Apomiksis
Apomiksis, (yun. µίξις – qarışdırma) – bitkilərin qeyri-cinsi yolla çoxalması. "Apomiksis" termini 1908-ci ildə alman genetiki Qərbi Vinkler tərəfindən elmə daxil edilmişdir. Geniş mənada apomiksis partenogenez, ginogenez, androgenez kimi qeyrimüntəzəm cinsi çoxalma formaları rast gəlinən heyvanlara da (bir çox pərdəqanadlılar, cücülər, bəzi kərtənkələlər, balıqlar və s.) aid edilir. Bəzi bitkilərdə (acıqovuq, qırğıotu, qırtıc, şaxduran və s.) apomiksis müntəzəm surətdə, digərlərində isə (boymadərən, soğan, çibançiçəyi və tütün növlərində) sporadik şəkildə təzahür edir. Becərilən sitrus, bağçiyələyi, alma, qarğıdalı və bir çox başqa bitkilər də meyvəvermənin stabilliyi apomiksisə əsaslanır. apomiksis irsidir və amfimiksisə əlavə olaraq çoxalma sisteminin bir hissəsidir. apomiksis embriogenezdə, sporların və endospermin əmələ gəlməsi prosesində baş verən müxtəlif dəyişikliklərlə şərtlənir. apomiksisin çoxlu formaları arasında ən əsasları rüşeym kisəsinin (dişi qametofitin) əmələ gəlməsi ilə bağlı olan formalardır. Məsələn: dərman acıqovuğunda diplosporla (qeyri-adi meyozla) partenogenez, qaytarma növlərində aposporla (meyoz əvəzinə mitozla) və diplosporla psevdoqamiya üstünlük təşkil edir. apomiksisin xüsusiyyətlərindən taxıl, kartof və s. bitkilərin homoziqot xətlərinin alınmasında, seleksi ya da sitrus bitkilərinin məhsuldarlığının yüksəldilməsində istifadə edilir. Heterozisin möhkəmləndirilməsində və təsərrüfat əhəmiyyətli əlamətləri olan mutant xətlərinin saxlanmasında apomiksisin tətbiqi mümkündür.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 578. ISBN 978-9952-441-02-4.