Bu, yaxşı məqalədir. Daha çox məlumat üçün klikləyin.

Hörmətli fahişə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hörmətli fahişə
fr. La Putain respectueuse
Teatr tamaşasının 1946-cı ildə nəşr olunan kitabının üz qabığı.
Teatr tamaşasının 1946-cı ildə nəşr olunan kitabının üz qabığı.
Ölkə Fransa Fransa
Yazıçı Jan Pol Sartr
Obrazlar Lizzi, Fred,
Senator, Zənci,
Ceyms, Con
Nümayiş tarixi noyabr, 1946
Nümayiş yeri “Antoin” teatrı
Orijinal dili fransız dili
Mövzu irqi ayrı-seçkilik, cinayət
Janr ekzistensializm
Mövzudakı hadisənin tarixi 1930-cu illər
Mövzudakı hadisənin yeri ABŞ-nin cənub qəsəbələrindən biri
Sayt IBDB saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hörmətli fahişə və ya Səxavətli fahişə (fr. La Putain respectueuse) — Fransa yazıçısı və filosofu Jan Pol Sartr tərəfindən 1946-cı ildə fransız dilində yazılan teatr tamaşası. İki pərdəli əsərdə hadisələr 1930-cu illərdə Amerika Birləşmiş Ştatlarında baş verir.[1] Əsərin əsas süjet xətti cənub əyalətlərinin birində yaşayan ailənin oğlanlarını zənci bir şəxsi qətlə yetirdiyi üçün həbs edilmələrindən qurtarmasından bəhs edir. Ailə bu istəyini küçə qadını Lizzi MekKeyi oğlanlarının əvəzinə günahsız zənci şəxsi günahlandırması üçün yalandan şahidlik etməsinə razı salaraq həyata keçirir.[2]

İlk dəfə 1946-cı ilin noyabrında nümayiş olunan tamaşa, Sartrın 1945-ci ildə ABŞ-yə etdiyi səyahətdəki müşahidələrindən sonra yazılmışdır. Yazıçı teatr tamaşasını 1931-ci ildə bu ölkədə baş verən doqquz zənci şəxsin iki küçə qadınına təcavüz etməklə günahlandırıldığı üçün həbs edildiyi Skottsboro məhkəməsindən və səyahət ərəfəsində burada tanış olduğu Riçard Raytın əsərlərindən ilhamlanaraq yazmışdır.[3] Sartr əsərdə irqçiliyi və Amerika cəmiyyətindəki təbəqə sistemini küçə qadının, ona təcavüz etdiyi üçün günahlandırılan zənci şəxsin və cinayət törətmiş varlı şəxsin hekayəsindən bəhs edərək ironik bir şəkildə sərt tənqid etmişdi.[4]

Sartrın ekzistensializm janrında yazdığı və Lizzinin əhatəsində sərt kişilər, varlılar və linç şəxslərinin olmasına baxmayaraq seçimlərində nə qədər azad olduğundan bəhs edən əsər bir çox tənqidlərə məruz qalmışdır.[5] Əhali yazıçının bir fransız olaraq Amerika Birləşmiş Ştatlarına qarşı çıxdığını bildirmişdi. Sartr gələn bu tənqidlərə belə bir cavab vermişdi: "Mən Amerika Birləşmiş Ştatlarına yox, irqi ayrı-seçkiliyə qarşıyam."[3] Digər tənqidlərdə Sartın ABŞ-də qaldığı qısa müddətdə əhalinin gündəlik vərdişləri barədə düzgün müşahidələr apara bilmədiyi bildirilmişdi.[6] Həmçinin Sartrın zənci obrazında gücsüz və çarəsiz bir xarakter yaratması, haqsızlığa qarşı mübarizə aparmaq əvəzinə imtina etməyə üstünlük verməsi liberal baxımdan tamaşaçılar tərəfindən xoş qarşılanmadı.[7]

Sartr 1952-ci ildə ekranlaşdırılan filmi izləyərək, tamaşanın SSRİ-də nümayiş olunması üçün əsərin sonunu dəyişdi. Dəyişdirilmiş yeni sonda Lizzi yalandan şahidlik etməyi rədd edərək təbəqə ayrı-seçkiliyini və irqçilikdə qırılma nöqtəsi ortaya çıxardı.[8] Yazıçı əsərin sonundakı dəyişikliklə əlaqədar olaraq bildirmişdir: "Ən gənc şəxslərə kimi bir çox şəxslərin bu teatr tamaşasını seyr etdiyindən xəbərdaram. Əsərin məyusedici bir halda sonlandırılması tamaşaçını çox məyus etdi. Həyatda mübarizə aparmaq məcburiyyətində olan bu kütlənin ehtiyacı olan yeganə şeyin ümid olduğunu bilirəm."[9] Əsas personajın qəhrəmancasına qərarı və tamaşanın optimist sonlandırılması 1930-cu illərdə ABŞ-dəki irqi ayrı-seçkiliyi xatırlatmadığı üçün yenidən bir çox tənqidlərə məruz qaldı.[9]

Sartrın az tanınan teatr tamaşalarından biri olan[10] "Hörmətli fahişə" əsəri ilə əlaqədar olaraq Andre Jid 1947-ci il 15 mart tarixli qeydlərində bildirir ki, "Sartrın "Hörmətli fahişə" əsərinin bir növ şah əsəri olduğunu düşünürəm. Yazıçının son yazdığı iki uzun və sıxıcı romanlarından heç xoşum gəlməmişdi. Lakin "Hörmətli fahişə" əsəri Sartrın yazdığı gözəl hekayələrdən sonra yaratdığı ən güclü və mükəmməl tamaşadır."[11]

Tamaşanın mənşəyi

[redaktə | mənbəni redaktə et]

1945–1946-cı illər

[redaktə | mənbəni redaktə et]
Jan Pol Sartr "Hörmətli fahişə" tamaşasını 1946-cı ildə, Amerika Birləşmiş Ştatlarına səyahət etdikdən sonra yazmışdır.

İkinci Dünya Müharibəsindən sonra Fransanın üzərində Amerika Birləşmiş Ştatlarının mədəni təsirlərinin olduğu görünürdü.[12] 1945-ci ilin yaz aylarında ölkədəki kinoteatrlarda ABŞ-nin nuar filmləri nümayiş olunurdu. Daha əvvəl Sergey EyzenşteynVsevolod Pudovkin kimi rus rejissorlarının filmləri ilə maraqlanan Sartr və Simona de Bovuar Orson Uellsin filmlərini də izləyirdilər. İosif Stalinin idarə etdiyi SSRİ-də tamaşaçını həyəcanlandıran bir filmin olmadığına inanırdılar.[12] Sartr və Bovuar, Uellsin 1941-ci ildə ekranlaşdırığı Vətəndaş Keyn adlı filmini çox bəyəndilər.[12] Müharibədən sonra 1945-ci ildə Sartr ABŞ-yə iki dəfə səyahət etdi və ölkədə irqi ayrı-seçkiliyin düşünmədiyi qədər böyük ölçülərdə olduğunu müşahidə etdi.[13] Anni Jolan Solal bildirir ki, "Evindən, gündəlik həyatından və tarixi tolerantlıqlarından uzaqda olan bu səyahətlər Sartrın siyasi mübarizələrinin başlanğıcı oldu."[14] Səyahətdən sonra nəşr etdirdiyi məqalələrində də bu irqi ayrı-seçkiliyi daim tənqid etdi. "Le Figaro" qəzetindəki məqalələrin birində Sartr yazırdı: "ABŞ-nin istər şimalında, istərsə də cənubunda zənci şəxslərlə ağ şəxslər arasındakı fərqlər məni doğrudan da çox təəccübləndirdi." Yalnız xidmət şirkətində işləyə bilən zəncilərin küçələrdə ağ şəxslərin yanından keçməsi belə problemlərə səbəb olurdu.[14]

Sartrın müşahidələrinə görə ağ Amerikan cəmiyyəti zəncilərlə əlaqələnmirdi və onların da özləri ilə əlaqalənməməsini istəyirdilər. Ağ şəxslər zəncilərin yeganə olaraq liftlərlə, baqajlarla və ya ağ şəxslərin ayaqqabıları ilə maraqlanmalarını istəyirdilər.[14] Çünki ağ şəxslər zənciləri yaxşı vəziyyətdə görmək istəmirdilər. Bu mövzuda nəşr edilən ilk məqaləsindən sonra Amerikanlar Sartra öz daxili işlərinə qarışmaması barədə xəbərdarlıq etdilər. Yazıçı "Le Figaro" qəzetində nəşr edilən ikinci məqaləsində bildirirdi:

" Belə görünür ki, zənci problemini aradan qaldırmağın tək bir yolu var. Bu yol elə də asan deyil. Amerikan işçi təbəqəsi (həm ağ şəxslər, həm də zəncilər) rəhbərlik təbəqəsinə qarşı çıxaraq hər iki şəxslərin arasında ayrı-seçkiliyin olmamasını başa düşərsə və birlikdə bərabər hüquqlar üçün mübarizə apararlarsa bu məsələ öz həllini tapacaqdır.[14] "

İrqçilik müharibə ilə bərabər Sartrın diqqətini cəlb edən anlayış idi. Sartr 1946-cı ildə "Hörmətli fahişə" tamaşasını yazmazdan əvvəl "İrqçilik və Yəhudilər" (fr. Reflexions sur la question juive) adlı məqalə nəşr etdirmişdi.[10] Bu məqaləsində yazıçı nasional sosializmdən yox, irqçiliyin Fransada yaratdığı təsirlərdən bəhs edirdi. Sartr bu cür bildirərək antisemitizmi də xatırlatdı: "Bir yəhudi hardan gəlirsə gəlsin və ya nə etmiş olursa olsun. Fərqi yoxdur! Öldürülməlidir. Bir müharibəyə hazır olduğu və ya bir müqavimət hərəkatında iştirak etdiyi üçün yox. Çox daha asan bir səbəb: Bir yəhudi olduğu üçün."[15] Yazıçı üzərində müşahidələr apardığı kapitalizmə qarşı reaksiyasını "Hörmətli fahişə" tamaşasını yazaraq göstərdi.[16] Bu tamaşanı yazarkən mövzuya eyni fikir baxımından yanaşdı. Yazıçı qeydlərində bildirirdi ki, "Eynilə yəhudinin tək günahının yəhudi olması fikrini zəncilərə də aid etmək olar. "Bir zənci hər zaman pis şeylər edər" fikri hal-hazırda dünyada insanların düşüncələrinə hakimdir."[15]

Skottsboro məhkəməsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Skottsboro məhkəməsi

Sartrın tamaşanı yazarkən 1931-ci ildə ABŞ-də baş verən "Skottsboro məhkəməsi" ilham mənbəyi olmuşdur.[17] Bu məhkəmədə Alabama istiqamətində irəliləyən qatarda iki küçə qadınına təcavüz etdikləri iddia edilən doqquz zənci şəxs günahlandırılmış və onlar təcavüz etməkdən həbs edilmişdi.[13] Məhkəmə əsnasında qadınlardan birinin zəncilərlə bağlı mənfi ifadəsindən imtina etməyinə baxmayaraq məhkəmə öz fikirlərindən geri dönmədi. Şübhəlilər illərlə həbs cəzası almışdı.[13]

1931-ci ildə Alabamada iş tapa bilmək üçün cənub əyalətinə gedən ağ və zənci şəxslər arasında qatar hərəkətdə olarkən mübahisə yarandı.[18] Qatar mühafizəçisi 1931-ci il mart ayının 25-də Alabamada yerləşən Skottsboro qəsəbəsində doqquz afroamerikalı zənci və dörd ağ şəxs qatardan endirilərək həbs edildi.[19] Həbs edilən iki ağ şəxsin kişi paltarları geyinmiş qadınlar olduğu ortaya çıxdı. Rubi Bets və Viktoria Pris adlı bu qadınlar ifadələrində iş tapa bilmək üçün qatarda olduqlarını bildirdilər. Əslində küçə qadını olan Bets və Pris həbs edilmək istəmədikləri üçün doqquz gənc şəxsin onlara təcavüz etdiyini iddia etdilər.[20] Bir-birlərini tanımayan doqquz zənci şəxs hamsı ağ şəxslərdən ibarət olan məhkəmə üzvləri tərəfindən təcavüz etdikləri üçün günahlandırıldı. On üç yaşında olan Roy Rayt xaricində digərləri ölüm hökmü ilə cəzalandırıldı.[20] Bu məhkəmə "qanuni linç" anlayışının yaranmasına da səbəb oldu.[18] ABŞ-nin ağ şəxslərinin daha çox yaşadığı cənub əyalətlərində ədalətli qərarların verilməməsi mövzusu ilə tez-tez qarşılanırdı. 1882–1946-cı illərdə ABŞ-də beş yüzdən çox zənci üçün linç məhkəməsi baş tutmuşdu.[21] Buna baxmayaraq, bu məhkəmə beynəlxalq ictimaiyyətdə geniş əks-səda yaratdı. Kommunistlər Amerikalı zəncilərin və onları dəstəkləyənlərin gənc şəxsləri müdafiə etməsi üçün çox köməklik göstərdilər. Qadınlardan birinin zəncilərlə bağlı mənfi ifadəsindən imtina etməyinə baxmayaraq "Skottsboro şəxsləri" olaraq adlandırılan şübhəlilərin ən sonuncu məhkumu 1950-ci ildə azadlığa buraxıldı.[18]

Süjet xülasəsi

[redaktə | mənbəni redaktə et]

Birinci pərdə

[redaktə | mənbəni redaktə et]

Cənub əyalətlərinin birində yaşayan tanınmış ailənin övladı gənc sənaye işçisi Tomas və onun üç dostu futbol matçından sonra sərxoş şəkildə qatara minirlər. Şimal əyalətlərinin birində yaşayan küçə qadını Lizzi də özünə kiçik cənub qəsəbəsində yeni həyat qurmaq üçün eyni qatarla səyahət edir. Sərxoş ağ şəxslər əvvəlcə Lizziyə tanış olmaq üçün yaxınlaşırlar. Daha sonra isə qatara minən iki zənci şəxsi ələ salıb onlarla mübahisə edirlər. Tomas cibindən silah çıxardıb zənci şəxslərdən birini qətlə yetirir. Bunu görən digər zənci şəxs isə qorxaraq qatarın şüşələrindən tullanaraq qaçır. Lizzi isə bütün hadisələrin şahidi olmuşdur.

Bir-birlərini tanımayan ağ şəxslər bu cür şəxslər toplanaraq aralarında nəsə danışarlarsa, bu mütləq bir zəncinin qətlə yetirilməsinə işarədir.

Birinci səhnə. Zənci şəxsin dialoqu.[22]

Teatr tamaşasının ilk səhnəsində qaçan zənci şəxs Lizzinin yeni yaşamağa başladığı evində tapır və özünü xilas etməsi üçün ondan kömək istəyir. Lizzi zənci şəxsə kömək etməsi üçün şəxsin lehinə ifadə verməli idi. Qadın əvvəlcə hakimləri və polisləri qarışıqlığa salacaq bu təklifi rədd edir. Lakin zənci şəxs Lizziyə çöldə yığışan ağ şəxslərin onu axtardığını və ona linç mühakiməsi ediləcəyini bildirir. Lizzi heç bir günahı olmayan zənciyə kömək edəcəyinə söz verir və ondan evdən getməsini istəyir. Zənci şəxs Lizzidən onu gizlətməsini xahiş edir. Lakin qadın bu təklifi qəbul etmir və şəxsi yaşadığı evdən uzaqlaşdırır.

Lizzinin qəsəbədəki ilk müştərisi qapının zəngini çalaraq gizlənən Fred adlı ağ şəxsdir. Fred həmin ərazinin Senatorunun oğludur. O, bir gün əvvəl rəqs barında Lizzi ilə qarşılaşmışdır. Qadınlara heç vaxt güvənməyən və Lizzi ilə keçirdiyi gecəyə aid utanc hissini qadından yatağı "günah qoxusu gəldiyi üçün" yığmasını istəyən Fred polisin gəlməyini gözləyirmiş kimi görünür.[23] Gənc şəxs Lizziyə əvvəlki gecə üçün on dollar təklif edir. Bunu eşidən Lizzi əsəbləşir. Lakin Fred ona Senatorun oğlu olduğunu bildirir. Şəxsin zəngin olmasından və ehtişamdan təsirlənən Lizzinin əsəbləri sakitləşir. Buna baxmayaraq Lizzi yenə də pulu qəbul etmir. Bunu görən Fred pulu masanın üzərinə qoyur.

Fredin Lizzi ilə bir gecə keçirməsinin səbəbi əvvəlki gün qəsəbəyə gələn zaman başına gələnləri qadının özündən eşitmək və onu istədiyi tərəfə istiqamətləndirmək idi. Çünki Fred zənci şəxsi qətlə yetirən Tomasın əmisi oğludur və Tomasın cəzalandırılmasını istəmir. Lizzinin başına gələnləri eşitdikdən sonra bunların doğru olmadığını bildirən Fred ona özünə görə doğru hadisələri danışır. Fredin danışdığına görə iki zənci şəxs Lizziyə təcavüz etmək istəmiş, bunu gərən bəzi ağ şəxslər isə qadını xilas etməyə çalışmışlar. Zənci şəxslərdən birinin bıçaq çıxardığını görən Tomas silahını çıxardıb onu qətlə yetirmiş, digər zənci adam isə qorxaraq qaçmışdır.

Gənc şəxs Lizzidən polisə Tomasın lehinə olan hekayəni danışmağını istəyir. Lizzi gerçək hadisəyə qarşı hörmətli olmasının lazım olduğunu bildirir. Fred onun bu ifadəsinə qarşı olaraq bildirir: "Gerçək olan bir şey yoxdur. Məsələdə ağ şəxslər və zənci şəxslər var. Bu qədər!"[24] Lizzi heç kimə zərər vermək istəmir. Fredə bir dəfə də zənci şəxsin bir günahının olmadığını vurğulayır. Fred onun bu sözünə qarşı isə bildirir ki, "Zənci şəxslər hər zaman bir şeylər edərlər."[25] Fredin düşüncəsinə görə ağ şəxslərin birlikdə hərəkət etdiyi və cəzalandırılmayacağı cənub əyalətlərində zənci şəxsi öldürmək cinayət yox müdafiədir. Fred son dəfə qadına Tomasın tərəfində olması üçün 500 dollar təklif edir. Lizzi bu məbləği qəbul etmir. Amma böyük bir dilemma arasında qalmışdır. Gerçəyin nə olduğu, əxlaq, qanun və təcrübədən daha önəmli olaraq məsələdə ağ şəxslərin birliyi var idi. Lizzi ilk dəfə aid olduğu təbəqə ilə hissedə biləcək və ya etika dəyərlərinə hörmət edərək onlardan tamamilə uzaqlaşacaqdır.[26]

Həmçinin iki polis Lizzinin evinə əllərində yazılmış sənədlə gəlir və Lizzidən bu sənədi imzalamağını istəyir. Polislər Lizziyə əgər imzalamasa Tomasın cinayət səbəbi ilə həbs ediləcəyini bildirirlər. Bununla Lizzi Tomasın xilas edilməsi üçün ailəsinin, polisin və yüksək məqamların ortaq işlədiyini başa düşür.[27] Lizzi sənədi imzalamağı rədd edir. Bunu görən polislər onu küçə qadını olmaq səbəbindən təhdid edirlər. Təhdidə sübut olaraq Fredin qadının götürməyə rədd etdiyi üçün masanın üzərində qoyduğu on dolları göstərirlər. Bunu eşidən Lizzi Fredlə mübahisə etməyə başlayır. Fred evi tərk etmək üçün qapıdan çıxmaq istəyərkən evə atası Senator Klarkın girdiyini görür.

Tomas zənci bir şəxsi qətlə yetirdi. Bəli bu çox pis şeydir. Amma ona ehtiyacım var. O, dəqiqliklə Amerikalıdır. Ölkənin ən tanınmış ailələrindən birinə mənsubdur. Horvuardda təlim gördü. Zabit olaraq məktəbi bitirdi. Fabrikində iki min şəxs işləyir. Əgər o ölsə iki min şəxs işsiz qalar. O bir öndərdir. Kommunizmə, həmkarlar ittifaqına və yəhudilərə qarşı güclü müdafiəçidir. Yaşamaq onun vəzifəsidir. Sənin vəzifən isə onu yaşatmaqdır. Bu qədər. İndi isə buyur, seçimini et.

Dördüncü səhnə. Senatorun dialoqu.[28]

Senator Klark Lizziyə Fredə görə çox sakit davranır və doğru bildiklərini soruşmaq üçün suallar verməyə başlayır. Qadının bildirdiyi heç bir şeyə qarşı çıxmır və şərəfinə təhqir etmir. Ona müxtəlif hadisələrdən bəhs edir. Senator Lizzinin cəmiyyətin bir üzvü kimi hiss etməsini təmin edərək subyektivləşməsini istəyir.[29] Önəmli olan hər kəsin qəbul etdiyi ortaq düzgün hadisəyə qərar verə bilmək idi. Senator üçün ən önəmli olan qardaşı oğlunun yaşaması idi. Senator oğlu Fredin düşüncələrinin əksinə olaraq zəncilərin şeytan olduğuna inanmır. Onun fikrincə zəncilər sadəcə əhəmiyyətsiz və dəyərsizdir. Səhvən dünyaya gəlmiş, gerçək şəxs kimi yaşaya bilməyən və ölümlərinin kimisə maraqlandırmadığı zəncilərə nəzərən Tomas kimi bir şəxsin həyatı dəyərli və prioritetlidir. Çünki Tomas nəyisə idarə etmək üçün doğulmuşdur. Senatorun digər bir fikri isə hadisədəki zərər çəkəni dəyişdirmək idi. Fredin fikrincə zərər çəkən Tomasdır. Senator isə Lizzinin gözündə zərər çəkən şəxsi mifoloji bir qadına çevirir.[29] Bu qadın Tomasın anası Meridir. Senatorun fikrincə Meri zəngin amma çarəsiz bir qadındır. Çünki oğlunun taleyi Lizziyə bağlıdır. Senator Lizziyə Tomasın həbs edilməsindən sonra Merinin çox pis olacağını bildirir. Lakin Lizzi sənədi imzalarsa, Merinin gözündə dəyəri artacaq. Aşağı və yuxarı təbəqə arasındakı ayrı-seçkilikdən istifadə edən Senator Merinin Lizzini öz səviyyəsində görəcəyini bildirir. Bu fikirlərinin Lizziyə təsir etməsini istəyir. Lizzinin Tomas barədə yaxşı vətəndaş kimi ifadə verməsi Merini təsirləndirəcək. Senator Lizziyə hörmət edirmiş kimi danışaraq onun üzərində hökm qurub digər bəyaz şəxslərin onu necə görəcəklərinə diqqət ayıraraq qadını ağ şəxslər cəmiyyətindəki qanunların daxilinə aparır. Lizzi Meri kimi yüksək təbəqlərdən olan şəxslərin hörmətini qazanmaq istəyir. Lizzinin yaşadığı cəmiyyətdə dürüst vətəndaş olaraq qəbul edilməsi və ağ şəxslərin cəmiyyətində yaşaması üçün ödəyəcəyi lazım gələn məsələ zəncinin həyatı ilə bağlıdır. Nəticədə Lizzi Senatorun vədləri ilə düşüncələrini dəyişir. Sadə şahidlik edərək bütün qəsəbənin hörmətini və təqdirini qazanacaq. Bu fikirlərə inanan Lizzi sənədi imzalayır. Senator sənədi götürərək evi tərk edir. Bununla da birinci pərdə sona çatır.

İkinci pərdə

[redaktə | mənbəni redaktə et]

Gecə vaxtı idi. Zənci şəxs son bir dəfədə Lizzinin evinə gəlir və pəncərədən evə daxil olur. Bu vəziyyətdə qapının zəngi çalır. Bunu eşidən zənci şəxs gizlənir. Lizzi qapını açır və Senator Klarkla qarşılaşır. Senator Tomasın sərbəst buraxılmasında köməklik göstərdiyi üçün Lizziyə təşəkkür edir. Onun qadınla bağlı rəftarı dəyişir. Bacısının göndərdiyini bildirdiyi məktubu Lizziyə verir. Lizzi ziyalı bir qadından məktub aldığı üçün çox sevinir. Lakin məktubun içindən yüz dollar çıxır. Senatorun bütün sözlərinin hiylə və yalan olduğunu başa düşən Lizzi Senatora reaksiyasını bu cür açıqlayır: "Mən bu günə kimi hörmətli rəftar etdikləri üçün hər zaman qocalarla danışmağa üstünlük verirdim. Amma bu hadisədən sonra onların digər şəxslərdən daha hiyləgər olduqlarından şübhələnməyə başladım." Klark evi tərk edir. Lizzi əsəbləşərək məktubu kənara atır.[30]

Klarkın getdiyini görən zənci şəxs gizləndiyi yerdən çıxaraq Lizziyə ağ şəxslərin linç mühakiməsini başladacağını, onu gizlətməsinin lazım gəldiyini bildirir. Lizzi zənci şəxsi ertəsi günə kimi gizlətməyə qərar verir. Ağ şəxslər qadının yaxınlığındakı evləri axtarmağa başlayırlar. Lizzi silah çıxardıb zənci şəxsə verir. Bildirir ki, əgər onu tapsalar şəxsləri qətlə yetirsin. Zənci şəxs isə ağ şəxsləri qətlə yetirə bilməyəcəyini bildirir. Onun bu sözündən sonra Lizzi zənci ilə bənzədiyini görür. Hər iksidə güclü ağ şəxslərlə bərabər yaşamamalarını düşünərək özlərini günahkar hiss edirlər.[31]

Lizzi qapıya yaxınlaşan iki şəxsə zənci şəxsi görmədiyini bildirərək evindən uzaqlaşdırır. Növbəti dəfə evə gələn şəxs Freddir. Lizzi Fredi evdən uzaqlaşdırmaq istəsə də, Fred məcburi içəri daxil olur. Fred evdə zənci şəxsi taparaq ona linç mühakiməsini etməyi arzulayırdı. Qadının evinə də zənci şəxsi tapmaq üçün daxil olur. Fred vanna otağından gələn səsləri eşidir. Vanna otağına daxil olaraq zənci şəxsi görür. Bunu görən Lizzi Fredə qarşı silah çıxarır. Zənci fürsətdən istifadə edib qaçır.

Əsərin sonuncu səhnəsində Fred də Lizziyə atası ilə bənzər baxımdan yanaşır. Lizziyə özünün də eynilə zənci şəxslər kimi dəyərsiz olduğunu və yaşamaya haqqı olmadığını bildirir. Çünki nəslinin kim olduğunu belə bilmədiyini bildirir. Lizzi sözlərdən təsirlənərək (zənci şəxslə bənzər səbəblər) Fredi qətlə yetirə bilmir. Tamaşasının sonunda Fred Lizziyə onunla yaşayacağına söz verir. Ona axar çayın qarşısında bir ev hədiyyə edir.

Dəyişdirilən son

[redaktə | mənbəni redaktə et]

Tamaşanın SSRİ-də nümayiş olunan düzəlişi və bu nümayişdən bir neçə il əvvəl ekranlaşdırılan kinofilm Sartrın tamaşanın sonunu dəyişdirməsinə səbəb oldu. Yeni sonda Lizzi qəhrəmanlaşdırıldı. Lizzi zənci şəxsin haqlarını müdafiə etdi və yalandan şahidlik etməyi, ifadə verməyi rədd etdi. Tamaşa optimist bir şəkildə sonlandırıldı. Bu mövzu ilə əlaqədar Sartr öz fikrini bildirmişdir: "Tamaşanı hələ ki, izləməmişəm. Lakin Fransada ekranlaşdırılan kinofilmin optimist sonlandırılmasını dəstəkləyirəm. İşləyən gənc şəxslərə kimi bir çox şəxs bu tamaşanı seyr etdi və tamaşanın məyusedici bir şəkildə sonlandırıldığı üçün məyus oldu. Həyatda mübarizə aparmaq məcburiyyətində olan bu kütlənin ehtiyacı olan yeganə şeyin ümid olduğunu bilirəm." Mövzu ilə əlaqədar olaraq Cessika Benyaminə verdiyi müsahibədə Simona de Bovuar Sartra tamaşanın sonunu dəyişdirməsinin lazım gəldiyini deyib-demədiyi soruşulanda bildirmişdir: "Əlbəttə, demişəm. Sartr da mənim dediyimə əməl etdi. "Hörmətli fahişə" tamaşasının ilkin versiyasının çox pis olduğunu bildirdim. Buna görə də tamaşa yenidən qələmə alındı."[32][33]

Tamaşanın təhlili

[redaktə | mənbəni redaktə et]

Bütün əsərlərində azadlıq fəlsəfəsi haqqında söhbət açan Sartr insan övladının konkret bir dünyada yaşadığını inkar etməsə də azadlıq mövzusundan bəhs edildikdə reaksiya verməsini istəyirdi.[34] Hansı təbəqədən, cinsiyyətdən, irqdən doğulacağına qərar verməyən şəxsin həyatında istədiklərini özünün qərar verməsinin lazım olduğunu bildirirdi. Xüsusilə ilk əsərlərində bəşəriyyətin dilemmasından bəhs edərək mövcudluğun azadlıqlar arasında sıxışdığını və hər birinin öz suverenliyini müdafiə etmək üçün digər azadlıqları məhv etmək istədiyini yazdı.[34]

Yazıçının əxlaqi hərəkətlərin və siyasi ifadələrin sərhədlərindən bəhs etdiyi əsərlərindən biri olan "Hörmətli fahişə" tamaşasında əsas mövzu irqçilik ayrı-seçkiliyidir. Jan Pol Sartr qeydlərində bildirir: "Senator Klark Lizzini razı salmaq üçün çalışarkən zənci şəxs qətl törətsə də törətməsə də ədalətli şəxsin, daha "yaxşı" şəxsin xilas edilməsinin lazım olduğunu iddia edir. Senatorun düşüncələrinə görə yaxşı şəxslər "bu ölkəni (Amerika Birləşmiş Ştatları) yaratmış" şəxslərdir."[35]

Fredin düşüncəsinə görə dünya yaxşı və pis təriflərin açıq şəkildə deyildiyi bir məkandır.[35] Həm qadınlarla, həm də irqçilik mövzusu ilə bağlı mənfi düşüncələrə sahib olan gənc şəxs, Lizzi ilə gecə yatdığı yatağa baxaraq yataqdan "günah qoxusunun gəldiyini" bildirir. Həmçinin zəncilər barədə danışarkən bir zənci şəxsin heç vaxt günahsız olmadığını, çünki "istənilən zənci şəxsin hər zaman bir şeylər etdiyini" iddia edir.[36] Bütün bu fikirlərin səbəbi Fredin həm zənci şəxsin həm də Lizzinin "günahlarının aşkar edildiyi şeytanlar" olduqlarına inanmasıdır. Bir şəxsi məhv etmək, digər şəxsə isə suveren olmağı istəməsinin əsas səbəbi budur. Lizzi ilə əlaqədə olması Freddə narahatlıqlar doğursa da ona sahib çıxır və Lizziyə axar çayın qarşısında ev almağı məqsədləyir.[35]

Fred Lizziyə on dollar məbləğində fahişə olduğunu bildirir. Lizzini çılpaq görməkdən utanan şəxs bu səbəbdən evin işıqlarını söndürür, səhəri gün isə axşam baş verənləri danışmağı rədd edir. Gücə bağlı olan irqçilik və cinsi hərəkətlərindəki alçalma Fred və əmisi oğlu Tomasın ortaq xüsusiyyətləridir.[37] Tomas qatarda Lizzi ilə cinsi əlaqəyə girmək istəyərkən zənci şəxsi qətlə yetirmişdir. Fred isə oxşar bir şəkildə zənci şəxsin linç mühakiməsi edildiyini izləyərkən qadını fikirləşməyə başlamış, Lizziyə qarşı cinsi istəyi artmağa başlamışdır. Bir şəxsin bütün dünyaya hakim olduğunu düşünmək üçün iki fərqli üsula – cinayətətəcavüzə əl atması istəyi, gücsüz, zəif şəxslərə hörmət etməmək xüsusiyyətlərinə hər iki əmi oğlunun xarakterində rast gəlinir.[38]

Tamaşa ərzində məntiq, realizmhumanizmdən söhbət açan zənci şəxs təmsil etdiyi bu dəyərlərdən müəllifin istəyi ilə tamaşanın sonunda uzaqlaşmışdır. Tamaşanın başladığından qısa bir müddət sonra tamaşaçının düşüncəsində "bu şəxsin həyatında standart hüquq qanunlarının olmadığı, bu qanunlarının tam əksinin yararlı olduğu" fikri yaranır.[34]

"Hörmətli fahişə" tamaşası ölkədəki mövcud vəziyyəti saxlayaraq ABŞ-dəki irqi ayrı-seçkilik məsələsinin həll olmayacağının sübutudur. Zənci şəxslər təbəqəsi ilə ağ şəxslər təbəqəsi birləşə bilsələr bu problem həll ola bilər.[14]

Təbəqələr arasında olan fərqlər tamaşanın əsas mövzularından biridir.[39] Cinayət məhkəməsində şahid olacaq Lizzi cənub qəsəbəsinə yeni gəlmiş küçə qadınıdır. Halbuki cinayəti törədən Tomas gənc və tanınmış sənaye işçisidir. Sartrın tamaşası yazıçının ilham mənbəyi olan Skottsboro məhkəməsinin mövzusu ilə bəzi yerlərdə uyğun gəlmir: Məsələdə törədilmiş cinayət mövcuddur və cinayəti törədən Tomas yuxarı təbəqəli şəxslərdən biridir. Günahsız zənci şəxsin Lizzinin evinə gəlib məhkəmədə düzgün danışması üçün yalvarmasından sonra tamaşada Tomasın ailəsinin gücü bəlli olur. Əmisi oğlu Fred zina etdiyi və fahişə olduğundan həbs edilməsi üçün Lizzi ilə bir gecə keçirir. Senator gənc qadının evinə gəlir və ona razılaşma təklif edir. Daha sonra Fred yenidən Lizzinin qarşısına çıxaraq onunla yaşayacağı təqdirdə maddi dəstək edəcəyini bildirir. Cəmiyyət arasında hörmətli olmaq istəyən, ailəsindən və dostlarından uzaqda olan, yeganə əhəmiyyət verdiyi məsələ borclarını ödəmək olan Lizzinin səhv qərar verməsi tamaşaçını çox da təəccübləndirmir.[39]

Təbəqə ayrı-seçkiliyi mövzusunun göründüyü səhnə ağ şəxslər cəmiyyətinin təmsilçisi Senator və Lizzinin görüşüdür.[39] ABŞ-də ağ şəxslər cəmiyyətinin ədalət rəmzi kimi görünən Klark Lizzi üçün düzgün hadisənin necə olduğunu bildirir. Klarkın düşüncəsinə görə Tomasın zənci bir şəxsi öldürməsi önəmli deyil. Önəmli məsələ Tomasın çox dəyərli şəxs olması və onun həyatının zənci şəxsə nəzərən çox dəyərli olmasıdır. Senator, Harvard Universitetinin məzunu, iş adamı, kommunizmə qarşı olan, tanınan və seçilən bir şəxs olan Tomasın hər baxımdan qazandığı uğurlarını danışaraq Lizzinin düşüncəsinə təsir etməyə başlayır. Klark qadına rahibləri, həkimləri, vəkilləri, incəsənət xadimləri, bələdiyyə sədri və onun müavinləri daxil olmaqla bütün şəhərin (şəhərin ən hörmətli şəxslərinin) Tomasa dəstək olduğunu bildirir. Bundan sonra Senator Lizziyə bildirir ki, əgər sənədi imzalasa qəsəbədə bütün yerlilər ona hörmət edəcək, əxlaqlı yaşayacaq. Lizzi yalandan şahidlik etməsi ilə yüksək təbəqənin qəbul etdiyi düzgün vətəndaş olacaqdır. Lizzi MekKeyin obrazı və etdiyi seçimlərlə Sartr bildirmək istəyib ki, "kapitalizm cəmiyyətində əhalinin istədiyi seçimi hər bir kəs seçmək məcburiyyətindədir."[40] Gənc qadını günahsız zənci şəxsin adına yalandan şahidlik etməsinə bütün hörmətli qəsəbə şəxsləri məcbur etmişdir.[41]

Sartr tamaşada əsərin baş qəhrəmanı Lizzi MekKeyin keçmiş günləri barədə heç bir məlumat vermir. Lizzinin yaşayışı, ailəsi, böyüdülməsi və hal-hazırda olduğu məqama necə gəldiyi bilinmir. Həmçinin obrazın əxlaqi baxışlarında da ziddiyətlər mövcuddur. Kommunist olmaqla itdiham ediləndə çox qorxur və bu cür bildir: "Mən onlara – zəncilərə qarşı deyiləm. Amma mənə yaxın olmalarını istəmirəm."[42] Kasıb olmasına baxmayaraq rüşvət qəbul etməyən Lizzi varlı, yüksək məqamlı, həssas ananın hörmətini yalnız cinayət törədən övladının lehinə yalandan şahidlik edərək qazana bilərdi. Hörmətli biri olması üçün yalan danışmağı qəbul edən Lizzinin Tomasın anasından gözlədiyi bir təşəkkür məktubudur. Təşəkkür məktubunun yerinə içində yüz dollar olan bir məktub aldıqda məyus olur. Zənci şəxs ilə bənzər hislər hiss etməkdən utanmayan Lizzi eynilə zəncilər kimi polisdən çəkinir. Bu baxımdan da Lizzi və zənci şəxs bir təbəqə həmrəyliyinin daxilindədirlər.[41]

"Hörmətli fahişə" tamaşasında Lizzi və zənci şəxs arasında tarazlığı olmayan iş birliyi görünür. Hər iksinin də ictimai qanunların qurbanı olması bir-birlərini başa düşmələrini təmin edir. Buna baxmayaraq nə Lizzidə nə də zənci şəxsdə bir-birlərini xilas edəcək hörmət yoxdur. Düşmənlər tərəfindən qurbana çevrilən bu iki şəxs xilas olacaqlarını bilsələr də düşmənlərinə qarşı olmurlar. Zənci şəxsin heç bir günahının olmamaqsına baxmayaraq günahkar olaraq ağ şəxslərin bütün dediklərini qəbul etmişdir. Xarakterində irqi ayrı-seçkilik qurbanlarının düşüncəsində faciəvi təsirlərdən biri olan "özünə yadlaşma"nın olduğu zənci şəxs eynilə fransız koloniyalarındakı zəncilər kimi özünü yaşamağa haqqı olmayan bir şəxs kimi görür.[43] Lizzi ağ qadın olaraq ağ şəxs Fredlə bir gecə keçirməyə və ya özünün istənilən qiymətdə olmadığını göstərərək azad ola bilər. Lakin bu azadlıq həmçinin zənci ilə eyni təbəqədən gələn günahsız olduğunun da sübutudur.[44] Lizzi zəncilərə yaxşı baxmadığını bildirir. Səhər yuxudan oyandıqdan sonra Fredə hansısa zənci şəxsi görməyin uğurlu olub-olmadığını soruşur. Fred mənfi cavab verdikdən sonra Lizzi zənci şəxsdən uzaqlaşır.[45] Fredlə olan əlaqəsindən və Senatorun vəd etdiyi ifadələrdən təsirlənən Lizzi güvənsizlik hissinə məğlub olaraq sənədləri imzalayır.[46] Tamaşanın sonunda zənci şəxsin taleyi barədə məlumat verilmir. Lakin Lizzinin Fredlə yenidən bir yerdə yaşamağı qadının keçmiş tarixinin necə olduğunu aydınlaşdırır.[35] Dram, hekayə və roman kimi bir çox ədəbi janrlarda yazılan əsərlərdə qadınlara maddi baxımdan dəstək olan kişilər mövcuddur. Sartrın yaratdığı Lizzi obrazı tamaşının sonundakı hərəkəti ilə Sorn Kyerkeqorun Rejine obrazı kimi passiv, kişilərə xidmət etmək və kişilərin xəyallarını yerinə yetirmək üçün doğulmuş bir qadına çevrilir.[47]

Nümayiş edilməsi

[redaktə | mənbəni redaktə et]
1960-cı ildə Kubaya səyahət edən Simon de Bovuar və Jan Pol Sartr, Ernesto Çe Gevara ilə görüşdülər. "Hörmətli fahişə" tamaşası ilk dəfə bu səyahət əsnasında nümayiş edildi.[48]

Tamaşa yazılmasından sonra 1946-cı ildə ilk dəfə Parisdə yerləşən "Antoin" teatrında nümayiş edildi.[49][50] Tamaşanın baş rolunda Elena Bossis çıxış edirdi. Daha sonra tamaşa 1948-ci ildə Nyu-Yorkda nümayiş edildi. Bu versiyanı Eva Uolas uyğunlaşdırdı və ilk dəfə 1948-ci il 9 fevral tarixində nümayiş edildi.[41] Sartr tamaşanın sonunda qəhrəmanlıqdan uzaq küçə qadını Lizzinin doğrunun əvəzinə yalan danışmasını bildirərkən didaktik tərzində kobud gülüşü yaratmışdı. Halbuki tamaşanın Nyu Yorkdakı nümayişində "Hörmətli fahişə" tamaşası melodram əsər olaraq tamaşaçılara təqdim edildi.[9] Əsər şəhərdə yerləşən "Tənqidçilər birliyi" tərəfindən "İlin ən uğurlu xarici tamaşası" seçildi.[51] Tamaşa Nyu-Yorkda 350 dəfədən çox nümayiş edildi.[41]

1949-cu ilin iyul ayında tamaşanın Çikaqoda nümayiş edilməsi üçün işlər görməyə başladılar. Bu dövrdə prodüserlər əsərin nümayiş edilməsi üçün həm məhkəməyə həm də mühafizə orqanlarının təzyiqinə qarşı mübarizə apardılar.[52] Çikaqonun mühafizə xidmətinin rəhbərliyi tamaşanın adının səbəbi ilə şəhərdə nümayiş edilməsinə icazə verməyəcəyini bildirdi.[53] Prodüserlər tərəfindən əsəri seyr etməyə dəvət ediləndə isə bu təklifi rədd etdi. Rəhbər bildirmişdi ki, "Tamaşanı seyr edib-etməyəcəyim qərarını heç bir şəkildə dəyişdirməyəcəm."[53] Digər tərəfdən şəhər rəhbərliyi tamaşanın əxlaqsız olduğunu və iki irqlər arasındakı əlaqələrə zərər verəcəyini iddia etdi.[51] "MVABA" (Milli Vətəndaş Azadlıqları Birliyinin Assosiasiyası) "Hörmətli fahişə" tamaşasını dəstəklədiyini bildirdi.[51] "AVAB" (Amerika Vətəndaş Azadlıqları Birliyi) isə tamaşasının müdafiə edilməsində iştirak etdi. Bu müdafiələrdən sonra senzura qısa müddətliyinə aradan qaldırıldı.[51]

1954-cü ilin ilk aylarında tamaşa Moskvada nümayiş edilmədən əvvəl Sartr əsərin sonunu dəyişdirdi. Tamaşanın sonunda Lizzi yalan danışmaq əvəzinə zəncinin yanında olmağa, ona kömək etməyə üstünlük verdi. Beləliklə Moskva tamaşaçıları yalan danışmağı rədd edən, kapitalizm şəxslərinin təzyiqlərinə baş əyməyən, təbəqə ayrı-seçkiliyinə qarşı mübarizə aparan qəhrəmanı seyr etdilər. Tamaşanın adı "Lizzi MekKey" olaraq dəyişdirildi. Lizzi obrazını Lyubov Orlova ifa etdi.[5] Nyu-Yorkda nümayiş edilən romantik küçə qadının melodram tamaşası Moskvada didaktizm kommunist partiyasının qeyd edilməsinə çevrildi.[9] Tamaşanı seyr edən tənqidçilərdən biri bildirmişdir ki, "Baş rolda olan əsas obraz Sovet ordusunda əsgər olaraq xidmət edə bilər."[40] Sartr tamaşanın Moskvadakı 400 nümayişində iştirak etdi.[9] Yazıçı tamaşanın stalinizm təbliğatı istiqamətində dəyişdirilməsinə icazə verməyi ilə əlaqədar olaraq bildirmişdir: "Lizzinin şüurun işığına çatdıqdan sonra tamamilə aldadılmasına razı ola bilməzdim. Buna görə də tamaşanın sonunu dəyişdim."[54]

Tamaşa həmçinin Bovuar və Sartrın Kubaya səyahəti əsnasında bu ölkədə də nümayiş olundu. "Hörmətli fahişə" tamaşası bu ölkədə yüzdən çox nümayiş edildi.[55]

İlk dəfə Orxan Vəli Qanıq tərəfindən türk dilinə tərcümə olunan tamaşa 1950-ci ildə Qanıqın vəfatından sonra "Saat 6" teatrı tərəfindən bir dəfə nümayiş edildi.[56] "Hörmətli fahişə" əsəri Türkiyədə son dəfə 2005–2006-cı illərdə "İstanbul Şəhər Teatrları"nda nümayiş edildi.[57] Nümayiş edilən tamaşada Lizzi obrazını Bennu İldırımlar, Fred obrazını isə Burak Davudoğlu ifa etdi.[58]

Tamaşa Şimali Afrikada da nümayiş edildi. Fratz Fanon "Qara dəri, ağ maskalar" adlı kitabında qeyd edir ki, "Tamaşanı Sartrla birlikdə seyr edən Afrika generalı Sartra tamaşadan sonra bildirmişdir: "Sizin "Hörmətli fahişə" adlı tamaşanız bütün Afrikada nümayiş edilməlidir. Bununla fransız torpaqlarında yaşayan zəncilər Amerikada yaşayan zəncilərə nəzərən nə qədər xoşbəxt olduqlarını başa düşəcəklər."[59]

1952-ci ildə "Hörmətli fahişə" tamaşasının Fransada kinofilmi ekranlaşdırıldı.[60] Lizzi obrazını Barbara Laj ifa edirdi. Kinofilmdə qadın əvvəlcə Senator Klarka hörmətlə yanaşsa da filmin sonunda Senator və ailəsinin əleyhinə şahidlik etdi (eynilə SSRİ-də nümayiş edilən yeni versiyanın sonu kimi). Tomas cinayət səbəbi ilə həbs edildi. Filmin sonunda ağ qadının əli zənci şəxsin əli ilə birləşdi.[61] 1974-cü ildə tamaşa yenə Fransada televiziya serialı olaraq ekranlaşdırıldı.[62]

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]
Tamaşanı dəstəkləyən şəxslərdən biri olan Amerika yazıçısı Riçard Rayt 1940-cı ildə qələmə aldığı "Doğma oğul" adlı əsərində zənci şəxsin ağ bir qadını qətlə yetirdiyi üçün edam cəzası aldığından bəhs etmişdir.[63]

Tamaşanın Parisdə baş tutan ilk nümayişindən sonra Sartrla eyni siyasi düşüncələrə sahib olmayan şəxslər yazıçını vətəni Fransanı nasional sosializmdən xilas edərək azadlığı geri verən müttəfiq millət Amerika Birləşmiş Ştatlarının tənqid edilməsinə görə günahlandırdılar.[64] Bu tənqidçilərin fikirlərinə görə Sartrın tamaşası "Amerika demokratiyasına atılan böyük böhtan" və "Amerika qonaqpərvərliyindən sui-istifadə" idi.[51] Mühafizəkar yazıçılardan biri olan Terri Molne "Le Spectateur" adlı qəzetin 19 noyabr 1946-cı ildə nəşr edilən nömrəsində əsərlə bağlı fikirlərini bu cür ifadə etmişdir: "Əgər tamaşanı seyr etdiyim teatrda Amerika əsgərləri mövcud olsaydı, Parisin xilasından iki il sonra nümayiş edilən bu əsərlə Amerikalılara ən iyrənc qəddarlıq, hiyləgərlik və ikiüzlülük ilə dözülməz bir narahatlıq doğurduğunu göstərmiş olardıq. Mən bu əsgərlərin üzünə baxmağa heç vaxt cəsarət edə bilməzdim."[65] Fransada nəşr edilən "The New York Times Herald Tribune" qəzetində də tamaşa haqqındakı hissəni oxuyanlar Sartrı sərt tənqid etdilər. Yazıçı bütün bu tənqidlərə bu cür cavab verdi: "Mən Amerika xalqına və o dövlətə düşmən deyiləm. Bu ifadənin mənasının nə olduğunu belə bilmirəm. Əgər mədəniyyətlərinin sadəcə məhv olmuş hissələrini göstərsəydim onda bu ifadə deyilə bilərdi. Amma mən bunu etmədim."[64]

Digər şəxslərin düşüncələrinə görə Sartr ABŞ-də qısa müddət səyahət etmişdi və bu səyahət onun ölkədəki problemlərdən bəhs edən bir tamaşa yaza bilməsi üçün qeyri-kafi idi.[51] Oxşar şəkildə Sartrın Amerika Birləşmiş Ştatlarındakı xalqın gündəlik yaşayışı haqqında yanlış məlumatlar topladığı iddia edildi. Xazl Estella Barns bildirir ki, "bu tamaşanı bir Amerikalı bu şəkildə yazmayacaqdı. Çünki əsərdəki əsas hadisənin real həyatda baş verməsi mümkün deyil."[6] Barnesin düşüncələrinə görə Lizzi kimi küçə qadını, cənubda yaşayan ağ centlmenlər və iki zənci şəxsin cənub əyalətində eyni vaqonda olmaları mümkün ola bilməzdi.[6] "Nyu-York" jurnalının Paris təmsilçisi Canet Flannerin fikirlərinə görə Sartr səyahətləri ərzində qanunları öz maraqları istiqamətində uyğunlaşdıran çoxlu sayda cənublu şəxslərlə tanış olmamışdı.[5] Buna görə də Fred Lizziyə ehtiram göstərdiyi Corc Vaşinqtondan bəhs edərkən Vaşinqtonu fransız dilində "siz" mənasına gələn şəxs əvəzliyi "vous" əvəzinə "sən" mənasını bildirən "tu"-dan istifadə edərək "tutoyait" kimi Lizziyə danışdı. Bu cənubda yaşayan varlı şəxsin danışarkən istifadə etdiyi xitab ola bilməzdi.[5] Flannerin fikrinə görə Sartrın digər səhvi varlı şəxslərin futbol matçında qalib olduqdan sonra sərxoş olaraq əyləndiklərini düşünməsi idi.[5] Amerikalı yazıçı Riçard Rayt bütün tənqidlərə baxmayaraq Sartrı dəstəkləyirdi.[51]

"Hörmətli fahişə" tamaşasının SSRİ-də baş tutan nümayişindən sonra baş qəhrəmanın kapitalizm əleyhdarları və inqilabçılarla eyni tərəfdə olması üçün tamaşanın sonunun dəyişdirilməsi çox böyük tənqidlərə məruz qaldı.[8] Tənqidçilər bildirdilər ki, "dəyişdirilən son incəsənət tarixində didaktizm siyasətinində vasitəçisi olub. Sartrın düşüncələri illərcə bu cərəyanın daxilində yer alıb." 1945-ci ildə Sartrın rəhbərliyi altında ilə yaradılan "Les Temps Modernes" qrupunun məqsədi müharibədən sonrakı cəmiyyəti dəstəkləmək və şəxsi hüquqları müdafiə edərək ədəbi qaydaların xaricinə çıxmamaq idi.[8]

Digər bir qrup isə Sartrın tamaşadakı zənci obraz üçün siyasi olaraq yanlış bir xarakter yaratdığını iddia etdi.[7][15] Xüsusilə kommunistlərin düşüncəsinə görə zənci şəxs qəhrəman deyildi. Əksinə zəif və çarəsiz bir şəxs idi. Həmçinin onun tamaşada adı yox idi, tamaşaçı onu "zənci" olaraq tanıyırdı. Digər bir fikir isə bu şəxsin bütün gələcəyinin bir qadının seçiminə bağlı olması idi. Bu tənqidlərə qarşı çıxanlar bildirdilər ki, Sartr zənci şəxsə ad verməyərək zənci olmayan cəmiyyətlərin zəncilərə fikir baxımından necə yanaşdığını göstərirdi.[44] Bu cəmiyyətlərə görə bir zənci ilə bütün zəncilər arasında heç bir fərq yoxdur. Günahı olan bir zənci yox bütün zəncilər idi. Bu şəxslərə görə linç edilmə, ədaləti təmin edən ən önəmli mühakimə idi. Sartr bildirirdi ki, "çarəsiz, tələyə düşmüş və məsum bir zənci şəxs üçün etdiyim təsvirin real həyatda baş verməsi mümkün olan hadisədir."[39] Bu mövzuda Sartrı dəstəkləyən Riçard Rayt liberalizm şəxslərinin arasında irqçiliyə qarşı çıxan kiminsə olmadığı məlumatının da tamaşada yer aldığını bildirdi.[39]

Amerikalı yazıçı Çezter Hims "Hörmətli fahişə" tamaşasının onun üzərindəki təsirini bu cür açıqlamışdı: "Jan Pol Sartr fransız jurnalında "Hörmətli fahişə" əsərini yazmasına səbəb kimi Amerika Birləşmiş Ştatlarında bir zənci şəxsin ağ şəxsi günahlandırmayacağı gerçəyini göstərdi. Mənim cinayət-fantastika janrında əsərlər yazmağa başlamağımın səbəbi də budur. "Şiddət" düşüncəsini əsərlərimi oxuyanlara tanıtmaq istədim. Amerikalı şəxslər şiddətlə yaşayır və şiddət hər zaman onlar üçün qalib gəlir."[66]

Digər Amerika yazıçısı Riçard Rayt isə tamaşa ilə əlaqədar olaraq bu cür rəy bildirmişdir: "Jan Pol Sartrın "Hörmətli fahişə" tamaşası mənim diqqətimi çox cəlb etdi. Azmüddətli səyahətinə baxmayaraq Jan Pol Sartr mənim ölkəmin reallıqlarını çox yaxşı başa düşmüş və ifadə edə bilmişdi. Bu şiddətli reallıqlar məndə Amerikalı yazıçıların Amerika reallıqlarına yanaşarkən nümunə götürə biləcəkləri bir davranış hissi yaratdı."[17]

  1. O'Neil Patrick M., Great world writers : twentieth century. Marshall Cavendish, 2004. ISBN 978-0-7614-7469-2. Səhifə. 1352
  2. Sartre, Jean-Paul. Le Diable Et Le Bon Dieu. Taylor & Francis. Səhifə. 28
  3. 1 2 Drake, David. Sartre. Haus Publishing, 2005. ISBN 978-1-904341-85-7
  4. Cody Gabrielle H., Sprinchorn Evert. The Columbia encyclopedia of modern drama. Columbia University Press, 2007. ISBN 978-0-231-14424-7. Səhifə. 1190
  5. 1 2 3 4 5 Caute, 2005. səh. 308
  6. 1 2 3 Barnes, 1959. səh. 73
  7. 1 2 Moran Dermot, Embree Lester E., Staehler Tanja, Behnke Elizabeth. Phenomenology: Critical Concepts in Philosophy. Taylor & Francis, 2004. ISBN 978-0-415-31042-0. Səhifə. 179
  8. 1 2 3 Caws, Peter. Sartre. Routledge, 1984. ISBN 978-0-7102-0233-8. Səhifə. 13
  9. 1 2 3 4 5 Scolnicov, Holland, 1989. səh. 81
  10. 1 2 Judaken, 2008. səh. 55
  11. Gide, André Gide. Journals: 1939–1949. University of Illinois Press, 2000. ISBN 978-0-252-06932-1. Səhifə. 274
  12. 1 2 3 Caute, 2005. səh. 307
  13. 1 2 3 Ward, Lott, 2002. səh. 222
  14. 1 2 3 4 5 McBride, 1997. səh. 360
  15. 1 2 3 McBride, 1997. səh. 344
  16. Scolnicov, Holland, 1989. səh. 80
  17. 1 2 Wright Richard, Kinnamon Keneth, Fabre Michael. Conversations with Richard Wright. Univ. Press of Mississippi, 1993. ISBN 978-0-87805-633-0. Səhifə. 119
  18. 1 2 3 Painter, Nell Irvin. Creating Black Americans: African-American history and its meanings, 1619 to the present. Oxford University Press US, 2006. ISBN. 9780-19-513755-2 201. Səhifə. 201
  19. Khan, Perez və Lee, 2003. səh. 7
  20. 1 2 Khan, Perez və Lee, 2003. səh. 8
  21. Khan, Perez və Lee, 2003. səh. 9
  22. Sartre, 2007. səh. 684
  23. Judaken, 2008. səh. 56
  24. Sartre, 2007. səh. 697
  25. Sartre, 2007. səh. 698
  26. Judaken, 2008. səh. 57
  27. Judaken, 2008. səh. 58
  28. Sartre, 2007. səh. 708
  29. 1 2 Judaken, 2008. səh. 64
  30. Sartre, 2007. səh. 715
  31. Bernasconi, Robert. Race. Wiley-Blackwell, 2001 ISBN 978-0-631-20783-2. Səhifə. 199
  32. Simons, Margaret A. Beauvoir and The Second Sex: Feminism, Race, and the Origins of Existentialism. Rowman & Littlefield, 2001. ISBN 978-0-7425-1246-7. Səhifə. 9
  33. Boulé, Jean-Pierre. Sartre, self-formation, and masculinities. Berghahn Books, 2005. ISBN 978-1-57181-742-6. Səhifə. 129
  34. 1 2 3 Urmson, Rée, 2005. səh. 345
  35. 1 2 3 4 Barnes, 1959. səh. 74
  36. Gordon, Lewis Ricardo. Existentia Africana: understanding Africana existential thought. Routledge, 2000. ISBN 978-0-415-92644-7. Səhifə. 783
  37. Charmé, Charmé, 1993. səh. 195
  38. Charmé, Charmé, 1993. səh. 196
  39. 1 2 3 4 5 Ward, Lott, 2002. səh. 225
  40. 1 2 Ward, Lott, 2002. səh. 226
  41. 1 2 3 4 Caute, 2005. səh. 309
  42. Sartre, 2007. səh. 695
  43. Charmé, Charmé, 1993. səh. 194
  44. 1 2 McBride, 1997. səh. 345
  45. Duran, Jane. Women, philosophy and literature. Ashgate Publishing, Ltd., 2007. ISBN 978-0-7546-5785-9. Səhifə. 122
  46. Duran, Jane. Women, philosophy and literature. Ashgate Publishing, Ltd., 2007. ISBN 978-0-7546-5785-9. Səhifə. 121
  47. Allen Jeffner, Young Iris Marion. The Thinking muse: feminism and modern French philosophy. Indiana University Press, 1989. ISBN 978-0-253-20502-5. Səhifə. 77
  48. Anderson, Jon Lee. Che Guevara: a revolutionary life. Grove Press, 1997. ISBN 978-0-8021-3558-2. Səhifə. 630
  49. Charmé, Charmé, 1993. səh. 193
  50. "Théâtre Antoine arxivləri" (ing.)). theatre-antoine.com. 2014-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2019.
  51. 1 2 3 4 5 6 7 Ward, Lott, 2002. səh. 223
  52. Houchin, John H., Censorship of the American theatre in the twentieth century. Cambridge University Press, 2003. ISBN 978-0-521-81819-3. Səhifə. 161.
  53. 1 2 Gurko, Leo. Heroes, highbrows, and the popular mind. Ayer Publishing, 1953. Səhifə. 269.
  54. Howells, Christina. The Cambridge Companion to Sartre. Cambridge University Press, 1992. ISBN 978-0-521-38812-2. Səhifə. 59
  55. Urmson, Rée, 2005. səh. 221
  56. Qanıq, Adnan Vəli. Orxan Vəli üçün. Yedditəpə nəşrləri, 1953. Səhifə. 13
  57. "Şehir Tiyatroları resmi sitesinde oyunun sayfası" (türk.)). sehirtiyatrolari.com. 2008-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2019.
  58. "Yaşam Kaya yazısı, Varoluşçuluk Felsefesi Adına İstanbul Şehir Tiyatrosu Saygılı Yosma" (türk.)). tiyatronline.com. 5 dekabr 2015. 18 sentyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2019.
  59. Fanon, Frantz. Black Skin, White Masks. Grove Press, 2008. ISBN 978-0-8021-4300-6. Səhifə. 67
  60. "IMDb'de filmin sayfası" (ing.)). imdb.com. 2015-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2019.
  61. Campbell, Russell. Marked women: prostitutes and prostitution in the cinema. Univ of Wisconsin Press, 2006. ISBN 978-0-299-21254-4
  62. "IMDb-de teleserialın səhifəsi" (ing.)). imdb.com. 2005-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2019.
  63. Bailey Frankie Y., Green Alice P. "Law never here": a social history of African American responses to issues of crime and justice. Greenwood Publishing Group, 1999. ISBN 978-0-275-95303-4. Səhifə. 116
  64. 1 2 Mathy, 1993. səh. 155
  65. Roger Philippe, Bowman Sharon. The American Enemy: The History of French Anti-Americanism. University of Chicago Press, 2006. ISBN 978-0-226-72369-3. Səhifə. 330
  66. Himes, Chester B., Williams John Alfred, Muller Gilbert H., William Lorrain. Dear Chester, Dear John: letters between Chester Himes and John A. Williams. Səhifə. 218.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

П:  İncəsənət portalı П:  Mədəniyyət portalı П:  Fransa portalı П:  Ədəbiyyat portalı