39°25′49″ şm. e. 45°11′32″ ş. u.HGYO

Qarabağlar türbəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qarabağlar türbəsi
Xəritə
39°25′49″ şm. e. 45°11′32″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Şərur
Yerləşir Qarabağlar
Tikilmə tarixi XII-XIV əsrlər
Üslubu Naxçıvan-Marağa memarlıq məktəbi
UNESCO Ehtiyat Siyahısı
Rəsmi adı: The mausoleum of Nakhichevan
TipiMədəni
Kriteriyai,iv
Təyin edilib2001
İstinad nöm.1173
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.17
KateqoriyaTürbə
ƏhəmiyyətiDünya əhəmiyyətli
Qarabağlar türbəsi (Azərbaycan)
Qarabağlar türbəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qarabağlar türbəsiAzərbaycan orta əsr memarlığının ən qiymətli yadigarlarından biri Naxçıvan ərazisində, Qarabağlar kəndində yerləşən türbə.[1]

Qarabağlar abidələri bir kompleks şəklində olub, buraya türbə, qoşa minarə və bu iki abidənin arasında yerləşən dini binanın qalıqları daxildir. Bu kompleksə daxil olan qoşa minarələrin XII əsrin axırlarında və ya XIII əsrin əvvəllərində tikilməsi güman edilir. Bu iki minarəni bir-birinə bağlayan portal quruluşu isə XIV əsrə aid quruluşdur. Bu kiçik portalın üzərində Qoday xatunun adı oxunur. Qoday xatun (və ya Qutuy Xatun) ola bilsin ki, Abaqa xanın (1265–1282) arvadı olmuş Qutuy xatundur. Ona görə belə mülahizə yürütmək olar ki, hələ XII–XIII əsrlərdə tikilmiş yeni binalar kompleksinin daxilində Qoday xatunun şərəfinə bu xatirə abidəsini yaratmağı qarşısına məqsəd qoymuş memar, o zaman bu portalı tikmişdir. Belə olduqda Qarabağlar türbəsinin Qoday xatunun xatirəsinə həsr edilməsi imkan daxilindədir.

Zəngəzur sıra dağlarının ətəyində, Qarabağlar kəndi yaxınlığında yerləşən ansamblın salamat qalmış tikililəri — baştağla birləşmiş minarələr və türbə — özünün mənzərəli görünüşü ilə silinməz təəssüratlar yaradır. Üslub və tikinti texnikası xüsusiyyətləri türbəni Əbu Səid Bahadur xanın hakimiyyət illərinə (1319–1335-ci illər), minarələri isə XII əsrə aid etməyə imkan verir.

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Qülləvari türbələrin əsas xüsusiyyətlərini Qarabağlar türbəsində də görmək olar. Türbə aşağı sərdabə və yuxarı yerüstü hissəyə bölünür. Sərdabənin planı Bərdə türbəsininki ilə eynidir. Qarabağlar türbəsinin yerüstü hissəsi öz kompozisiya quruluşu etibarilə çox maraqlıdır. Daş kürsülük üzərində türbənin gövdəsi 12 yarımsilindrin bir dəstə halında birləşməsindən əmələ gəlir. Türbənin gövdəsinin belə bir kompozisiya şəklində həll edilməsi onu başqa Azərbaycan türbələrindən fərqləndirir. Bərdə türbəsində olduğu kimi burada da gövdənin yuxarı hissəsində nəsx xətti ilə işlənmiş kitabə qurşağı yerləşir. Kitabə qurşağının yerləşmə xüsusiyyəti elədir ki, o bir növ 12 silindri bağlayan qurğu kimi gözə çarpır. Qarabağlar türbəsinin bu kitabəsi ağ hərflərlə yazılmış, yerliyi isə göy kaşıdan tərtib edilmişdir. Ümumiyyətlə, belə yazı qurşaqlarının kontrast rənglərlə: ağ-qara, ağ-göylə işlənməsi bu kitabələrin uzaqdan da rahat oxunmasını təmin edir.

Poçt markası (2008).

Ansambla dairəvi planlı türbə hakim mövqe tutur. Onun korpusu iri daş plitələrlə üzlənmiş kürsünün üstündə ucalır. Planın abrisi on iki qapadılmış yarımsilindrlərlə mürəkkəbləşdirilmişdir. Korpusun səthi birrəngli xalça naxışlı üzlüklə örtülmüşdür. Nesxlə işlənilmiş kitabənin ağ-süd rəngli şiri və bitki ornamentinin firuzəyi rəngi frizin dərin tünd göy rəngli sahəsində aydın nəzərə çarpır.

Qarabağlar türbəsinin fasad bəzəyi təkrarlanan "Allah" sözlərindən yığılmışdır

Cənub və Qərb baştağlarda üslublaşdırılmış bitki, şərqdəkində isə həndəsi ornamentlər üstünlük təşkil edir. Sütun gövdələri və onların kubvari kapitelləri yığma mozaikaya ilə bəzədilmişdir. Şimal baştağ divarın qalınlığa daxil edilmiş batıqlıq ilə seçilir. Divarlar iki sıra təmiz yonulmuş daş plitələrlə örtülmüşdür. Kamera kürsülünüt ensiz yarıqlarından işıqlanır. Sərdabənin girişi şimal baştağın oxları üzərində qurulmuşdur. Üst kamera uzadılmış proporsiyaya malik düzgün onikivəchli həcmi xatırladır. Divarlarda dərin yerləşdirilmiş düzbucaq şəkilli taxçalar bir qədər ensiz oxvari taxçaları dövrəyə almışdır.

Ansamblın saxlanmış digər tikilisi, baştağ vasitəsilə birləşdirilmiş, iki minarədir. Onların təməlləri uzadılmış düzbucaqlı prizmaları xatırladır. Təməllərin fasadları naxışlı bölgü ilə işlənilmişdir. Səkkizvəchli alçaq həcm, minarələrin silindrik kövdələrinə keçidi təmin edir. Hörgünün şaquli çalaqlarına firuzəyi rənglə şirlənmiş ensiz kərpiclər yerləşdirilmişdir. Minarələr arasında görünən hörgü qalıqlarına əsasən demək olar ki, indiki baştağın yerində əvvəllər daha böyük baştağ olmuşdur. Baştağın səliqəsiz çay daşından olan hörgüsü minarələrin kərpic hörgüsü ilə əlaqələndirilməmişdir. Onun fasad və yan divarlarında nesxlə işlənilmiş kitabənin qalıqları saxlanılmışdır. Orada binanın tikilməsi barədə sərəncam və ad "… cahan Qudi xatun" həkk olunmuşdur.

Türbəninin bədii görünüşünü müəyyən edən "büzmələnmiş" səthini də qeyd etmək lazım gəlir. Düz, yaxud əyrişəkilli plana malik olan bu tikili fasadının zənginləşdirilməsi üsulu həm dövrün, həm də ərazinin ən geniş yayılmış üsullarından biri idi.

Bu üsuldan adı çəkilən türbənin tikintisində istifadəsi Azərbaycanın Yaxın və Orta Şərqin digər vilayətləri ilə çox sıx əlaqələrini göstərir. Təbrizli Bədrəddin 1273–1274-cü illərdə Konyada Cəlaləddin Rumi türbəsini tikdirmişdir. Digər bir Təbrizli memar Əhmədşah Bağdadda 1356–1357-ci illərdə tikdiyi Mərcaniyə məscidinin günbəzin boynunun (baraban) işlənilməsində bu üsuldan müvəffəqiyyətlə istifadə etmişdir. Bu üsula sonralar 1535–1536-cı illərdə Ərdəbildə inşa olunan Osman Xan Sultan sarayının günbəzaltı boyunda rast gəlinir.

  1. "Azərbaycan Respublikası Xarici İşlər nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsi". 2012-01-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]