Ekoloji piramidalar
Ekosistemin quruluşunu qida xarakterinə görə sxemə salanda ekoloji piramida alınır. Adətən belə piramidanın dibi geniş, zirvəsi dar olur. Piramidanın əsasına produsentlərin göstəricisi qoyulur. Sonrakı pilləkənlərdə konsumentlərin birinci, ikinci və üçüncü və s. qənimət səviyyələrinin göstəriciləri yerləşdirilir. Beləliklə piramida fikquru alınır. Lakin piramidanın dibindən zirvəsinə doğru ardıcıl daralması bütün ekosistemlər üçün mütləq deyildir. Ekoloji piramidanın bir neçə tipi vardır:
Say piramidası. Konkret qənimət səviyyəsinə aid olan növlərin sıxlığını digər qənimət səviyyəsindən olan növlərin sıxlığı ilə müqaisə etməklə say piramidası alınır. Hər qənimət səviyyəsindən bir növün sayını götürüb müqayisə etməklə də say piramidası alınır. Deməli sy piramidasına görə qənimət səviyyəsi fərqli olan növləri və növlər qrupunu müqayisə etmək mümkündür.
Biokütlə piramidası. Biokütləyə görə piramidanı yaş və ya quru biokütlə hesabı ilə qurmaq olar. Belə piramida kütləsi ağır gələn orqanizimlərin rolunu çoxaldır. Piramidanı qurmaq qaydası əvvəlki kimi qalır. Produsentlərdən başlayıb axırıncı konsumentlərə qədər hər qənimət səviyyəsinə daxil olan orqanizimlərin biokütləsi ardıcıl yerləşdirilir və piramida alınır.
Məhsuldarlıq piramidası. Məhsul piramidasını say artımına və ya biokütlə artımına görə qurmaq olar.
Enerji piramidası. Enerji mübadiləsinə görə qurulan piramida daha dəqiq göstəricidir. Enerji mübadiləsini əks etdirən piramida orqanizimlərin iri-xırda olmasından çox da asılı deyildir. Lakin piramidanın qurulma prinsipi eynidir. Ekosistemin hər qənimət səviyyəsində toplanan enerji özündən sonra gələn səviyyə ilə müqayisə edilir.
Bəzi ekosistemlərdə konsumentlər produsentləri o qədər intensiv yeyirlər ki, produsentlər fəal çoxalmalarına baxmayaraq, böyük biokütlə əmələ gətirə bilmirlər. Dənizdə, hərdən göldə (qış vaxtı) produsentlərin (fitoplankton) biokütləsi konsumentlərin (zooplankton) biokütləsindən az olur, yəni piramidanın dibi daralır.
Produsentlərin tərkibindəki maddə və enerji sonrakı qənimət səviyyəsinə iki yolla ötürülür: 1)fitofaq heyvanlar vasitəsi ilə, 2) saprofitlər və ya redusentlər vasitəsi ilə. İkinci yolu (detrit yolu) nəzərə alanda daha çox mürəkkəb forma alır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mustafayev Q. T. Ekologiyadan konspekt.Bakı, Şərq-Qərb,1993, 184 s.