Naxçıvan üsyanları (1920-1930)
Bu məqaləni vikiləşdirmək lazımdır. |
1920-ci il
[redaktə | mənbəni redaktə et]Üsyanı yaradan səbəblər
[redaktə | mənbəni redaktə et]1920-ci il iyulun 28-də Naxçıvan şəhərində sovet hakimiyyəti elan edilməsinə, iyulun 29-da isə Hərbi İnqilab Komitəsi və Hərbi Əmək Müdafiə Şurası yaradılmasına baxmayaraq, yeni hakimiyyət yalnız diyarın ərazisinin 20 faizində təsir gücünə malik idi. Bunu Ordubadda ancaq oktyabrın 19-da, Şərurda isə dekabrın 2-də inqilab komitələri və yerli sovet hakimiyyəti orqanları yaradılması faktından da görmək olar; çünki bu ərazilərdə yeni hakimiyyəti qurmazdan əvvəl daşnak təhlükəsi və işğalının nəticələrini ləğv etmək tələb olunmuşdu. Digər tərəfdən, Ermənistanın daşnak hökuməti silahlı qüvvələrinin mütəmadi hücumlarının qarşısının qətiyyətlə alınmaması, yeni hakimiyyətin diktaturaya meyil etməsi hallarının güclənməsi də diyarın əhalisini hiddətləndirirdi; onlar nicat dolu nəzərlərini getdikcə daha çox Naxçıvanda olan türk qoşun hissələrinə yönəldirdilər. Oktyabrın 5-də Sovet Rusiyasının tərəfdarı sayılan Bahadır Vəlibəyovun XI Qızıl Ordunun əlavə hissələri ilə fövqəladə komissar kimi Naxçıvan şəhərinə gəlməsi və cəza tədbirlərini gücləndirərək, türk hərbi hissələrinin Naxçıvandan çıxarılmasını tələb etməsi azərbaycanlı əhalinin qəzəbini daha da artırırdı. Naxçıvan ictimaiyyətinin tələbilə Bahadır Vəlibəyov vəzifəsindən uzaqlaşdırılsa da, az sonra Q. Orconikidzenin köməyi ilə yenidən vəzifəsinə bərpa olundu.
1920-ci il dekabrın 1-də Bakı Sovetinin təntənəli iclasında Azərbaycan İnqilab Komitəsinin elan etdiyi bəyannamədə Zəngəzur və Naxçıvan qəzalarının Ermənistana verilməsi xəbəri əhalinin sovet hakimiyyətindən narazılığını son həddə çatdırdı. Yenidən Ermənistanın əsarəti altına düşmək təhlükəsi ilə üzləşən Naxçıvan əhalisi inqilab komitəsi qarşısında toplaşaraq buna qəti etirazını bildirdi və rəsmi izahat tələb etdi. Vəziyyətin gərginləşəcəyindən qorxuya düşən Azərbaycan İnqilab Komitəsi Naxçıvana yaxşı bələd olan Azərbaycan SSR Xalq Ədliyyə komissarı Behbud Şahtaxtinski-Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətini fövqəladə səlahiyyətlə diyara ezam etdi. Behbud Şahtaxtinski Naxçıvan əhalisinin qarşısında çıxış edərkən hətta bildirmişdi ki,
Siz torpağınızla birlikdə öz müstəqilliyinizi saxlamaq istəyirsinizsə, burada istinad edə biləcəyiniz yeganə qüvvə Türkiyə qoşunlarıdır. Xalq bu qoşunların ətrafında sıx birləşməlidir... |
.
B. Naxçıvanski Naxçıvan şəhərində Şərur-Dərələyəz və Ordubad əhalisinin də mitinqlərini keçirmişdi. Mitinqlərdə əhalinin böyük əksəriyyəti Naxçıvanın Azərbaycan SSR qəyyumluğunda müstəqil respublika kimi təşkil olunmasını istədiyini bildirdi. Mitinqlərin nəticələri barədə Azərbaycan və Ermənistan inqilab komitələrinə müvafiq məlumatlar verilmişdi. Görünür, Naxçıvan əhalisinin türk hərbi hissəsi tərəfindən dəstəklənən bu qətiyyəti artıq Naxçıvana öz ərazisi kimi baxan Ermənistan İnqilab Komitəsini dekabrın 28-də bəyanat verərək Naxçıvanı müstəqil sovet respublikası kimi tanımağa və daşnakların bu ərazi ilə bağlı iddialarından imtina etdiyini bütün dünyaya bildirməyə məcbur etmişdi.
Gedişat
[redaktə | mənbəni redaktə et]Kommunist rejiminin yeritdiyi anti-Azərbaycan, antimilli siyasətə etiraz əlaməti olaraq 1920-ci il mayın 26-dan iyunun 20-dək Şəmkir, Lənkəran, Astara, Quba, Qusar, Naxçıvan, Gəncə, Ağdaş, Göyçay, Nuxa, Ağdam, Şuşa, Tərtər və Zaqatalada silahlı üsyanlar baş verdi.[1] 1920-ci illərin əvvəllərində erməni özbaşınalıqlarına mərkəzin laqeyd münasibətinə, kollektivləşmə əleyhinə və Naxçıvanda sovetləşməyə qarşı müqavimət hərəkatı güclü olmuşdur. Belə etiraz aksiyalarından birincisi Cəhri kəndində həyata keçirildi. Belə ki, XI Qırmızı Ordunun Naxçıvandakı özbaşınalıqlarına, talanlarına, əhali ilə sərt rəftarlarına etiraz əlaməti olaraq 1921-ci ilin yanvar ayının 28-də Cəhrililər qiyam qaldırdılar.[2] Bu qiyamın başında türk zabitləri dururdular. Qiyamçılar dairə inqilab komitəsinin, torpaq komitəsinin və ərzaq komitəsinin üzvlərini həbsə aldılar. Onlar Tırkeş və Qızılboğaz məntəqələrində olan əks-inqilabçılarla birləşib Naxçıvan şəhəri üzərinə yeriməyi nəzərdə tuturdular.[3] Üsyançılar qısa müddətə də olsa, Cəhridə sovet hakimiyyətini devirə bildilər. Onların planları daha geniş idi və çalışırdılar ki, qiyamın coğrafiyası getdikcə genişlənsin və bu işə bötüvlükdə Naxçıvan bölgəsi qoşulsun. Bu məqsədlə onlar Naxçıvanda olan türklərlə də danışıqlar aparmış və razılaşmışdılar ki, etiraz aksiyaları başlandığı təqdirdə türklər də onlara qoşulacaq və qüvvələrini birləşdirərək bolşevik hakimiyyətinə son qoyacaqlar. Qiyamın daha da genişlənəcəyindən qorxuya düşən bolşeviklər, xüsusilə də Qırmızı Ordunun və Fövqəladə Komissiyanın gördüyü tədbirlər nəticəsində onun qarşısı silahla alındı və qiyam yatırıldıqdan sonra onlarla qiyamçı Naxçıvanın hüquq-mühafizə orqanları tərəfindən həbs edildi.
Qiyamın yatırılması müvəqqəti olaraq müqavimət hərəkatını sakitləşdirsə də, onu bütövlükdə dayandıra bilmədi. Naxçıvanın müxtəlif yerlərində qısa müddətli və qeyri-kütləvi də olsa etiraz aksiyaları baş verdi. Lakin Cəhri hadisələrinin davamı 1921-ci ilin fevral ayının 18-də Qaraçuq və Tırkeş kəndlərində oldu.[4] Bu dəfə qiyamçılar yalnız türklərə deyil, eyni zamanda bolşevik təqiblərindən qorunmaq üçün İranda mühacirətdə olan dəstələrə də ümid bəsləyirdilər. Maraqlıdır ki, qiyam zamanı sovet hərbi hissələrində olan qüvvələrin də bir qismi qiyamçıların tərəfinə keçmişdilər. Bütün qüvvələrini səfərbər edən sovet hərbi birləşmələri və xüsusi xidmət orqanlarının silahlı dəstələri Qaraçuq qiyamını yatıra bilsələr də, Tırkeşdə bunu bir müddət edə bilmədilər. Naxçıvan Diyar Partiya Komitəsi, İnqilab Komitəsi, Naxçıvan Fövqəladə Komissiyası və Qırmızı Ordunun komandanlığı mühasirəyə alınmış, qırmızı döyüşçülərə yardım etmək çağrışı ilə ölkənin bütün zəhmətkeşlərinə müraciət etdilər. Kommunist partiyası və sovet hakimiyyətinin çağrışına cavab olaraq Şahbuz, Cəhri, Sələsüz və s. kəndlərin əhalisi antisovet qiyamçı dəstələrinə qarşı mübarizəyə cəlb edildilər. Sovet hakimiyyətinə qarşı mübarizə aparan üsyançılar o dövrün mətbuatında "quldur" adı ilə damğalanırdılar. Təkcə bu ifadə belə haqsızlıq əleyhinə çıxış edən hər kəsin katorqaya göndərilməsi üçün kifayət edirdi.
Naxçıvan Fövqəladə Komissiyası və hüquq-mühafizə orqanları üsyanlar yatırılıdıqdan sonra Qaraçuq və Tırkeş kəndlərinin üsyançılarının böyük əksəriyyətini həbs etdi. Onların bir çoxu məsuliyyətə cəlb edildi, bəziləri cərimələndi, qalanları isə müxtəlif müddətlərdə islah əmək koloniyalarında və ya həbs düşərgələrində saxlanıldıqdan sonra buraxıldı. Azadlığa buraxılanların hamısı bir nəfər kimi nəzarətə götürüldü. Onların bəzilərinə rayonu tərk etmək qadağan edildi. Həmin üsyanlarda iştirak edənlərin bir neçəsi üsyandan bir neçə il sonra həbs edildi.[5]
Mir Cəfər Bağırov 1925-ci ildə Mərkəzi Komitəyə göndərdiyi məktubda bildirirdi ki, 1925-ci ilə kimi Azərbaycanın müxtəlif yerlərində 52 üsyan hadisəsi baş vermişdir.[6] Bu fakt bir daha təsdiqləyir ki, bolşevizmə qarşı mübarizə heç də ötəri, keçici xarakter daşımamış, o güclü və mütəşəkkil olmuşdur. Azərbaycanda bolşevikləşməyə qarşı mübarizənin yeni və ən güclü dalğası 1930-cu ildə baş verdi. Belə ki, kolxoz quruculuğunda qolçomaqlara, mülkədarlara və ortabab kəndlilərə qarşı zorakılıq, inzibatçılıq, qeyri-insani rəftar və repressiyalar onların narazılığına səbəb olurdu. 1930-cu ilin əvvəllərində Şəki-Zaqatala mahalında, Xızının Ağdərə, Şəmkirin Bitdili, Cəbrayılın Sirik, Naxçıvanın isə Keçili, Milax, Ərəfsə və s. kəndlərində üsyanlar baş vermişdi.[7] Bu üsyanlar Azərbaycanda ictimai-siyasi vəziyyəti pozmuş və xeyli gərginləşdirmişdi.
Vəziyyəti gərginləşdirən səbəblər sırasında Moskvanın apardığı ruslaşdırma siyasəti və sovetlərin 1928–1929-cu illərdə keçirdiyi seçkilər idi. Xalqın demək olar ki, 86 faizi seçki hüququndan məhrum edilmişdi. Seçkilərdə yalnız fəhlə və yoxsul kəndlilər iştirak edə bilərdi. Ziyalılar, ortabablar, tacirlər, qolçomaqlar, mülkədarlar və s. isə seçkiyə buraxılmırdı. 1929-cu ilin sonlarından bütün ortabab kəndlilərə məxsus torpaq, əmlak, heyvan və digər məhsullar nə varsa, müsadirə edilib kollektivlərə verilməyə başladı. Həmin vaxt, xüsusi ilə 1930-cu ilin fevral, mart və aprel aylarında geniş və qanlı qiyamlar oldu. Bu dövrdə tez-tez baş verən kəndli qiyamlarını partizan hərəkatı davam etdirirdi. Bu hərəkatların bəziləri əhalinin daha çox sayını özündə birləşdirirdi.[8]
O dövrdə partiya və hökumətin siyasi və iqtisadi cəhətdən əhalinin mənafeyinə zidd olan qərarlarının qəbul olunması mövcud narazılıqları daha da artırırdı. Məsələn, 1930-cu ilin fevralında AK(b)P MK-nin fərdi təsərrüfatlarda olan mal-qaranın ictimailəşdirilməsi barədə qərarı kəndlilərin ciddi narazılığına səbəb olmuşdu. Bu dövrdə Naxçıvan, Şərur, Ordubad rayonlarının dağ kəndlərində silahlı çıxışlar daha da güclənmişdi.
1930-cu il martın 18-də Naxçıvanın Qızılboğaz ərazisində Qasım və Əlibəylərin idarə etdiyi partizanlarla Qırmızı Ordu arasında iki gün davam edən qanlı döyüş baş verdi. Rus əsgərləri sonradan günahsız insanları qılıncdan keçirmişdilər.[9] Bu səbəbdən mart-may aylarında bir sıra yerlərdə əhali tərəfindən kolxozlar ləğv edilirdi. 1930-cu il martın 20–22-də Şahbuz rayonunda cəmlənmiş 500-ə qədər silahlı kəndlinin müqavimət dəstəsinə qarşı hökumət nizami ordu hissələri yeritmişdi.[10] MTN-in arxivində qorunub saxlanılan 270 saylı istintaq işi də bir çox mətləblərə aydınlıq gətirir. Həmin istintaq işində göstərilir ki, Naxçıvan MSSR-də sovet hakimiyyətini devirmək məqsədilə Nəhəcir dəstəsi Naxçıvan mahalında üsyana başlayır. Üsyançılar qonşu Əbrəqunus rayonunun Sirab, Ərəzin, eyni zamanda Şahbuz rayonunun Keçili və s. kəndlərinin üsyançılarını birləşdirərək bolşevizmə qarşı mübarizə aparmışdır. İstintaq materiallarından aydın görünür ki, üsyan yatırıldıqdan sonra Dövlət Siyasi İdarəsinin əməkdaşları, xüsusilə də Orbelyan üsyançılara qarşı amansız olmuş, onların böyük əksəriyyəti güllələnmiş, bir çoxu isə müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişdi. Belə ki, həbs olunan 89 nəfərdən 50 nəfəri güllələnmiş, 6 nəfər üç il, 17 nəfər beş il, 4 nəfər altı il, 3 nəfər yeddi il, 3 nəfər səkkiz il, 3 nəfər on il azadlıqdan məhrum edilmişdi.[11] Böyük "işgəncələrlə 40 ailə, o cümlədən uşaqlar, körpələr, 90 yaşlı qocalar, xəstələr, hamilə gəlin və qadınlar vaqonlara doldurulub həmişəlik yaşamaq üçün sürgünə göndərilirdi".[12] Bu cür aksiyalar respublikanın digər bölgələrində də davam etdirilirdi.
Azərbaycanda, o cümlədən Naxçıvanda bolşevizmə qarşı kütləvi aksiyaların başlanması üçün bütün şəraiti hakimiyyət nümayəndələrinin özü yaratmışdı.
Üsyanların yatırılması
[redaktə | mənbəni redaktə et]1920–30-cu illərdə sovet hakimiyyətinin Azərbaycan ictimai-siyasi və mənəvi həyatı ilə uzlaşmayan sərt tədbirləri Naxçıvan əhalisinin müqaviməti ilə qarşılaşmış, dəfələrlə iğtişaş və üsyanlara səbəb olmuşdu. 1925-ci ilin mart ayında Naxçıvan diyarının bir sıra şəhər və kəndlərini iğtişaşlar bürümüşdü. Naxçıvanda, Türkeşdə, Vənənddə və s. yerlərdə kəndli iğtişaşları zor gücünə yatırıldı. Sonralar aparılmış saysız-hesabsız istintaqlarda erməni müstəntiqləri heç bir günahı olmayan dinc əhalinin cəzalandırılmasında xüsusilə fərqlənmişdilər. Culfa rayonunun Milax kəndində onların əli ilə 38 nəfər güllələnmiş, 38 nəfər isə müxtəlif cəzalara məhkum olunmuşdu. Şərurda kəndli iğtişaşlarına 1918–20-ci illərdə erməni işğalçılarına qarşı mübarizədə misilsiz xidmətləri olmuş Fətulla bəy Hüseynov rəhbərlik etmişdir. Naxçıvan-Dərələyəz bölgəsində genişlənən kəndli hərəkatına Şahbuzun Türkeş, Keçili, Kolanı, Culfanın Əbrəqunus, Milax, Ərəfsə, Ordubadın Tivi və digər kəndlərinin sakinləri də qoşulmuşdu. Bu çıxışlar amansızlıqla yatırılmışdı.
30-cu illərin əvvəllərində kollektivləşmə xəttinin zorla həyata keçirilməsi bütün Azərbaycanda olduğu kimi, Naxçıvan MR-də də kütləvi narazılıqlara və həyəcanlara səbəb olmuşdu. 1929-cu ilin sonundan başlanan silahlı müqavimət halları 1930-cu ilin yayında genişlənmişdi. Sovet hakimiyyətinə qarşı silahlı müqavimət Şahbuz rayonunda xüsusilə güclü olmuşdu. Naxçıvan, Şərur, Ordubad rayonlarının dağ kəndləri silahlı müqavimət tərəfdarlarının sığınacaq məntəqələrinə çevrilmişdi. 1930-cu ildə Naxçıvanda əhali kommunist hakimiyyətini devirməyə cəhd göstərmiş, yalnız sovet qoşun hissələrinin müdaxiləsi bolşevik hakimiyyətini yenidən bərpa etməyə imkan vermişdi; bu zaman daxili müqavimət hərəkatını xaricdəki mühacir təşkilatlarının fəaliyyəti ilə əlaqələndirmək üçün də təşəbbüslər göstərilmişdi. Müqavimət hərəkatı muxtar respublikada kolxoz hərəkatını xeyli zəiflətmişdi.
Heç də təsadüfi deyildir ki, muxtar respublikada yaranmış təhlükəli vəziyyət sovet hakimiyyəti orqanlarında yüksək səviyyədə dəfələrlə müzakirə olunmuş və bu məqsədlə Azərbaycan SSR MİK-in sədri Qəzənfər Musabəyov SSRİ və ZSFSR MİK-ləri adından tam səlahiyyətlə Naxçıvana təhkim edilmişdi. Yalnız təbliğat və təşviqat vasitələrinin tam qüvvəsi ilə işə salınması, kömək üçün hərbi hissələrə müraciət edilməsi vəziyyətin daha təhlükəli hala düşməsinin qarşısını almış, sovet hakimiyyətini qoruyub saxlamağa imkan vermişdi. 1930-cu il martın 20–22-də sayı 500 nəfərə çatan və ən çox Şahbuz rayonunda toplaşan silahlı müqavimət dəstələrinə qarşı nizami ordu hissələrinin yeridilməsi isə döyüşləri, təbii olaraq, sovet hakimiyyətinin xeyrinə həll etmişdi. Görünür, 1937–38-ci illər repressiyaları zamanı Naxçıvan əhalisinin sovet hakimiyyətinə qarşı bu cür fəal çıxışları da yada salınmış və 1937-ci ilin avqust ayının təkcə 10 günündə (5–15-i) Naxçıvan kəndlilərindən 9950 nəfəri həbs edilərək repressiyaya məruz qalmışdı.
Keçili üsyanı
[redaktə | mənbəni redaktə et]Naxçıvanın Keçili kəndinin sakinlərinin sovet hökumətinə qarşı qaldırdığı üsyana qonşu Badamlı, Sələsüz, Tırkeş, Cəhri və başqa kəndlərin əhalisi də qoşulmuş, xaricdə olan Kalbalı xanın dəstələri birləşərək, imperiyanın ordusu və milis dəstələri ilə gərgin döyüşlər aparmışlar. Döyüşlərdə üsyançılardan 100 nəfər şəhid olmuş, 120 nəfər isə ələ keçirilərək həbs edilmişdir.
Keçili kəndində o illərdə 6 tayfa yaşayırdı: Hacılı tayfası 40 ailəni, Əşkaflı tayfası 30 ailəni, Sofulu tayfası 20 ailəni, Alməmmədli tayfası 30 ailəni, Zeynallı tayfası 17 ailəni, Qızıllı tayfası isə 12 ailəni birləşdirirdi. Dindirmə prosesində Orbelyan tərəfindən bir tayfa digər tayfa üzərinə qaldırılırdı. Kəndlilər ağıllarına belə gətirmirdilər ki, Orbelyanın təşkil etdiyi bu üzləşmələr onların uşaqları, nəvələri arasında qəsdən daimi düşmənçiliyə çevirilir.
Antisovet ünsürləri adlandırılanların böyük əksəriyyəti öz imzaları əvəzində protokola barmaqlarını basırdılar. Bu da öz növbəsində Orbelyan və onun kimilərin işlərini bir qədər də yüngülləşdirir və protokollara öz istədiklərini yazmağa şərait yaradırdı. Keçili işində bütün dindirmələr yarım səhifədən və yaxud nadir hallarda bir səhifədən ibarətdirsə, ancaq elə dindirmələr də var ki, hətta bir cümlədən ibarətdir. Orbelyan qəti bilirdi ki, onun tərəfindən yazılan bu qanunu, bu hökmü heç kəs rədd etməyəcək, odur ki, nə qədər türk məhv edə bilsə, cəlladların başçısı və ideoloqu, Azərbaycanın xüsusi xidmət sahəsinin rəisi Xoren Qriqoryandan bir o qədər təşəkkür alacaqdır.
1920–1930-cu illərin sovet totalitarizmi milli ruhu məhv etməyi ən böyük təbliğat üsuluna çevirmişdi. Bu totalitarizmidə bağışlamaq, rəhm etmək hissi yox idi. Naxçıvan üsyanı zamanı azərbaycanlılardan qisas almağa başlayan Orbelyan kimi fitnəkar ermənilər "üsyan işi" adlanan bir plan uydurur və 2 öküzü, bir inəyi, 20 qoyunu olan bu kəndlilərin var-yoxunu əlindən aldırırdı. Bolşeviklər sovet hökumətinə qarşı yalnız qolçomaqların deyil, ortababların, muzdurların və kasıbların da üsyana qoşulduğunu, sübut etməyə çalışırdılar.
Qolçomaq adlandırılanların evinin yandırılması, müsadirə edilməsi və ya hərraca qoyulması antisovet narazılığı gücləndirirdi. Bolşeviklər qolçomaqların evinin yandırılmasını birbaşa kəndlilərin öz əlləri ilə həyata keçirməyə çalışırdılar. Belə ki, Azərbaycanda ağalıq edən yad millətin nümayəndələri, o cümlədən Lominadze varlıların, mülkədarların məhv edilməsində iki məsələyə diqqət yetirməyi vacib sayırdı. Birincisi, varlıların – mülkədarların, xanların və bəylərin mülklərini yandırmaq. İkincisi, kəndliləri qiyama qaldırmaqla onları məhv etmək. Naxçıvan üsyanı zamanı birinci məsələ tam həyata keçirildi. Lakin bu dəfə də kəndi tonqala bürüyən kəndlilər və yoxsullar deyil, hakim dairələrin, bolşeviklərin özü oldu. İttihamnamələrdə isə müqəssir kimi danışanlar və güllələnənlər arasında heç bir savadı olmayan günahsız kəndlilər də bandit adlandırılaraq məhv edilirdi.
Həmin dövrdə kimlər bandit hesab edilirdi: öz mənliyini, şəxsi həyatını bolşevik bəlasından qoruyub saxlamaq üçün müxtəlif yerlərə qaçan, dağlara çəkilən bəylər, xanlar, varlılar və başqaları; mövcud hakimiyyətə bel bağlamayan və baş vermiş hadisələrin mahiyyətini dərk etməyən qruplar. Bura hətta yoxsullar və muzdurlar da daxil olurdu; sovet hakimiyyətinə nifrət edən silahlı dəstələr. Bu dəstələr bolşeviklərlə son damla qanına qədər vuruşmağa hazır qüvvələr idi ki, nəinki qırmızılara, hətta onlara rəğbət göstərənlərə qarşı belə amansız idilər; hakimiyyət hərc-mərcliyindən istifadə edib varlanmaq məqsədilə müxtəlif "dinə-dona" girənlər, ev, mal-heyvan oğruları və b.; vaxtilə öz mənəviyyatını itirmiş və narazı camaatı bandit adlandıran bir çox kommunistlərin özü də sonradan banditimzə qarşı mübarizənin hədəfinə çevrildi. Belə ki, təmizləmə zamanı partiyadan qovulmuş kommunistlər xüsusi dəstə düzəldib qisas almaq məqsədilə sovet hakimiyyətinə qarşı mübarizə aparırdı; sovet hökumətinə sədaqətlə xidmət edən milis dəstələri də bəzən təklikdə, yaxud böyük bir dəstə halında bolşeviklərdən üz döndərir və beləliklə, "bandit"ə çevrilirdilər.
Göründüyü kimi, 20–30-cu illərdə istənilən adamı "bandit"ə çevirmək üçün tam şərait yaradılmışdı. Hər hansı bir qolçomağın kəndli ilə adi münaqişəsinə də siyasi don geydirilərək kolxozlaşmaya qarşı pozuculuq işi kimi qiymətləndirilirdi.
Qolçomaqları və mülkədarları qadın azadlığına əngəl olmaqda, onları kolxozlara buraxmamaqda, mollalarla əlbir olub dini ideologiyanı yaymaqda, gəncləri dini təsir altında saxlamaqda, bandit dəstələri yaratmaqda və ya onlarla əlaqədə, taxıl gizlətməkdə, vergidən yayınmaqda və s. günahlandıraraq repressiyalara məruz qoyurdular. Naxçıvanın müxtəlif kəndlərində heç bir səbəb olmadan kolxozda çalışanların da səslərini alır və kolxozçuların sırasından xaric edirdilər. Bu işin həyata keçirilməsində kənd şura sədrləri və kolxozun idarə heyəti hüquq-mühafizə orqanlarının səlahiyyətlərini icra edirdilər.[13] Bu cür hərəkətlər gələcək üsyanlar və ya hüquq-mühafizə orqanları üçün növbəti qurbanlar hazırlamaq idi.
Nəticə
[redaktə | mənbəni redaktə et]Üsyançılar haqqında açılmış cinayət işində göstərilirdi: "1930-cu il fevral ayında antisovet ünsürlər aradan qaldırıldıqdan sonra Naxçıvan MSSR qolçomaqları quduzcasına müqavimətə hazırlaşır, Sovet hakimiyyəti əleyhinə üsyan qaldırılması üçün silahlı qolçomaq dəstələrinin təşkilinə keçirdilər. Bunlardan ən fəalı Keçili və Nəhəcir dəstələri idi. Bu dəstələrin tərkibi qolçomaqların əlaltıları, şüursuz ortabab və yoxsulların hesabına artırdı. 1930-cu ilin mart ayında Nəhəcir dəstəsi Naxçıvan mahalında özü üçün əlverişli şəraitdə, yəni ordu hissələrinin olmamasından istifadə edərək, üsyana qonşu Əbrəqunus rayonunun Sirab, Ərəzin kəndlərini də cəlb edir və böyük Keçili-Şahbuz üsyançı dəstəsi ilə birləşib Naxçıvana yürüş təşkil edirlər ki, şəhəri zəbt edib Naxçıvan vilayətində sovet hakimiyyətini devirsinlər".
Naxçıvan üsyanında kolxoza daxil olmaq istəməyən ortabablar, qolçomaqlar, seçki hüququndan məhrum edilənlər, yoxsul kəndlilər, hətta azlıq təşkil etsə də, kommunistlər də var idi.
30-cu illərin dövri mətbuatında, eləcə də üsyanla bağlı arxiv materiallarında bu aksiyaçıların məqsədi ya işıqlandırılmamış, ya da birtərəfli, təhriflərlə verilmiş, istintaq işlərində isə hüquqi baxımdan kifayət qədər qanun pozuntuları olmuşdur. 28 mart 1930-cu ildə Dövlət Siyasi İdarəsinin (DSİ) kollegiyasının üzvü Suxanov Naxçıvandan göndərilmiş 1837 saylı istintaq işi ilə tanış olduqdan sonra Borşova ünvanladığı raportda yazırdı: "Sizin nəzər diqqətinizə çatdırıram ki, baxılmaq üçün mənim sərəncamımda cəmi 23 adamın 1837 nömrəli işi var. Bu iş Azərbaycan SSR CM-in 79-cu və 18/79 maddələri ilə müəyyənləşdirilmişdir. Göstərilən iş Azərbaycan Dövlət Siyasi İdarəsinin Naxçıvan diyarı tərəfindən göndərilmişdir. İşi gözdən keçirərkən müəyyən etdim ki, Orbelyan tərəfindən aparılan bu işin dindirilmə protokolları, o cümlədən 2 və 3 nömrəli formalar və başqa sənədlər imzalanmayıb. Göstərilən qanun pozuntularına görə mən bu işi Azərbaycan Dövlət Siyasi İdarəsinin kollegiyasında dinləmək üçün müvafiq qərar mətni çıxara bilmirəm".
Borşovun göstərişi ilə həmin raport Azərbaycan DSİ-nin sədr müavini Neverevə göndərilir və bir gündən sonra Suxanov növbəti qərarı hazırlayır: "Azərbaycan SSR DSİ-nin Naxçıvan diyar şöbəsindən daxil olmuş 16.03.30-cu il tarixli 252 K saylı vətəndaşlar… barəsində 4 nömrəli istintaq materialları tamamilə ətraflı işlənmiş və heç bir təkmil istintaq işi aparmağa ehtiyac yoxdur. Tələb olunan bütün qayda-qanunlara əməl edilmişdir".
Bu qanun pozuntusuna prokurorluq da özünəməxsus cavab verir və göstərir ki, Azərbaycan Dövlət Siyasi İdarəsinin Naxçıvan Diyar Şöbəsi rəisinin nəzərinə çatdırılsın ki, göstərilən vəziyyətin düzəldilməsi üçün gələcəkdə müvafiq tədbirlər görsün və bir də belə hallara yol verilməsin.
Göründüyü kimi, sənədləşmə işləri təhriflərə məruz qalmış, yuxarıların diqtəsinə əməl olunmuşdur. Bununla da üsyançıların əsas məqsədləri sənədlərdə təhrif edilmişdir. Buna baxmayaraq, üsyançıların məqsəd və məramlarının izləri istintaq materiallarında (nə qədər təhrif edilsə də) öz əksini tapmışdır. Həmin sənədlərdən aydın olur ki, üsyançıların əsas məqsədi kollektivləşməyə qarşı çıxmaq və silahlı üsyan yolu ilə Sovet hökumətini devirmək olmuşdur.
Bolşevik hökumətinin hüquq-mühafizə orqanları üsyançıların bu ali məqsədini gizlətmək üçün onların hamısına bir nəfər kimi "bandit" adı verərək, onları quldurluqda, oğurluqda, birini talançılıqda, kolxoz quruculuğuna mane olmaqda, banditlərlə əlaqədə və s. suçlandıraraq ittiham etmişdir.
Naxçıvan üsyanının məğlub olmasının bir sıra səbəbələri var idi. Üsyana hazırlıq işi plansız və qeyri-mütəşəkkil idi. Onlar vahid proqramla çıxış etmədiklərindən, hansı məqsədlər uğrunda mübarizə apardıqları da dumanlı idi. Belə ki, üsyan iştirakçıları sovet hökumətini devirməyi qarşılarına məqsəd qoysalar da, əvəzində nə yaradacaqlarını aydın bilmirdilər. Əhalinin siyasi hazırlığı olmadığından onların bir çoxu böyük ideallar uğrunda deyil, kiçik hislər naminə mübarizəyə qoşulmuşdular.
Üsyana başçılıq edən Keçili kənd sakini Kərbəlayi İsmayıl Zeynalabdın oğlu və Milax kəndinin sakini Kərbəlayi Yəhya Məmmədnağı oğlu lider kimi əhali arasında böyük nüfuza malik olsalar da, yüksək təşkilatçılıq qabiliyyətinə malik deyildilər. Çünki onlar Milax, Keçili və ona yaxın olan kəndlərin əhalisinin hamısını üsyana cəlb edə bilməmişdilər. Bundan başqa bu hərəkatın adı bu gün "Naxçıvan üsyanı" adlandırılsa da, o, bütün Naxçıvanı əhatə edə bilmədi, Şahbuzun bir neçə kəndi ilə məhdudlaşdı.
1930-cu ildə Azərbaycanın digər bölgələrində Şəki-Zaqatala mahalında, Xızının Ağdərə, Şəmkirin Bitdili, Cəbrayılın Sirik kəndlərində etiraz aksiyasına qoşulanlarla Naxçıvan üsyançıları arasında əlaqə yaradılmadı. Başqa bir mühüm cəhət ondan ibarət idi ki, Şahbuz üsyançılarının özləri arasında da monolit birlik yaradılmadı və onlar kifayət qədər silahlandırılmadı. Üsyançılar xaricdə mühacir həyatı yaşayan və kifayət qədər siyasi gücə malik olan adamlarla əlaqəyə girə və onlardan dəstək ala bilmədi.
1920–30-cu illərdə haqsızlıq içində çırpınan xalq kütləsi öz yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün bir neçə vəzifəni yerinə yetirməli oldu: burjuaziyanı məhv etmək, fəhlə-kəndli hökuməti qurmaq, xüsusi mülkiyyəti ictimai mülkiyyətlə əvəz etmək, onu idarə edəcək zümrəni-partiya bürokratiyasını yaratmaq. Deməli, kapitalizmdən sosializmə keçid minlərlə, yüz minlərlə insanın qanı bahasına başa gətirilmiş, cəmiyyət təbii inkişaf yolundan çıxarılmış, varislik ənənəsi pozulmuş, etnik və bəşəri dəyərlər uydurma sinfi dəyərlərlə əvəz edilmişdi. Torpaq kəndlilərə şüarını əsas tutan və hakimiyyəti zəbt edən bolşeviklər çox çəkmədən kəndlilərə divan tutmağa başladılar. Təkcə Naxçıvan vilayətində 1930-cu ilin 22 sentyabrından – 12 oktyabrına qədər 20 gün ərzində 50-dən artıq kəndli güllələndi, 100-dən artıq adam həbs olundu və onların əmlakı müsadirə edildi.
Bütövlükdə Azərbaycanda olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da əhalinin istiqlal uğrunda mübarizəsi zorla kolxozlaşdırma illərində daha böyük vüsət almışdı. Hadisələrin sonrakı inkişafı bir daha sübut etdi ki, nə Naxçıvan, nə də Azərbaycanın digər bölgələri öz istiqlalını işğalçı və total bir cəmiyyət olan Sovet hökumətində görməmişdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Sadiqov S. H Naxçıvan Muxtar Respublikası tarixindən. Bakı: İrşad, 1995, 144 s.
- ↑ Hüseynbəyli N. M, Behbudlu Q. N. Naxçıvanda milli-mənəvi dəyərlərin repressiyalara məruz qalması // NDU-nun "Elmi əsərlər"i, Naxçıvan: 2012, No 2, səh.175–182
- ↑ Mədətov Q. Naxçıvanda Sovet hakimiyyətinin qələbəsi və Naxçıvan MSSR-in təşkili. Bakı: Çənlibel, 2001, 220 s.
- ↑ Hüseynbəyli N. M, Behbudlu Q. N. Naxçıvanda milli-mənəvi dəyərlərin repressiyalara məruz qalması// NDU-nun "Elmi əsərlər"i, Naxçıvan: 2012, No 2, səh.175–182
- ↑ NMR DA , f. 116 s iy.1, iş 250
- ↑ Rəhimov K. Sadıxov S. Naxçıvan 1920-ci illərin burulğanında. "Dirçəliş" — XXI əsr, 1992 № 1, s.40–46
- ↑ Hüseynbəyli N. M, Behbudlu Q. N. Naxçıvanda milli-mənəvi dəyərlərin repressiyalara məruz qalması // NDU-nun "Elmi əsərlər"i, Naxçıvan: 2012, № 2, səh.175–182
- ↑ [197, s. 147]Yaqublu N. Ağrılı ömürlər. Bakı: Yazıçı, 1990, 272 s.
- ↑ Yaqublu N. Ağrılı ömürlər. Bakı: Yazıçı, 1990, 272 s.
- ↑ Hüseynbəyli N. M, Behbudlu Q. N. Naxçıvanda milli-mənəvi dəyərlərin repressiyalara məruz qalması// NDU-nun "Elmi əsərlər"i, Naxçıvan: 2012, № 2, səh.175–182
- ↑ Qasımov C. Yaddaşın bərpası. Bakı: Mütərcim, 1999, 256 s.
- ↑ Hüseynbəyli N. M, Behbudlu Q. N. Naxçıvanda milli-mənəvi dəyərlərin repressiyalara məruz qalması // NВГ-nun "Elmi əsərlər"i, Naxçıvan: 2012, № 2, səh.175–182
- ↑ NMR DA, f. 260, siy.1, iş 91