Bizans ədəbiyyatı
Şərqi Roma İmperiyası (Yunanca: Βασιλεία τῶν Ῥωμαίων, Basileía tôn Rhōmaíōn "Roma İmperatorluğu"; Latinca: Imperium Romanum)və yaxud Bizans imperiyasının ədəbiyyatı. Buraya hər mənada, Bizans imperiyasının mövcudluğu dövründə yazılmış mətnlərin hamısı daxil edilir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Bizans ədəbiyyatı, o cümlədən mədəniyyəti öz tarixi boyu antik ənənələrə əsaslanıb. Yunan dilində yazılan Bizans ədəbiyyatı həm imperiyanın ərazisində, həm də onun hüdudlarından kənarda, itirilmiş torpaqlarda yaradılırdı.[1] Bizans müəllifləri Ksenofont və Platonun dilində yazırdılar ki, bu da artıq danışıq dilindən uzaq idi. Antik dövrdən əsas ədəbi janrların miras olaraq qalması ənənə şəklini alsa da Bizans ədəbiyyatı antik ədəbiyyatdan fərqli olaraq xristian yönümlü idi. Bu, köhnə janrların bir daha nəzərdən keçirilməsinə və yenilərinin yaranmasına səbəb oldu. Antik ənənələrin mənimsənilməsi orta əsr Qərbi Avropası üçün də xas idi. Lakin bunların arasında böyük fərq var idi: Qərbdə bədii əsərlər həm latın, həm də ayrı-ayrı xalqların dilində, Bizansda isə ancaq yunan dilində yazılırdı. Müasir və orta əsr yunan ədəbiyyatı da bu dildən bəhrələnmişdir.[2]
Bizans ədəbiyyatının tərifi
[redaktə | mənbəni redaktə et]Bizans ədəbiyyatı əsasən dini və tarixi əsərlərdən ibarət idi. Dini ədəbiyyatda Bibliyanın (incilin) izahı, nəsihətamiz kəlamlar, dini traktatlar və s. geniş yer tuturdu. Bizans tarixçilçri öz sələflərinin işini davam etdirərək onların əsərlərindən böyük parçaları köçürür, imperatorların həyatını müəyyən sxem üzrə danışır, tarixi personajları ritorik qanunlara uyğun danışdırırdılar.[3] Erkən Bizans tarixçilərindən Prokopi Kesariyskinin (V əsrin sonu — 562-ci illər), Feofilakt Simokatı (VII əsrin I yarısı), Anna Komninanı (X əsr), Ntkofor Qriqorini (XIV əsr) və b. göstərmək olar.[4] Folklor nümunələri saxlanmadığı üçün xalq yaradıcılığı və onun xüsusiyyətləri kilsə ədəbiyyatı əsasında öyrənilir. Büipərəstlik üzərində qələbəni möhkəmlətmək istəyən kilsə xalq danışıq dilindən, inamlarından və mahnılarından istifadə edirdi. Xalq dilində olan kilsə poeziyasının ən nümayəndəsi Roman Sladkopevesidi. Onun himnləri pravoslav kilsəsində populyar idi.
Şifahi xalq yaradıcılığında xalq kütlələrinin feodal zülmünə qarşı mübarizəsi əks edilib. Xarici düşmənlərə qarşı mübarizəni, doğma torpaqların müdafiəsi uğrunda qəhrəmanlığı tərənnüm edən epik mahnılar, o cumlədən Digenis Akrit haqqında feodal poeması bunların əsasında yaranıb. VII–IX əsrlərə aid qopunub saxlanmış ədəbi abidələrin sayı kəskin surətdə azalır. Antik təsir də bu dövrdə zəifləyir, əvəzində slavyan müstəmləkəçiliyinin təsiri artır. Bir çox atalar sözü, zərb-məsəllər bizanslıların məişətinə məhz slavyan folklorundan daxil olmuşdur.
X–XII əsrlərin xalq yaradıcılığı nümunələri əsasən şer formasında yazılmış epik, lirik və satirik əsərlərdir.[5]
Dövrləşmə
[redaktə | mənbəni redaktə et]Bizans ədəbiyyatı tarixi inkişaf zəmnində bir neçə dövrə bölünür.
- Onlardan birincisi antik dövrdən VII əsrin ortalarına qədər Qədim Afinanın ədəbi ənənəsinə və Roma İmperiyasının attisizminə söykənir. Daha sonra üslub standartları olaraq qəbul edilən postklassik müəlliflər, məsələn, dördüncü əsr natiqi Libani, klassik dövrün yazıçılarına məlum olmayan konstruksiyaların istifadəsinə icazə verdilər. Antik dövrdə istifadə olunmayan bəzi ədəbi üslublar erkən Bizans müəllifləri tərəfindən "klassiklər" təəssüratı yaratmaq niyyəti ilə oxucunu heyrətləndirmək üçün istifadə edilmişdir. Dövrün vacib bir yeniliyi, əvvəlcə təhsilli müşriklər arasında xristianlığın təbliğinin effektivliyini artırmaq məqsədi ilə kilsə müəllifləri tərəfindən bu üsullardan istifadə edilməsinin başlanğıcı oldu.[6]
- Son dərəcə az ədəbi əsərin yarandığı Qaranlıq əsrlər dövrü;
- IX–X əsrlərdə çiçəklənmə;
- XI əsrdən XIII əsrin ortalarına qədər;
- XIII–XV əsrlər.
Ədəbi formalar və janrlar
[redaktə | mənbəni redaktə et]Bizans imperiyasının ilk dövrlərində bədii ədəbiyyatda əsasən 2 janr daha çox inkişaf etmişdi: patristik ədəbiyyat və liturgik poeziya.[7] Orta əsr xristian ilahiyyatının bünövrəsi patristik ədəbiyyatla qoyulmuşdu. Onun nümayəndələri Vasili Kesariyski, İohann Zlatous və b. idi. Roman Sladkopevesin liturgik xristian poeziyasının inkişafında daha çox xidmətldəri olmuşdur. O, ibadət mahnılarının xüsusi formalarını yaratmışdı. Müqəddəs Kitabdan hər hansı əhvalatı söyləyən, kodak adlanan himn-poema, hər hansı müqəddəsin şərəfinə olan ikos və s. bu qəbildəndir. Dramatik hadisələr, dialoqlar onun üslubunun əsas xüsusiyyətləri idi. Xristian poeziyasının ən yaxşı cizgiləri Roman Sladkopevesin poeziyasında əks olunub: monolit əhval ruhiyyə, mənəviyyat, yüksək əxlaqi dəyərlər. VII əsrdən başlayaraq liturgik mahnıların ən populyar janrı kanon olub. Səhər himni olan bu kanonlar 9 mahnıdan ibarət idi. Bunların hər biri Əhdi-Ətiqin bir mahnısının poetik nümunəsidir. Onlar adətən bir neçə – çox vaxt 4 beytdən və özünəməxsus melodiyadan ibarət olurdu. XI əsrdə liturgiyaya daxil olan kanonlar ciddi müəyyənləşdi və yenilərinin əlavə edilməsi qadağan edildi. Liturgik poeziyanın heç də az populyar olmayan bir janrı da tropar idi. O, zəbur surəsindən sonra oxunan qısa duadan iri musiqi əsərinin yekun hissəsinə çevrilib.
Bizans poeziyası antik ənənələri davam etdirir, o dövrün şairləri antik əsatirləri nağıl edir, bununla yanaşı yeni şer formalarını da mənimsəyirdilər. Erkən Bizans müəlliflərinin əsərlərində xristian motivlərindən, incil süjetlərindən geniş istifadə edilirdi. Kilsə mühitində himnoqrafiya inkişaf edirdi ki, bunlardan da ibadət zamanı istifadə edilirdi. Onlar adətən İsa peyğəmbərə, Məryəm anaya, müqəddəslərə və ya Bibliya süjetlərinə həsr olunurdu. Bizansın kübar (dini olmayan) poeziyasında antik janr olan epiqramma qalmaqda idi. Epiqramma müəlliflərindən Pavel Silentiarini (VI əsr), Xristofor Mitilenskini (XI əsr) göstərmək olar. Keçmiş nümunələrdən bir qədər uzaqlaşan Xristofor əsasən kilsə bayramlarının təsvirinə geniş yer verərək bunlara satira elementləri daxil edir.
Kübar poeziyasının ən əsəri XI əsrdə patriarx (pravoslav kilsəsinin başçısı) Fotiyə məxsus "Miriobiblon"dur. Adı yunanca "çoxlu kitab" mənasını verən bu əsər şərhlərlə birlikdə 280 antik və erkən Bizans əsərlərinə aid annotasiyalardan ibarətdir. Foti kilsəyə xidmət etməklə yanaşı elm və incəsənətin himayədarı, antik mədəniyyətin pərəstişkarı və bilicisi idi. "Miriobiblona" fəlsəfə, ilahiyyat, təbabət, tarixə, natiqliyə aid əsərlər, səyahətlərin təsviri və məhəbbət romanları daxil idi. Fotinin əsərinin əhəmiyyəti bu gün bir də ondadır ki, orijinalı itirilmiş bir çox antik dövr müəlliflərinin əsərləri bizə məhz bu əsərin içində çatıb. Fotinin tənqidi mülahizələri orta əsr ədəbi tənqidinin ilk nümunələridir. Bizans ədəbiyyatının bu kübar cərəyanı onu Qərbin dini ədəbiyyatından kökündən fərqləndirir.
Mistik poeziyanın nümayəndəsi Simeon Novıy Boqoslovun "İlahi himnlər"ində dünyanın yaranması ilə əlaqədar düşüncələr, fəlsəfi mülahizələr mövcuddur.
XI əsrdə saray ədəbiyyatının nümayəndəsi, məhsuldar yazıçı, ensiklopedik alim olan Mixail Pselli göstərmək olar. Psell insan şəxsiyyətinin ziddiyyətlərini dünya ədəbiyyatında ilk dəfə təsvir edənlərdən biri idi. Onun eyni zamanda riyaziyyat, aqronomluq, təbabət, hüquq, fizika, hərb, tarix və fəlsəfəyə aid əsərləri də var. Onun şerləri, oda və epiqrammaları var. "Xronoqrafiya"da parlaq xarakteristikalar verərək özünü gözəl müşahidəçilik qabiliyyətinə malik realist-tarixçi kimi göstərir. XII əsrdə Feodor Prodrom bəzi əsərlərində o dövrün danışıq dilindən istifadə edir. Ona şerlə yazılmış "Rodanfa və Dosikl" adlı məhəbbət romanı, parodiyalı yunan poeması olan "Siçan və qurbağaların müharibəsi" əsərinin dramatik şerlə tədqiqi aiddir.
Son Bizans dövründə məhəbbət-macəra romanları geniş vüsət alır. Bunlar müəyyən mənada Qərbi Avropadakı cəngavər romanlarını xatırladırdı.
Bir çox xalqların ədəbiyyatı, o cümlədən rus ədəbiyyatı da Bizans ədəbi ənənələrinin davamçısı oldu.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Encyclopædia Britannica — "Greek literature: Byzantine literature"
- ↑ "The Modern Greek language in its relation to Ancient Greek", E. M. Geldart
- ↑ Каждан А. П. История византийской литературы (650–850 гг.). — Спб. : Алетейя, 2002. — с.20 — ISBN 5-89329-494-7.
- ↑ Agapitos P. A. Karl Krumbacher and the history of Byzantine literature // Byzantinische Zeitschrift. — 2015. — P. 9. — doi:10.1515/bz-2015–0002.
- ↑ Cf. Henry Fanshawe Tozer in The Journal of Hellenic Studies (1881), II.233–270; Krumbacher, op. cit., 198–211.
- ↑ Wahlgren S. Byzantine Literature and the Classical Past // A Companion to the Ancient Greek Language / Ed. by E. J. Bakker Nagy. — Wiley-Blackwell, 2010. — P. 527–538. — (Blackwell Companions to the Ancient World). — ISBN 978-1-4051-5326-3.
- ↑ Kazhdan, 1991. səh. 1688
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- ingilis dilində
- Agapitos P. A. Karl Krumbacher and the history of Byzantine literature. Byzantinische Zeitschrift. 2015. 1–52.
- Hinterberger M. The Language of Byzantine Poetry: New Words, Alternative Forms, and «Mixed Language» // A Companion to Byzantine Poetry. BRILL. Ed. by W. Brandes. 2019. 38–65. ISBN 9789004392885.
- Ševčenko I. Levels of Style in Byzantine Prose (Jahrbuch der Österreichischen Byzantinistik). 1981. 289–312.
- Wahlgren S. Byzantine Literature and the Classical Past // A Companion to the Ancient Greek Language. Blackwell Companions to the Ancient World. Wiley-Blackwell. Ed. by E. J. Bakker Nagy. 2010. 527–538. ISBN 978-1-4051-5326-3.
- alman dilində
- Hunger H. Die Hochsprachliche profane literatur der Byzantiner. München. 1978. ISBN 3 406 01427 5.
- rus dilində
- Каждан А. П. История византийской литературы (650—850 гг.). Спб.: Алетейя. 2002. səh. 529. ISBN 5-89329-494-7.
- Каждан А. П. История византийской литературы (850—1000 гг.). Алетейя. 2012. səh. 376. ISBN 978-5-91419-483-0.
- Лосев А. Ф.; və b. Античная литература. М.: Наука. 1986. (#explicit_et_al)
- Фрейберг Л. А. Византийская поэзия IV—X вв. и античные традиции // Византийская литература. М.: Наука. 1974. səh. 262.