Məmməd Məmmədov (partizan)
Məmməd Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Digər adı | Medo |
Doğum tarixi | 1923 |
Doğum yeri | |
Vəfat tarixi | 2003 |
Vəfat yeri |
|
Uşağı | Nənəxanım Məmmədova (Nensi Doomen) |
Atası | Xəlil Məmmədov |
Hərbi fəaliyyəti | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Məmməd Xəlil oğlu Məmmədov (1923, Muğanlı, Zaqatala rayonu – 2003, Osterveyk[d], Şimali Brabant) — İkinci dünya müharibəsinin iştirakçısı, partizan, Niderland Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, “Cəngəvər Titulu” almış qəhrəman, bu ölkənin Kral ailəsinin fəxri üzvü, Osterveyk şəhərinin ilk fəxri vətəndaşı[1].
Həyatı
[redaktə | mənbəni redaktə et]Məmməd Məmmədov 1923-cü ildə Zaqatala rayonunun Muğanlı kəndində anadan olmuş, müharibənin ilk günlərdə cəbhəyə göndərilmiş, 1942-ci ildə Ukraynanın Don şəhəri ətrafındakı döyüşlərdə almanlar tərəfindən əsir götürülmüş, 28 nəfər soydaşımızla birlikdə Niderlandın Osterveyk şəhərinə göndərilmişdir.
Tezliklə Məmməd Məmmədov əsir düşərgəsindən qaçır və holland partizanlarına qoşularaq, göstərdiyi igidliklərə görə onlar arasında "Medo" ləqəbiylə əfsanələşir. Müharibə vaxtı o, bir neçə həmyerlisi ilə birlikdə Osterveyk meşələrində səngərlər qazıb, çox işlər görməyə məcbur olub. Niderlandın azadlığı uğrunda şimali Barbant meşələrində göstərdiyi igidliklərlə məşhurlaşmışdı.
Müharibədən sonra Məmməd Məmmədov 1946-cı ildən başlayaraq uzun müddət “Wed” ayaqqabı fabrikində çalışır. O , 1956-cı ildə “Həmişə hazıram” (“Altijd paraat”) polis itlərinin təlimi ilə məşğul olan birliyi təsis edir. Bu təlim mərkəzi indiyədək fəaliyyətdədir və Osterveykin yaxınlığındakı meşədə yerləşir. Bu birliyin də təsis edilməsinin maraqlı tarixçəsi var. O vaxtlar ətrafdakı meşələrdə canavarlar çoxalmışdı və yerli əhali, əsasən qadın və uşaqlar qorxu içində yaşayırdılar. Medo bu insanları qorumaq üçün yetişdirdiyi itləri sakinlərə paylayırdı. Sonralar keçmiş döyüşçü bu işi təkmilləşdirib, onu polis itlərinin yetişdirildiyi mərkəzə çevirdi. Hazırda məktəbin binası üzərində Məmməd Məmmədovun adı həkk olunmuş barelyef mövcuddur. Məmməd Məmmədov həm də Nevelo şəhərinin uşaq futbol klubunun məşqçisi olub[2].
Göstərdiyi qəhrəmanlıq və Niderlandın müharibədən sonrakı yenidənqurma işlərində xidmətlərinə görə bu ölkənin Kraliçası tərəfindən ən yüksək hərbi ordenlə – "Oranc-Nassau Kral ailəsinin Cəngavəri", "Müqavimət döyüşçüsü" və "Sədaqətli Xidmət" medalları ilə təltif edilmiş, həmçinin 26 minlik Osterveyk şəhərinin ilk fəxri vətəndaşı adına layiq görülmüşdür.
Müharibədən sonra SSRİ-dən gələn xəbərlər heç də ürəkaçan deyildi. Müharibə zamanı əsir düşənlərin aqibəti haqda çox pis xəbərlər gəlirdi. Stalin repressiyası və Sibirə sürgünə göndərilmək qorxusu isə ona rahatlıq vermirdi. Məmməd Məmmədov doğma vətənində qəhrəman kimi yox, vətən xaini kimi qarşılanacağını bildiyi üçün vətənə qayıtmır. Ona görə də Məmməd Məmmədov başqa seçim edir. O, Osterveykdə məskunlaşaraq, əsirlik dövründən sevdiyi holland qızı Mariya Serbrextlə ailə qurur. Bu qadından bir qızı olur. Qızına anasının adını - Nənəxanım adını qoyur. Ömrünü vətən həsrətiylə keçirən Məmməd Məmmədova 31 ildən sonra Zaqatalaya gələrək ata-baba ocağını ziyarət etmək və qohumlarıyla görüşmək nəsib olur. Məmməd Məmmədovun Azərbaycana, doğma Zaqatalaya səfəri 1972-ci ildə Niderlandın Qızıl Xaç Cəmiyyətinin təşəbbüsü və o dövrdəki SSRİ rəhbəri Leonid Brejnev xüsusi icazəsi ildə baş tutur. Bu səfərdə onu qızı Nənəxanım və həyat yoldaşı müşayiət edir. Amma bu səfərdən bir qədər öncə anasının vəfat etməsi Məmmədi kövrəldir. Anasının qəbri üstə uzanıb saatlarla ağlayır. Elə Niderlandda nəşr olunan qəzetlərin birində də bu təsirli hekayəyə böyük yer ayrılır. “Məmməd 31 il anasını görmək həsrətiylə yaşadı. Min bir zülmlə doğma vətəninə qayıda bildi. Amma anası bu səfərdən az öncə vəfat etmişdi”.
Məmməd Məmmədov 2003-cü ildə vəfat etmişdir. Adına Osterveyk şəhərində park var. Qızı Nənəxanım (Nansy) Məmmədova 2011-ci ildə yenidən Zaqatalaya gəlir, atasının yaxınlarıyla görüşür. Hazırda Niderlandda yaşayır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ""Cəngavər Medo"nun 66 ildən sonrakı "qayıdışı"". 2017-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-08.
- ↑ Zaqatalalı Xəlilin evindən Niderland kral ailəsinə qədər uzanan MACƏRA DOLU HƏYAT HEKAYƏSİ
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Парк Мамеда Мамедова в Голландии (Фото)
- В Нидерландах состоится презентация фильма об азербайджанском герое Медо
- Avropanın mərkəzində Məmməd Məmmədov küçəsinin tarixçəsi
- Turkic council. Monthly news bulletin. 15 june - 15 july 2012, 69 p.
- Oisterwijk en Mamed Mamedov
- Mamed Mamedov: De Medo Arxivləşdirilib 2018-04-03 at the Wayback Machine
- Mamedov, Mamed (Medo)