitski tərəfindən aparılmış və müəllifin 1952-ci ildə nəşr edilmiş "Azərbaycan memarlığı" adlı irihəcmli kitabda Gəncənin qədim abidəsinə dair müəyyən məlumatlar öz əksini tapmışdır. Lakin, tədqiqatçı səhvə yol verərək (abidənin kitabələrini oxumadan) Gəncə imamzadəsini XVIII əsr abidəsi hesab edir.[44] Abidəni tədqiq edənlər arasında ilk dəfə tədqiqatçı-memar Niyazi Rzayev "Köhnə Gəncədə İmamzadə türbəsi" adlı məqaləsində abidənin yalnız memarlıq-bədii xüsusiyyətləri deyil, həm də tarixi ilə bağlı ətraflı məlumat verir. N. Rzayev Gəncə imamzadəsinin elmi nöqteyi-nəzərdən araşdırılması işlərinə 1947-ci ildə başlamışdır. On illik tədqiqat işlərindən sonra 1957-ci ildə isə onun məqaləsi Azərbaycan Tarixi Muzeyinin əsərləri məcmuəsinin ikinci cildində dərc olunmuşdur.[45]
Gəncə imamzadəsinin tarixi, memarlıq xüsusiyyətləri kimi bir sıra mühüm cəhətlərinin əks etdirildiyi mühüm elmi mənbələrdən biri də 1963-cü ildə rus dilində çap olunmuş "Azərbaycan memarlığı tarixi" adlı irihəcmli monoqrafiyadır. Görkəmli alimlər M.Hüseynov, L.Bretanitski, Ə.Salamzadənin müəllifliyi ilə dərc olunmuş bu kitabda Gəncə İmamzadəsinə dair məlumatlar daha çox ümumi xarakter daşıyır.[46] Ə. Salamzadənin 1964-cü ildə Bakıda nəşr olunmuş "Azərbaycan memarlığı (XVI–XIX əsrlər)" əsrlər adlı monoqrafiyasında abidənin memarlıq xüsusiyyətləri hərtərəfli və dəqiq tədqiqat obyektinə çevrilmişdir. Qədim Gəncə ərazisində uzun illər arxeoloji tədqiqiat işləri aparmış və əldə etdiyi nəticələri "Qədim Gəncənin tarixi-arxeoloji oçerki" adı ilə 1949-cu ildə Bakıda nəşr etdirmiş arxeoloq İshaq Cəfərzadənin tədqiqatları həm Gəncə şəhərinin tarixinin, həm də İmamzadə türbəsinin öyrənilməsi üçün mühüm mənbələrdən biridir.[47]
Gəncə imamzadəsinin tarixinin ətraflı surətdə tədqiq olunması baxımından Məşədixanım Nemətin müəllifi olduğu silsilə elmi əsərlər Mühüm əhəmiyyətə malikdir. Onun müəllifi olduğu "Azərbaycanda pirlər (sosial-ideoloji və iqtisadi-siyasi mərkəzlər)" (Bakı, 1992) və "Gəncənin epiqrafik abidələri" (Bakı, 1991) əsərlərində İmamzadə türbəsinin tarixi, İmamzadənin mühüm ziyarətgah və tarixi-epiqrafik abidə kimi bir sıra vacib cəhətləri işıqlandırılaraq geniş oxucu kütləsi üçün təqdim olunmuşdur.
Əhəmiyyəti
[redaktə | mənbəni redaktə et]Gəncənin şəhər sivilizasiya mərkəzi kimi yaşının müəyyən edilməsində İmamzadə türbəsi, onun epiqrafik xüsusiyyət və göstəriciləri çox mühüm əhəmiyyətə malikdir.[48] Belə ki, 739-cu ildə Şiə İslamında beşinci imam hesab edilən İmam Məhəmməd Bağırın oğlu şahzadə İbrahimin vəfatından sonra qəbri üzərində ucaldılmış[49] bu ziyarətgah bir tərəfdən Gəncənin hələ erkən orta əsrlər dövründə qədim tarixə, zəngin dövlətçilik ənənələrinə malik bir mərkəz olmasını, digər tərəfdən isə yerli əhalinin yüksək mədəni dəyərlərə, əsrlərə istinad edən sənətkarlıq ənənələrinə sahib olduğunu sübut edir.[50] Həmçinin, Gəncə İmamzadəsi yüksək bədii sənətkarlıq, memarlıq xüsusiyyətlərinə malik bir abidə kimi bu şəhərin hələ çox qədim dövrlərdən etibarən mühüm mədəniyyət mərkəzi kimi inkişaf etdiyinə, yerli memarlıq məktəbi ənənələrinin formalaşdığına dəlalət edir. Çünki böyük bir tarixi dövr ərzində yüksək sosial, iqtisadi, siyasi və mədəni tərəqqisi ilə seçilmiş Gəncədə məhz belə mükəmməl sənət nümunələrinin yaradılması təsadüfi xarakter daşımamışdır.[51]
Gəncə imamzadəsinin unikallığını şərtləndirən mühüm göstəriciləri sırasında ən önəmli keyfiyyətlərindən biri də onun yalnız türbə, imamzadə kimi mövcudluğunu məhdudlaşdırmamasıdır. Gəncə İmamzadə abidəsi bütöv bir dini və tarixi memarlıq kompleksidir. Bu dəyərli məkan imamzadələr üçün səciyyəvi olan cəhətlərə malik olmaqla yanaşı, tarixən türbə kimi inşa edilmiş, ətrafında digər türbələr də müxtəlif dövrlərdə ucaldılmışdır. Bununla yanaşı, Gəncə imamzadəsinin dini əhəmiyyətinin, tarixi mövqeyinin təsiri, əhali arasında əsrlər boyu mövcud olmuş nüfuzunun getdikcə daha da yüksəlməsi onun inam-inanc mənziləsi olaraq, mənəvi ocaq, milli dəyərlərin mühafizəçisi kimi rolunun yüksəlməsinə gətirib çıxarmış, kompleksin ərazi baxımından genişlənməsinə səbəb olmuşdur. Türbənin ətrafında ucaldılmış yeni tikililər də zaman baxımından əvvəlki kompleksin mütərəqqi, sənətkarlıq nöqteyi-nəzərdən nəfis və keyfiyyətli cəhətlərini özündə qoruyub saxlamış, ümumi memarlıq ansamblına xələl gətirməmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Достиев, Т. Некоторые данные о благоустройстве средневекового города Азербайджана (Труды Конференции Молодых Ученых Академии Наук). 1988.
- ↑ Həsənov, 2012. səh. 64
- ↑ 1 2 3 Nemət, M. Azərbaycanda pirlər. Bakı. 1992. ISBN 93-95.
- ↑ 1 2 Həsənov, 2012. səh. 65
- ↑ Əhmədov, F. XIX-XX əsrlərin hüdudlarında Gəncənin yaşayış məhəllələri və ticarət obyektləri (Azərbaycanın qərb regionunun problemlərinə həsr olunmuş elmi- tədqiqat işlərinin yekunları – elmitəcrübi konfransının materialları.). Bakı. 1989.
- ↑ Якобсон, А. Художественная керамика Байлакана (Орен-кала) (Материалы и исследования по археологии). 1959.
- ↑ 1 2 Həsənov, 2012. səh. 53
- ↑ 1 2 Həsənov, 2012. səh. 41
- ↑ Həsənov, 2012. səh. 40
- ↑ Həsənov, 2012. səh. 42
- ↑ 1 2 Həsənov, 2012. səh. 44
- ↑ Həsənov, 2012. səh. 45
- ↑ Nemət, M. Azərbaycanda pirlər. Bakı. 1992. 92–94.
- ↑ Şükürov, S. Gəncənin tarixi abidələrindən. Gəncə. 1998. 47–50.
- ↑ Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə" kompleksinin bərpası ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı
- ↑ "Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə" kompleksinin bərpası ilə əlaqədar işlərin sürətləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-09.
- ↑ "Gəncə şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-09.
- ↑ "Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə" kompleksinin bərpasının tamamlanması ilə əlaqədar əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-09.
- ↑ "Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə" kompleksində abadlıq-quruculuq işlərinin aparılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-25.
- ↑ "Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-09.
- ↑ "Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə" kompleksində bərpa işlərinin aparılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-09.
- ↑ "Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə" kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması və yol infrastrukturunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-09.
- ↑ "Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə" kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-09.
- ↑ "Gəncə şəhərinin Zazalı-"İmamzadə" kompleksi-Gəncə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-09.
- ↑ "İlham Əliyev Gəncədə "İmamzadə" dini kompleksində tikinti-bərpa işlərinin gedişi ilə tanış olmuşdur". 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-25.
- ↑ "İlham Əliyev Gəncədəki "İmamzadə" kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olmuşdur". 2020-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-09.
- ↑ "İlham Əliyev Gəncə şəhərindəki "İmamzadə" kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olub". 2022-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-25.
- ↑ "İlham Əliyev Gəncədə "İmamzadə" dini kompleksində yaradılan şəraitlə tanış olub". 2017-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-18.
- ↑ Həsənov, 2012. səh. 82
- ↑ Həsənov, 2012. səh. 147
- ↑ Şükürov, S. Gəncənin tarixi abidələrindən. Gəncə. 1998. 48–49.
- ↑ 1 2 3 4 Həsənov, 2012. səh. 84
- ↑ Şükürov, S. Gəncənin tarixi abidələrindən. Gəncə. 1998. 50.
- ↑ Hüseynov, Ə. Orta əsr tariximizə dair materiallar (Azərbaycan tarixinə aid materiallar. X cild). Bakı. 1988. 134.
- ↑ Həsənov, 2012. səh. 92
- ↑ Dyson, R.H. Early cultures in Azerbaijan, İran. New York. 1960. 257.
- ↑ Саламзаде А, Авалов З., Салаев Р. Проблемы сохранения и реконструкции исторических городов Азербайджана. Баку. 1979. 24–26.
- ↑ Dyson, R.H. Early cultures in Azerbaijan, İran. New York. 1960. 259.
- ↑ Нейматова, М. Эпиграфические памятники Гянджи. Баку. 1991.
- ↑ Нейматова, М. Корпус эпиграфических памятников Азербайджана (Том II). Баку. 1991.
- ↑ Əhmədov, F. XIX-XX əsrlərin hüdudlarında Gəncənin yaşayış məhəllələri və ticarət obyektləri (Azərbaycanın qərb regionunun problemlərinə həsr olunmuş elmi- tədqiqat işlərinin yekunları – elmitəcrübi konfransının materialları). Bakı. 1989.
- ↑ Həsənov, 2012. səh. 55
- ↑ Zakirqızı, Zakirə. ""Burada ölülər dəfn edilmir" – Gəncə sərdabələrindən fotoreportaj". yenicag.az. 2017-08-31. İstifadə tarixi: 2024-09-19.
- ↑ Həsənov, 2012. səh. 20
- ↑ Rzayev, N. Köhnə Gəncədə “İmamzadə türbəsi” (Azərbaycan Tarixi Muzeyinin əsərləri, II cild). Bakı. 1957.
- ↑ История архитектуры Aзербайджана. Москва. 1963.
- ↑ Джафарзаде, И. Истоико-археологический очерк старой Гянджи (Родина Низами). Баку. 1949.
- ↑ Həsənov, 2012. səh. 16
- ↑ Əhmədov, F. Gəncənin tarix yaddaşı. Gəncə. 2007. 25–31.
- ↑ Həsənov, E. Gəncə İmamzadəsi dəyərli tarixi abidədir (Gəncə Dövlət Universitetinin Elmi-tədqiqat və yaradıcılıq işlərinin toplusu). Gəncə: Gəncə Dövlət Universiteti. 2010.
- ↑ Həsənov, E. "Gəncə İmamzadə türbəsində dulusçuluq elementləri". AMEA Gəncə Regional Elmi Mərkəz, «Xəbərlər» məcmuəsi. №42. 2010.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Həsənov, E. Gəncə İmamzadə türbəsi (tarixi-etnoqrafik tədqiqat). Bakı: Elm nəşriyyatı. 2012. ISBN 5-8066-1638-4.
- Rzayev, N. Köhnə Gəncədə “İmamzadə türbəsi” (Azərbaycan Tarixi Muzeyinin əsərləri, II cild). Bakı. 1957.
- Джафарзаде, И. Истоико-археологический очерк старой Гянджи (Родина Низами). Баку. 1949.
- Həsənov, E. "Gəncə İmamzadə türbəsində dulusçuluq elementləri". AMEA Gəncə Regional Elmi Mərkəz, «Xəbərlər» məcmuəsi. №42. 2010.
- Нейматова, М. Эпиграфические памятники Гянджи. Баку. 1991.
- Нейматова, М. Корпус эпиграфических памятников Азербайджана (Том II). Баку. 1991.
- Şükürov, S. Gəncənin tarixi abidələrindən. Gəncə. 1998.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Gəncə portalı Memarlıq portalı İslam portalı Azərbaycan portalı Tarix portalı |