Məhərrəm Musayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Məhərrəm Musayev
Məhərrəm Məmmədhəsən oğlu Musayev
Doğum tarixi 28 oktyabr 1949(1949-10-28) (75 yaş)
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Azərbaycan Azərbaycan SSR
Fəaliyyəti Aktyor
Fəaliyyət illəri 1975-indiyədək
Təhsili
IMDb ID2947913

Məhərrəm Məmmədhəsən oğlu Musayev (28 oktyabr 1949, Şərəfə, Masallı rayonu) — Azərbaycan aktyoru.

Məhərrəm Məmmədhəsən oğlu Musayev 28 oktyabr 1949-cu ildə[1] Azərbaycan SSR Masallı rayonunun Şərəfə kəndində anadan olmuşdur. Orta məktəbi bu kənddə bitirib. 1966-cı ildə sənədlərini Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə verib. Qəbul imtahanında görkəmli rejissor Adil İsgəndərov ona deyib ki, hələ bədəncə çox cılızsan, bir az ətə-qana dolanda gələrsən. Rayona qayıdıb, üç il kolxozda işləyib, iki il hərbi xidmətdə olub, ancaq aktyor olmaq arzusundan dönməyib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində (1971–1975) təhsil alıb.

1985–1987-ci illərdə Moskvada keçmiş Sovetlər İttifaqının ən tanınmış rejissorlarından biri olan və özünün dəst-xəttini, məktəbini yaradan Mark Zaxarovdan ikiiillik rejissorluq təhsili alıb.[1] 2000-ci ildə Lənkərandan Bakıya köçüb.[1]

Evlidir, 3 övladı var.

1975-ci ildən təyinatla N. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlayıb. Burada 80 — dən artıq bir-birindən maraqlı rollar oynayıb və bir neçə tamaşaya ikinci rejissorluq edib.[1] 2001-ci ildən Azərbaycan Dövlət Gənclər Teatrının, 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının (iki teatr birləşəndən sonra) aktyorudur. Kinoda 40-a yaxın filmdə çəkilib.[1]

Məşhur "Santa Barbara" teleserialında Meyson rolunun ifaçısı, tanınmış Amerika aktyoru Leyn Devis onun oynadığı "Ağabəyovlar" teleserialına baxandan sonra, yerindən ayağa durub, əlini Məhərrəm Musayevə uzadaraq, onun oyununu yüksək qiymətləndirib və deyib: "Bu aktyor peşəkar ustadır və Azərbaycan üçün böyük tapıntıdır. O, Azərbaycanda K. S. Stanislavski yaşama məktəbinin çox yaxşı yetirməsidir".[1]

Onun aktyor palitrasındakı rənglərin kökü milli xalq oyun-tamaşalarının estetik mahiyyətinə bağlıdır. Məhərrəm Musayev yumoru həm sırf məişət kontekstində, həm ictimai-sosial mahiyyətdə, həm də kəskin sarkazm səviyyəsində ifa edə bilir. Bu ifasında aktyor heç vaxt daxilən gərgin olmur, sadəliyi, reallığı, təbiiliyi ilə tamaşaçıların diqqətini cəlb edir.[2] . Tip-personajı göstərmə teatr estetikasında deyil, yaşama teatr məktəbi prinsiplərində oynayır. Buna görə də onun rolları hadisələrin inkişaf xəttinin, tamaşanın sürət-ritminin ahəngdar harmoniyasında tamaşaçılara mərhələ-mərhələ təqdim olunur. Aktyor hər yeni vəziyyətdə öz obrazının xarakterinə uyğun orijinal ifadə elementi ilə tamaşaçılarda maraq doğurmağı bacarır.[2]

Məhərrəm Musayev ifa etdiyi komediya rollarında heç vaxt daxili gərginlik keçirmir. Onun sifət cizgilərində səmimi bir cazibə var və bu maraq doğuran cəhət hər rolda yeni obraz-maska prinsipində təqdim edilir. Buna görə də aktyorun bəzən çöhrəcə bir-birindən o qədər də seçilməyən səhnə personajlarının ifasında çox təzadlı, fərqli, orijinal ifadə elementləri ilə rastlaşırıq. Aktyor bu müxtəlifliyi tamaşaçılara "zorla" qəbul etdirmir. Əksinə, onun daxili enerjisində yumşaq həlimlik, zərif məlahət və məsum bir yumor var.[2]

Məhərrəm Musayev epizod rollar da ifa edib və həmin tamaşalarda da özünün tip-obraz yaratmaq vərdişini yeni estetik çalarlarla göstərə bilib. Kiçik həcmli epizod rollarda əsas aktyor məqsədi obrazın görkəmini və yerişini tapmağa yönəlir. Bunu dəqiqləşdirdikdən sonra bədii personajın daxili ritmini və danışıq koloritini müəyyənləşdirməyə çalışır. Tapdığı vasitələri məşq prosesində inamla, hətta mən deyərdim bəzən gözlənilməz cəsarətlə reallaşdırır.[2]

  • "Fədakar" filmində ifa etdiyi SSRİ-nin Neft sənayesi naziri, dövlət xadimi Valentin Dmitriyeviç Şaşin roluna görə Fəxri Fərman (2015)[3]
  • Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin Fəxri Fərmanı (2015)[4]

Teatr səhnəsindəki rolları

[redaktə | mənbəni redaktə et]

Aktyor kimi

  1. Qlumov — ("Müdrüklər", A. Ostrovski)
  2. Hacı Murad — ("Tamahkar", S. S. Axundov)
  3. Tixon İvanoviç — ("Tufan", A. Ostrovski)
  4. Əliqulu- ("Əliqulu evlənir", S. Rəhman)
  5. Bərbərzadə — ("Xoşbəxtlər", S. Rəhman)
  6. Kərəmov Surxay — ("Toy", S. Rəhman)
  7. Tarıverdi- ("Xırsquldurbasan", M. F. Axundov)
  8. Molla Həmid — ("Hekayəti Molla İbrahimxəlil kimyagər", M. F. Axundov)
  9. Əli — ("Yaşıl qapı arxasında qadın", R. İbrahimbəyov)
  10. Süleyman bəy — ("Dağılan tifaq", Ə. Haqverdiyev)
  11. Şahmar bəy- ("Müsibəti Fəxrəddin", N. B. Vəzirov)
  12. Divan bəy- ("Dələduz", N. B. Vəzirov)
  13. Azqal — ("Vasvası xəstə", Molyer)
  14. Sultan Mahmud — ("Min illərin işığı", K. Abdullayev)
  15. Məsuliyyətsiz – ("Avtobus", S. Stratıyev)
  16. Sızqanov – ("Varislər", R. İsabəyov)
  17. Fuliçço – ("Pul mənim yar mənim", Eduardo de Flippo)
  18. Cənab Zeyal– ("Tartüf", Molyer)
  19. Kərim – ("Səhər qatarı", C. Yusifzadə)
  20. Muraveyka – ("Qəribə doktor", A. Sofronov)
  21. Mürid – ("Şeyx Sənan", H. Cavid)
  22. Mister Sauyrber – ("Oliver Tvistin macəraları" Ç. Dikkens)
  23. Şəmi — ("Əcəl atı" VƏlixanlı)
  24. Montekki – ("Romeo və Cülyetta" U. Şekspir)
  25. Fərman müəllim – ("Buzovna kəndinin əhvalatları" Elçin)
  26. Molla İbrahimxəlil kimyagər – ("Müsyö Jordan və dərviş Məstəli şah" M. F. Axundzadə)
  27. Həzrəti Übeydulla – ("Əlincə qalası" Dilsuz)
  28. Çinar – ("Pələng ili" F. Mustafa)
  29. Françesko – ("İtalyansayağı xoşbəxtlik" D. Fo, F. Pilippo)

Rejissor kimi (Lənkəran Dövlət Dram Teatrı)

  1. Süleyman Sani Axundov "Tamahkar"
  2. Geor Xuqayev "Andro və Sandro"
  3. Nəcəf bəy Vəzirov "Pəhlivani zəmanə"
  4. Camal Yusifzadə "Dağlar arxasız olmur"
  5. Camal Yusifzadə "Şah və təlxək"
  6. Cəlil Məmmədquluzadə "Ölülər" (Baba Rzayevlə birlikdə)
  7. Abdulla Şaiq "Qoçpolad"

Aktyor kimi

  1. Məhəllə (film, 2003) (tammetrajlı bədii film)
  2. Bir anın həqiqəti (film, 2003) (serial)
  3. Bomba (film, 2005) (tammetrajlı bədii film)
  4. Yalan (film, 2005) (tammetrajlı bədii film)
  5. Əlvida, cənub şəhəri (film, 2006) (tammetrajlı bədii film)
  6. Cavid ömrü (film, 2007) (tammetrajlı bədii film)
  7. Biz qayıdacağıq (film, 2007) (tammetrajlı bədii film)
  8. Məhkumlar (film, 2007) (tammetrajlı bədii film) (rol: satıcı)
  9. 40-cı qapı (film, 2008) (tammetrajlı bədii film) (rol: xalça müstərisi)
  10. Günaydın, mələyim! (film, 2008) (tammetrajlı bədii film)
  11. Seçilən (film, 2008) (tammetrajlı bədii film) (rol: mitinqdəki kişi)
  12. Cavad xan (film, 2009) (tammetrajlı bədii film)
  13. Yaddaş (film, 2010) (tammetrajlı bədii film) (rol: taksi sürücüsü)
  14. Əlavə təsir (film, 2010) (tammetrajlı bədii film) (rol: kimyaçı Həbib Rüstəmov)
  15. Tərsinə çevrilən dünya (film, 2011) (tammetrajlı bədii film)
  16. Ağabəyovlar (film, 2012-2014)
  17. Sübhün səfiri (film, 2012) (tammetrajlı bədii film) (rol: nuxulu)
  18. Bir ailəm var (teleserial, 2013) (serial)
  19. Həyat sən nə qəribəsən (teleserial, 2013) (serial) (rol: Nazim Zəkizadə)
  20. Tək olanda qorxma... (teleserial, 2013) (serial) (rol: Xalid müəllim)
  21. Fədakar (film, 2015) (tammetrajlı bədii-sənədli film) (rol: Valentin Şaşin)
  22. Lotereya bileti (film, 2015) (qısametrajlı bədii film)
  23. Ultionis (tammetrajlı bədii film)

Səsləndirdiyi film

  1. Aktrisa (film, 2011) (tammetrajlı bədii film)
  1. 1 2 3 4 5 6 Ağalar İdrisoğlu. "Məhərrəm Musayev-65" (az.). AZpress.az. 31 oktyabr 2014. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.
  2. 1 2 3 4 İlham Rəhimli. "Sadəliyin mürəkkəbliyi". Mədəniyyət (az.). [anl.az ANL]. 28 noyabr 2014. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.
  3. "Rövnəq Abdullayev aktyoru mükafatlandırdı" (az.). Axşam.az. 16 yanvar 2015. 2021-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.
  4. "Aktyorlar mükafatlandırıldı" (az.). Senet.az. 7 fevral 2015. 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.