Hosono Masabumi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hosono Masabumi
yap. 細野正文
Doğum tarixi 15 oktyabr 1870(1870-10-15)[1]
Doğum yeri
Vəfat tarixi 14 mart 1939(1939-03-14)[1] (68 yaşında)
Vəfat yeri
Təhsili
  • Tokio Xarici Tədqiqatlar Universiteti[d]
Fəaliyyəti tədqiqatçı-səyyah[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hosono Masabumi (yaponcaː 細野 正文; 15 oktyabr 1870[1], Niiqata prefekturası14 mart 1939[1], Yaponiya) — "Titanik" gəmisi batarkən xilas olan və gəmidə batanlarla qalmadığı üçün öz ölkəsində ostrakizmə (yunan sözü olub geniş mənada "ictimai qınaq", "təmizlənmək" mənasındadır) və ya murahaçibuya (村八分) məruz qalan yaponiyalı.[2]

Hosono Masabumi 15 oktyabr 1870-ci il tarixində Yaponiyada anadan olub. Yaponiyanın nəqliyyat nazirliyində işləyən 41 yaşlı dövlət qulluqçusu Hosono 1910-cu ildə Rusiya İmperiyasına, buradakı yerli dövlət dəmiryolu nəqliyyatı sistemi ilə tanış olmaq üçün ezamiyyətə göndərilir. Hosono Yaponiyaya Avropa və Amerikadan qayıtmalı olur. Bir müddət o, Londonda qalır. 1912-ci il aprelin 10-da Hosono Southamptonda [saʊθˈ(h)æmptən] (Həmpşir, İngiltərə) 2-ci sinif bileti ilə "Titanik" gəmisinə minir.

Aprelin 14-dən 15-nə keçən gecə, gəminin bort nəzarətçisi onu oyadaraq təxliyə xəbərini çatdırır. Olduğu yerdən, yəni ikinci sinif otağından artıq suya buraxılan xilasedici qayıqlara minmək üçün Hosono çata bilməyəcəkdi. Ona görə də nəzarətçi ona üçüncü sinif sərnişinləri üçün nəzərdə tutulan göyərtəyə getməyi təklif edir. Hələ xilasedici qayıqlara ancaq qadınlar və uşaqların minə bildiyi dramatik vəziyyətdə Hosono 10-cu (bəzi mənbələrə görə 13-cü) qayığa minə bilir.[3]

Hosono 10-cu qayığı suya salan səlahiyyətli şəxsin "son iki nəfər" qışqırmasının ardınca bir kişinin qayığa tullandığını görür. Hosono da özünü qayığa atır. Sonradan o xatirəsində yazacaqdı: "Adamın qayığa tullanması mənim də bu şansı dəyərləndirməmə imkan verdi".

Aprelin 15-i təqribən səhər 8 radələrində həmin qayığın sərnişinləri "Karpatiya" tərəfindən xilas edilirlər."Karpatiya" 1903-cü ildə hazırlanan İngiltərəyə məxsus gəmidir. Həmin gün "Karpatiya" Nyu-Yorkdan Genuya, Neapol və Triestə gedirdi. Batan "Titanik"dən təhlükə siqanalını alan "Karpatiya" köməyə gələn ilk gəmi olur və faciə nəticəsində sağ qalanları öz göyərtəsinə alır. O vaxt gəminin kapitanı Artur Henri Rostron idi.

Hələ gəmidə siqaret çəkmək üçün salonda olarkən Masabumi dənizçilərin ona qarşı neqativ, lağlağı münasibətini hiss edir. Gəmi Nyu-Yorka yolda ikən o, cibində gəzdirdiyi "Titanik"ə məxsus kağız formalarında xanımına gəminin batması, xilas olması və "Karpatiya" ilə gəlməsi haqqında məktub yazır.

Qəzada hər şeyini itirən yaponiyalı Nyu-Yorka çatanda, buradakı Mitsui şirkətinin ("Mitsui Co." – nəhəng universal ticarət şirkəti) ofisinə gəlir və Yaponiyaya gedə bilmək üçün kömək istəyir. Ona kömək edirlər və Hosono San-Fransiskodan Tokioya gedir.[2]

Bəxtəvər yapon

[redaktə | mənbəni redaktə et]

Nyu-Yorkda ikən ABŞ-nin yerli qəzetləri onun haqqında çox yazır və "Bəxətəvər yapon" ("Lucky japanese boy") adlandırırlar. Yaponiyada da Hosono mətbuatın və eləcə də, ictimaiyyətin diqqət mərkəzindəki "obyektə" çevrilir. Lakin burada o, tənqid obyekti olur. Hətta onu "samuray ruhu olmayan qorxaq" da adlandırırlar. Bəzi qəzetlər onun qadın paltarı geyinərək qayığa mindiyini də yazır.

O, nəqliyyat nazirliyindəki işindən çıxarılır, lakin yenidən vəzifəyə qaytarılır. Belə ki, hakimiyyət şayiələrə uymaqla yaxşı əməkdaşını itirməməyi qərara alır.

Bütün bunlar Hosononun ruhi vəziyyətinə və səhəttinə təsirsiz qalmır. O, 1939-cu ilin martın 14-də vəfat edir və ailəsi onun ölümündə ictimai qınağın əsas rol oynadığını bildirir.

Yalnız ölümündən sonra oğulları atalarının məktubu və digər sərnişinlərin xatirələri əsasında Hosononun günahsızlığını ortaya çıxarmağa çalışırlar.

2014-cü ilin aprelində Yokahamada "Titanik"in batmasının ildönümü münasibətilə gəminin göyərtəsində səyahət edə bilən yeganə yaponiyalı kimi Masabumi Hosonoya həsr olunmuş sərgi keçirilir.[2]

  1. 1 2 3 4 Encyclopedia Titanica (ing.). 1996.
  2. 1 2 3 "The Last of the Last How Masabumi Hosono's. Night was Forgotten". 2022-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-01.
  3. Pellegrino, Charles (2012). Farewell, Titanic: Her Final Legacy. Hoboken, NJ: John Wiley & Sons. ISBN 978-0-470-87387-8.