39°52′17″ şm. e. 48°37′00″ ş. u.HGYO

Mil düzü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mil düzü
Ümumi məlumatlar
Mütləq hündürlüyü 7 m
Coğrafiyası
Çaylar Araz, Kür
Yerləşməsi
39°52′17″ şm. e. 48°37′00″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayonlar İmişli, Beyləqan
Mil düzü xəritədə
Mil düzü
Mil düzü
Mil düzü xəritədə
Mil düzü
Mil düzü

Mil düzüKür-Araz ovalığının cənub-qərb hissəsində, KürAraz çaylarının qovuşduğu yerdə, Kür çayının sağ sahili ilə Araz çayının sol sahili arasını əhatə edən ərazi.

Hal-hazırda Mil düzündə böyük miqyasda suvarma və meliorasiya işləri aparılır. Bunun nəticəsində də ərazinin torpaqlarında müəyyən dəyişikliklər baş verir. Bu dəyişikliklərin hansı istiqamətdə getməsini müəyyənləşdirmək məqsədilə Mil düzü şəraitində tədqiqat işləri davam etməkdədir.

Hidrogeoloji şərait

[redaktə | mənbəni redaktə et]

Mil düzündə qrunt sularının səviyyəsinin və minerallaşma dərəcəsinin dəyişməsi bilavasitə  torpaqlarda öz əksini tapır. Heç də həmişə qrunt sularının səviyyəsinin qalxması torpaqların şoranlaşmasına səbəb olmur. Bu, torpaqların litoloji tərkibindən, kapillyar qaldırma qabiliyyətindən, struktura­sın­dan asılıdır. Belə ki, düzənlik ərazilərdə dayanıqlı aqroir­riqasiya landşaftlarının formalaşma­sın­da və biomüxtəlifliyin qorunmasında qrunt sularının minerallaşma dərəcəsinin və yerləş­mə dərinliyinin rolu çoxdur. Bu zaman qrunt sularının kritik səviyyəsi mühüm əhəmiyyət kəsb edir. Ayrı-ayrı aqrolandşaftlarda qranulometrik tərkibdən asılı olaraq qrunt sularının kritik səviyyəsi müxtəlif ola bilər. Belə ki,  intensiv suvarma dövründə Mil düzündə gilli torpaqlarda qrunt suları­nın səviyyəsinin 1,2-1-1,3 dərinlikdə olması kənd təsərrüfatı bitkiləri üçün təhlükə yaradır. Gillicəli torpaqlarda isə təhlükəli səviyyə 1,3-1,5 m-dir (N.K.Mikayılov, 2000). Qrunt sularının minerallaşma dərəcəsinin çox olması səthə yaxın yerləşən suların təhlükəliliyini bir qədər də artırır. Çox minerallaşmış qrunt suları hətta 1,5-1,8 dərinlikdə yerləş­dikdə belə torpaqlarda duzların toplanmasına səbəb ola bilər. Ona görə də, qrunt sularının səviyyəsinin cüzi qalxması aqroirriqasiya landşaftlarında mənfi hallara gətirib çıxara bilər.[1]

Mil düzündə irriqasiya-meliorasiya tədbirlərinin başlama­dığı dövrlə müasir dövrün landşaftlarının torpaqlarının şorlaş­ma xəritələrinin müqayisəsi aşağıdakı nəticələrə gəlməyə imkan vermişdir. Kürboyu zolaqda, KürArazın birləşdiyi az ərazidəki (3%-ə qədər) landşaftlarda şorlaşmamış, zəif və orta şorlaşmış torpaqlar çox şorlaşmış torpaqlara çevrilmişdir. 20%-ə qədər landşaftlarda torpaqların şorlaşma  dərəcəsi dəyişməmiş, lakin şorlaşma artmışdır. 8%-ə qədər ərazidəki landşaftlarda çox şoran torpaqlar orta və zəif şorlaşmış torpaqlara çevrilmişdir. Bir qrup landşaftlarda torpaqların şor­laş­­­ması azalmış, lakin şorlaşma dərəcəsi dəyişməmişdir (15%). Torpaqların şorlaşmasının əsaslı dəyişikliyə uğramadığı landşaftlar da təxminən bu qədər ərazi tutur. Meliorativ tədbir­lə­rin aparılmadığı və ya az aparıldığı ərazilərin landşaftları barədə məlumat azdır.[1]

Süni parçalanma

[redaktə | mənbəni redaktə et]

Mil düzündə intensiv əkinçiliyin başlanması ilə relyefdə dəyişiklik xətti qalxma və enmə istiqamətdə gedir ki, bu da aqrolandşaftların  morfoloji differerensasiyasına kifayət qədər təsir göstərir. Ərazi təbii cəhətdən zəif parçalandığından, son zamanlar burada aparılan irriqasiya-meliorasiya tədbirləri süni parçalanmanı artırmışdır.  Bunu Mil düzünün süni parçalanma xəritə-sxemini təhlil etdikdə aydın görmək olar. Tədqiqatlar göstərir ki, relyefin süni parçalanması ərazinin meliorativ cəhətdən mənimsənilməsinin intensivliyindən asılıdır. Ərazinin meliorativ vəziyyətindən asılı olaraq orada müxtəlif sağlamlaşdırıcı tədbirlər, suvarma üsulları həyata keçirilir.

Mil düzündə süni parçalanma izoxətləri Araz çayı, Yuxarı Qarabağ kanalı və Orcenekigze adına kanalları boyunca daha sıxdır və həm də ən yüksək qiymət alırlar. Araz çayının sol sahilində olan məhsuldar torpaqlar daha intensiv suvarılır ki, bunun da nəticəsində süni parçalanmanın sıxlığı 5–6 km/km-2ə çatır. Orcenikidze adına kanal boyunca izoxətlər kanal istiqamətində uzanır və sıxlıq 3,5-4,0 km/km2 _i keçmir. Burada parçalanmanın qiymətinin çox da yüksək olmaması ərazinin meliorativ vəziyyətinin nisbətən əlverişli olması ilə əlaqədardır və əsasən suvarma kanalları hesabına artır. Kol­lektor-drenaj şəbəkəsinin zəif inkişaf etməsi süni parçalan­manın qiymətini aşağı salır.

Yuxarı Qarabağ kanalından suvarılan ərazilərdə süni parçalanmanın qiyməti 4,0-5,0 km/km2-ə qədər artır. Bu ərazilərdə meliorativ şərait əlverişsizdir. Ona görə də parçalan­ma həm suvarma kanalları, həm də kollektor-drenaj şəbəkəsi hesabındadır.

Mil düzündə müasir relyefin irriqasiya-meliorasiya tədbirləri nəticəsində dəyişməsi həm də hamarlanma (planirovka), irriqasiya gətirmələrinin qeyri-bərabər paylan­ma­sı və tikinti fəaliyyəti nəticəsində baş verir. Ərazinin suvarılan torpaqlarında bu və ya digər suvarma üsullarını tətbiq etmək üçün mikrorelyef formaları hamarlanır, dağıdılır. Relyefin dəyişməsinin dərəcəsi hamarlanmanın miqyasından asılıdır.

Yuxarı Qarabağ kanalı çəkilərkən aparılan hamarlanma işləri zamanı relyef xeyli dəyişmişdir. Müəyyən edilmişdir ki, torpaq işləri zamanı aqroirroqasiya landşaftları daxilində mikrotexnogen qalxmalar və enmələr formasında səthlər yaranır. Əgər əvvəllər hamarlanma zamanı suvarılan torpaq­larda işlərin həcmi 600m3/ha  təşkil edirdisə, hazırda bu rəqəm 2,0-2,5 min m3/ha-dan çoxdur. Bu onunla əlaqədardır ki, yaxşı məhsuldar ərazilər artıq mənimsənilmişdir. İndi mənimsənilən ərazilərin relyefi isə daha mürəkkəbdir. Hamar­lan­ma suvarma və yuma zamanı rütubətin bərabər paylanmasını təmin edir. Orta mürəkkəblikdə hamarlanma zamanı mikroçökəkliklərdə torpaq qatı 60-80% pozulur (40 sm-lik qat kəsilir) ki, bu da aqrolandşaftların məhsuldarlığında özünü göstərir.

Mil düzündə relyefin dəyişməsi həm də irriqasiya-meliorasiya tikintisi işlərində, yəni kanal, kollektor, bəndlərin tikilməsi və yenidən qurulması üçün torpaqların götürülməsi zamanı baş verir. Ona görə də ərazinin aqroirriqasiya landşaftla­rında özünəməxsus  antropogen mənşəli relyef formalaş­­mışdır. Burada 3–5 m (bəzən 6 m) hündürlüyündə kollektor­boyu və kanalboyu yüksəkliklər, kanallararası və drenlərarası çökəkliklər növbələşir. Relyefdə yaranan nahamar­lıqlar irriqasiya gətirmələrini həm mexaniki tərkibinə, həm də həcminə görə sahəvi paylanmaya səbəb olur.  

Aqroirriqasiya landşaftlarının rekonstruksiyası

[redaktə | mənbəni redaktə et]

Təbiətin optimallaşdırılması təbiətdən düzgün istifadə­nin ayrıl­­­maz hissəsi olmaqla, landşaftların səmərəli istifadəsi, bər­pası, qorunması və dəyişdirilməsini əhatə edir.

Meliorativ tədbirləri həyata keçirərkən aqroirriqasiya komplekslərinin meliorativ vəziyyətini dəqiq analiz etmək lazımdır. Bu  da, özündə çoxlu müxtəlif  xarakterli təbii və təsər­rüfat amillərini birləşdirir. Onların içərisində vacibləri relyef, torpaq–qrunt, hidrogeoloji şərait, torpağın su–duz rejimi, komplekslərdə baş verən fiziki-coğrafi, geokimyəvi və biokimyəvi proseslərdir. Bütün bu amillərin birlikdə öyrənil­məsi aqroirriqasiya komplekslərinin məhsuldarlığını müəyyən etməyə və ayrı-ayrı landşaftların torpaq–meliorativ vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlər hazırlamağa imkan verir.

Yuxarıda deyilənləri nəzərə alaraq “Mil düzünün aqroir­riqasiya landşaftlarının rekonstruksiyası” xəritə-sxemi tərtib edilmişdir. Həmin xəritənin və legendanın tərtibi zamanı ərazinin meliorativ mürəkkəblik dərəcəsi nəzərə alın­mış­dır. Bu zaman səthin meylliyi, ərazinin şaquli və üfüqi par­ça­lanma dərəcəsi, relyefin forması və hipsometriyası, torpaq – qruntun mexaniki tərkibi, şoranlaşması, su – fiziki xüsusiy­yətləri, qrunt sularının minerallaşması, səviyyəsi və s. əsas götürülmüşdür. Aparıcı təbii komponentlər və meliorativ cəhət­dən mürəkkəblik dərəcəsi əsasında ayrı-ayrı landşaft qrupları ayrılmışdır.

Onların vəziyyəti, formalaşma mərhələsi və insanların təsər­­rüfat fəaliyyətinin istiqaməti nəzərə alınaraq təbiəti müha­fizə və meliorativ tədbirlər sistemi işlənib hazırlanmışdır.

Xəritənin analizi göstərir ki, ayrılmış müxtəlif aqroir­riqasiya kompleksləri aparılacaq meliorasiya tədbirləri və görü­lə­cək rekonstruksiya işlərinə görə bir – birindən fərqlənir:

Təbii cəhətdən zəif drenlənmiş məcra düzənliklərində nisbətən az məhsuldar aqroirriqasiya kompleksləri formalaş­mışdır. Onlar meliorativ şəraitinin əlverişsiz olması ilə xarakte­rizə olunur. Ona görə də hər yerdə su-duz rejiminin tənzim­lən­mə­sinə, hamarlanmaya və bataqlıqlaşmaya qarşı mübarizə apar­maq lazımdır. Bu kompleks tədqiq olunan ərazinin az bir hissəsini əhatə edir.

Allüvial – prolüvial düzənliklərin zəif drenlənmiş aqroir­riqasiya landşaftlarında kompleks meliorativ tədbirlərə, yəni ir­riqasiya eroziyası, təkrar şoranlaşma və bataqlıqlaşmaya qarşı tədbirlərə ehtiyac var. Ərazi təbii cəhətdən zəif drenlən­di­yin­dən uzun illər ərzində qədimdən suvarılan kompleks­lərdə əlverişsiz su – duz rejimi yaranmışdır. Ona görə də, burada ekolo­ji tarazılığı gözləmək üçün üfüqi (600 – 800 ; 3,0 – 3,5 m ), ayrı – ayrı hallarda şaquli drenajlar (600 – 700; 20 – 30 l/san) çəkmək lazımdır. İnfiltrasiya tədbirlərinin də əhəmiyyəti böyükdür. Yeni suvarı­lan kompleks­lə­­rdə qrunt suları çox da dərində olmadığından, üfüqi drenajların sıxlığı daha çox olmalıdır (300–400 m; bəzən 200 m). Torpaq–qruntun filtrasiya xüsusiyyətləri zəif olduğundan burada şaquli drenajların çəkilməsi məsləhət deyil.

Allüvial düzənliklərin aqroirriqasiya landşaftları meliorativ cəhətdən daha çox dəyişdirilmişdir. Tələb olunan meliorativ tədbirlərdən asılı olaraq onlar üç qrupa bölünür və təqribən ərazinin üçdə bir hissəsini.

Bunlardan birincisi təbii cəhətdən zəif drenlənmiş allüvial düzənliklərin relyefi dəyişdirilmiş, keyfiyyətcə yeni torpaq – bitki qruplarına malik olan, suvarma eroziyasına, təkrar şoran­laş­maya, bataqlıqlaşmaya qarşı işləri nəzərə almaqla meliorativ tədbirlərin aparılmasına ehtiyac olan aqroirriqasiya landşaf­t­la­rı­dır. Bu komplekslər Mil düzünün mərkəzi hissəsində və cənubunda yayılmışdır. Qədimdən suvarılan komplekslərdə su – duz rejimini tənzimləmək üçün üfüqi drenajları 500 – 600 metrdən və hətta bəzən 300 – 400 metrdən keçirmək lazımdır.

Yeni suvarılan komplekslər kənd təsərrüfatı istifadəsinə nisbətən yuxarılarda daxil olduğundan, onlar yüksək məhsul­dar­lıq almaq üçün meliorativ cəhətdən əlverişsizdir və köklü (əsaslı) meliorasiya işlərinə ehtiyac var (hamarlama, yuma, drenləmə və s.). Ona görə də üfüqi drenlər arasındakı məsafə 300 – 400 m və 200 m, dərinliyi isə 3,0 – 3,5 olmalıdır. Qrunt sula­­rı yer səthinə yaxın yerləşdiyindən (1,3 – 1,8 m) və kənd təsərrüfatı bitkiləri üçün təhlükə yaratmağından  filtrasi­yaya qarşı tədbirlər görülməli, suvarma normasına əməl edilmə­­lidir.

Təbii drenlənməmiş və zəif drenlənmiş allüvial düzənlik­lərin mürəkkəb meliorativ tədbirlərə, xüsusilə təkrar şoranlaş­maya və bataqlıqlaşmaya qarşı tədbirlərin həyata keçirilməsinə ehtiyac olan kompleksləri (IV) Mil düzünün şimal hissəsində və az miqdarda Araz çayı sahilində yerləşir. Qədimdən suvarı­lan komplekslərdə mövcud olan üfüqi drenlər (keçən əsrin 50-60-cı illərində çəkilmişlər) ərazinin duz – su rejimini kifayət qədər tənzimləyə bilmir. Əvvəllər çəkilmiş drenlərin aralıq məsafəsi 300 – 400 m, dərinliyi 2,5 - 3,0 olmuşdur. Hazırda onla­rın bir hissəsinin fəaliyyət göstərmə­məsi geokomplekslərin vəziyyətinə mənfi təsir edir. Gələcəkdə aqroirriqasiya komplekslə­rinin su – duz rejimini tənzimləmək üçün drenlər­arası məsafəni 200 – 300 metrə, dərinliyini 3,0 – 3,5 metrə çatdırmaq lazımdır. Ancaq bu halda onlar qrunt sularının səviy­yəsini kritik səviyyədən aşağı saxlaya bilər. Bu qrup kompleks­lərin 50% - də dərinliyi 1,0 – 1,2 m, intervalı 40 – 50 m olan kiçik drenlər çəkilməlidir ki, bunlar da torpağın şoranlığının azalmasına səbəb ola bilər. Belə tədbirlərin görülməsi pambı­ğın məhsuldarlığını yüksəltməyə xeyli imkan verər.

Təbii drenlənməmiş və axarsız allüvial düzənliklərin çox mürəkkəb meliorasiya tədbirlərinə, təkrar şoranlaşmaya və bataqlıqlaşmaya qarşı tədbirlərə ehtiyac olan aqroirriqasiya kompleksləri (V) Mil düzünün şərq hissəsində yerləşir. Bu komplekslər yayılan ərazilərdə gilli və gillicəli süxurlar üstün­lük təşkil edir ki, onlar da filtrasiya əmsalının 0,5 – 2 m / sutka olması ilə xarakterizə olunur. Qrunt suları yer səthindən 1– 3 m dərin­likdədir və  minerallaşma dərəcəsi 25- 50 /l təşkil edir. Pambığın məhsuldarlığı orta səviyyədədir. Qədimdən suvarılan komplekslərdə meliorativ şərait çox mürəkkəb olduğundan meliorasiya işləri müntəzəm olaraq digər profilak­tiki tədbirlərlə birlikdə, yəni gipsləmə, əhəngləmə və s. ilə birlikdə aparılır. Həmin ərazilərdə sıx (300 – 400 m) və dərin (3,0 – 3,5 m ) üfüqi drenlərin çəkilməsi filtrasiya itkilərini azaltmaq üçün vacibdir.

Beləliklə, demək olar ki, Mil düzünün əksər hissəsində əsaslı  meliorativ tədbirlərə ehtiyac var. Ərazinin 80% -ində üfüqi drenajlar, 15% -də şaquli drenajlar çəkilməlidir. Xeyli ərazidə torpaqlar duzlardan yuyulmalıdır. Lakin, müəyyən edilmişdir ki, ərazi axarsız və az meylli olduğundan, aparılan meliorativ tədbirlər gözlənilən  nəticəni vermir.

Meliorasiya tədbirləri

[redaktə | mənbəni redaktə et]

Mil düzü Azərbaycanın mühüm aqrar rayonlarından biridir. Burada çoxsahəli təsərrüfat sahələri içərisində pambıq­çı­lıq daha böyük əhəmiyyət kəsb edir. O, taxılçılıq və heyvan­dar­lıqla yanaşı suvarma şəraitində inkişaf edir. Torpaq fondunun istifadə səviyyəsi təbii şəraitdən, irriqasiya-melio­rasiya tədbir­lərinin intensivliyindən asılıdır. Ərazinin çox his­səsində aqroirriqasiya komplekslərinin yaradılması şorlaşmış torpaqların əvvəlcədən meliorasiyasından sonra aparılmalıdır.

Tədqiqatlar göstərir ki, Mil düzü şorlaşmış torpaqların meliorasiyası kompleks meliorativ tədbirlər sisteminin həyata keçirilməsi ilə olmalıdır. Bu tədbirlər həm şorlaşmanın  gələ­cək inkişafına yol verməmək üçün xəbərdarlıqedici tədbir­lə­r­dən, həm də torpaq-qruntun duzlardan təmizlənməsi üçün görü­lən kök­lü meliorasiya tədbirlərindən ibarətdir. Xəbərdarlıqedici tədbirlərə  həmçinin qrunt sularına müxtəlif mənbələrdən la­zım­sız daxilolmaların azaldılması, kənd təsərrüfatı bitkilərinə yük­sək aqrotexniki qulluq, əkinlərin düzgün aparılması və s. aiddir.

Köklü əsaslı meliorasiyanın əsası drenajların çəkilməsi və torpaqların duzlardan yuyulmasıdır. Ona görə də, meliorasiya landşaftların funksiyasını, təbii-resurs potensialını, dayanıq­lı­ğını, etibarlılığını və estetikliyini idarə edən tədbirlər sistemidir. Aqroirriqasiya komplekslərinin məhsul­dar­lı­ğı­nı­ artırmaq  üçün torpaqdan istifadə əmsalını, suvarma və drenaj ka­nal­larının faydalı fəaliyyət əmsalını yüksəltmək lazımdır. Su resurslarından istifadənin optimallaşdırılması irriqa­s­iya sistemlərinin faydalı fəaliyyət əmsalından, təsər­rüfat­la­rarası və təsərrüfatdaxili kanalların istifadəsinin xarakte­rin­dən, suvarma normasından, hidrotexniki qurğularla təchiz olunma dərəcəsindən asılıdır.

Yuxarı Qarabağ kanalı istifadəyə verilən ilk illərdə Mil düzündə kanaldan intensiv filtrasiya baş vermişdir. Bu da, kanalətrafı zolaqda qrunt sularının səviyyəsinin qalxmasına səbəb olmuşdur. Ancaq, kanalın çoxillik istifadəsi zamanı kalmatasiya nəticəsində infiltrasiya itkisi xeyli azalmışdır. Buna həm də, magistral və paylayıcı kanallara beton üzlüklərin çəkilməsi, yağış üsulu ilə suvarmanın artırılması köməklik etmiş­dir. Əgər, Yuxarı Qarabağ kanalının faydalı fəaliyyət əms­­alı 0,8-0,9-a qaldırılsa, kanalboyu ərazilərdə  meliorativ şəra­it yaxşılaşar, həm də qənaət olunmuş su hesabına əlavə 15-20 min ha yeni torpaq sahəsi suvarmaq olar. Deməli,  Mil düzündə kanalların faydalı fəaliyyət əmsalının artırılması qrunt sularının filtrasiya hesabına qidalanmasını xeyli azaldır. Drenaj sisteminin qurulması əlverişli meliorativ və hidroloji fəaliy­yətin yaradılmasına səbəb ola bilər. Onun parametrləri isə geofiltrasiyanın intensivliyinə uyğun olmalıdır. Mil düzü təbii cəhət­dən az drenlənmiş ərazi olduğundan, orada dayanıqlı aqrokomplekslərin yaradılması üçün süni drenlərin çəkilməsi vacib­dir. Məlum olmuşdur ki, açıq drenlərdən istifadə zamanı yararlı ərazilərin 15-20%-i drenlərin və çöküntülərin altında qalır. Ona görə də təbii drenlənməmiş ərazilərdə imkan olduq­da qapalı drenlərin  yaradılması vacibdir. Belə ki, onlar normal fəaliyyət  göstərdikdə kifayət qədər suvarılan torpaqlar mühafi­zə olunur. Kürboyu zolaqda maili düzənliklərdə qapalı drenli ərazilərin sahəsini bir neçə dəfə artırmaq olar. Belə ki, burada torpaq-qrunt az şoranlaşmışdır və yüksək filtrasiya qabiliy­yətinə malikdir. Az minerallaşmış qrunt suları isə əsasən kritik səviyyədən aşağıda yerləşir.

Qrunt sularının minerallaşması

[redaktə | mənbəni redaktə et]

Mil düzünün qrunt sularının minerallaşma dərəcəsi və kimyəvi tərkibi yalnız təbii amillərlə deyil, həm də irriqasiya-meliorasiya tədbirlərinin təsiri ilə formalaşır. Ən  çox minerallaşma dərəcəsi kontakt depressiyalarda, konuslararası çökəkliklərdə və gətirmə konuslarının kənar hissələrində müşa­hidə edilir və 25-50 qr/l-ə qədər qalxır.

Mil düzünün şərq hissəsində qrunt suları daha çox minerallaşmışdır. Belə ki, AğgölMehmangöl çökəkliklərin­də qrunt sularının minerallaşması 50-100 q/l-dən artıq qiymət alır (İsrafilov,1972). Ərazidə qrunt sularının minerallaş­masının qiyməti ön dağlıqdan Kürboyu zolağa doğru artır. Ən az minerallaşma (2 qr/l-ə qədər) ArazQarqarçayın gətirmə konuslarının yuxarı hissələrində müşahidə edilir. Bu sular tipinə görə natrium və kalsium kationlarının üstünlük təşkil etdiyi hidrokarbonatlı-xloridli və sulfatlı tipə aiddir. Orcenikidze? adına kanalla kollektor arasında yerləşən suvar­ı­lan torpaqlarda qrunt sularının minerallaşması 1-25 qr/l-ə qədər olsa da, kimyəvi tərkibində sulfat ionları üstünlük təşkil edir. Müşahidə illəri ərzində mineral­laşma 1-25qr/l olan qrunt sularının yayıldığı ərazilər nisbətən genişlənmiş, lakin 25qr/l-dən çox duzluğu olan qrunt sularının sahəsi isə azalmışdır.

Ayrı-ayrı landşaft tiplərinə qrunt sularının minerallaşma dərəcəsi müxtəlif diapazonda dəyişmişdir. Ərazinin 35%-də qrunt sularının  minerallaşma dərəcəsi nisbətən azalmış, lakin tipi dəyişməmişdir. Kürboyu zolaqda daha çox minerallaşmış qrunt suları nisbətən az minerallaşmış qrunt sularına (10 qr/l) çevrilmişdir. Belə landşaftların ərazisi 20%-ə yaxındır. Ərazidə ayrı-ayrı ləkələr şəklində qrunt suların minerallaşma dərəcəsi artmışdır. Belə landşaftların  ərazisi isə 15%-dən çoxdur.

Mil düzündə antropogen landşaftların strukturunda aqroir­riqasiya landşaftlarının xüsusi çəkisi kifayət qədərdir. Belə ki, ərazi arid olduğundan irriqasiya-meliorasiya tələblə­rinə ciddi ehtiyac var. Bu tədbirlər isə landşaftlarda köklü (əsaslı) komponent dəyişikliklərinə gətirib çıxarır. Ona görə də, bioekoloji müxtəlifliyi qorumaq, dayanıqlı landşaftlar yaratmaq üçün təbii şərait ətraflı araşdırılmalı, su resurslarının idarə olunması probleminə ciddi fikir verilməlidir.

Mingəçevir su anbarı istifadəyə verilənə qədər düzənlik ərazilərin  aqroirriqasiya landşaftlarının arealları o qədər də geniş deyildi və neqativ hallar kəskin xarakter daşımırdı. Lakin, bu ərazilərin intensiv suvarılmasına başlanması ilə magistral, paylayıcı kanalların, drenaj və kollektorların sıx şəbəkəsi yaranmışdır. Geniş mühəndis-tikinti işlərinin aparıl­ması ilə ərazidə landşaftların siması xeyli dəyişmişdir. Çoxillik suvarma, meliorasiya və digər tədbirlər nəticəsində torpaq-bitki örtüyü dəyişmiş, yeni mikrotexnogen  relyef formaları yaranmışdır. Aparılan bu tədbirlər aqrolanşaftların dayanıq­lığının artırılmasına, onların məhsuldarlığının yüksəl­dil­­­­məsinə yönəlmiş olsa da, həmişə nəzərdə tutulan effekti vermir.

Mil düzündə ekoloji cəhətdən dayanıqlı  məhsuldar aqroirriqasiya landşaftları yaratmaq üçün ərazinin hidrogeoloji, gemorfoloji və torpaq-iqlim şəraiti diqqətlə araşdırılmalıdır. Respublikamızın mürəkkəb meliorativ şəraitə malik olan düzənlik ərazilərində rejim parametrlərinə  (suvarma rejimi və norması, mineral və üzvi gübrələrin verilməsi və s.) əməl olunması aqroirriqasiya landşaftlarının  məhsuldarlığının saxlanılmasına və onların özü-özünü tənzimləməsinə imkan verir. Bu regionda ekoloji cəhətdən dayanıqlı kompleksləri yaratmaq üçün vacib olan əsas amillər relyef, süxurların bioloji tərkibi, qrunt sularının dərinliyi və minerallaşma  dərəcəsi, təbii və süni drenlənmə və s.-dir.

Mil düzündə relyefin dəyişməsi qədim zamanlara təsadüf edir ki, bu da əkinçiliyin başlanması ilə əlaqədardır. Həmin vaxtdan səth sularından istifadə edən əkinçilər əvvəllər sadə kanallar və drenajlar çəkmiş, sonralar isə mürəkkəb kanallar və bəndlər çəkmişlər. Bu kanallar,  drenajlar, bəndlər və s. ölçülərinə görə kiçik olmuş, relyefə zəif təsir göstərmiş­dir. Ona görə də onların izləri müasir landşaftlarda demək olar ki, saxlanılmamışdır. Daha sonralar müntəzəm suvarmanın inkişafı ilə əlaqədar relyefin dəyişməsi kəskin artmışdır. Bir çox suvarma kanallarının müasir relyefdə qalıqları yastı tirələr və mikroçökəkliklər şəklində, həmçinin basdırılmış kurqanlar şəklində qalmışdır. 

Qrunt sularının səviyyə dəyişməsi

[redaktə | mənbəni redaktə et]

Mil düzündə landşaftların formalaşmasında hidroloji şəraitin rolu respublikamızın digər regionlarına nisbətən daha çoxdur. Belə ki, burada qrunt sularının minerallaşma dərəcəsi nisbətən yüksək, səviyyəsi isə səthə daha yaxındır.

Mil düzündə qrunt sularının səviyyəsi 0–10 m arasında dəyişir. Onların səviyyəsi ön dağlığa doğru aşağı düşür. Kürboyu və Arazboyu zonada qrunt sularının səviyyəsinin yüksək olması intensiv suvarma tədbirləri ilə əlaqədardır. Şərq istiqamətdə qrunt sularının səviyyəsi 3-5 və 1-3m-ə qədər qalxır.

Tədqiq olunan ərazinin böyük hissəsində qrunt sularının səviyyəsi 3m-dən yüksəkdir. Çökək hissələrdə göl və bataqlıq­lar əmələ gəlir. Ərazinin az bir hissəsində səviyyə 5 m-dən aşağıdır. Mil düzünün şimal-qərbində isə qrunt sularının səviyyəsi 5–10 m arasında dəyişir. Qeyd olunduğu kimi, ən yüksək səviyyə isə Kürboyu və Arazboyu zolaqda müşahidə edilir.

Mil düzündə qrunt sularının səviyyəsi get-gedə güclənən suvarma və drenaj şəbəkəsinin təsiri altında formalaşır. Nəhəng irriqasiya sistemlərinin tikintisindən sonra qrunt sularının səviy­­yəsi kəskin qalxmış və müasir aqroirriqasiya landşaft­larının karkasının formalaşmasına ciddi təsir göstərmiş­dir. Suvarılan ərazilərdə yaranan aqrolandşaftlarda  səhralaşmanın qarşısı alınmış, məhsuldarlıq artmışdır. Suvarı­l­mayan ərazilərdə səhralaşma prosesi güclənmiş, məhsul­darlıq və bitkilərin növ tərkibi azalmışdır. Respubli­ka­mızda qrunt sularının səviyyəsi və minerallaşmasına aid müntəzəm müşahidələr XX əsrin 30-cu illərindən başlamışdır. 50-ci illərdən sonra suvarmanın intensiv inkişafı qrunt sularına daha çox təsir göstərmişdir.

Mil düzündə 1930-cu illərdə 3–5 m dərinlikdə yerləşən qrunt suları 36,8% təşkil edirdisə, 1955-ci ildə bu rəqəm 35,5% olmuşdur. 5–10 m dərinlikdə yerləşən sular və bu illərdə uyğun olaraq 24,3% və 32,2% təşkil etmişdir. 1975-ci ildə isə 3–5 m dərinlikdəki qrunt suları 8%, 5–10 m dərinlikdəki sular isə 2,8% olmuşdur. 1990-cı ildə isə bu dərinlikdə olan sular uyğun olaraq 3,8% və 1,5% təşkil etmişdir.

Mil düzündə 3 m dərinliyə qədər olan qrunt suları 1930-cu ildə 22,6% sahə tuturdusa, 1955-ci ildə o artıb 26,7% olmuşdur.  Sonrakı illərdə bu proses daha intensiv getmiş və 1975-ci ildə 3 m-ə qədər dərinlikdə yerləşən qrunt suları ərazinin 86,4%-ni təşkil etmişdir. 1990-cı ildə bu dərinlikdəki qrunt suları artıq ərazinin 94,4%-də yayılmışdı. Mil düzünün Yuxarı Qarabağ kanalından hündürdə yerləşən aqrokom­pleks­lər­ində qrunt sularının səviyyəsində dəyişiklik  nisbətən az olmuşdur. Kanaldan aşağıdakı komplekslərdə qrunt sularının səviyyəsinin çox dəyişməsi isə burada intensiv suvarmanın aparılması ilə əlaqədardır.

Mil düzünün ayrı-ayrı landşaftlarında qrunt sularının səviyyəsinin irriqasiya meliorasiya tədbirləri başlamamışdan və hazırkı dövrlə müqayisəsi müxtəlif ərazilərdə bu təsirlərin fərqli olmasını göstərir. Belə ki, qrunt sularının səviyyəsinin 1–2 m aşağı düşdüyü landşaftlar böyük olmayan ləkələr şəklin­dədir. Səviyyənin 2 m-dən çox düşdüyü landşaftlar daha az yer tutur. Bu landşaftlar meliorasiya işlərini çox aparıldığı və kollektor-drenaj şəbəkəsinin sıx olduğu ərazilərdir. Qrunt sularının səviyyəsinin 1m-dən çox qalxdığı landşaftlar daha çox ərazi tutur (40%-ə qədər). Suların səviyyənin 2 m-dən çox qalxdığı sahələr nisbətən az olsalar da, qrunt sularının yaxın olduğu sahələrdə bu öz mənfi nəticələrini daha çox göstərir. Qrunt sularının səviyyəsinin praktiki olaraq dəyişmədiyi landşaftlar adətən suvarma aparılmayan ərazilərdədir.

Deməli, Mil düzündə aparılan irriqasiya-meliorasiya tədbirləri gözlənilən nəticəni verməmiş və ərazidəki aqroirriqasiya landşaft­la­rının 80%-dən çoxunda qrunt sularının səviyyəsi bu və ya digər dərəcədə qalxmışdır.   

  1. 1 2  İbrahimov T.O., Yunusov M.İ., Yusifov D.E. Mil düzü landşaftlarının mühafizəsi. Bakı 2012.

İbrahimov T.O., Yunusov M.İ., Yusifov D.E. Mil düzü landşaftlarının mühafizəsi. Bakı 2012.    

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]