Afrika
Afrika | |
---|---|
21°05′37″ şm. e. 7°11′17″ ş. u.HGYO | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Afrika — böyüklüyünə görə Avrasiyadan sonra ikinci böyük materik. Sahəsi 29,2 milyon km², adalarla birlikdə 30,3 milyon km²-dir. Ekvator onu şərti olaraq iki hissəyə bölür.
Adının etimologiyası
[redaktə | mənbəni redaktə et]Afrika adı latın dilində olan "afrikus", yəni soyuq bilməyən sözündən əmələ gəlmişdir. Digər bir ehtimala görə isə Afrika adı materikin şimal-şərqində yaşamış "afrigi" tayfasının adından götürülmüşdür.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Avrasiyadan sonra ən böyük və ən isti materikdir. Dünyanın ən uzun çayı, dünyanın ən uzun şirinsulu gölü, şərq yarımkürəsinin ən bol sulu çayı, quruda yer qabığının ən uzun çatı, dünyanın ən isti nöqtəsi, dünyanın ən quraq nöqtələrindən biri, ən böyük quraq təbii kompleksi, ən geniş savannası bu materikdədir. Onu Avropadan Cəbəllütariq boğazı və Aralıq dənizi, Asiyadan Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, Babülməndəb boğazı, Ədən körfəzi ayırır. Ekvator xətti və sıfırıncı meridian bu materikdən keçdiyinə görə o, 4 yarımkürədə yerləşir.
Afrika Atlantik və Hind okeanları ilə əhatə olunub. Ucqar nöqtələri: şimalda – Əl-Əbiyyad və ya Ben Sekka burnu, cənubda – İynə burnu, şərqdə – Ras-Xəfun, qərbdə – Almadi. Yeganə materikdir ki, bütün ucqar nöqtələri müxtəlif yarımkürələrdə yerləşir. Materik qədim Qondvananın qalığıdır. Sahil xətləri az parçalanıb. Bir böyük yarımadası (Somali), 1 böyük körfəzi (Qvineya) vardır. Ən böyük adası Madaqaskardır, bundan başqa Seyşel, Əmirlik, Zənzibar, Kanar, Komor, Yaşılburun, Yüksəliş, Müqəddəs Yelena adaları da buraya aiddir.
Materikin şimal hissəsi qədim sivilizasiyanın mərkəzlərindən olduğuna görə əvvəldən öyrənilmişdir. Afrika qitəsi sivilizasiyanın beşiyi hesab edilir. Burada ən qədim insanların qalıqları tapılıb.
Onun cənub hissəsinin öyrənilməsində İngilis tədqiqatçısı Livinqstonun xüsusi rolu vardır. O, quru ilə Atlantik okeanın sahilindən Hind okeanın sahilinə qədər keçmiş ilk Avropalıdır. Livinqston Konqo və Zambezi çaylarının hövzələrini öyrənmiş, Livinqston və Viktoriya şəlalələrini kəşf etmiş, Tanqanika və Nyasa göllərini tədqiq etmişdir. Rus tədqiqatçısı Yunker ilk dəfə Nil çayının mənsəbindən mənbəyinə qədər gəlmişdir. O, düzgün olaraq göstərmişdir ki, Nilin il boyu bol sulu axmasının səbəbi onun mənbəyinin bol yağıntılı ekvatorial və subekvatorial qurşaqlarda yerləşməsidir. Ingilis tədqiqatçısı Park Seneqal və Niger çaylarının hövzələrini, Bart isə Aralıq dənizindən Çad gölünə qədər Böyük Səhranı öyrənmişdir. Rus alimi Vavilov şimali Afrikanın bitki örtüyünü tədqiq etmişdir.
Afrika relyefinə görə hündürlüyü 1000 m-ə qədər olan şimal və qərb, hündürlüyü 1000 m-dən artıq olan cənub və şərq hissələrə ayrılır. Materikin əsas relyef formalarına denudasion düzənliklər (Böyük Səhra, Liviya və Nubiya səhraları, Kalaxari səhrası, Namib səhrası), yaylalar (Tibesti, Ahaqqar, Darfur, Efiopiya, Şərqi Afrika) geniş yayılmışdır. Materikin şimal-qərbində cavan Alp qırışıqlığına aid Atlas dağları, cənubunda isə qədim Əjdaha və Kap dağları yerləşir. Burada fəaliyyətdə olan Kilimancaro, Kenya, Kamerun vulkanları vardır. Afrikanın ən hündür nöqtəsi Kilimancaro zirvəsi (5895 m), ən alçaq nötəsi Afar çökəkliyindəki Assal gölünün səthidir (-154 m). Misir ərazisində okean səviyyəsindən 132 m aşağıda yerləşən Kattara çökəkliyi də var.
Quruda yer qabığının ən uzun çatı olan Şərqi Afrika Sınma Zolağı Qırmızı dəniz sahilindən Zambezi çayının mənsəbinə qədər uzanır. Buna görə də Qırmızı dəniz sahili və bu sınma zolağı seysmik cəhətdən fəal ərazidir. Materikin şimal və qərb hissəsində çökmə süxurlar geniş yayıldığına görə burada neft və təbii qaz ehtiyatları vardır. Ən böyük neft ehtiyatları şimali Afrikada (Misir, Əlcəzair, Liviya) və Qvineya körfəzinin sahilindədir (Qabon, Nigeriya). Cənub və şərq hissədə maqmatik və metamorfik süxurlar geniş yayıldığına görə burada filiz faydalı qazıntılar çoxdur. Dünyanın "mis qurşağı" mərkəzi Afrikada Zair və Zambiya ərazisindədir. Burada zəngin sink, qalay, uran, boksit yataqları da vardır. Cənubi Afrikada almaz, qızıl, daş-kömür ehtiyatları azdır
Tarixi
[redaktə | mənbəni redaktə et]XIX əsrin 70-ci illərinə qədər Avropadan gələn mühacirlər Afrika qitəsinin cənub hissəsində – Kap müstəmləkəsində və qonşu Bur respubilkalarında, Əlcəzairin şimal rayonlarında ən yaxşı torpaqları tutmuşdular. O zaman Afrika ərazisinin 11 faizə qədəri kapitalist dövlətlərinə mənsub idi. Onların silahlı ekspedisiyaları sahilboyu raoynlara arxalanaraq, qitənin içərilərinə soxulur, əhalini talan edir və sağlam kişiləri tutub qul kimi ən çox Latın Amerikasına göndərirdilər. On milyonlarla çox qüvvətli və gənc adamların itirilməsi Afrika xalqlarını gücdən saldı, onların müstəmləkəçilərə qarşı müqavimətini zəiflətdi. XIX əsrin axırıncı 20 ili ərzində müstəmləkəçilər qitə ərazisinin daha 80 faizini işğal edərək, onun bölüşdürülməsini əsasən başa çatdırdılar. Müstəmləkəçilər hər yerdə son dərəcə şiddətli, qızğın müqavimətə rast gəlirdilər. Afrikalıların başlıca qüvvəsini sınanmış döyüşçülər təşkil edirdilər. Yalnız bir para tayfa başçıları avropalılara xidmət göstərməyə başladı. Müqavimətin əsas forması silahlı mübarizə idi. Əhali torpaqları işğal edilməsinə, zorla xristianlaşdırmaya, xarici ticarətçilərə, təzminatların və vergilərin ödənilməsinə, əmək mükəlləfiyyətinə qarşı müqavimət göstərirdilər. XX əsrin əvvəlinədək Afrika ərazisinin 34 faizini işğal etmiş olan Fransız müstəmləkəçilərinə qarşı şiddətli mübarizə aparılırdı. Tunis əhalisi Fransa protektoratının elan edilməsinə qarşı üsyanla cavab verdi. Müstəmləkəçilərin qoşunları üsyançıların pis silahlanmasından və zəif təşkil olunmasından, habelə feodal əyanlarının xəyanətindən istifadə edərək onu yatırdılar. 80-ci illərdə Qərbi Afrika xalqları fransız qoşunlarına qarşı çıxışa başladılar. Bu çıxışlara fransızların "Sudan Bonapartı" adlandırdıqları istedadlı sərkərdə Samori Ture başçılıq edirdi. Samorinin rəhbərliyi altında afrikalılar 18 il silahlı mübarizə apardılar. Fransız qoşunlarının silahlanma cəhətdən üstünlüyü və amansızlığı 1898-ci ildə Samorini təslim olmağa məcbur etdi. Fransa Maqadaskarı özünün protektoratı elan etdikdə bu ölkənin əhalisi qəsbkarlara tabe olmaq istəmədi. Qanlı cəza tədbirlərinə, xalqların bir-birinin üzərinə salışdırılmasına və yerli əyanların pula ələ alınmasına baxmayaraq, 90-cı illərdə müqavimət kütləvi şəkil almışdı. Ayrı-ayrı raoynlarda üsyanlar qalxır, partizan müharibəsi aparılırdı.
Afrika xalqları XX əsrin əvvəlinədək qitə ərazisinin 30 faizindən çoxunu işğal etmiş olan ingilis müstəmləkəçilərinə qarşı da qətiyyətlə müqavimət göstərirdilər. 70-ci illərdə ingilis qoşunları Limpopo çayından cənubda yaşayan zuluların böyük və yaxşı təlim keçmiş qoşunu ilə toqquşdu. Döyüşçülərdən bir hissəsinin odlu silahı var idi, lakin zülular əlbəyaxa vuruşmada xüsusilə güclü idilər. 1879-cu ilin əvvəlindəki ilk böyük döyüşdə zulular ingilislərə qalib gəldilər: onlar qarğıdalı tarlalarında və otluqlarda gizlənərək, yarğanlardan istfadə edərək düşmən düşərgəsinə lap yaxınlaşdılar və döyüş harayı ilə onun üzərinə atıldılar. Müstəmləkəçilərə qarşı vuruşmalarda zulular dəfələrlə müvəffəqiyyət qazandılar, lakin 1879-cu ilin yayındakı həlledici döyüşdə ingilislər hücuma keçən zuluları tüfənglərdən və toplardan qızğın atəş açaraq böyük tələfata uğratdılar və onları əlbəyaxa vuruşma üçün yaxına buraxmadılar. Geri çəkilən zulular ingilis süvarilərinni zərbəsi altına düşdülər və qılıncdan keçirildilər. İngiltərə hökuməti zuluların ərazisini kəsb etdi. 1881-ci ildə Misirdə xaricilərə verilmiş imtiyazlara qarşı "Misir misirlilər üçündür!" şüarı altında üsyan oldu. Bu üsyana Misir ordusunun zabitləri – müstəqil milli siyasət tərəfdardarı rəhbərlik edirdilər. Onların lideri Əhməd Ərəbi idi. Misirlilər ölkəyə soxulan ingilis qoşunlarına qarşı müdafiə təşkil etdilər, lakin qüvvələr olduqca qeyri-bərabər idi. Misir qoşunları məğlubiyyətə uğradı. Bundan sonra Misir əslində İngiltərənin müstəmləkəsinə çevrildi. Ölkəni ingilis konsulu idarə etməyə başladı. Misir üzərində nəzarət qoyduqdan sonra ingilislərin öz qoşunlarını yeritdikləri Şərqi Sudanda bütün xalq işğalçılara qarşı müqəddəs müharibəyə qalxdı. Bu hərəkatın başında özünü Mehdi, yəni "Allahın elçisi" elan edən Məhəmməd-Əhməd durdu. O, müstəqil Mehdiçilər dövləti yaratdı. İşğalçılar ölkəni tərk etdilər. Yalnız 90-cı illərin axırında ingilislər bura yenidən soxulmaq qərarına gəldilər. İngilis qoşunları silah cəhətdən xeyli üstün idi. Xartum yaxınlığındakı həlledici döyüşdə (1898-ci il) köhnə tüfənglərlə və soyuq silahla silahlanmış olan mehdiçilər qoşununu pulemyot atəşi və karteçlə qırdılar. Onların 40 min nəfərindən 11 min nəfəri öldürülmüş və 10 min nəfəri yaralanmışdı. İngilislər 430 nəfər itirmişdilər. Kütləvi mütəşəkkil müqavimət qırıldı, lakin ölkənin cənubunda mübarizə uzun illər sakitləşmədi. Şərqi Sudanda əhalinin çox hissəsi həlak olmuşdu. 1880-ci ildə orada 8 milyon adam yaşayırdı, 1903-cü ildə isə cəmi 1 milyon 870 min nəfər qalmışdı. Rəsmən Şərqi Sudan İngiltərə və Misirin birgə idarəsi altına verildi. Əslində isə orada ingilislər ağalıq edirdilər.
Konqo çayı mənsəbinin sağ sahilində kiçik bir ərazini Fransanın işğal etdiyi dövrdə onun aşağı və orta axını boyu Belçika kralı II Leopoldun yaratdığı "Beynəlxalq Konqo cəmiyyəti" fəaliyyət göstərirdi. Bu təşkilatın birləşdirdiyi müstəmləkəçilər ölkə ərazisinin içərilərinə soxulur, orada əhalini istismar etmək üçün dayaq məntəqələri yaradırdılar. 80-ci illərdə onlar "Azad Konqo dövləti" yaratdılar, burada hakimiyyəti Belçika kralı təmsil edirdi. Konqo hövzəsinin xalqları müstəmləkəçilərin dəstələri və dayaq məntəqələri üzərinə hücumlar edirdilər, çox vaxt ciddi vuruşmalar baş verirdi. Limpopo və Punqve çayları arasında (Mozambik ərazisi) Vatua dövləti uzun müddət Portuqaliya müstəmləkəçilərinə ciddi müqavimət göstərdi. Yalnız XIX əsrin axırında onun qoşunları darmadağın olundu, lakin bundan sonra da Mozambik xalqlarının portuqaliyalılara qarşı silahlı müqaviməti hələ 20 ilə yaxın davam etdi. Anqola tayfaları da portuqaliyalılara qarşı dəfələrlə üsyana qalxdılar, lakin o dövrdəki mübarizədə yalnız Efiopiya qələbə çaldı. 80-ci illərdə Qırmızı dəniz sahilboyu ərazilərinin bir hissəsini zəbt etmiş olan İtaliya bu ölkənin üzərinə hücum etdi. Bütün xalq işğalçılara qarşı mübarizəyə qalxdı. Efiopiya hökuməti İtaliyanın güclənməsini istəməyən Fransadan silah ala bildi. Efiopiya qoşunları italyanları bir sıra məğlubiyyətlərə uğratdılar. Həlledici vuruşma 1896-cı ildə Auda şəhəri yaxınlığında baş verdi. Efiopiya qoşunları imperator II Menelikin rəhbərliyi altında hücuma keçdi və bir-birinin ardınca işğalçıların üç dəstəsini darmadağın etdi. 11 min nəfər, o cümlədən iki general və zabitlərin çox hissəsini itirən italyanlar vahimə içərisində qaçmağa başladılar. İtaliya Efiopiyanın istiqlaliyyətini tanımağa məcbur oldu. Ölkənin istiqlaliyyətinin möhkəmlənməsi onun ticarətinin canlanmasına, yol çəkilişinə imkan yaratdı, lakin hakimiyyət mülkədar torpaq sahibliyinin möhkəmlənməsinə kömək edən imperatorun əlində cəmləşmişdi. Efiopiya hələ də geridə qalmaqda davam edirdi. Ölkənin kapitalist dövlətlərinin nüfuz dairələrinə bölünməsi qorxusu var idi. XIX əsrin axırında Afrika xalqlarının işğalçılara qarşı mübarizəsi Efiopiyadan başqa heç yerdə məqsədinə nail olmadı. Bu onunla izah olunur ki, Afrika öklələri müasir sənayeyə, silahlara və təşkilata malik deyildilər. Həm də lazımi birlik və həmrəylik yox idi. Müstəmləkəçilər xeyli güclü idilər və dövlətlər arasındakı, tayfalar arasındakı, xalq kütlələri ilə əyanlar arasındakı çəkişmələrdən istifadə edirdilər.
XX əsrin əvvəlində Afrikada Milli-azadlıq hərəkatı gücləndi. Getdikcə güclənən soyğunçuluqdan və rəhmsiz istismardan son dərəcə ümidsiz vəziyyətə düşən Afrika xalqları XX əsrin əvvəlində müstəmləkə əsarətindən azad olmağa dəfələrlə cəhd göstərmiş, silahlı mübarizəyə qalxmışdılar. Böyük və kiçik üsyanlar deməkn olar ki, ara vermirdi. Bunlardan ən böyüyü Herero və nama tayfalarının Cənub-Qərbi Afrikada (Namibiyada) alman müstəmləkəçilərinə qarşı üsyanı idi. 1904-cü ildə bütün Herero tayfaları alman müstəmləkəçilərinə qarşı mübarizəyə qalxdılar. Bir neçə alman dəstəsi məhv edildi, lakin Almaniyadan kömək gəldi. Pulemyotlar və Kruppun topları mübarizənin nəticəsini həll etdi. Hererolar əzildi. Onlardan sağ qalanları şimala qaçdı. Yolda xeyli adam həlak oldu. Hereroların sayı beş dəfə azalaraq 15–16 min nəfərə endi. Kayzer II Vilhelmə deyəndə ki, alman əsgərlərinin hərəkətləri xristian mənəviyyatına uyğun deyildir, o belə cavab vermişdi: "Xristian ehkamları bütpərəstlərə və vəhşi qəbilələrə aid deyildir". Hereroların darmadağın edilməsindən sonra nama tayfaları üsyana qalxdılar. Onların çıxışlarına Hendrik Vitboy başçılıq edirdi. O, namaları birləşdirə və onları azadlıq üsyanına qaldıra bildi. Vitboy tam bir il- həlak olana qədər döyüşlərə bacarıqla rəhbərlik etdi. Onun ölümündən sonra namalar silahlı mübarizəni iki il də davam etdirdilər, lakin burada da alman texnikasının üstünlüyü özünü göstərdi. Almaniya baş qərargahının rəisi Fon Şliffen hələ üsyanın əvvəlində bildirmişdi ki, Hentotların (almanlar namaları belə adlandırırdılar) kökünü kəsmək lazımdır. Bunun nəticəsində 200 min namanın ən çoxu 60 min nəfəri sağ qaldı. 1905-ci ilin avqustunda Almaniya Şərqi Afrikasının (Tanqanika) cənubunda və mərkəzi hissəsində başlayan üsyan bir ildən çox davam etdi. Alman qoşunları 120 min afrikalını məhv edərək bu üsyanı yatırtdılar. Yüz illər boyu bu ərazidə yaşayan böyük tayfalar tamamilə məhv edildi. 1907-ci ildə Fransanın və İspaniyanın Mərakeşdəki işğalçı qoşunlarına qarşı xalq üsyanı baş verdi. Bütün dağlılar və Rabat rayonunun tayfaları silahlı mübarizəyə qoşuldular. 1912-ci ildə ölkənin pytaxtı Fəsdə iri silahlı çıxış başladı və bir rayondan digərinə keçərək fasilələrlə iyirmi ilə qədər davam edən ümumxalq üsyanına çevrildi.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Əhalisi 3 irqə mənsubdur. Afrikanın ən ucaboylu xalqı (180–220 sm) savannada yaşayan tutsin və ximilərdir. Ekvatorial meşələrdə isə ən qısa boylu (142 sm) xalq piqmeylər yaşayır. Afrikada Nilin sahilinə əhali daha sıx, Böyük Səhrada isə ən az məskunlaşmışdır. XX əsrin əvvəllərində Afrikada cəmi 2 müstəqil ölkə (Liberiya və Efiopiya) var idi. 1960-cı ildə 17 Afrika ölkəsi müstəqillik qazandığı üçün həmin il "Afrika ili" adlanır. Uzun müddət siyasi və iqtisadi asılılıq Afrika ölkələrinin iqtisadi inkişafını ləngitmişdir. Afrika ölkələrinin çoxunda milli dil olmadığından dövlət dili- ingilis, ispan və s.-dir. Afrikanın yeganə İnkişaf etmiş ölkəsi CAR-dır. Afrikanın əhalisi 720 milyon nəfərdən çoxdur. Şimal tərəfdə Avropoid irqinə aid olan ərəblər və bərbərlər, 10° şimal eni boyunca neqroid irqinə aid olan zəncilər, Madaqaskar adasında isə monqoloid irqinə aid olan malaqasilər yaşayır. Afrikanın digər yerli xalqlarına bantular, ximilər, tutsilər, piqmeylər, nilotlar, buşmenlər, qotentotlar aiddir. İkinci dünya müharibəsi ərəfəsində burda Efiopiya, Misir, Liberiya, CAR olmaqla 4 müstəqil ölkə var idi. Hazırda materikdə 57 müstəqil dövlət vardır. Sonuncu olaraq 2012-ci ildə Sudanın tərkibindən Cənubi Sudan dövləti ayrılmışdır. Afrikada dövlətlər yaranarkən əhalinin milli etnik tərkibi nəzərə alınmadığına görə burada dövlət sərhədləri çox vaxt paralel və meridianlara uyğun gəlir.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Faydalı qazıntıları
[redaktə | mənbəni redaktə et]Afrika müxtəlif faydalı qazıntlarla çox zəngindir. Faydalı qazıntıların müxtəlif mənşəli qrupları materikin ayrı-ayrı tektonik sahələri ilə əlaqədardır. Arxey və ptoterozoy qırışıqlığı zonası metal faydalı qazıntılarla, qiymətli daş-qaş yataqları ilə daha zəngindir. Burada ən çox maqmatik, metamorfik mənşəli faydalı qazıntı yataqları vardır. Qədim qalxanların aşınma qabığı ilə ilkin mineralların aşınmasından yaranan faydalı qazıntı yataqları, həmin sahələrdə çayların fəaliyyəti ilə əmələ gələn səpinti yataqları yayılmışdır. Postmaqmatik yataqların əksəriyyəti kristallik əsasla əlaqədar olub, onun səthə çıxdığı yerlərdə rast gəlinir. Faydalı qazıntıların çökmə yataqları platformanın çöküntü süxur örtüyü ilə əlaqədardır və əsasən sineklizlərdə əmələ gəlmişdir.
Qara metalın əsas yataqları (dəmir, manqan, titan, xrom) Şimali Qvineya yüksəkliklərində, Syerra-Leonedə, Aşağı Voltada, Cənubi Afrikada və Atlas dağlarındadır. Başqa sahələrdə də dəmir filiz yataqları məlumdur. (Konqo hövzəsinin kənar qalxmalarında, Misirdə, Böyük Səhranin qərbində, Şərqi Afrikada). Əlvan metalların böyük yataqları yenə qədim qırışıqlıq əsasın çıxıntıları ilə əlaqədar olmaqla, Katanqada (kobalt, mis, sink, qurğuşun), Şərqi Konqoda (sink), Şimali Qvineya və Atlas dağlarındadır. Nadir metal yataqları Cənubi Afrikada Kalaxari sineklizini cənubdan və şərqdən əhatə edən kristallik əsasın qalxanlarında (litium, berillium, sürmə, uran), Katanqada (uran), Anqolada (uran) və s.sahələrdə məlumdur. Əlvan metalların əhəmiyyətli yataqları Cənubi Afrikada (maqmatik mənşəli qızıl, platin), Şərqi Afrikada (postmaqmatik mənşəli qızıl) və Şimali Qvineyada aşkar edilmişdir. Qiymətli daşlardan almazın ən böyük yataqları Cənubi Afrika, Katanqa və Şimali Qvineyadadır. Qeyri-metal fatdalı qazıntılardan asbestin böyük yataqları Cənubi Afrikada (kianit, qrafit), Şərqi Afrikada, Atlas dağlarındadır (fosforitlər).
Daş kömürün ən böyük yataqları Cənubi Afrikadadır (paleozoy çöküntülərində). Bundan əlavə Rodeziyada, Tanqanika və Nyasa gölləri ətrafında və Atlas dağlarında çoxlu kömür yataqları vardır. Neft yataqları əsasən üçüncü dövrün və mezozoyun dəniz çöküntüləri il əlaqədardır. Ən böyük yataqlar Şimali Afrikada ikinci dünya müharibəsindən sonra açılmışdır. Hazırda Liviyada, Misirdə, Əlcəzairdə, Tunisdə, Niger, Oqove və Kvanze çayları mənsəbində neftin çox böyük yataqları məlumdur. Bunlardan bir çoxu istismar edilir (Misirdə, Əlcəzairdə və Liviyada). Yanar qaz yataqları Əlcəzairdə kəşf edilmişdir.
Kənd təsərrüfatı
[redaktə | mənbəni redaktə et]Ərzaq və kənd təsərrüfatı təşkilatının məlumatına görə Afrikada 200 mln. hektar torpaq becərilir, 900 mln. hektar isə daimi otlaq kimi istifadə edilir. Becərilən torpaqların xüsusi çəkisi çox aşağıdır.
Afrika və xüsusilə tropik Afrika dünyanın ən aqrar ərazisi hesab edilir. 2000-ci ilin məlumatına görə bu bölmə təqribən 20% təşkil edir. Həmin ərazinin aktiv əhalisinin 68%-i kənd təsərrüfatı ilə məşğuldur. Bəzi ölkələrdə isə – Mozambik, Həbəşistan, Tanzaniya, Çad, Keniya, Qambiya, MAR və Qvineyada bu gösərici 80%, Burundi, Malavi, Ruanda, Nigeriya, Burkina-Faso, Uqanda, Malidə 90% təşkil etmişdir. Onu da qeyd etməliyik ki, rəsmi statistika bir qayda olaraq ÜDM-in hesablanmasında natural təsərrüfatı nəzərə almır. Hətta belə olduqda da 2000-ci ildə kənd təsərrüfatının xüsusi çəkisi KDR-da 58%, Həbəşistanda 55%, Tanzaniyada 47%, Burundidə 53%, Malavidə 42%, MAR-da 54%, Syerra-Leonedə 50%, Qvineya-Bisauda 54%, Uqandada 44% olmuşdur.
Kənd təsərrüfatı istehsalının artım sürəti çox aşağıdır-80-ci illərdə 1,9%, 2000-ci illərdə 1,5% təşkil etmişdir. Bu isə əhalinin artım sürətindən xeyli aşağıdır. Ona görə də burada ərzaq çatışmazlığı problemi daha aydın gözə çarpır. BMT-nin məlumatına görə həmin ərazidə yaxın 15 ildə taxıl çatışmazlığı 50 mln. tondan artıq olacaqdır.
Afrikanın kənd təsərrüfatı patriarxal icma, feodal və xırda əmtəə təsərrüfatına əsaslanır. İstifadə edilən torpaq sahəsinin 90%-ə qədəri əl alətləri ilə becərilir. Əkinçilik primitiv aqrotexniki metodlara əsaslanır. Demək olar ki, suvarılan sahə yoxdur. Hazırda becərilən torpaqların cəmisi 5%-i irriqasiya sistemindən istifadə edir. Beləliklə kənd təsərrüfatı demək olar ki, təbiətdən asılı vəziyyətdə qalır. Kimyəvi gübrələrdən çox zəif istifadə edilir. Bu isə məhsuldarlığın az olması ilə şərtlənir. Məsələn, son illərin məlumatına görə Afrikada orta hesabla hər hektara 11 kq gübrə verildiyi halda, Latın Amerikasında bu göstərici 67 kq, Asiyada 129 kq olmuşdur.
Əkinçiliyin bəzi sahələrində xarici mülkiyyət – xarici kapital mövcud olduğu üçün ixracat üçün məhsul istehsalı nəzərdə tutulur. Belə sahələrdə nisbətən az–çox inkişaf müşahidə olunur. Bunlar texniki lif, kauçuk, yun, dəri, pambıq, texniki yağlar, kopra və sairədən ibarətdir. Emal sənayesi həddindən artıq geridə qaldığına görə bu məhsullar xammal kimi ixrac edilirlər. Az-çox Zimbabve, Nigeriya, Keniya və bəzi digər ölkələrdə yerli xammal toxuculuq və ayaqqabı sənayesində istifadə edilir. Bunlardan əlavə kakao-paxlalılar, kofe, tropik meyvələr, bitki yağları, şəkər-xammal və digər bir çox məhsullar da ixrac bölməsinə daxildirlər.
Sənaye
[redaktə | mənbəni redaktə et]Afrika ölkələri müstəqillik əldə etdikdən sonra sənayenin inkişafı o qədər də nəzərə çarpmırdı. Nisbətən iri və orta müəssisələr az-çox dağ-mədən sənayesində yarana bilirdi. Onlar da xarici kapitala məxsus olduğu üçün, milli iqtisadiyyatın inkişafına o qədər də zəmin yarada bilmirdi.
Ümumi şəkildə bu regionun sənayesi aşağıdakı cəhətləri özündə əks etdirir:
- milli iqtisadiyyatın özündə sənaye müəssisələri arasında inteqrasiya proseslərinin zəif olması;
- istehsal həcminin az olması üzündən effektivliyin aşağı olması;
- regionda bir-birini tamamlaya bilən istehsal strukturlarının olmaması;
- istehsal xərclərinin tərkibində idxal olunan komponentlərin çox olması;
- istehsal infrastrukturasının həddindən artıq geridə qalması;
- texnoloji gerilik və s.
Afrikada və eləcə də tropik Afrikada faydalı qazıntıların çox olması hasilat sənayesinin böyük rol oynamasına üstünlük vermişdir. Bu isə onların dünya bazarında xammal üzrə ixtisaslaşdırılmasını genişləndirmişdir.
XX əsrin 60-cı illərinin əvvəllərinə bu regionda Zambiya, KDR və Zimbabve güclü mineral xammal istehsalçısı kimi məlum idilərsə, 70-ci ilin axırlarına onların sırasına daha 8 ölkə; Anqola, Qvineya, Liberiya, Mavritaniya, Niger, Nigeriya, Esvatini, Syerra-Leone qoşulmuşlar.
Bütünlükdə bu ərazi üzrə ÜDM-in 34%-i (2000 il) sənayenin payına düşür. Bunun da yarısı hasilat sənayesinin hesabına formalaşır. Aydındır ki, bu sahədə ayrı-ayrı ölkələr arasında kəskin fərq vardır. Belə ki, həmin göstərici Nigeriya, Anqola, Botsvana və Qabonda 90% təşkil etmiş, Toqo, Qana, Qvineya-Bisau, Mavritniya, Namibiya, Qvineyada isə 50–85%-ə bərabər olmuşdur.
Mineral ehtiyatlardan neft, təbii qaz, boksidlər, almaz, fosfotlar, çoxlu filiz növləri (dəmir, uran, marqans, xrom, mis, kobalt, qurğuşun, sink və s.) hasil edilir.
Emal sənayesinin xüsusi çəkisi (ÜDM-də) 1980-ci ildə 12%, 2000-ci ildə isə 15% olmuşdur. Bu dünya üzrə emal sənayesinin 1%-ni təşkil edir. Bəzi ölkələrdə isə bu göstərici yüksəkdir, belə ki, Zambiya və Zimbabvedə ÜDM-in 30%-i, Mavrikiyada-23%-i emal sənayesinin payına düşür.
Lesoto, Malavi, Çad, Burkina-Faso, Keniya, Mavritaniya, Seneqal, Kamerun, Kot-d`İvuarda həmin göstərici 10–20% arasındadır. Bu regionda yüngül sənayenin inkişafına daha çox üstünlük verilir.
Ağır sənaye sahələrindən kimya sənayesi aparıcı rola malikdir. Maşınqayırma müəssisələrinin əksəriyyəti (avtomobil, traktor, elektrotexnika məmulatları istehsalı və s.) texniki təmir üzrə fəaliyyət göstərirlər.
Eləcə də Zimbabve, Zambiya və Nigeriyada maşınqayırma müəssisələri də mövcuddur. Bunlarla yanaşı Şimali Afrikada – Misir, Mərakeş və Tunisdə emal sənayesi xeyli inkişaf etdirilmişdir. Əlcəzairdə neft-qaz kompleksi, kimya sənayesi tərəqqi tapmışdır. Bu ölkələrdə dövlət bölməsinin xüsusi çəkisi artıqdır
Afrikada təbii zonalar
[redaktə | mənbəni redaktə et]- Ekvatorial meşələr- ekvatorial iqlim qurşağında yayılmışdır. Konqo çayı hövzəsini və Qvineya körfəzi sahilini əhatə edir. İlboyu hava isti və rütubətlidir. Dəmir və alüminium çox olduğundan torpaqları qırmızı-sarı ferrollitdir. Bitki örtüyü zəngindir (Liana, yağ palması və s). Meşə bir neçə yarusdan (mərtəbədən) ibarətdir. Heyvanları (qorilla, cırtdan begemot və s) əsasən ağaclarda yaşayır.
- Savannalar — Afrikanın 40%-ni əhatə edir. İlin 2 fəsli rütubətli yay və quraq qış fəsli mövcuddur. Savannalarda ot örtüyü ilə yanaşı ağac(Baobab) və kolluqlara da rast gəlinir. Torpaqları qırmızı, qırmızı-ferrollit və qırmızı-qonurdur. Dünyanın ən iri otyeyən heyvanları (fil, zürafə) burada yaşayır. Afrika savannaları subekvatorial və tropik iqlim qurşaqlarında yayılmışdır.
- Səhralar -Afrikanın tropik iqlim qurşağında yayılmışdır. Yüksək təzyiq qurşağının hakim olması ilə əlaqədar olaraq Afrikanın şimalında Böyük Səhra (və ya Saxara) və Liviya səhraları yerləşib. Dünyanın ən böyük səhrası olan Böyük Səhrada temperatur amplitudasının böyük olması fiziki aşınmanın intensivliyinə səbəb olur. Onun əsas hissəsi daşlı, az hissəsi isə gilli və qumlu sahələrdən ibarətdir. Burada Afrikanın – Əhaqqar, Tibesti və Darfur kimi ən qədim şahid dağları yerləşir. Hava enən hərəkli olduğundan yağıntıların miqdarı 200 mm-dən azdır. Bitkiləri az və uzun köklüdür, yeraltı suların səthə yaxın, çökək ərazilərində –vahələr (oazis) yaranır. Vahələrdə xurma ağacı yetişdirilir. Afrikanın cənubunda Namib və Kalaxari səhraları yerləşir. Okean sahilində soyuq Bengel cərəyənının təsiri nəticəsində yaranan Namib səhrası çox quraq ərazidir. Ümumilikdə ərazinin böyüklüyü və qərbdən şərqə doğru geniş məsafədə uzanması nəticəsində Afrikanın şimalında səhralar cənubuna nisbətən daha geniş sahə tutur. Torpaqların düzgün istifadə olunması nəticəsində səhraların sahəsi artır. Savannaların səhraya çevrilməsinin qarşısını almaq üçün Böyük Səhra ilə sərhəddə 1500 km-lik, meşə zolağı salınmışdır.
- Codyarpaqlı meşə və kolluqlar(Aralıq dənizi tipli) — Afrikanın ucqar şimal və cənubunda subtropik enliklərə xas codyarpaqlı meşə və kolluqlar yayılmışdır.
Afrikanın gölləri
[redaktə | mənbəni redaktə et]Afrika göllərinin çoxu Şərqi Afrika yaylasındadır. Məsələn, Tanqanika, Nyasa, Rudolf, Kivu, Albert, Eduard və s. Onlar tektonik çat zonasında yerləşdiyindən uzunsov və dərindirlər. Bu göllər dağlarla əhatələnmişdir. Dünyanın ən uzun şirin gölü olan Tanqanika Afrikanın ən dərin gölü olub qraben üzərində yerləşir. O, dünyada dərinliyinə görə ancaq Baykaldan geri qalır. Afrikanın ən böyük gölü olan Viktoriya dünyada 2-ci böyük şirin göldür. O, platformanın əyilmə zonasında yerləşdiyindən dayazdır. Böyük Səhranın cənubunda yerləşən Çad gölü dayazdır. (4–7 m) və yağıntı ilə qidalanır. Relikt mənşəlidir. Onun sahəsi yağıntı olduqda 2 dəfə artır.
Afrikanın çayları
[redaktə | mənbəni redaktə et]Yağıntı çox olduğundan Afrikanın ən sıx çay şəbəkəsi ekvatorial və subekvatorial iqlim qurşaqlarındadır. Səhralarda çaylar çox azdır. Onlar əsasən güclü yağışdan sonra yaranır. Afrika çaylarının hamısı yağış suları ilə qidalanır. Çünki bütün çaylar mənbəyini ekvatorial və subekvatorial qurşaq daxilindən götürürlər. Çayların üzərində astana və şəlalələr olduğundan gəmiçilik üçün yararsız olsa da bu çayların böyük hidroenerji ehtiyatları var. Astana və şəlalələrin mövcudluğu Afrikanın geoloji quruluşu və relyefi ilə əlaqədardır. Afrika çayları 3 hövzəyə aiddirlər:
- Atlantik okeanına — Nil, Konqo, Niger, Seneqal, Narıncı.
- Hind okeanına — Zambezi. Limpopo.
- Daxili axarsız hövzəyə: Şiri, Şari.
Dünyanın və Afrikanın ən uzun çayı olan Nil (6671 km) mənbəyini Şərqi Afrika yaylasından axan Kaqera çayından götürülür. Onun mənbəyini Stenli kəşf edib. Viktoriya gölündən keçdikdən sonra o, Ağ Nil adlanır. Xartum şəhəri yaxınlığında ən böyük qolu olan Mavi Nillə qovuşaraq Nil adı ilə Aralıq dənizinə tökülür. O, burada böyük delta yaradır. Nilin yuxarı axarı ekvatorial və subekvatorial iqlim qurşaqlarında yerləşdiyindən bol yağış suları ilə qidalanır. Bu səbəbdən Böyük Səhradan keçsə də heç vaxt qurumur. Nilin yuxarı axarında çoxlu şəlalə və astanalar var. Aşağı axında Asuan və Nasir su anbarları tikildiyindən Nilin axını tənzimlənir və bu daşqınların qarşısını alır. Afrikanın ən bol sulu və uzunluğuna görə ikinci çayı Konqo (Zair) çayıdır. (4320 km). Hövzəsinin sahəsinə və bol sululuğuna görə o dünyada Amazondan geri qalır. Hövzəsi ekvatora yaxın yerləşdiyindən o, ilboyu bol suludur və 2 yerdən ekvatoru kəsir. Konqo üzərində Stenli, Livinqston və s şəlalələri var. Bu çay delta yaratmır və Atlantik okeanına tökülür. Uzunluğuna və hövzəsinin sahəsinə görə Afrikanın 3-ü böyük çayı Nigerdir (4160 km). Zambezi Afrikanın Hind okeanına tökülən ən böyük çayıdır. Dünyanın nə nəhəng şəlalələrindən olan və Livinqston tərəfindən kəşf edilən Viktoriya şəlaləsi bu çayın üzərindədir.
İqlimi
[redaktə | mənbəni redaktə et]Ekvator xətti Afrikanın təqribən mərkəzindən şimal və cənub tropikləri onun üzərindən keçdiyinə görə ərazinin çox hissəsi isti qurşağa düşür və buna görə də o, ən isti materikdir. Materikin çox böyük hissəsində günəş ildə 2 dəfə zenitdə olur. Materikin ucqar şimal və cənub nöqtələrində belə ən soyuq ayın orta temperaturu 10°-12°-dir. Materikin iqliminə onun sahillərindən keçən soyuq Somali, Kanar, Bengel cərəyanları, isti Madaqaskar, Mozambik, İynəburnu, Anqola, Qvineya cərəyanları da təsir göstərir.
Yağıntılar qeyri-bərabər paylanıb, ekvatorial qurşağa ildə 2000–3000 mm və daha çox yağıntı düşür. Yeganə materikdir ki, burada olan iqlim qurşaqları həm şimalda həm də cənubda yerləşməklə təkrarlanır.
Materikdə bir ekvatorial, iki subekvatorial, iki tropik, iki subtropik iqlim qurşağı vardır. Materikin çayları onu əhatə edən 2 okean hövzəsinə və materikin sahəsinin 1/3-ni əhatə edən daxili axarlı hövzəyə aiddir. Ən böyük çaylar – Nil, Seneqal, Niger, Konqo, Narıncı çayları Atlantik okeanı hövzəsinə aiddir. Zambezi və Limpopo çayları (Limpopo cənub tropik xəttini 2 dəfə kəsir) Hind okeanı hövzəsinə aiddir. Daxili axarlı hövzə Böyük Səhranı əhatə edir ki, orada Çad gölü və ona tökülən Şari çayı vardır. Materikin əsas gölləri – Tanqanika, Nyasa, Rudolf və s. Şərqi Afrika Sınma Zolağının qrabenlərində yerləşən uzunsov, şirinsulu göllərdir. Materikin ən böyük gölü olan Viktoriya platformanın əyilmə zonasında yerləşdiyinə görə sahəcə böyükdür. Afrikadakı iqlim qurşaqları:
- Ekvatorial
- Subekvatorial
- Tropik qurşaqlar(quru tropik)
- Subtropik qurşaqlar:
- Aralıq dənizi tipli
- Bərabər rütubətlənən
Problemləri
[redaktə | mənbəni redaktə et]Afrikanın böyük hissəsində İbtidai İcma XIV–XV əsrlərə qədər dağılmamışdır. Bu dövrlərdə Afrikanın şimal torpaqları Avropanın müstəmləkəsinə çevrilir. Avropalılar Afrikada feodalizmin əsasını qoyur. Bir qədər sonra isə Afrikada ilk kapitalist dövlətlər yaranır. Hal-hazırda Afrikada 53 demokratik dövlət var. Afrikanın cənub ucqarında yerləşən CAR istisna olmaqla digər bütün dövlətlər güclü iqtisadi və siyasi potensiala malik deyillər. Materikin ərazisi isti və havanın quraq olduğundan su qıtlığı müşahidə edilir. Bir çox kasıb Afrika ölkələrində içməli su qıtlığı minlərlə insanın, əsasən də uşaqların ölümünə gətirib çıxarır. Ölümlərə səbəb təkcə susuzluq deyil, istifadə olunan sudur. Belə ki maliyyə vəziyyətinin pis olduğu ölkələrdə su təmizlənmir və istifadəyə bir-başa verilir. Su təmizləyən qurğular olsa belə baxımsızlıqdan istismara uğrayır. Kirli su kütləvi epidemiyalara gətirib çıxarır. Səhiyyənin güclü olmaması da kütləvi ölümlərə gətirib çıxarır.
Afrikanın iqtisadiyyatı əsasən faydalı qazıntıların çıxarılması üzrə qurulub. Avropadan gələn varlı mülkədarlar burada asanlıqla işçi qüvvəsi tapır. Afrikadan çıxarılan qazıntılar arasında qızıl da var. Afrikalıların çoxu mədənlərdə günəmuzd işləyənlərdən ibarətdir. Xidməti sahələrin olmaması, aqrar fəaliyyət üçün yararsız torpaqlar, sənayenin inkişaf etməməsi işsizliyə gətirib çıxarır. Təhsil isə Afrikada demək olar ki yoxdur. Təhsilsiz əhali isə məcburdur ki işçi qüvvəsi kimi öz torpaqlarında işləsin.
Şəkillər
[redaktə | mənbəni redaktə et]-
Botsvana sakini (San Buşmen adamı)
-
Şimal-şərqi Afrikadan Beca beduinləri
-
CAR-da küçə musiqiçisi
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- 1. Киреев "Международные экономика"
- 2. Конотопов: "История экономики зарубежных стран"
- 3. C. Kərimov, A. Orucov, H. İsrafilov: "Dünya İqtisadiyyatı"