Azərbaycan Bəstəkarlar İttifaqı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycan Bəstəkarlar İttifaqı
ABİ
Növü Musiqi
Yaranma tarixi 30 iyun, 1934
Rəsmi dili Azərbaycan dili
Mərkəzi Bakı
Qurucusu
Sədr Firəngiz Əlizadə (2007-bu günə kimi)
composers.musigi-dunya.az

Azərbaycan Bəstəkarlar İttifaqı – yarandığı gündən musiqi mədəniyyətinin inkişafında çox əhəmiyyətli rol oynayır. Bu təşkilatın başında həmişə böyük sənətkarlar, şəxsiyyətlər olub. Üzeyir Hacıbəylidən sonra İdarə heyətinin sədrləri və katibləri görkəmli bəstəkarlar – Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev və başqaları həmişə bu təşkilata məhz yaradıcılıq proseslərinə təkan verən, bəstəkarlara dayaq olan, onların problemlərinin həllində kömək olan bir təşkilat kimi rəhbərlik ediblər.

30 iyun 1934-cü il Bəstəkarlar İttifaqının yaranma günüdür. Azərbaycan Bəstəkarlar İttifaqının tarixi XX əsrdə meydana gəlmiş yeni musiqi mədəniyyətimizin tarixi hesab oluna bilər. Bu təşkilat cəmiyyətin həyatının ən çətin zamanlarında yaranıb və şərəfli yol keçib. Bəstəkarlar İttifaqına 1936-cı ildən ömrünün sonuna kimi dahi Üzeyir Hacıbəyli (1936–1948) rəhbərlik etmiş, bütöv bir bəstəkar nəslinin yetişməsində müstəsna rol oynamışdır. O, Bəstəkarlar İttifaqının yaradılma məqsədi və fəaliyyətinin istiqamətlərini özündə əks etdirən Nizamnaməni tərtib etmiş və milli musiqimizin yüksək tərəqqisini təmin edən bir təşkilat kimi təşəkkülü və formalaşmasının əsasını qoymuşdur.

1948-ci ildə Ü. Hacıbəylinin vəfatından sonra İttifaqın sədri vəzifəsinə Ü. Hacıbəylinin tələbəsi, bir çox mahnıların bəstəkarı, Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri olmuş Səid Rüstəmov (1948–1952) seçilir.

Azərbaycan Bəstəkarlar İttifaqı tarixində 30 illik böyük bir mərhələ məhz Qara Qarayevin (1953–1982) adı ilə bağlıdır. O, 1953-cü ildən ömrünün sonuna kimi İttifaqın əvəzsiz sədri kimi çalışmış, bu təşkilatı SSRİ Bəstəkarlar İttifaqının ən qabaqcıl qurumları səviyyəsinə qaldıra bilmişdir.

1990-cı ilin fevralında keçirilmiş VII qurultay Qara yanvar günlərinin ağır psixoloji durumunu özündə əks etdirirdi. Bu, Azərbaycan Bəstəkarlar İttifaqının tarixində musiqi proqramı olmayan, yalnız təşkilati məsələləri gündəmə çıxaran yeganə qurultay oldu. Həmin qurultayda İttifaqın sədri bəstəkar Tofiq Quliyev (1990–2000) seçildi.

Fəaliyyət göstərdiyi böyük hadisələrlə zəngin zaman kəsiyində bəstəkar və musiqişünasları bir yerə cəmləyən Azərbaycan Bəstəkarlar İttifaqı nüfuzlu yaradıcılıq birliyi olaraq, ölkəmizin mədəni həyatında fəal iştirak edir, yüksək səviyyəli musiqi əsərlərinin yaranmasına hərtərəfli dəstək verir, özünün rəngarəng, əhəmiyyətli tədbirləri ilə musiqi həyatında daim canlanma yaradır.

Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətinin tənzimlənməsində, musiqi sənətimizin inkişaf etdirilib dünya miqyasında tanıdılmasında xalqımızın ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri ölkəmizin öz dövlət müstəqilliyini bərpa etməsindən sonrakı illərdə ümummilli liderimiz Heydər Əliyevin yaradıcı şəxslərə xüsusi dəstəyi, müəlliflərin hüquqlarının qorunmasına, onların yaradıcılığı üçün əlverişli şəraitin yaradılmasına göstərdiyi böyük diqqət və qayğı sayəsində daha da artmışdır.

Azərbaycan Bəstəkarlar İttifaqının tarixində ən böyük hadisələrdən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakının Xaqani küçəsi 55 ünvanında yerləşən İttifaqın binasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə 2009-cu il sentyabrın 1-də açılış mərasiminin keçirilməsi oldu. Azərbaycan Bəstəkarlar İttifaqının yaradılmasının 75 illiyi ərəfəsində, binanın istismara verilməsi və onun təmirdən sonra açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və xanımı, UNESCO və İSESCO-nun Xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın iştirak etməsi musiqi ictimaiyyəti üçün ikiqat bayram təəssüratı yaratdı.

Məlum olduğu kimi, 1964-cü ildən 1991-ci ilin avqustuna kimi Bəstəkarlar İttifaqının istifadəsində olan bu bina Xalq artisti, professor Firəngiz xanım Əlizadənin İttifaqa sədr seçilməsindən sonra Azərbaycan Bəstəkarlar İttifaqına qaytarılması məsələsi gündəmə gəlmiş və öz müsbət həllini tapmışdır. Belə ki, Azərbaycan Prezidentinin tapşırığı ilə Nazirlər Kabinetinin 2008-ci il 14 aprel tarixli Sərəncamına əsasən bina Bəstəkarlar İttifaqının istifadəsinə verilmişdir. Həmçinin, Prezident İlham Əliyevin "Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması haqqında" 2007-ci il 12 mart tarixli Sərəncamına uyğun olaraq, burada yüksək səviyyədə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır, bundan əlavə, musiqi alətləri, müasir texniki avadanlıq alınmışdır. Bir il müddətində bu üçmərtəbəli memarlıq abidəsi (bina 1912-ci ildə tikilib) əsaslı şəkildə yenidən qurulmuşdur.

2009-cu ilin dekabrında Azərbaycan musiqi mədəniyyəti xadimləri, bəstəkarlar və musiqişünaslar əlamətdar bir tarixi hadisəni — Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasının 75 illiyini (1934–2009) qeyd etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında bir sıra təntənəli tədbirlərlə qeyd olunan bu yubiley Azərbaycan Bəstəkarlar İttifaqının respublikanın musiqi həyatındakı əhəmiyyətli rolunu bir daha təsdiq etdi. "Azərbaycan Bəstəkarlar İttifaqı – 75" Beynəlxalq Musiqi Festivalı respublikanın musiqi həyatında parlaq və yaddaqalan hadisələrdən biri oldu.

Azərbaycan Bəstəkarlar İttifaqının keçirdiyi 9 qurultaydan hər biri respublikanın mədəni və ictimai həyatında böyük bir hadisə olmuşdur. Onların işi dövrün, zamanın ab-havasını, şəraitini özündə bariz əks etdirirdi.

Hazırda Azərbaycan Bəstəkarlar İttifaqı öz sıralarında 200-yə yaxın yüksək ixtisaslı peşəkar bəstəkar və musiqişünaslar ordusunu birləşdirir. Təşkilatın başında Q. Qarayev məktəbinin ən parlaq nümayəndələrindən biri olan və beynəlxalq aləmdə öz sözünü demiş, yüksək nüfuz qazanmış bir şəxsiyyət – Respublikanın xalq artisti, professor, YUNESKO-nun “Sülh artisti”, “Şöhrət” (2007) və “Şərəf” (2017) ordenli, AMEA-nın müxbir üzvü (2017) Firəngiz Əlizadə durur.

Azərbaycan peşəkar musiqisi təşəkkül tapdığı zaman ərzində dünya musiqi xəzinəsinə ölməz əsərlər bəxş etmişdir və Azərbaycan bəstəkarları XXI əsrə böyük sərvətlə, musiqi xəzinəsi ilə daxil olmuşlar. Azərbaycan Bəstəkarlar İttifaqı öz missiyasını bu gün də davam etdirir. Belə ki, bu gün peşəkar musiqiçılərimizin neçə-neçə nəsillərinin formalaşmasında, musiqi xəzinəmizin yeni-yeni əsərlərlə zənginləşməsində, mədəniyyətimizin bütün dünyada təbliğində ayrı-ayrı sənətkarların fərdi istedad və bacarığını qeyd etməklə bərabər, bu insanları doğma, isti bir ocaq kimi öz ətrafında cəmləyən Azərbaycan Bəstəkarlar İttifaqının müstəsna rolu danılmazdır.

Azərbaycan Bəstəkarlar İttifaqı Respublikanın musiqi həyatında fəal iştirak edir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən beynəlxalq miqyaslı layihələrdə Azərbaycan Bəstəkarlar İttifaqının əməkdaşlığı önəmlidir. Xüsusilə "Üzeyir Dünyası", "Muğam ensiklopediyası" layihələrinin, "Muğam Aləmi" Beynəlxalq Musiqi Festivallarının bədii rəhbəri kimi Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin fəaliyyəti qeyd olunmalıdır.

Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi və geniş vüsət aldığı “İpək yolu” Beynəlxalq Musiqi Festivalı qədim tarixə və zəngin musiqi ənənələrinə malik olan Şəki şəhərində artıq 8 dəfə böyük müvəffəqiyyətlə keçirilib (2010–2017). Bu festivalın əsas məqsədi qədim dövrlərdən Azərbaycan şəhərlərindən keçən tarixi "İpək yolu"nun əhatə etdiyi Şərq və Qərb dünyasının bir çox xalqlarının arasında musiqi vasitəsilə dialoq quraraq, qarşılıqlı mədəni əlaqələri genişləndirməkdən ibarətdir. Festivalın özəlliyi ondan ibarətdir ki, rəngarəng və zəngin proqramlı konsertlər əsasən tarixi məkanlarda keçirilir, milli mədəniyyətlərin və tarixiliyin qovuşması musiqiyə yeni səslənmə aşılayaraq, onun bəşəri mənasının daha dərindən dərk olunmasına yol açır. Bu festivalda yaxın və uzaq xarici ölkələrdən bir çox qonaqlar və musiqiçilər iştirak edir.

Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Azərbaycan hökuməti, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən Mstislav Rostropoviç adına, Qara Qarayev adına, eləcə də Qəbələ Beynəlxalq Musiqi Festivallarında da yaxından iştirak edir. Həmin festivallarda bəstəkarlarımızın əsərlərinin dünyanın bir çox ölkələrindən dəvət olunmuş musiqi ifaçıları və kollektivlər tərəfindən səsləndirilməsi milli bəstəkarlıq məktəbinin nailiyyətlərini nümayiş etdirir. Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətində hər il keçirilən Üzeyir Musiqi günlərində və son illərdə Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalında iştirakı önəmlidir. Müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu, Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı Üzeyir Hacıbəylinin xatirəsi Azərbaycan Bəstəkarlar İttifaqında daim yad edilir.

Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin və digər idarə və təşkilatların həyata keçirdiyi görüşlərdə və tədbirlərdə də yaxından iştirak edir. Respublikamızın həyatında baş vermiş müxtəlif siyasi və mədəni hadisələrlə bağlı tədbirlərin keçirilməsi də Bəstəkarlar İttifaqının fəaliyyətində əsas yer tutur.

Azərbaycan Bəstəkarlar İttifaqında bəstəkarların yubileylərinin qeyd olunması, onların xatirələrinə həsr olunmuş mərasimlərin, konsertlərin və festivalların keçirilməsi respublikamızın musiqi həyatında əlamətdar hadisələrdəndir. Dünyasını dəyişmiş ustad sənətkarlarımızın xatirəsi Azərbaycan Bəstəkarlar İttifaqında daim anılır və müxtəlif xarakterli tədbirlərlə — konsertlərlə, konfranslarla, anım mərasimlərilə qeyd olunur. Musiqişünaslarımıza həsr olunmuş elmi-praktik konfranslarda alimlərin elmi yaradıcılığına nəzər salınmaqla yanaşı, xüsusilə musiqi elminin bir sıra problemlərinin önə çəkilməsi diqqəti cəlb edir.

Son illərdə Azərbaycanın görkəmli bəstəkarlarının yubileylərinin təntənəli surətdə, beynəlxalq səviyyəli musiqi festivalları ilə qeyd olunması əlamətdar hala çevrilmişdir Digər yaşlı və orta nəslin bəstəkarlarının yubileyləri də Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə təntənəli surətdə Azərbaycan Dövlət Filarmoniyasında, yaxud da İttifaqın Ü. Hacıbəyli adına Konsert salonunda tədbirlər silsiləsi ilə qeyd olunur.

Azərbaycan Bəstəkarlar İttifaqının beynəlxalq əlaqələri genişdir. Xarici bəstəkarların, dirijorların və musiqi ifaçılarının respublikamıza gəlişi və konsertlər verməsi, öz konsertlərində Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirmələri, xarici ölkələrdə bəstəkarlarımızın əsərlərinin ifa olunması Azərbaycan peşəkar musiqisinin müasir dövrdə dünya miqyasında tanınması və təbliği sahəsində xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq əlaqələrin yaranmasında, inkişafında İttifaqda keçirilən görüşlər də əlamətdar olub.

Azərbaycan Bəstəkarlar İttifaqının respublika üzrə beş bölgə təşkilatı açılmışdır: Naxçıvan, Qarabağ, Gəncə, Lənkəran, Şəki şəhərlərində fəaliyyət göstərən musiqi xadimlərini – bəstəkar və musiqişünasları öz ətrafında cəmləşdirən bu bölgə təşkilatlarında səmərəli iş aparılır. Burada mütəmadi olaraq ABİ-nin səyyar plenumları və müxtəlif tədbirlər keçirilir.

Bəstəkarlar İttifaqının qurultayları, plenumları, müxtəlif musiqi tədbirləri – müsabiqələr, festivallar və s. həmişə Azərbaycanın musiqi həyatında diqqəti cəlb edir. Bəstəkarların yaradıcılığında, ümumilikdə Azərbaycan musiqisində mərhələ təşkil edən əsərlərin yaranması və səsləndirilməsi də çox hallarda qurultaylar, plenumlar və festivallar zamanına təsadüf edir. Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən təşkil olunan plenumlar, adətən, musiqinin müxtəlif janrlarına həsr olunur: simfonik musiqi, kamera-instrumental və vokal musiqi sahəsində, xalq çalğı alətləri orkestri üçün yazılmış əsərlərə həsr olunmuş plenumlar diqqətəlayiqdir. Həm bəstəkarların yeni yazılmış əsərlərinin geniş ictimaiyyətə təqdimatı baxımından, həm də bəstəkarın özünün, bir növ, yaradıcılıq hesabatı kimi.

Azərbaycan Bəstəkarlar İttifaqının prioritet fəaliyyət istiqamətlərindən biri də gənclərin yaradıcılığı ilə bağlıdır. ABİ-nin sıraları daim genişlənir, gənc bəstəkar və musiqişünaslar təşkilatın üzvü qəbul olunurlar. İttifaqın İdarə heyəti istedadlı gənc bəstəkar və musiqişünaslarla yaradıcılıq işi aparır, onları istiqamətləndirir. Bəstəkarlar İttifaqı mütəmadi olaraq gənclərin yaradıcılığına həsr olunmuş festivallar, plenumlar, konsertlər, konfranslar və simpoziumlar keçirir. Onların əsərləri xarici ölkələrdə də yayılır. Gənc bəstəkarlar Azərbaycan Bəstəkarlar İttifaqının keçirdiyi simfonik, kamera, xor, vokal-simfonik, uşaq musiqisi, xalq çalğı alətləri orkestri üçün yazılmış yeni əsərlərə həsr olunan bütün plenumlarda, festivallarda, müsabiqələrdə iştirak edir, onların ən yaxşı əsərləri televiziya və radio dalğalarında səsləndirilir.

Azərbaycan Bəstəkarlar İttifaqında yeni kitabların təqdimatının keçirilməsi ənənəvi hal almışdır. Bu silsilədən musiqişünas-alimlər Ramiz Zöhrabovun, Zemfira Səfərovanın, Zemfira Qafarovanın, Mina Hacıyevanın, Lətifəxanım Əliyevanın və başqalarının kitablarının təqdimat mərasimləri maraqlı tədbirlərdəndir və həmişə olduğu kimi, bu tədbirlər də dövri mətbuat səhifələrində işıqlandırılmışdır.

Son illərdə Azərbaycan Bəstəkarlar İttifaqında yaranmış ənənəvi tədbirlərdən biri də "Müasirlərlə dialoq" silsilə görüşlərin keçirilməsidir. Ziyalılarımızın xalqa tanıdılması, onların tövsiyələrindən bəhrələnmək, cəmiyyət və şəxsiyyət anlayışı hər zaman olduğu kimi bu gün də aktualdır. Bəstəkarlar İttifaqının "Müasirlərlə dialoq" adlı yeni layihəsinin ilk qonağı Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar olmuşdur. Bu silsilədən olan sonrakı tədbirlərdə tanınmış kinorejissor, xalq artisti Eldar Quliyev, Əməkdar Elm Xadimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı, Azərbaycan Memarlar İttifaqının katibi, əməkdar memar, professor Gülçöhrə Məmmədova, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov, tanınmış dövlət xadimi və yazıçı, Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Kamal Abdulla, Millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qənirə Paşayeva və digər ziyalılar Azərbaycan Bəstəkarlar İttifaqının qonağı olmuşdur.

Azərbaycan bəstəkarları ilə müxtəlif təşkilatlarda, təhsil müəssisələrində keçirilən görüşlər onların yaradıcılığının təbliği və musiqisinin geniş dinləyici auditoriyasında tanıdılmasına xidmət edir.

Fəaliyyət göstərdiyi böyük hadisələrlə zəngin zaman kəsiyində Azərbaycan bəstəkarlarını və musiqişünaslarını öz sıralarında birləşdirən Azərbaycan Bəstəkarlar İttifaqı nüfuzlu yaradıcılıq birliyi kimi ölkəmizin mədəni həyatında fəal iştirak edir, yüksək səviyyəli musiqi əsərlərinin yaranmasına hərtərəfli dəstək verir, özünün rəngarəng, əhəmiyyətli tədbirləri ilə musiqi həyatında daim canlanma yaradır.

Azərbaycan Bəstəkarlar İttifaqının sədrləri

[redaktə | mənbəni redaktə et]
  • "Azərbaycan Bəstəkarlar İttifaqı 2007–2012." Tərtibçi Cəmilə Həsənova (2012)
  • "На улице Хагани, 27". Наталья Дадашева (2014)
  • "Azərbaycan Bəstəkarlar İttifaqı: Böyük yolun tarixi". Lalə Hüseynova (2010)