Molla Ruhulla Məmmədzadə
Molla Ruhulla Məmmədzadə | |
---|---|
Doğum tarixi | 1850 |
Doğum yeri | |
Vəfat tarixi | yanvar 1912 |
Vəfat yeri | |
Uşağı |
Axund Molla Ruhulla Məmmədzadə[1][2] və ya Molla Ruhulla Axundov[3] (1850, Novxanı, Bakı qəzası – yanvar 1912, Bakı) —— Azərbaycanlı ruhani, ictimai xadimi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Axund Molla Ruhulla Məmmədzadə 1850-ci ildə Novxanı kəndində anadan olmuşdur. On beş yaşında ikən Qəzvin şəhərinə gedir. Burada on dörd il təhsil aldıqdan sonra 28 yaşında Novxanıya qayıdır. Əvvəllər Novxanıda, sonralar isə 18 il Bakının Hacı İmaməli məscidində prixod mollası işləyir. Camaatın xahişi ilə eyni zamanda rus-müsəlman məktəblərində şəriət dərslərini aparır.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Elm və maarifin yayılmasında, cəmiyyətdə qadın rolunun təbliğində mühüm rol oynamış ruhanilərdən biri də Axund Molla Ruhulla millətin həyat və məişətində zərərli mövqe tutan din xadimlərinin ilahiyyatla əlaqəsi olmayan möizələrinin mahiyyətini təhlil edərək, belə qərara gəlmişdi ki, millətə yalnız tərəqqi və mədəni inkişaf baxımından yanaşan, öz moizə və çıxışları ilə yalnız insan qəlbinin saflığına çalışan ruhanilər zəmanəmizdə düzgün həqiqət yolunu tuta bilərlər. Xürufata uyan mollalardan, onların düzgün insanlıq yolundan saparaq, camaata ancaq zərərli fikirlər təbliğ etməsindən bilmərrə narazı idi. Çünki məhz belə mollalar camaatın əbədül-dəhr cəhalətdə qalmasına səbəb olur.
Bu fikirlər onun fəal bir publisist kimi M. R. Məmmədzadə imzası ilə çıxış etdiyi "Həyat", "İrşad", "Tərəqqi", "Dəbistan" kimi qəzet və jurnallarda, Hindistanın Kəlküttə şəhərində nəşr edilən "Hübbülvətən", İstanbulun "Məlumat" qəzetlərində tez-tez çap olunan məqələlərində öz əksini tapırdı. Din Axund Molla Ruhulla üçün müqəddəs idi. Lakin o, insanlara və həyata işıq gətirməyi ruhaniliyin əsas və müqəddəs vəzifələrindən hesab edirdi. O, insanları həyatda fəal mübarizəyə çağırırdı. "Günəş" qəzetində "Axundların xidməti" məqaləsində yazırdı: "Qeyrət budurmu ki, xalqlar sənin torpağını arayıb, faydalar götürsün, sənin çırağın ilə işıqlansın, amma sən zülmətdə otur, acından öl. Bunun axırı nədir? Dinə də zəəf gəlir, dünyaya da. Quru dindarlıq fayda verməz, para gətirməz. Parasız da iş aşmaz. Şəhərlərdə məscidlər dolusu fəqirlər quru dindarlıq edənlərdir. Bu gün bu fəqirliyin bəlasından bütün məmaliki islamiyyə fəlakətə düşmüşdür".
Cəhalət bütün bəlaların ümdə səbəbidir. Ona uymayın, amanın bir günüdür- deyirdi. "İrşad" qəzetinin 1906-cı il tarixli 134-cü nömrəsində dərc etdirdiyi "Hamımıza dair" məqaləsində bu fikrini daha da genişləndirərək, yazırdı: "Hamıya məlumdur ki, nə qədər maarifin çıraqları sönübsə, cəhalət çoxalırsa, səfil millət o qədər zillət və zəlalətə səbəb olur. Bu dünyada bundan da alçaq, dəni və rəzil adam bulanarmı ki, əbnay növünü deyil, öz qardaşını, övladını bu səfalətdə, bu cəhalətdə mülahizə edib, mükatib qapıların mıxladıb, maarif məşəllərin torpaqlasın, bu fəqir, pəristar millətin halı günbəgün pərişanlığa ya qoyduğuna bais olsun… Qeyrət, qardaşlar, qeyrət… Allah eşqinə bir qeyrət edin. O səfalı və pak yaradılmış qəlbinizi alçaq və dini qərəzlərlə məşqul edib, binəva millətin yetim balalarını cəhalət yoluna yaxmayın".
Axund Molla Ruhulla elm və maarifə bir tərəfli yiyələnmənin əleyhinə idi. Onun fikrincə elmə yiyələnən adamlar qollarını çırmayıb, həyat mübarizəsinə girməyincə öz məqsədlərinə nail olmayacaqlar. 1906-cı il "Günəş" qəzetinin 103-cü nömrəsində "Bizlər – bizimkilər" adlı məqaləsində yazırdı: "Kamallı mühərrirlərimiz bizə "Ulum və maarif gərəkdir" — deyirlər. Mən isə bizə vücudlu kişilər, hümmətli şəxslər, qəyur rəislər gərəkdir – deyə fəryad edirəm".
Bəli Axund maarif və mədəniyyəti yayan belə fəal mübarizlər arzulayırdı. Elə mübarizlər ki, elmin inkişafında, yenilik yaradılmasında canlarını əsirgəmədən meydana atılsınlar. Bu işdə zülm və təzyiq olsa da dözə bilsinlər.
1904-cü ildə Bakıda "Hidayət" adlı bir cəmiyyət yaradılmışdı. Onun təşkilatçıları əsasən ruhanilər və ziyalılar idi. Bakıda qaniçən qoçular və qətllərlə mübarizə aparmağı, dini fanatizmin qarşısını almağı bu cəmiyyət öz qarşısına məqsəd qoymuşdu. Məhərrəmlikdə camaatın dəstə-dəstə şəhərin küçələrini gəzib, baş yarrmaları, zəncir vurmaları cəmiyyət tərəfindən pislənir, məsçid minbərlərində Axund Molla Abu Turab, qazı Mir Məmməd Kərim tərəfindən islam dininin əsl mahiyyəti camaata başa salınırdı. Quduzlaşmış qoçuların qabağını almaq işində də cəmiyyət hökumətə yaxından kömək edirdi.
Ölümü
[redaktə | mənbəni redaktə et]"Hidayət"in on nəfərdən ibarət idarə heyəti vardı. Onun üzvlərindən H. Z.Tağıyev, İsa bəy Hacınski, Bakı qazısı Mir Məmməd Kərim, Axund Molla Ruhulla, Əhməd bəy Ağayev, Mustafa bəy Əlibəyovu qeyd etmək olar. Cəmiyyətin məramnaməsi camaata müraciət şəklində elan edildikdə qaragüruh qüvvələr onun üzvlərinə qarşı təərrüzə keçdilər. Cəmiyyətin katibi Əlibəyov həftələrlə evindən bayıra çıxa bilmədi, Axund Mir Məmməd Kərimin evini yandırmaq istədilər. Axund Molla Ruhullanın isə taleyi daha faciəli oldu. 1912-ci ilin yanvarında onu namaz qılan yerdə öldürdülər. Bu, bütün Bakını sarsıtmışdı. Dəfndə 10 minədək adam iştirak etmişdi. H. Z.Tağıyev dəfn mərasimində çıxış edərək demişdi: "Həzarət, mən neçə ildir lad-fəryad eləyirəm ki, camaat, oxuyun, balalarınızı oxudun ki, belə müsibətlərə düçar olmayaq. Bu gün həmin elmsizliyin nəticəsidir ki, belə qanlı vaqiəni görürük".
Axund Ruhullanın ölümü dövrün qabaqcıl ziyalılarını xüsusilə kədərləndirmişdi. Məşhur publisist Hüseyn Minasazov "Kaspi" qəzetinin 1912-ci il 15-ci nömrəsində yazırdı: "Molla Ruhulla xeyirxahlıq və həqiqətin dönməz və cəsur müdafiəçisi idi. Ruhani ata, publisist və müəllim- ictimai fəaliyyətin bu üç sahəsində o özünü xalq mənafeyinin alovlu müdafiəçisi kimi göstərmişdi. Minbərlərdən onun birliyə, işə, işığa səsləyən gurultulu çağırışlarını tez-tez eşitmək olardı. Qəzet səhifələrində onun fanatizmə, qüvvələrimizin pərakəndəliyinə qarşı, bizim vaxtı keçmiş xürafat və zehniyyətimizə qarşı etirazlarına tez-tez rast gəlmək olardı. Bu, həqiqi mənada qəhrəmanlıq idi. Bu parlaq zəka bir dəqiqə də olsun unutmurdu ki, həyatımızın quruluşunda başlıca ünsür qadınlardır. Qadın təhsili ideyası, müsəlman qadınlarının taleyi onun simasında özünün parlaq müdafiəçisini tapmışdı".
M. Ə. Rəsulzadə isə onun haqqında belə yazırdı: "Zənn etmə ki, sənin maarif yolunda etdiyin fədakarlıqlar həpsi əfsanədir. Xeyr, olamaz".[4]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Məmmədsadıq Axundovun atasıdır.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Şeyx həzrətlərinin çoxşaxəli fəaliyyəti ölkəmizi gücləndirir [ölü keçid]
- ↑ "Allaha, Vətənə və xalqa xidmət edən Şeyxülislam". 2020-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17.
- ↑ "Axundların Azərbaycanın XX əsr ictimai həyatında rolu". 2017-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17.
- ↑ Qılman İlkinin "Bakı və bakılılar" kitabından, 307–309
- ↑ "Axundov Məmmədsadıq Molla Ruhulla oğlu". 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Qılman İlkin. Bakı və bakılılar (Üçüncü nəşri). Bakı, "Nurlar" NPM, 2006, səh. 255–258 . Lisenziya AB № 022039. ISBN 9952-426-12-7