Georgi Sinkell
Georgi Sinkell | |
---|---|
Doğum tarixi | VIII əsr |
Vəfat tarixi | ən tezi 810 |
Georgi Sinkell (yun. Γεώργιος ὁ Σύγκελλος; VIII əsr – ən tezi 810) – Bizans tarixçi-salnaməçisi, rahib, patriarx Konstantinopollu Tarasinin (784–806) sinkelli, katib və saray nümayəndəsi.
Onun dünyanın yaranışından IX əsrin əvvəllərinədək ümumdünya salnaməsi kimi düşünülmüş "Seçilmiş xronoqrafiya" əsəri 285-ci ilədək yazılmışdı. Ölüm ərəfəsində dostu Tövbəkar Feofana əsər üzərində işin davamını vəsiyyət etmişdi. Sinkellin əsas tarixi məlumat mənbələri Yuli Afrikanın, Kesariyalı Yevsevinin, Panodorun və Aleksandriyalı Annianın itmiş əsərləri və İosif Flavinin əsərləri olmuşdur. Həmin müəlliflərin əsərlərindən gətirdiyi iqtibaslar sayəsində Manefonun və Berossun əsərlərindən parçalar, Enoxun Kitabı və Yubileylər Kitabının, "Adəmin həyatı" və bu kimi yunan apokrifik kitabların mətni günümüzə gəlib çatmışdı. Onun əsəri 11 əsrə aid 2 əlyazmada tam şəkildə saxlanılmışdı. Sinkellin "Seçilmiş xronoqrafiya"sını Bizans müəllifləri yüksək qiymətləndirirdilər. Son antik müəlliflərin itmiş salnamələrinə əsaslanan əsəri yeni dövr Avropa alimləri tərəfindən tarixi xronologiyanın hazırlanması üçün mühüm mənbələrdən biri olmuşdur.