Firudin Ağayev (neftçi)
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Firudin Ağayev | |
---|---|
Doğum tarixi | 19 fevral 1898 |
Doğum yeri | Zəngəzur qəzasının Aldərə kəndi |
Vəfat tarixi | 19 fevral 1958 (60 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | neft mühəndisi[d] |
Mükafatları |
|
Firudin Qulu oğlu Ağayev (19 fevral 1898, Aldərə, Zəngəzur qəzası – 19 fevral 1958, Bakı) — Sosialist Əməyi Qəhrəmanı (1943). İlk dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş ilk azərbaycanlı dəmiryolçu.
Həyatı
[redaktə | mənbəni redaktə et]Firudin (rusdilli sənədlərdə adı əsasən Fridun (Фридун) yazılırdı) 1898-ci il fevralın 19-da Zəngəzur qəzasının Aldərə kəndində sadə kəndli ailəsində anadan olmuşdur. Atası vəfat edəndən sonra heç bir təhsili olmayan Firudin Bakıya üz tutur. Öz xatirələrindən məlumdur ki, burada o, neft çənləri düzəldilən zavodda fəhlə, sonra isə çilingər şagirdi kimi çalışmışdır . Bir müddət sonra Bakı deposuna işə düzələn gənc, öz dili ilə desək, " parovozlara vurulmuş" və təhsilsiz olmasına baxmayaraq, onların quruluşunu öyrənməyə başlamışdır . Gəncin texnikaya olan marağı nəticəsində onun maşinist köməkçisi təyin edirlər. Özü üzərində çalışan Firudin 22 yaşında yazıb oxumağı öyrənmiş, daha sonra isə qəliz texniki ədəbiyyatla tanış olmağa başlamışdır. Dövrün reallıqlarını dərk edən gənc 1924-cü ildə Azərbaycan Kommunist Partiyasına üzv olmuş, sonra isə Tiflisdə parovoz maşinistləri kurslarını əla qiymətlərlə bitirmişdir. Firudin Qulu oğlu Ağayev 1958-ci ildə Bakı şəhərində vəfat etmişdir.[1]
Qeyd etmək lazımdır ki, Sosialist Əməyi Qəhrəmanı Firudin Ağayevlə bağlı materiallar həyat yoldaşı Mehdiyeva Ballı Cəfər qızının təşəbbüsü ilə ailə üzvləri tərəfindən 1964-cü ildə Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1898-ci ildə anadan olan Firudin hələ 13 yaşında Bakının neft mədənlərində işləməyə başlayır.
1922-ci ildə o, ixtisasını dəyişərək Depo qazanxanasına işə düzəlir. Gərgin zəhməti və əməksevərliyi nəticəsində tezliklə maşinist köməkçisi vəzifəsinə yüksəlir. Böyük Vətən müharibəsi başlayarkən isə F.Ağayev artıq xətlərə yeni buraxılmış sürətli, paravozları idarə edirdi. O, öz sahəsi üzrə yeni olan hər şeyi dərhal mənimsəyir və tətbiq edirdi.
Tiflis maşinist kursları onun bitirdiyi yeganə təhsil müəsisəsi olmuşdur.Bakıya qayıdandan sonra parovoz maşinisti işləməyə başlayan Firudin rəhbərliyin diqqətini özünə cəlb etmişdir. Belə ki, o, nəinki öz parovozunu əla vəziyyətdə saxlayır, hətta digər maşinistlərə kömək edərək texniki nazaslıqların aradan qaldırlmasında iştirak edirdi. İşlətdiyi texnikanı ən mükəmməl şəkildə öyrənən gənc maşinist yeni çəkilən dəmir yollarında mövcud olan problemli, qəza ehtimalını artıran sahələri göstərir, problemin mövcudluğunu texnkini dəlillərlə sübut edirdi. Beləliklə, onun köməyi ilə 30-dan artıq potensial qəza halları aradan qaldırılmışdır.
1929-cu ildən maşinist F.Ağayevə Azərbaycandakı dəmir yollarının ən ağır sahələrində işləmək, özü də bu sahələrdən sərnişin qatarlarını keçirmək həvalə olunur. O, nəinki bu işin öhdəsindən məharətlə gəlmiş, hətta bir sıra səmərələşdirici təkliflər vermişdir. Təkliflərdən biri rəhbərliyin diqqətini xüsusilə cəlb etmişdir.F.Ağayev göstərirdi ki, depolarda təmir briqadaları çatışmır və parovozlarda ən kiçik nasazlıq baş verəndə uzun müddət hərəkətsiz qalır, təmir üçün növbəyə dayanırlar. Bu həm iqtisadiyyata ziyan vurur (sərnişin və yükdaşınmalarda fasilələr əmələ gəlirdi), həm də maşinist və qatar heyətlərinin maaşlarına mənfi təsir göstərirdi. Təklif ondan ibarət idi ki, parovoz briqadalarının təcrübəli, bilikli işçilərindən ibarət təmir qrupları təşkil edilsin, parovozların xırda və orta təmirlərini onlar həyata keçirsinlər, keyfiyyətli təmirə görə maaş alsınlar. Təklif həm sadə zəhmətkeşlər, həm də rəhbərlik tərəfindən bəyənildiyindən qısa müddət əzrində müvafiq inzibati-təşkilati işlər aparılmışdır. 1943-cü ilin ağrılı-acılı günlərində o, həmkarı Vedernikov ilə birgə paravozların təmir edilməsi üçün xüsusi cədvəl tərtib etmişdi. Həmin illər Bakı Deposunda "Ağayevin qrafiki" ifadəsi deyimi çox məşhur idi.
1941–1945-ci illər
[redaktə | mənbəni redaktə et]1941-ci ildə dəmiryolunun Bakı bölməsinin 207 əməkdaşı planı 200% yerinə yetirdilər. Tədricən belə işçilərin sayı artdığından müəssisələr də planı artıqlaması ilə yerinə yetirirdilər. İş proseslərini sürətləndirən ən qabaqcıl üsullar tətbiq olunurdu. Maşinistlər optimal rejimləri seçərək qatarların sürətlərinin artırılmasına vəyanacağın qənaətinə nail olmuşdular. Maşınıst F.Ağayevin briqadası parovozu 75 min km təmirsiz istismar edərək 21 t yanacağa qənaət etmişdir. Bakı – Qudermez (Şimali Qafqazda döyüşlər onun yaxınlığında gedirdi) istiqamətində qatarların istismarı maşinistlərdən xüsusi bilik, bacarıq və rəşadət tələb edirdi. Belə ki, reyslərin birində açıq platformalarda tank və toplar daşıdığı zaman Ağayevin qatarı düşmən təyyarələrinin həmləsinə məruz qalır. Sürəti artırıb- azaltmaqla, kəskin şəkildə havaya çoxlu buxar buraxmaqla, yenidən sürətlə hərəkət etməklə maşinist qatarı zərbə altından çıxarıb cəbhəyə çatdırmağa nail oldu.
Müharibə dövründə Qafqazın ən iri hərbi-nəqliyyat qovşağı olan Bakı-Biləcəri dəmir yolu qovşağına böyük ağırlıq düşmüşdür. Biləcəri stansiyasında sutkada 970 vaqon doldurulub- boşaldılırdı. Azərbaycan lend-lizin Transiran marşrutunda əsas logistika mərkəzi olduğundan buradan çoxlu sayda texnika, silah və sursat daşınırdı. Həmçinin dəmir yolları ilə strateji xarakterli xammal, ərzaq və sənaye məhsulları da daşınırdı. Ümumilikdə, 1941–1945-ci illərdə Azərbaycan dəmir yolları ilə 600 mindən artıq neft və neft məhsulları olan sisternlər, 700 min vaqon yük göndərilimişdir. SSRİ-nin işğal olunmuş ərazilərindən təxliyə olunmuş zavod və fabriklərin Qafqaza, Mərkəzi Asiyaya köçürülməsində Azərbaycan dəmir yolları vacib rol oynamışlar. Canlı qüvvənin cəbhə bölgəsinə, işğal olunmuş ərazilərdən təxliyə olunmuş qaçqınların ölkənin dərinliklərinə daşınmasında da dəmir yollarının rolu böyük olmuşdur. Təsadüfi deyil ki, Bakı sərnişin vağzalı 1943, 1944 və 1945-ci illərdə SSRİ Yollar Nazirliyinin keçici Qırmızı Bayrağına layiq görülmüşdür. Azərbaycan dəmiryolçuları təkcə Azərbaycan SSR ərazisində deyil, həm də Təbriz- Culfa marşrutu üzrə işləyirdilər.
1943-cü il aprelin 15-də SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə dəmir yollarında hərbi vəziyyət elan olundu. Qərara əsasən, dəmir yollarının bütün fəhlə və qulluqçuları müharibənin sonuna qədər dəmir yollarında işə səfərbər olunmuş hesab edilirdilər. Firudin Ağayev 4000 ton yükü olan qatarları birdəfəyə aparan ilk maşinistlərdən olmuşdur. Onun yetirmələri olan maşinistlər Bünyadzadə, Qasımov, Andreyev, Hüseynov Zaqfqaziya üzrə yanacağın aylıq qənaət rekordunu qoymuşdular.
F.Ağayevin tərtib etdiyi parovozların təmirinin xüsusi qrafikində ən xırda elementlər belə nəzərdə tutulmuşdur. Bu, parovozlara cari texniki xidmət göstərməyə, onları təmirə dayandırmadan işlətməyə imkan vermişdir. Düşmən aviasiyasının bombardmanları altında qatarı manevrlərlə idarə etməyin qaydalarını tərtib edən Ağayev neçə- neçə eşelonu xilas etmişir. Qocaman maşinist özü dəfələrlə 4000 ton yük olan qatarları cəbhə xəttinə çatdırmışdır.
Azərbaycan dəmiryolçuları SSRİ dəmiryolçularının müharibə dövrü şüarını – "Vaxtında çatdırılan hər qatar düşmənə zərbədir" canla- başla həyata keçirmişdilər.
1945-ci il mayında müharibə antifaşist ölkələrin qələbəsilə nəticələndi. Müharibə illərində Azərbaycan dəmir yolları müəssisələrinin göstərdiyi fədakarlıq və rəşadət SSRİ rəhbərliyinin nəzərindən qaçmamışdır. Respublikanın o dövrdəki rəhbəri Mir Cəfər Bağırov yaranmış şəraitdən istifadə edərək Azərbaycan dəmir yollarının Zaqafqaziya dəmir yolları tərkibindən çıxarılması təklifini irəli sürdü. Nəticədə SSRİ Dövlət Müdafiə Komitəsinin 1945-ci il 6 iyul tarixli əmrinə əsasən Azərbaycan dəmir yolları Zaqafqaziya dəmir yolu tərkibindən çıxarıldı. SSRİ Xalq Yollar Komissarlığının 1945-ci il 28 iyul tarixli, 647/9 saylı əmri ilə Azərbaycan dəmir yolları müstəqil qurum kimi təşkil edildi.
Müharibə illərində bütün texnika və avadanlıq, demək olar ki, sıradan çıxmışdı. Yeni texnika və avadanlıq ümumiyyətlə istehsal olunmur, əsaslı təmir aparılmır, ehtiyat hissələri, relslər, şpallar çatışmırdı.F.Ağayev Bakı şəhər zəhmətkeş deputatları Sovetinin deputatı, üç dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, iki dəfə Ali Sovetin Rəyasət Heyətinin üzvü olmuşdur.[2]
1951-ci ildə təqaüdə çıxana qədər Bakı dəmiryolu deposunda baş maşinist kimi çalışan F.Ağayevin adı 5 noyabr 1957-ci ildə Azərbaycan dəmir yolları Şöhrət Kitabına salınmışdır.
Təltifləri
[redaktə | mənbəni redaktə et]İşlədiyi qatarları vaxtı-vaxtında və qəzasız mənzilə çatdrıması, istərsə də texnikanı əla vəziyyətdə saxlaması və bu baxımdan digər maşinistlərə kömək etməsinə görə 1934-cü ildə "Stalin zərbəçisi" nişanına, 1935-ci ilin mart ayında ona "1-ci dərəcəli maşinist" dərəcəsi verildi. 1943-cü ildə 118 nömrəli "Qızıl Ulduz" və 16249 nömrəli Lenin ordeninə layiq görülmüşdü. Təlimatçı-maşinist Firudin Qulu oğlu Ağayev SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 5 noyabr 1943-cü il tarixli Fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü. Müharibənin sonunadək əzmkarlıqla çalışan F.Ağayev 18 sentyabr 1944-cü il tarixində "Qafqazın müdafiəsinə görə medal" ilə təltif edilmişdir. 1945-ci ildə 36 dəmiryolçu orden və medallarla, 116 nəfər SSRİ Xalq Yollar Komisarlığının fəxri nişanları ilə təltif edilmişdir. 11 avqust 1945-ci ildə SSRİ Xalq Yollar komissarı tərəfindən maşinist- təlimatçı F.Ağayevə "Fəxri dəmiryolçu" nişanı verilmişdir. 25 yanvar 1946-cı il tarixində F.Ağayev "Böyük Vətən müharibəsində şərəfli və fədakar əməyə görə" medalı ilə təltif olunmuşdu. 1949-cu ildə "Əməkdə fərqlənməyə görə" ("За трудовое отличие") medalı ilə təltif edildi. Həmin ildə o, SSRİ Yollar Nazirliyi tərəfindən "Əla parovozçu" nişanına layiq görülmüşdü.
1943-cü ilin noyabr ayında isə F.Ağayev Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görüldü[3].
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Герои стальных магистралей. Кн. 2. М. 2003
- Герои стальных магистралей. Кн. 3. М. 2004
- Герои труда военных лет 1941–1945. М. 2001
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Ramiyə İsmaylova MATM kolleksiyasında ilk azərbaycanlı Sosialist Əməyi Qəhrəmanı Firudin Ağayevə aid materiallar. Milli Azərbaycan Tarixi Muzeyi-2020.Bakı,411 s.
- ↑ Ramiyə İsmaylova MATM kolleksiyasında ilk azərbaycanlı Sosialist Əməyi Qəhrəmanı Firudin Ağayevə aid materiallar. Milli Azərbaycan Tarixi Muzeyi-2020.Bakı,412–416 s.
- ↑ "Агаев Фирудин Гули-оглы". 2020-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-20.
- 19 fevralda doğulanlar
- 1898-ci ildə doğulanlar
- 19 fevralda vəfat edənlər
- 1958-ci ildə vəfat edənlər
- 60 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Bakıda dəfn olunanlar
- Sosialist əməyi qəhrəmanları
- "Lenin" ordeni ilə təltif edilənlər
- "Qırmızı ulduz" ordeni ilə təltif edilənlər
- Zəngəzur qəzasında doğulanlar
- Neftçilər
- Zəngəzurda doğulanlar
- Azərbaycan SSR Ali Sovetinin deputatları
- Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları