Quba qalası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Quba qalası
Ölkə  Azərbaycan
Şəhər Quba
Yerləşir Quba
Aidiyyatı Quba xanlığı
Sifarişçi Hüseynəli xan Qubalı
Tikilmə tarixi 1747
Material çay daşı, yumurta sarısı, əhəng məhlulu

Quba qalasıQuba şəhərinin tarixi mərkəzini əhatə etmiş qala divarları. 1747-ci ildə Hüseynəli xan Qubalı tərəfindən Quba xanlığının mərkəzinin Xudatdan Qubaya köçürülməsindən sonra inşa edilmiş Quba qalası, xanlığın Rusiya İmperiyasına birləşdirilməsindən sonra strateji əhəmiyyətini itirmiş və yerli rus qarnizonu tərəfindən istifadə edilmişdir. 1868-ci ildən sonra Cənubi Qafqazda hərbi qalaların ləğv edilməsinə başlanılmış, 1870-ci ildə isə Quba qala divarlarının sökülməsi və onların yerində əlavə yaşayış məhəllələrinin yaradılması planı hazırlanmışdır. Qısa müddət sonra qala divarlarının söküntüsü və yeni inşaat işlərinə başlanılmışdır.

Qala-şəhər olan Quba, Qudyalçayın yuxarı terrası boyunca qərb-şərq istiqamətində uzanmaqla möhkəm olmayan çiy kərpicdən hörülmüş, hündürlüyü 3-4 sajen, eni bir sajen olan və 400 sajen uzunluq və 130 sajen eninə uzanan qala divarları ilə əhatə olunmuşdu. Qala divarları üç qapıya malik idi.

Quba qalasının açarı,
Azərbaycan Tarix Muzeyi

Quba qədim yaşayış məskəni olsa da 1747-ci ildə Hüseynəli xan Qubalı iqamətgahını Xudatdan Qubaya köçürməsi[1] ilə şəhərin strateji əhəmiyyətli artmış və elə həmin dövrdə də qala divarları inşa edilmişdir. 1811-ci ildən etibarən Quba qalasında ciddi möhkəmləndirmə işləri aparılmışdır. Qərb və şərq tərəfdən qala divarları fleşlər vasitəsiylə möhkəmləndirilir. Cənub divarının mərkəzində bastion inşa edilir, bütün köhnə divarlar bərpa və təmir edilir.[2]

Rusiya-İran müharibəsi zamanı 1826-cı ilə kimi davam edən Quba qalasının iranlılar tərəfindən mühasirəsi[3]1837-ci il Quba üsyanı[4] qalanın möhkəmləndirilməsi və inkişaf etdirilməsinə təkan verməmişdi. Buna baxmayaraq, 1834-cü ildə Quba qalasında “məhəllələrin düzgün inşa edilməsi və küçələrin qubada yerləşən qarnizon tərəfindən rahat istifadə ediləcək hala gətirilməsi üçün” inşaat layihəsi təsdiqlənir.[5] 1830-cu illərin sonlarında Quba qalası artıq strateji əhəmiyyətini itirir, qala divarlarını əhatə edən xəndəklər doldurulur və şəhər ətrafında meyvə bağları salınır.[2] Həmin dövrdə Qraf Vasilçikov yazır ki, “Quba şəhəri demək olar ki, müdafiə olunmur, bir zamanlar şəhəri əhatə edən qala divarları qismən zamanın təsiri ilə, qismən də şəhərin yenidən planlaşdırılması zamanı yarımdağılmış vəziyyətə düşmüşdür.”[6]

1840-cı illərdə hakimiyyətin sabitləşməsindən sonra Qubada mütəşəkkil təşkil edilmiş planlaşdırma və inşaat işlərinə başlanılır. Qısa zamanda şəhərdə tikilmiş kərpic və daş binaların sayı 780-ə çatır ki, bu da o zaman Lənkəran şəhərində olan oxşar tikililərin sayından (298) iki dəfədən artıq çox idi.[2]

1868-ci ildən sonra Cənubi Qafqazda hərbi qalaların ləğv edilməsinə başlanılır, qala divarları sökülür və dağıdılır, səngərlər isə doldurulur. Qala və forştadt ərazilərinin yaxınlaşdırılması və birləşdirilməsinə təkan verən bu tədbir Quba qalasına da toxunmuş, 1870-ci ildə qala divarlarının sökülməsi və onların yerində əlavə yaşayış məhəllələrinin yaradılması planı hazırlanmışdır.[7] Qısa müddət sonra qala divarlarının söküntüsü və yeni inşaat işlərinə başlanılır.[7]

Ş. Fətullayev Quba qalasının 1811-ci ilə aid hərbi planına istinadən qeyd edir ki, qala-şəhər Qudyalçayın yuxarı terrası boyunca qərb-şərq istiqamətində uzanmaqla[8] “möhkəm olmayan çiy kərpicdən hörülmüş, hündürlüyü 3-4 sajen, eni bir sajen olan və 400 sajen uzunluq və 130 sajen eninə uzanan qala divarları ilə əhatə olunmuşdu. Qala divarları üç qapıya malik idi.”[9]

Quba qalasının baş planına görə, qalanın üç qapısına aparan üç əsas küçə öz başlanğıcını Xan sarayının yerləşdiyi meydandan götürürdü.[2] Mülkiyyət sahibindən asılı olaraq məhəllələr müxtəlif formalara malik idi. Su təminatı çaydan çəkilmiş saxsı borular vasitəsiylə həyata keçirilirdi.[2] Qudyalçayın sol sahilindəki aşağı terrasda azad planda tikilmiş binalar və sinaqoqlardan təşkil edilmiş yəhudi məhəlləsi yerləşirdi.[2] Gəncə və Şəki qalalarından fərqli olaraq Quba qalası narınqala və ya xan qəsrinə malik olmamışdır.[2]

1842-ci ildə Qubada olmuş İ. Berezin yazır ki, “Küçələr heyrətamiz şəkildə elə dolaşdırılmışdır ki, Qubada yolu tapmaq Londondan daha çətindir.”[10]

XIX əsrin II yarısında Bakı kimi Quba şəhəri də əsasən qala divarlarının içində yerləşir və forştadt şəhərətrafı sayılırdı. Lakin, Bakı qalasından fərqli olaraq Quba qalası əsaslı dəyişikliklərə məruz qalmış, qala daxilində doqquz rahat və düz planlaşdırılmış küçə salınmışdı. Quba xan sarayı və onun qarşısındakı meydanın ərazisində böyük Bazar meydanı yaradılmış və bu ərazi şəhərin iş mərkəzinə çevrilmişdir.[11]

1860-cı illərə kimi şəhərin mərkəzi meydanının şimal hissəsində böyük karvansaray tikilmişdi. Köhnə cümə məscidi sökülərək səkkiz guşəli daha kiçik məscid binası ilə əvəzlənmişdi. Hündür dəbilqəvari günbəzə malik olan cümə məscidi şəhərin mərkəzini göstərməklə əsas istiqamətləndirici obyektə çevrilmişdi. Karvansarayla üzbəüz meydanın cənub tərəfində general-mayor Cəfərqulu ağa Bakıxanovun (Abbasqulu ağa Bakıxanovun qardaşı) evi yerləşirdi. Evin arxasında isə daha böyük olan yeni karvansaray yerləşirdi. Meydanın şərq və qərb hissələri ticarət sıraları ilə tikilmişdi.[11]

Qalanın əsas küçəsi Bakı qapısından başlayaraq Qamsar qapısına kimi uzanır və qala ərazisini iki hissəyə bölürdü. Bu küçədə yerli hakimiyyət orqanlarının binaları, yerli mülkədar və zadəganların evləri, o cümlədən əczaxana binası yerləşirdi.[11]

  1. Город Куба (Кавказский календарь на 1846 г.). 51.
  2. 1 2 3 4 5 6 7 Фатуллаев, 1974. səh. 125
  3. Константинов, В. Куба – уездный город Дербентской губернии, Кавказский календарь на 1852 г. 335.
  4. Сумбатзаде, А. Кубинское восстание в 1837 г. Баку. 1961.
  5. Сумбатзаде, 1961. səh. 77
  6. ЦГИАЛ СССР, ф. Кавказского комитета, оп. 68, ед. хр. 650 (Отчеты начальника Каспийской области за 1843 г.). 59.
  7. 1 2 Фатуллаев, 1974. səh. 129
  8. Фатуллаев, 1974. səh. 123
  9. Бутков, П. Материалы для новой истории Кавказа с 1722 г. 1803 гг (ч.1). СПб. 1869. 286.
  10. Березин, И. Путешествие по Дагестану и Закавказию. Казань. 1850. 63–64.
  11. 1 2 3 Фатуллаев, 1974. səh. 126
  • Фатуллаев, Ш. С. Градостроительное развитиегорода Кубы в конце XVIII и XIX вв (Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri (Ədəbiyyat, dil və incəsənət seriyası), №1). Баку. 1974.
  • Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964.