Novruz ağa Kəngərli
Novruz ağa Lütfəli Sultanın oğlu Kəngərli — məşhur hərbçi.
1831-ci ildə çar hökumətinin göstərişi ilə Naxçıvan şəhərinin əhalisi siyahıya alınmış, yəni kameral təsvir yazılmışdır. Həmin ildə təkcə Naxçıvan şəhərinin kameral təsviri qalın bir cilddir. Bu kameral siyahılarda Lütfəli Sultanın oğlu məşhur hərbçi Novruz ağa və ailəsi haqqında məlumatlar vardır. Kameral siyahıda onun 50 yaşının olması qeyd olunub. Bu qeydə görə deyə bilərik ki, Novruz ağa 1780-1781-ci illərdə Naxçıvan şəhərində anadan olub. Novruz ağanın Hüseyn Sultan, Mənsur ağa (bu XX əsrin əvvəllərində Ordubadda yaşayan Mənsur ağa deyil), Hüseynəli bəy, Cəfər ağa, Məmməd Sultan (görkəmli rəssam Bəhruz Kəngərlinin ulu babası) və Məmmədqulu bəy adlı qardaşları da tanınmış hərbçilər olmuşlar. Məqamındaca qeyd edək ki, Naxçıvanın istər xan, istərsə də bəy Kəngərli süvariləri Kəngərli tayfasının Bilici qoluna mənsubdur. Novruz ağa Naxçıvan xanlığı Rusiya imperiyası tərəfindən işğal edilməzdən əvvəl İran ordusunda hərbi xidmətdə olmuşdur.
Onun hərbi xidməti haqda şahzadə Abbas Mirzə Qacarın 1818-ci ildə imzaladığı fərmanda məlumat vardır. Bu sənəddə onun təqaüd alması qeyd edilib. Novruz ağa 1843-cü ildən etibarən Kəngərli tayfasının rəisi olmuşdur. Çar Rusiyasında olan xidmətlərinə görə Novruz ağaya verilən imtiyazlar Naxçıvan xanlarına verilənlərlə eynidir.
Novruz ağanın iki həyat yoldaşının adı qeyd edilib. Səkinə xanım və Xeyrənsə xanım. İsmayıl ağanın anası Səkinə xanım I Ehsan xanın qardaşı Fərəc ağanın qızıdır.
Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivində tapılan sənədlərdə Novruz ağanın daha 5 oğlunun da varlığı ortaya çıxdı: Cahangir ağa, Möhsün Sultan, Kərim ağa, Xandəmir ağa və Xanmirzə ağa. [1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2020-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-23.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |