Mürsəl Həkimov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mürsəl Həkimov
Mürsəl İsmayıl oğlu Həkimov
Doğum tarixi
Doğum yeri Kəmərli, Qazax rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (76 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı

Həkimov Mürsəl İsmayıl oğlu (20 may 1929, Qazax rayonu2006) — ədəbiyyatşünas, pedaqoq, filologiya elmləri doktoru (1986), professor (1989), Milli azadlıq hərəkatının fəal üzvü (1988-1991), AXCP ağsaqqallar şürasının üzvü, ADPU-nun sabiq dekan müavini, ADPU "Dədə Qorqud" elmi-tədqiqat laboratoriyasında rəhbər, SSRİ Folkloristlər Cəmiyyətinin Azərbaycan folklorşünaslıq qurumunun təmsilçisi (1977-1992), Atatürk Kültür Dil və Tarix yüksək qurumunun üzvü olmuşdur (1988-ci ildən). Bir sıra dövlət mükafaları olmuşdur.

Mürsəl Həkimov 1929-cu il mayın 20-də Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Qazax ikiillik Müəllimlər İnstitutunda təhsil almışdır (1947-1949). Əmək fəaliyyətinə Qərbi Azərbaycanın Göyçə rayonu Babacan kənd məktəbində müəllim kimi başlamışdır. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1950-1953). Marneuli rayonu Aşağı Saral kənd orta məktəbində müəllim olmuşdur (1953-1955). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-fılologiya fakültəsində təhsilini davam etdirmişdir (1955-1960). "Aşıq Hüseyn Cavanın həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1965). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan və dünya ədəbiyyatı kafedrasında laborant, müəllim, baş müəllim, dekan müavini olmuşdur (1960-1989). Hazırda universitetdə professor kimi "Dədə Qorqud" elmi-tədqiqat laboratoriyasına rəhbərlik edir, eyni zamanda elmi-pedaqoji fəaliyyətini davam etdirir (1989-cu ildən). "Orta əsrlər Azərbaycan aşıq yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1986). Ədəbi-elmi fəaliyyətinə tələbəlik illərindən başlamışdır. Əsərləri dövri mətbuatda, toplu və almanaxlarda çap olunmuşdur. SSRİ Folkloristlər Cəmiyyətinin Azərbaycan folklorşünaslıq qurumunun təmsilçisi (1977-1992), Türkiyə Atatürk Kültür Dil və Tarix yüksək qurumunun üzvü olmuşdur (1988-ci ildən).

Mürsəl Həkimovun elmi və pedaqoji fəaliyyəti 100 elm əsərdə öz əksini tapmışdır. Onun 15 iri həcmli monoqrafiyası və kitabları, 4 toplu və almanaxı, həmmüəllif olduğu 3 kitabı çap olunmuşdur.

Mürsəl Həkimov bir neçə namizədlik və iki doktorluq dissertasiyasına rəhbərlik və opponentlik etmişdir.

  • Azərbaycan şifahi xalq ədəbiyyatından xüsusi kurs. Bakı: APİ nəşriyyatı, 1975, 96 səh.
  • Azərbaycan klassik aşıq yaradıcılığı. Bakı: APİ nəşriyyatı, 1982, 87 səh.
  • Ustad aşıqlar, Bakı: Gənclik, 1983,
  • Azərbaycan aşıq ədəbiyyatı. Bakı: Yazıçı, 1983, 240 səh.
  • Aşıq şerlərinin növləri. Bakı: APİ nəşriyyatı, 1987, 80 səh.
  • Xalqımızın deyimləri və duyumları. Bakı: Maarif, 1988, 390 səh.
  • Bayatılar. Bakı: APİ nəşriyyatı, 1991, 101 səh.
  • Oğuz-tərəkəmə xalq mərasimləri və meydan tamaşaları. Bakı: Maarif, 1997, 333 səh.
  • Dədə Qorqud - 1300. Bakı: ADPU nəşri, 2000, 40 səh.
  • Demə Səməd Vurğun gəldi-gedərdi. Bakı: ADPU nəşri, 1998, 83 səh.
  • Azərbaycan aşıq şer şəkilləri və qaynaqları. Bakı: Maarif, 1999, 375 səh.
  • Bozqurd-kultum mənim, Türk eli yurdum mənim. Bakı: Yeni nəsil, 2001, 135 səh.
  • Bozqurd-kultum mənim, Türk eli yurdum mənim. Bakı: Yeni nəsil, 2001, 333 səh.
  1. Koroğlu (film, 2003)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]