Muğan qurultayı
Muğan qurultayı və ya Suqovuşan qurultayı — Hotaki-əfqanları zərərsizləşdirdikdən, Osmanlı və Rusiya tərəfindən zəbt olunmuş əraziləri geri qaytardıqdan və bununla da bütün Səfəvi ərazisində nəzarəti ələ aldıqdan sonra Nadir xan Əfşar bütün diqqətini hakimiyyət məsələsi üzərində cəmləşdirdi.[1] Nadir xan Səfəvilərdə naibüssəltənə (səltənət vəkili) adlansa da, əslində, real hakimiyyət onun əlində idi. Hakimiyyəti rəsmən ələ keçirmək üçün və özünü şah elan etmək üçün Nadir xan 1736-cı ilin fevral-mart ayında Muğan düzünə, Kürlə Arazın qovuşduğu yer olan Qalaqayında[2] Muğan (Suqovuşan) qurultayını çağırdı. Suqovuşan qurultayında taxta kimin sahib olması məsələsi müzakirəyə çıxarıldı. Uzunsürən müzakirələrdən sonra qurultay iştirakçıları Nadirin şah seçilməsinə razı oldular.[1][3][4]
Tarixi
[redaktə | mənbəni redaktə et]XIX əsr Azərbaycan tarixçisi A.A.Bakıxanov yazır ki, qurultay keçirilməzdən öncə Nadir şah Əfşar ölkənin hər bir yanına xəbərlər göndərmiş, bütün vilayətlərdən Muğana-Azərbaycana 100 min adam gəlmişdi: "Bir aydan ziyadə çəkən müşavirə və danışıqlardan sonra, Nadir həzrətləri 1148-ci (1736) ildə, şübat (fevral) ayının 26-da İranın səltənət taxtına oturdu".[5]
Mirzə Mehdi xan əsərində yazır ki, Nadir şahın taxta çıxması xalqın istəyilə baş vermişdir və Nadir özü hakimiyyəti istəməmişdir. Amma həmin dövrün şəraiti, İran və Azərbaycanın sahibsiz qalması onu buna məcbur etmişdir. Bəzi mənbələrə görə isə Nadir xan qəsdən, guya hakimiyyətə ehtiyacı olmadığı üçün bunu etmişdir, yəni hakimiyyətdən boyun qaçırmışdır. Lakin əsas məqsəd hakimiyyəti ələ keçirmək idi. Mirzə Mehdi xan yazır ki, Nadir şahın Səfəvi taxtında oturmaqdan boyun qaçırması Cəfər xan, Rza xan, Məhəmməd xan və başqa xanların gözü önündə baş vermişdi.[6]
Digər XIX əsr tarixçisi Mirzə Adıgözəl bəy də "Qarabağnamə"sində yazır ki, Nadir şah 1736-cı ildə Muğanda keçirilən qurultayda öncə Səfəvilərin taxtına oturmaqdan imtina etmişdir: "…xaraba qalmış İran məmləkətini düşmənlərin təcavüzündən xilas etmişəm. Səfəvi şahı Təhmasib ilə oğlu Abbas Mirzə hər ikisi nəcabət səmasının günəşləri və səltənət fəzasının səadət ulduzlarıdırlar. Onlardan hər hansını padşahlıq və hökmranlıq taxtına layiq bilsəniz, mən də sizinlə birlikdə dinməz-söyləməz onun qulluğunda durub, itaət halqasını qulağıma asaram".[6] Mir Mehdi Xəzani "Kitabi-Tarixi-Qarabağ"da yazır ki, Nadir şahın bu sözlərindən sonra qurultay nümayəndələri tək sözlə dedilər: "Çün bizim can və malımızı, namus əyalımızı müxaliflər cəngində əsir və dəstgir və əhaliye-zülm əlində müqəyyud və məhbus və biəmr ikən, siz himayət və siyanət buyurub xilas edibsiniz. Gərəkdir ki, bizim sultanımız və padişahımız yenə sizin vala-cənabınız ola ki, sizin vüzudi-məsudinizdən qeyri heç kimsə səltənəti-İranı vərtəq və fətəqi-mümümmati-cahani kəmayanbəqi dolandırmağa şayəstə və sizavar ola bilməz".[6]
Suqovuşan qurultayında Ziyadoğlular kimi tanınan Gəncə bəylərbəyiləri (digər adlandırılması Qarabağ bəylərbəyiliyi) və Qarabağın — Otuzikilər, Kəbirli və Cavanşir tayfalarının başçıları Nadirin şah seçilməsinə qarşı çıxdılar. Lakin əyanların çox hissəsinin yekun qərarı ilə Nadir şah 1736-ci ilin 21 martında şah elan edildi. Nadir şah ona sadiq qalan əyanları öz vəzifələrində saxladı. Nadirin şah seçilməsinə qarşı çıxan feodalları cəzalandırmaq məqsədi ilə şah onlara qarşı aşağıdakı tədbirləri həyata keçirdi:[1]
- Həmin Azərbaycan feodallarının başçıları, ailələri ilə birlikdə Xorasana sürgün edildilər.
- Gəncə bəylərbəyiliyinə daxil olan Borçalı və Qazax mahalları o zaman Nadir şahdan vassal asılılığında olan Kartli-Kaxetiya hakiminin tabeliyinə verildi.
- Qarabağdakı məlikliklər (Vərəndə, Çiləbörd, Gülüstan, Dizaq, Xaçın) Gəncə bəylərbəyinin tabeliyindən çıxarılaraq şahın idarəsinə verildilər.
Mirzə Adıgözəl bəy Qarabağnaməsində bu barədə yazır:[7]
Bunlar Muğan qurultayında gizlin və aşkar olaraq, son dərəcə çalışdılar ki, Səfəvilərdən başqa bir kimsə padşah olmasın... Ziyadoğlanları qədim bir ocaq və böyük bir dudman olduqlarına görə, Nadir şah onlara özgə bir cəza və başqa bir siyasəti rəva görmədi. Qazax və Borçalı ellərini öz xanları ilə bərabər Gürcüstan əmirlərinə tabe etdi. Cavanşir, Otuziki və kəbirlidən ibarət olan Qarabağ elləri haqqında da icrası vacib olan fərman çıxdı ki, onları köçürüb Xorasanın Sərəxs torpaqlarına aparsınlar. Xəmsə məliklərinə də əmr verdi ki, Gəncə xanlarının itaət zəncirini mənim möhkəm hökmüm vasitəsilə xas və avam camaatın boynundan kənar edin. Özünüzü tamamilə azad sayın... Beləliklə Gəncə xanlarının ixtiyarları tamamilə əllərindən çıxdı. Səlahiyyətləri alındığından qol-qanadları sındı və çox pərişan oldular. |
Beləliklə 1736-cı ilin 21 martında şah seçilən Nadir şah Səfəvilərin hakimiyyətinə son qoydu və Azərbaycan ilə İranda yeni hakimiyyətin Əfşar hakimiyyətinin əsasını qoydu. 1732-ci ildə II Şah Təhmasibin Osmanlı və Rusiyası üzərində uğursuz hərbi əməliyatları Səfəvilərin birmənalı şəkildə sonunu gətirdi. Əslində 1732-ci ildən Səfəvilər taxtına oturan Nadir şah 1736-cı ildə Muğan qurultayında bunu rəsmiləşdirdi.[6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 3 "Azərbaycan Nadir şah imperiyasının tərkibində (1736–1747)" (PDF). 2018-04-03 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-07-08.
- ↑ Şahin Fərzəliyev - tarix elmləri doktoru, professor. Quba xanlığı: əhali tarixi və azadlıq mücadiləsi. Elm. 2012. səh. 336. ISBN 978-9952-453-43-0.Orijinal mətn (az.)
«Nadir dövlətin hər bucağına,qılınc gücünə tutulmuş bütün əyalətlərə qabaqcadan fərmanlar göndərmiş,hakimlər,vilayət rəisləri,əyyan və üləmalar Quzey Azərbaycana-Muğana qurultaya çağırılmışdılar.Bir də buyurmuşdu ki,Kür ilə Arazın qovuşduğu yerdə,Cavad keçidi yaxınlığında ağac və qarğıdan 12 min ev tikilsin,ayrıca karvansara,məscid və imarətlər qurulsun.Tezliklə bura 100 minə kimi adam toplandı.Bu qurultay hal-hazırda Sabirabad rayonunun ərazisində yerləşən Qalaqayın kəndində keçirilmişdir. »
- ↑ "Qarabağın tacı Şuşa". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-08.
- ↑ Nadiri məlumatına əsasən Nadirin Muğan düzündəki şurasında çıxışı[ölü keçid]
- ↑ "Nadir şah Əfşarın Türk Birliyi ideyası…". 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-08.
- ↑ 1 2 3 4 "Nadir Şah Əfşarin Türk birliyi ideyasi — II Yazı". 2019-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-08.
- ↑ "XVI-XVIII-ci yüzilliklərdə Qacarların Azərbaycanın siyasi həyatında rolu". 2017-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-08.