İctimai sfera
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İctimai sfera — müasir cəmiyyət nəzəriyyələrində cəmiyyətin ortaq faydasını təyin etmək və reallaşdırmaq yönündə fikir, ifadə və hərəkətlərin ortaya qoyulduğu və inkişaf etdirildiyi ortaq ictimai fəaliyyət sahəsi kimi izah edilir[1].
Ümumi izahı
[redaktə | mənbəni redaktə et]İctimai sferalar mədəniyyətdən, dildən və ictimai statusdan asılı olmadan, hər kəsə təqdim edilən və ya açıq sferalardır. 1950–1960-cı illərdə "ortaq sahələr" və ya "vətəndaşlara aid sahələr" şəklində xarakterizə edilmiş, 1970-ci illərdə "ictimai sfera" anlayışına çevrilmişdir. Beləliklə ictimai sferanı, şəxsi yaşayış yerləri xaric, əhalinin qarşılaşdığı məkan, iqtisadi aspektdən ortaq şəkildə iqtisadiyyatın mərkəzi elementi, sosial aspektdən ortaq bir dünyanın vasitəçisi, demokratiyanın qanunlaşdırıldığı sfera kimi təyin etmək mümkündür.
Konsepsiyanın yaranma tarixi
[redaktə | mənbəni redaktə et]Müasir vətəndaş cəmiyyətinin inkişafını izah edən mövcud nəzəriyyə görkəmli alman filosofu, sosioloqu və politoloqu Jurgen Habermasın "İctimai sfera" konsepsiyasıdır. Onun "İctimai sferanın struktur çevrilişi" kitabında (1962) bəhs edilən "ictimai sfera", sadələşdirilmiş mənasıyla "ictimai həyatımız içində, ictimaiyyətə bənzər bir şeyin formalaşdığı bir sfera" kimi izah edilir.
Çap mətbuatının meydana gəlməsi və inkişafı ilə ictimai sfera qədim yunan variantı Aqoradan fərqli olaraq, sosial problemləri yeni səviyyədə müzakirə edən fiziki şəxslərin "virtual" icması kimi ortaya çıxır. Məhz bu sosial mühit, mövcud hökuməti özünəməxsus tənqid ilə yaranmaqda olan müxalifətin potensial bazasına çevrilmiş, müasir tipli Qərb demokratiyasının formalaşmasında əsas amil olmuşdur.
Antik Yunan dövründən bu günədək ictimai sferada hər zaman istisnalar olmuşdur. Antik Yunanıstanda ictimai sfera vətəndaşlıq üçün lazım olan praktik fəaliyyəti ehtiva etdiyi halda, xüsusi sahə fərdin yalnız özünü maraqlandıran, ailə həyatına aid təcrübəsini bildirirdi. Aristotel üç əsas birlik formasından bəhs edir: törəmə və yaşamaq üçün ehtiyacların ödənilməsi ilə qurulmuş iqtisadi bir vahid olan ailə; birdən çox ailənin bir araya gəlməsindən ibarət olan kənd və ən yüksəyi yaxşını hədəfləyən və insan təbiətinin özünü tamamilə reallaşdıran siyasi bir birlik olan şəhər[2]
İctimai sfera və müasir dövr
[redaktə | mənbəni redaktə et]İctimai sfera individuallaşma (fərdiləşmə) və sekulyarlaşma (dünyəviləşmə) proseslərinin məhsulu olan müasir bir anlayışdır. Bu sfera müxtəlif növ sosial qrupların qarışığı, qeyri-bərabər iştirakçılar arasında polemika, mübahisə, mühakimə və təcrübə məkanıdır, ictimai prosesdir. Televiziya və radionun bir çox diskussiya, debat proqramları, intellektual, əyləncə verlişləri ictimai sfera yaratsa da, bu sosial məkan məhdud auditoriya, iştirakçının seçilməsi, davamsızlıq ilə xarakterizə olunur. Amma yeni medianın yaratdığı yeni təcrübə forması bütün fərdlərə bərabər olaraq azad şəkildə iştirak etmək, məkan və zaman məhdudiyyəti olmadan öz bilik və təcrübələrini bölüşmək imkanı verir. Bu mediada reallıq və fantaziya arasındakı sərhəd, demək olar ki, tamamilə silinir, istənilən cografi məkana qısa vaxt ərzində səfər etmək, hərəkətlilik, böyük bir kitabxana içində gəzişməyə bənzəyən səyahət, bu gündən keçmişə keçid, gələcəyin təxəyyül edilməsi kimi unikal xüsusiyyətlər yeni ictimai sferanı müəyyən edir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "YENİ MEDİA İCTİMAİ SFERANIN YENİ MODELİNİ YARADAN FAKTOR KİMİ" (PDF). 2017-05-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-15.
- ↑ Keskin F. Kamusal Alan ve Yalın Yaşam, Ankara: Doğu Batı Yayınları, 1998, 106 s.