Şarl Laveran

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şarl Laveran
fr. Alphonse Laveran
Doğum tarixi 18 iyun 1845(1845-06-18)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 18 may 1922(1922-05-18)[3][1][…] (77 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Monparnas qəbiristanlığı[d]
Elm sahələri malyariya, tibb
Təhsili
  • Böyük Lüdovik Liseyi[d],
  • Strasburq universitetinin tibb fakültəsi[d]
Üzvlüyü
Mükafatları "Fəxri Legion" ordeni komandoru fiziologiya və tibb üzrə Nobel mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şarl Laveran (tam adı: Şarl Lui Alfons Laveran, fr. Charles Louis Alphonse Laveran; 18 iyun 1845[1][2][…], Paris[3]18 may 1922[3][1][…], Paris[3]) — Fransa alimi, həkimi, protistoloqu, epidemioloqu və Fransa ekzotik patologiya cəmiyyətinin banisi.

Görkəmli fransız alimi, həkim, protistoloq, epidemioloq və fransız ekzotik patologiya cəmiyyətinin banisi Şarl Lui Alfons Laveran Parisdə hərbçi və həkim ailəsində anadan olmuşdur. Onun atası hərbi həkim müfəttişi vəzifəsində işləmişdir. Atasının yolunu davam etdirən Laveran Strasburqda İmperator hərbi-tibb məktəbinə daxil olmuş, 1867-ci ildə həkim diplomu almışdır.

Gənc Laveran Fransa-Prussiya müharibəsində hərbi həkim kimi xidmət etmişdir. O, 1875-ci ildə yazdığı bir elmi əsərində malyariya xəstəliyini araşdırmışdır. Bu xəstəlik həmin illər Fransada geniş yayılmasa da, Əlcəzairdə qulluq edən fransız əsgərləri üçün təhlükə mənbəyi idi. Buna görə onu malyariya xəstəliyinin yaranmasının səbəblərini araşdırmaq üçün Əlcəzairə göndərmişdilər. Beləliklə, Laveran apardığı tədqiqatlar nəticəsində bu gün tibb elmində plazmodilər (birhüceyrəli heyvanlar — qan parazitləri) kimi tanınan malyariya mikrobunun kəşfinə nail olmuşdur. Bununla tibb tarixində ilk dəfə malyariya xəstəliyinə səbəbin bakteriyalar deyil, ibtidailər — birhüceyrəli heyvanlar olduğunu sübuta yetirmişdir.

Lakin onun kəşfinə dörd il ya etinasız yanaşılmış, ya da inkar edilmişdir. Çünki elm adamlarının əksəriyyəti Laveranın ibtidailərin qanda mövcud ola bilməsi nəzəriyyəsi ilə razılaşmırdılar.

1884-cü ildən Val-de-Qras hərbi-tibb məktəbində hərbi-tibb üzrə professor vəzifəsində çalışdığı 10 il ərzində onun plazmodilər nəzəriyyəsi, eləcə də malyariya və ibtidailər üzərində apardığı işlər o qədər geniş tanınmağa başlanmışdı ki, Fransa Elmlər Akademiyası Laveranı çox nüfuzlu Breana mükafatı ilə təltif etmək qərarına gəlmişdi. Lakin Fransa hərbi həkimlərinin onun nəzəriyyəsinin həqiqiliyinə inanmamaları alimin elmi fəaliyyətinin imkanlarını məhdudlaşdırırdı. Val-de-Qrasda xidmət vaxtı bitdikdən sonra elmi təcrübə aparmaq üçün laboratoriya ala bilməməsi səbəbindən 1896-cı ildə ordudan tərxis olunaraq Paster İnstitutuna daxil olmuşdur. O bu institutda ibtidailərin əmələ gətirdiyi digər xəstəlikləri də tədqiq etmək imkanı və vaxtı qazanmışdı.

Həmin dövrdə onun əsərlərinin əsas hissəsi tripanosomlara (se-se milçəyi ilə yayılaraq insan orqanizmində "Şərq yarası" adlanan yuxu xəstəliyinin törədicisidir) — ibtidailərə həsr olunmuşdur. Tripanosomların törətdiyi xəstəliklər əsasən tropik qurşaqda müşahidə olunsa da, Paster İnstitutundakı şərait Laverana heyvanların süni şəkildə yoluxmasını təşkil edərək onlar üzərində tədqiqat aparmağa imkan verirdi.

Malyariya xəstəliyini araşdıranların sayı artdıqca, xəstələrin qanında bu cür ibtidai parazitlərin mövcud olmasını inkar edən hərbi və mülki həkimlərin sayı azalırdı. Nəhayət, 1885-ci ildə Laveranın kəşfi hamı tərəfindən qəbul olundu.

1907-ci ildə o, "Birhüceyrəli heyvanlar və ya ibtidailərin xəstəliklərdə rolu üzərində tədqiqatlarına görə" fiziologiya və tibb üzrə Nobel mükafatını almışdır. Lakin İsveç kralı II Oskarın ölümü ilə əlaqədar mükafatlandırma mərasimi keçirilməmişdir. Bu mərasim üçün hazırladığı nitqdə Laveran özünün elmi işləri və ideyalarının təsdiqinə qədər keçdiyi mübarizə yolunu qısaca belə ifadə etmişdir: "Mən durmadan insan və heyvan orqanizmində ibtidai parazitləri tədqiq etməklə bu sahəyə böyük töfhə vermişəm". Laveran Nobel mükafatından əldə etdiyi vəsait hesabına Paster İnstitutunda tropik tibb laboratoriyası açmışdır. Görkəmli alim öz işinə o qədər bağlı, səbirli insan idi ki, ağır xəstə olduğu vaxtlarda belə tədqiqatlardan kənarda qalmaq istəmirdi.

Alfons Laveran Nobel mükafatından başqa, Cenner London Epidemiologiya Cəmiyyətinin medalı (1902) ilə təltif olunmuş, Moskva Beynəlxalq Tibb Konqresinin mükafatına (1906) layiq görülmüşdür. Həmçinin, Fransa Elmlər Akademiyasının və Tibb Elmləri Akademiyasının, London Kral Cəmiyyəti, Böyük Britaniya və İrlandiya Patoloqlar, Edinburq Kral həkimləri, London həkim və cərrahları cəmiyyətlərinin üzvü olmuşdur.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Charles Louis Alphonse Laveran // Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
  3. 1 2 3 4 5 6 Лаверан Шарль Луи Альфонс // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 Léonore verilənlər bazası (fr.). ministère de la Culture.