Əfsun Sucayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əfsun Sucayev
Doğum tarixi 14 noyabr 1979(1979-11-14) (44 yaş)
Doğum yeri
Elm sahəsi kimya
Elmi dərəcəsi
Elmi adı professor
İş yeri Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru
Elmi rəhbərləri akademik Vaqif Fərzəliyev, professor Mirzə Allahverdiyev
Üzvlüyü YAP İdarə Heyətinin üzvü
Mükafatları "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Azərbaycan Respublikasının Dövlət mükafatı — 2024

Əfsun Rəzzaq oğlu Sucayev (14 noyabr 1979, Züvüc, Lerik rayonu) — kimyaçı alim. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinın akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, professor. Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2024).

Sucayev Əfsun Rəzzaq oğlu 1979-cu ildə Lerik rayonunun Züvüç kəndində anadan olmuşdur. Orta təhsilini Züvüç kənd orta məktəbində, sonra Lerik qəsəbə 1 saylı kimya-biologiya təmayüllü liseydə almışdır.

Orta məktəbi bitirdikdən sonra 1997-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutuna qəbul olmuşdur. 2001-ci ildə Gəncə Dövlət Universitetinin kimya və biologiya ixtisası üzrə bakalavr, 2003-cü ildə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun əyani aspiranturasına daxil olmuşdur. 2008-ci ildə "Üzvi kimya" ixtisası üzrə "Mono-, di(2-hidroksilpropil)aminlərin və onların tiokarbamid törəmələrinin sintezi və xassələri" mövzusunda dissertasiya işini müdafiə edərək, kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə, 2017-ci ildə isə dosent elmi adına layiq görülmüşdür.

2012-ci ildə Aşqarlar Kimyası İnstitutunun elmlər doktoru hazırlığı üzrə doktoranturasına qəbul olunmuşdur, 2017-ci ildə təhsilini başa vurmuşdur. 2018-ci ildə "Üçkomponentli kondensləşmə reaksiyaları əsasında aminospritlərin tsiklik tiokarbamid törəmələrinin sintezi və çevrilmələri" mövzusunda doktorluq dissertasiya işini müdafiə etmiş və kimya elmlər doktoru elmi dərəcəsinə, 2023-cü ildə professor elmi adına layiq görülmüşdür.

2005-ci ildən Aşqarlar Kimyası İnstitutunun "Aşqarlarin sintezi və təsir mexanizminin nəzəri əsasları" laboratoriyasında kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, laboratoriya müdiri və elmi işlər üzrə direktor müavini vəzifələrində işləmişdir. 2021-ci ildən isə İnstitutun icraçı direktoru vəzifəsində çalışır.

Əfsun Sucayev 2013, 2021-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun, 2014, 2018-ci illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Elm Fondunun keçirdiyi qrant müsabiqələrinin qalibi olan bir sıra layihələrin rəhbəri və icraçısı olmuşdur.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əfsun Sucayevin əsas elmi istiqaməti kükürdüzvi birləşmələr içərisində çox az tədqiq olunan tsiklik tiokarbamidlərin aminospirtlər əsasında yeni sintez üsullarının işlənib hazırlanması, alınmış birləşmələrin karbohidrogenlərin oksidləşməsinə və mikrobioloji zədələnməsinə qarşı antioksidant aşqar kimi tədqiqi, onların təsir mexanizminin, quruluşları ilə funksional xassələri arasında qanunauyğunluqların öyrənilməsinə aiddir. Onun apardığı elmi-tədqiqat işlərinin yeniliyi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş patentlərlə təsdiq edilmişdir. Ən mühüm elmi nailiyyətlərdə multidissiplinar (fənlərarası) tədqiqatların rolunu nəzərə alan Ə. Sucayev bu elmi tədqiqat müəssisəsinin əsas profilinə uyğun apardığı tədqiqatlar nəticəsində həm də müəyyən etmişdir ki, sintez etdiyi antioksidant və biosid aşqarlar neft məhsullarının oksidləşməsinin qarşısını almaq və mikrobioloji zədələnmədən mühafizə etməklə yanaşı, başqa sahələrdə də bioloji (fizioloji) fəallıq göstərirlər.

Ə. Sucayev fizioloji fəal maddələrin yaradılması istiqamətində tədqiqatları genişləndirərək, 2015-ci ildən dünyanın aparıcı elm mərkəzləri — Türkiyənin Orta Doğu Texnik, Hacetepe, İstanbul Texnik, Atatürk, Bartin universitetləri, ABŞ Buffalo Universitetinin Kompüter Araşdırmalar Mərkəzi, İtaliya Milli Tədqiqat Şurasının Biomolekulyar və Biostruktur İnstitutu, Florensiya Universiteti, Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Favorski adına İrkutsk Kimya İnstitutu və Belarus Elmlər Akademiyası Bioaktiv maddələrin biokimyası İnstitutunun tanınmış alimləri ilə birgə 4 beynəlxalq tədqiqat qrupu yaradaraq həyata keçirilən müştərək multidissiplinar tədqiqatlar nəticəsində yeni üzvi maddələrin canlı orqanizmdə antioksidant, hüceyrə və toxuma səviyyəsində patoloji hallara səbəb olan proseslərə qarşı inhibitor təsirlərini öyrənə bilmişdir. Təkcə Türkiyənin Atatürk və Bartin universitetləri ilə son 5–6 ildə "Bəzi qlobal xəstəliklərlə əlaqəli metabolik fermentləri inhibə edən yeni nəsil inhibitorların müqayisəli tədqiqi" mövzusunda ətraflı tədqiqatlar aparılmışdır.

Apardığı müştərək elmi araşdırmaların nəticələrinə görə, Aşqarlar Kimyası İnstitutunda sintez olunan 300 yeni fizioloji fəal maddələrin canlı orqanizmlərdə antioksidant aktivliyi, fərqli enzim və onların izoformaları üzərində inhibitor təsirləri İtaliyanın Florensiya Universiteti və Türkiyənin Atatürk və Bartin Universitetində tədqiq edilmiş və yüksək təsirə malik olmaları müəyyən edilmişdir. Tədqiq olunan maddələr müasir təbabətin ən aktual xəstəlikləri olan: bədxassəli şiş (xərçəng); şəkərli diabet; qlaukoma; Alzheimer (yaddaşitmə, ağıl zəifliyi) qlobal xəstəliklərə səbəb olan pataloji proseslərə potensila dərman maddəsi təsiri göstərirlər. Tədqiq olunan birləşmələrin bəziləri standart dərman kimi tətbiq olunan tokoferol və α-troloks preparatlarına nisbətən 10 dəfə yüksək təsirə malikdir.

Son 5 ildə yerinə yetirilən tədqiqatlar nəticəsində əldə edilən mühüm elmi nəticələr "Web of Science", "Scopus" bazalarında arxivləşən "Springer", "Elsevier", "Taylor & Francis" və "Wiley" nəşriyatlarının impakt faktoru yüksək olan nüfuzlu jurnallarında (Arabian Journal of Chemistry-İF-6.212, Bioorganic Chemistry-İF-5.275, Journal of enzyme inhibition and medicinal chemistry-İF-5.051, Archiv der pharmazie-İF-4.613, Applied Organometallic Chemistry-İF-4.105, Polycyclic Aromatic Compounds-İF- 3.744, Journal of Biochemical and Molecular Toxicology-İF-3.642, Journal of biomolecular structure and dynamics-İF-4.4, Journal Molecular Stucture-İF-3.196, Polyhedron-İF-3.052, Chemistry & Biodiversity-İF-2.408, Macromolecular Research -İF-2.4, ChemistrySelect-İF-2.307, Journal of molecular modeling-İF-2.172, Iranian Journal of Chemistry and Chemical Engineering-İF-1.903, Russian Journal of Applied Chemistry-İF-0.869, Organic Communications-İF-0.683, Acta Crystallographica Section E: Crystallographic Communications-İF-0.646) dərc olunub. Hazırda bu tədqiqat qrupları ilə dünya elmində ən son yeniliklərdən biri sayılan ayrı-ayrı enzim-izoenzimlər üzrə "molekulyar dokinq" tədqiqatlara başlanılmış və ölkəmizdə bioüzvi kimya sahəsində yeni bir tədqiqat istiqaməti müəyyənləşdirilmişdir.

Pedaqoji və digər fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əfsun Sucayev 2016-cı ildən AMEA Aşqarlar Kimyası İnstitutunda magistratura pilləsində "Üzvi kimya", 2022-ci ildən isə Bakı Dövlət Universitetinin "Kimya mühəndisliyi" ixtisası üzrə magistrlərə "Ağır neft xammalı emalı", "Neft və qazın kompleks emalının elmi əsasları" və "Neft və qaz emalının ekoloji problemləri" fənnlərindən mühazirə və laboratoriya dərslərini keçir, onların diplom işlərinə rəhbərlik edir. Elmi rəhbərliyi altında 4 magistr müdafiə etmişdir. Hazırda elmlər doktorluğu üzrə 2, fəlsəfə doktorluğu üzrə 3 doktorant və dissertantın, 2 magistrantın elmi rəhbərliyi davam edir.

Ə. Sucayev 2017–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Bilik günü" ilə əlaqədar olaraq respublikanın müxtəlif rayonlarında (Lənkəran, İsmayıllı, Lerik) yerləşən ümumtəhsil orta məktəblərin şagirdləri üçün vətənpərvərlik mövzusunda təşkil etdiyi seminarlarda mühazirələr oxuyub.

Beynəlxalq elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2014–2015-ci illərdə Türkiyənin Orta Doğu Texnik, Hacetepe, İstanbul Texniki Atatürk və Bartin universitetlərində, Belarusun Qomel şəhərində yerləşən Bioaktiv maddələrin biokimyası İnstitutunda təcrübə keçmişdir.

Əfsun Sucayev 2016-cı ildə Moskvada keçirilən "MDB Elm Forumu"nda, 2021-ci ildə Almaniyanin Marburq Universiteti, EurJOC və "ChemBioChem" beynəlxalq kimya elmi cəmiyyətlərinin birgə təşkilatçılığı ilə keçirilmiş 15-ci Alman Peptid onlayn simpoziumunda, Türkiyənin Atatürk Universitetinin təşkilatçılığı ilə keçirilən 1-ci Beynəlxalq Təbiət Elmləri Konqresində (ICNAS 20211), o cümlədən bir sıra yerli konfrans və elmi simpoziumlarda plenar iclaslarda məruzələrlə çıxış etmişdir.

Əfsun Sucayev 2022-ci ildə Türkiyənin Bartin Universitetində elmi ezamiyyətdə olduğu zaman Fən fakültəsinin təşkil etdiyi "Bilim söhbətləri"ndə "Müxtəlif məqsədlər üçün yeni üzvi birləşmələrin sintezi və tətbiq sahələrinin müəyyənləşdirilməsi" mövzusunda maraqlı təqdimatla çıxış etmişdir. Əfsun Sucayev bir çox nüfuzlu xarici jurnalların (Bio-organic chemistry, Journal heterocyclic chemistry, Molecular diversity, Journal organometallic chemistry, Biomolecular structure and dynamics, Journal Molecular Structure, ChemistrySelect, Medicinal Chemistry Research, Current Organic Chemistry və Park Dergi) beynəlxalq rəyçisidir.

Elmi-təşkilati fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əfsun Sucayev elmi fəaliyyətlə yanaşı elmi-təşkilatçılıq işləri də yerinə yetirir. O, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Komissiyasının üzvü, Bakı Mühəndislik Universiteti Dövlət İmtahan və Buraxılış Attestasiya Komisiyasının sədri, Dövlət İmtahan Mərkəzində imtahan rəhbəri, Azərbaycan Standartlaşdırma İnstitutu PHŞ-nin nəzdində fəaliyyət göstərən "Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər" üzrə Texniki Komitənin (TK34) və Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının sədr müavinidir. O, Türkiyənin "Park Dergi" jurnalının redaksiya heyətinin üzvüdür.

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əfsun Sucayev tələbəlik illərindən ictimai fəallıq nümayiş etdirirdi. O, Gəncə Dövlət Universitetinin kimya fakültəsinin Tələbə elmi cəmiyyətinin üzvü, sonra isə sədri olmuşdur.

Həmçinin 2013–2020-ci illərdə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvü və eyni zaman da Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri olmuşdur.

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.[1]

  • "Akademik Əli Quliyev mükafatı" (2014)
  • "Web of Science Awards" (2018)
  • "Top Sited Article in Wiley 2018–2019" (2020)
  • "Elmdə Zəfər Mükafatı-2021" (2021)
  • "İstinadda rekord" (2023)
  • Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 02 fevral tarixli 4289 saylı sərəncamı ilə elmi və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə "Heydər Əliyevin 100 illiyi (1923–2023) yubiley medalı" ilə təltif olunub.
  • 27 may 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Texnika sahəsi üzrə Azərbaycan Respublikasının Dövlət Mükafatı ilə təltif olunub.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

Ümumilikdə 172 elmi əsəri çap olunmuşdur, onlardan 2-i monoqrafiya, 10 Azərbaycan Respublikası Patenti, 80 məqalə, qalanları konfrans material-tezisdir. Məqalələrin 60-ı "Web of Science" və "Scopus" elmi bazalarına daxil olan yüksək resenziyalı xarici jurnallarda çap edilmişdir. "Google Scholar Citations" və "ResearchGate" qlobal informasiya şəbəkələrindən götürülən məlumatlara görə, tədqiqat sahəsi üzrə müxtəlif beynəlxalq elektron sistemlərinə daxil olmuş elmi əsərlərinə 1675 istinad edilmişdir. H-indexi 23-dür.

  • Afsun Sujayev. Canlı orqanizmlərin bəzi patoloji proseslərinin yeni nəsil inhibitorları. "Elm", 2023, 272s.
  • Afsun Sujayev, Emin Garibov. Some New Approaches in Synthesis of Physiologically Active Substances. Lambert Academic Publishing, Germany, 2016, 55 p.
  • Afsun Sujayev, Parham Taslimi, Vagif Farzaliyev, Nastaran Sadeghian, Zeynep Karaoglan, İlhami Gulcin, Bioactivity of N-substituted cyclic derivatives of thiourea and phenylthiourea from simplicity, Developments in scientific research II, International Publishing House, Chapter III, 2024, p.57–79.
  • Ə. R. Sucayev, M. Ə. Allahverdiyev, Y. C. Səfərov "1-(2-anilino-1-metiletil) tiokarbamid sürtkü yağlarına təsir edən antimikrob aşqar kimi", Az. SMPDK-nin ixtiralar, faydalı modellər, sənaye nümunələri, rəsmi bülleten, İ 2010 0039, № 3, 2009.
  • V. M. Fərzəliyev, Z. T. İsrafilova, L. N. Əliyeva, Ə. Ə. Qədirov, Ə. R. Sucayev, N-[1-(fenilsulfonil)-2-(propoksikarbonil)-3-(tiosianato)-4,6-dimetil]-piperidin sintetik sürtkü yağlarına çoxfunksiyalı aşqar kimi, İ 2022 0100, 30.12.2022
  • N. N. Novotorjina, Ə. R. Sucayev, Q. A. Qəhrəmanova, M. R. Səfərova, İ. P. İsmayılov, Y. S. Mustafayeva, Dioksibutil-bor-oksimetilbutilksantogenat sürtkü yağlarına siyrilməyə qarşı aşqar kimi, İ 2023 00048, 12.06.2023
  • N. N. Novotorjina, Ə. R. Sucayev, Q. A. Qəhrəmanova, M. R. Səfərova, İ. P. İsmayılov, Y. S. Mustafayeva, (2,2-dimetil-4-metilen-1,3-dioksalan-benzil)disulfid transmissiya yağlarına siyrilməyə qarşı aşqar kimi, İ 2023 00046, 12.06.2023
  • N. N. Novotorjina, Ə. R. Sucayev, Q. A. Qəhrəmanova, M. R. Səfərova, B. İ. Musayeva, İ. P. İsmayılov, Y. S. Mustafayeva, (2,2-dimetil-4-metilen-1,3-dioksalan-allil)disulfid transmissiya yağlarına siyrilməyə qarşı aşqar kimi,, İ 2023 00051, 12.06.2023
  • Ə. R. Sucayev, Ş. K. Kazımzadə, N. N. Novotorjina, Q. A. Qəhrəmanova, M. R. Səfərova, İ. P. İsmayılov, Y. S. Mustafayeva, Toluolsulfoallilksantogenat sürtkü yağlarına siyrilməyə qarşı aşqar kimi,, İ 2023 00079, 30.10.2023
  • N. N. Novotorjina, Ə. R. Sucayev, A. X. Məmmədova, Ş. K. Kazımzadə, Q. A. Qəhrəmanova, M. R. Səfərova, İ. P. İsmayılov, Y. S. Mustafayeva, Toluolsulfometilksantogenat transmissiya yağlarına siyrilməyə qarşı aşqar kimi,, İ 2023 00065, 28.09.2023
  • V. M. Fərzəliyev, H. Ə. Cavadova, Ə. R. Sucayev, E. M. Cəfərov, İ. İ. Kazımov, A. G. Əliyev, M. İ. Kazımov, İ. E. Cəfərov, M. E. Məmmədov, E. A. Vəliyev, F. T. Mahmudov, Mazut əsasında alınan qalıq yanacaqlarının özlülük və aşağı temperatur xassələrini yaxşılaşdıran əlavə, İ 2023 0090, 01.12.2023
  • V. M. Fərzəliyev, H. Ə. Cavadova, Ə. R. Sucayev, V. B. Abbasov, S. T. Rüstəmov, Xüsusi təyinatlı texnikanın dizel mühərriki üçün bütün mövsümlərdə işləyən motor yağı, İ 2023 0094, 26.12.2023
  1. "Arxivlənmiş surət". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.