Rövşən Bəndəliyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rövşən Bəndəliyev
Rövşən Əlifağa oğlu Bəndəliyev
Doğum tarixi 26 iyul 1974(1974-07-26) (50 yaş)
Doğum yeri Hacıqabul rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Əlifağa Bəndəliyev
Elm sahəsi Riyaziyyat
Elmi dərəcəsi Fizika-riyaziyyat elmləri doktoru
Elmi adı Dosent
İş yerləri
Təhsili
Elmi rəhbəri Vaqif Quliyev

Rövşən Bəndəliyev (26 iyul 1974, Hacıqabul rayonu) — fizika-riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru.

Bəndəliyev Rövşən Əlifağa oğlu 26 iyul 1974-cü ildə Hacıqabul rayonunda anadan olmuşdur.[1][2]

R. Ə. Bəndəliyev 1997-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini riyaziyyat ixtisası üzrə bakalavr pilləsini, 1999-cu ildə həmin Universitetin "Riyazi analiz" ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1993–1999-cu illərdə Bakı Dövlət Universitetində R. Ə. Bəndəliyev, AMEA-nın müxbir üzvü, prof. V. S. Quliyevin, f.-r.e.d., prof. B. İ. Musayevin riyazi analiz kursundan və ixtisas kursundan mühazirələrini dinləmiş, onların əməkdaşları olduqları "Riyazi analiz" kafedrasında ixtisas kursu keçmiş və bu kafedranın və Azərbaycan Respublikasının ilk magistrlərindən olmuşdur. 1999-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun "Riyazi analiz" şöbəsinə əyani aspiranturaya qəbul olmuşdur. 2000-ci ildə İnstitutun "Riyazi analiz" şöbəsinin kiçik elmi işçi vəzifəsinə (0.5 ştat) işə götürülmüşdür.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2000–2002-ci illərdə AMEA-nın müxbir üzvü, prof. V. S. Quliyevin rəhbərliyi altında "Banaxqiymətli funksiyalardan ibarət anizotrop çəkili Sobolev fəzasında daxilolma teoremləri" mövzusunda namizədlik dissertasiyası üzərində işləmiş və 2002-ci ildə müvəffəqiyyətlə dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.

2003-cü ildən başlayaraq 2013-cü ilə qədər riyaziyyat üzrə elmlər doktoru dissertasiya mövzusu üzərində çalışmış və 2014-cü ildə"Banax funksional fəzalarında Harmonik analizin inteqral operatorları və bəzi tətbiqləri"adlı dissertasiya işini müdafiə edərək riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.

2008-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adına layiq görülmüşdür. Qeyd edək ki, R. Ə. Bəndəliyevin riyaziyyat üzrə elmlər doktoru dissertasiya işində yeni dəyişən dərəcəli və qarışıq normalı funksional fəzalar daxil edilmiş və hal-hazırda bu fəzalarda müxtəlif riyaziyyatçılar tərəfindən tədqiqatlar aparılır və bir neçə fəlsəfə doktorluğu və elmlər doktorluğu üzrə dissertasiya işləri yazılmış və bəziləri müdafiə edilmişdir.

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

R. Ə. Bəndəliyev 2003-cü ildən başlayaraq AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Riyazi analiz" şöbəsində əvvəlcə elmi işçi, sonra isə böyük elmi işçi vəzifəsinə təyin edilmişdir. 2012-ci ildən isə aparıcı elmi işçi vəzifəsində çalışır. Hal-hazırda AMEA Riyaziyyat və Mexanika İnstitutunda onun baş elmi işçi vəzifəsinə təyin edilməsi ilə əlaqədar məsələ qaldırılmışdır. Bütün bunlarla yanaşı R. Ə. Bəndəliyev 2011–2014-cü illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyət göstərən D 01.111 doktorluq dissertasiya şurasının nəzdindəki elmi tematik seminarın elmi katibi olmuşdur.

2015–2016-cı illərdə D 01.111 doktorluq dissertasiya şurasının elmi katibi olmuşdur. R. Ə. Bəndəliyev pedaqoji fəaliyyətini 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Ali riyaziyyat" kafedrasında saat hesabı ilə başlamışdır.

2005–2010-cu illərdə BDU-nun "Riyazi analiz" kafedrasında dosent vəzifəsində saat hesabı ilə dərs demişdir.

2013–2014-cü illərdə Azərbaycan Kooperasiya Universitetinin "Tətbiqi riyaziyyat" kafedrasında əvəzçiliklə dosent vəzifəsində çalışmışdır.

Beynəlxalq konfrans, simpoziumlarda

[redaktə | mənbəni redaktə et]

R. Ə. Bəndəliyev müntəzəm olaraq beynəlxalq, ümumittifaq və respublika elmi konfranslarda çıxış etmiş, o cümlədən, 2008-ci ildə Rusiya Federativ Respublikasının Moskva şəhərində REA-nın müxbir üzvü, prof. L. D. Kudryavtsevin 85 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfransda, 2008-ci ildə İtaliya Respublikasının Roma şəhərində prof. V. Q. Mazyanın 70 illiyinə həsr olunmuş Beynəlxalq konfransda, 2008-ci ildə Rusiya Federativ Respublikasının Novosibirsk şəhərində akademik S. L. Sobolevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfransda, 2008-ci ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində akademik V. M. Kokilaşvilinin sədrliyi ilə keçirilən işçi seminarda plenar məruzəçi olmuşdur. 2009-cu ildə Ukrayna Respublikasının Kiyev şəhərində akademik N. N. Boqolyubovun 100 illik yubileyinə, 2010-cu ildə Rusiyanın Saratov şəhərində keçirilən ənənəvi qış məktəbində, 2012-ci ildə Kamenets-Podo1ski şəhərində UEA-nın müxbir üzvü, prof. A. İ. Stepanetsin 70 illik yubileyinə, 2013-cü ildə Sevastopol şəhərində akademik A. M. Samoylenkonun 75 illik yubileyi münasibətilə keçirilən, 2011-ci və 2013-cü illərdə Rusiyanın Rostov şəhərində uyğun olaraq prof. S. Q. Samkonun 70 və İ. Simonenkonun 75 illik yubileylərinə həsr olunmuş, 2014-cü ildə Rusiyanın Novorossiysk şəhərində keçirilən, 2014-cü ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində Qafqaz ölkələrinin riyaziyyat ictimayyətinin təşkil etdikləri, 2016-cı ildə Gürcüstan Respublikasının Batumi şəhərində akademik N. K. Musxelişvilinin 125 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir və bəzi elmi bölmələrə rəhbərlik etmişdir.

2008-ci ildə Rusyanın Novosibirsk şəhərində akademik S. L. Sobolevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfransda Sobolev adına olan medalla təltif olunmuşdur.

2013-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən elan olunmuş "Gənclər üçün Prezident mükafatı" müsabiqəsinə Riyaziyyat və Mexanika İnstitutu tərəfindən namizədliyi irəli sürülmüş və elmdə fərqləndiyinə görə AMEA-nın fəxri fərmanı ilə təltif olunmuşdur.

Elmi əməkdaşlığı

[redaktə | mənbəni redaktə et]

2014-cü ildən etibarən Polşa Respublikasının Varşava Texnologiya Universitetinin "Riyaziyyat və İnformatika elmləri" bölməsinin professoru Przemislav Qorkanın təklifi ilə elmi əməkdaşlığa başlanılmışdır. Bu əməkdaşlıq çərçivəsində 19.06.2015–29.06.2015-ci ildə P. Qorkanın dəvəti ilə Varşava Texnologiya Universitetində ezamiyyətdə olmuş və 10 gün ərzində işçi seminarlar aparılmışdır. Mövzu isə dəyişən dərəcəli və çəkili Lebeq fəzalarında Kolmoqorov tipli kompaktlıq meyarlarının alınmasına həsr olunmuşdur. Bu əməkdaşlıq çərçivəsində 2016-cı ildə P. Qorka 14.04.2016–28.04.2016-cı ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda olmuş və R. Ə. Bəndəliyevlə işçi seminarlar aparmış və Hausdorf operatorunun dəyişən dərəcəli Lebeq fəzalarında məhdudluğu və kompaktlığı məsələsi araşdırılmışdır. Bu müddət ərzində P. Qorka Riyaziyyat və Mexanika İnstitutunda keçirilən ümuminstitut seminarında da elmi məruzə ilə çıxış etmişdir. Ümumiyyətlə bu fəzalar istiqamətində R. Ə. Bəndəliyev müxtəlif ölkələrdən olan riyaziyyatçılarla, o cümlədən, İ. İ. Şarapudinov, L. Diening, P. Hasto, S. Q. Samko, V. M. Kokilaşvili, A. Almeyda, T. Kopaliani və başqaları ilə elmi əlaqələr saxlayır.

R. Ə. Bəndəliyev 2001-ci ildə Kardif Universitetinin professoru V. İ. Burenkov ilə AMEA-nın müxbir üzvü, prof. V. S. Quliyevin rəhbəri olduqları "Weighted spaces of differentiable functions, weighted inequalities for integral operators and applications" adlı 2 illik qalib layihə "NATO Science programme, collaborative linkage grant" proqramının iştirakçısı olmuşdur.

2003-cü ildə Azərbaycan-Amerika ikitərəfli qrant proqramı çərçivəsində (Award from Azerbaijan — U. S. Bilateral Grants Program Competition U. S. Civilian Research & Development Foundation) AMEA-nın müxbir üzvü, prof. V. S. Quliyevin və Alabama Universitetinin professoru Zhijian Wu ilə rəhbər olduqları "Holomorphic and harmonic function spaces, their boundary values and operator theory" adlı layihə müsabiqəsinin qaliblərindəndir. 2006–2008-ci illərdə İNTAS proqramı çərçivəsində keçirilən Cənubi Qafqaz ölkələrinin Avropa ölkələri ilə əməkdaşlıq çərçivəsində "Variable Exponent Analysis" adlı layihənin qalibi olmuşdur. Bu layihədə Avropa ölkələri qismində Finlandiya və Portuqaliya riyazi məktəbinin komandası ilə Azərbaycan və Gürcüstan tədqiqatçıları da iştirak etmişdir. Bu layihə çərçivəsində 2007-ci ildə adı çəkilən iki Avropa və Qafqaz ölkələrinin layihə iştirakçılarının əksəriyyəti olmaqla Mərdəkan dendrarisinin konfrans zalında prof. S. Q. Samko və akademik A. C. Hacıyevin rəhbərliyi altında beynəlxalq işçi seminar keçirilmişdir. 2011–2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən dəstəklənmiş və mərhum akademik A. C. Hacıyevin rəhbərlik etdiyi "Harmonik analizin inteqral operatorlarının bəzi funksional fəzalarda məhdudluğu və tətbiqləri" adlı layihənin qalibi olmuşdur.

2014–2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən dəstəklənmiş və AMEA-nın müxbir üzvü, prof. V. S. Quliyevin rəhbərlik etdiyi "Real analizin inteqral operatorlarının bəzi funksional fəzalarda məhdudluğu və tətbiqləri" adlı layihənin qalibi olmuşdur. 2015-ci ildə AMEA Rəyasət Heyəti tərəfindən tövsiyə olunan "Lokal Morri tipli fəzalarda harmonik analizin müasir problemləri və tətbiqləri" adlı 2 illik elmi — tədqiqat proqramının iştirakçısıdır.

R. Ə. Bəndəliyev Kanada Elm və Təhsil mərkəzi tərəfindən nəşr edilən "Journal of Mathematics Research" beynəlxalq jurnalının redaksiya heyətinin üzvüdür. AMEA-nın "Fizika-texnika və riyaziyyat elmlərinin" Xəbərləri və Beynəlxalq Ekoenergetika Akademiyası tərəfindən çap olunan "Caspian Journal of Applied Mathematics, Ecology and Economics" adlı beynəlxalq jurnallarında məsul katibdir.

Çap olunmuş 63 elmi elmi əsərin müəllifidir və həmin məqalələrin 17-sı Thomson Reuters siyahısına daxil olan nüfuzlu jurnallarda, bəziləri Scopus bazasına daxil olan jurnallarda və digər yerli və xarici jurnallrda çap olunmuşdur. İndiyə qədər məqalələrinə 95 istinad olunmuşdur. Bu jurnallardan "Taiwanese Mathematical Journal", "Czechoslovak Mathematical Journal", "Mathematical Notes", "Lithuanian Mathematical Journal", "Moscow Mathematical Journal", "Electronic Journal of Differential Equations", "Ukrainian Mathematical Journal", "Journal of Computational and Applied Mathematics", "Annals of Functional Analysis", "Miskolc Mathematical Notes" və s. qeyd etmək olar.

R. Ə. Bəndəliyev hal hazırda Riyaziyyat və Mехanika İnstitutunda baş elmi işçi vəzifəsində işləyir. 

Əsas elmi nəticələri

[redaktə | mənbəni redaktə et]
  1. Banax funksional fəzalarda harmonik analizin əsas inteqral operatorları üçün yeni məhdudluq və kompaktlıq meyarları alınmışdır.
  2. Dəyişən dərəcəli və qarışıq normalı Lebeq fəzasının daxil edilmişdir və bu fəzanın əsas struktur xassələri öyrənilmişdir. Daxil edilmiş fəzada Sobolev tipli daxilolma teoremləri isbat edilmişdir.
  3. Banaxqiymətli funksiyalardan ibarət çəkili Sobolev fəzasında bəzi daxilolma teoremləri və tətbiqləri.
  4. Dəyişən dərəcəli çəkili Lebeq fəzasında Hardi operatorunun məhdud olması üçün ilk dəfə olaraq Dini-Lipşits tipli şərtdən imtina edilmişdir və yeni metod təklif olunmuşdur.
  5. Dəyişən dərəcəli Lebeq və Sobolev fəzalarında daxilolma teoremləri və bəzi xüsusi törəməli diferensial tənliklərə tətbiqləri.
  6. İlk dəfə olaraq ikiölçülü Hardi operatorunun çəkili və qarışıq normalı Lebeq fəzasında iki sayda qeyri-xətti diferensial tənliyin həll olunma məsələsinə baxılması. Bu zaman tənliyin əmsalları rolunda fəzanı təyin çəki funksiyaları oynayır.
  7. Kvazinorma ilə verilmiş dəyişən dərəcəli Lebeq fəzasının struktur xassələrinin tədqiqi. Bu fəzada klassik Hardi operatorunun tədqiqi. Bəzi əsas bərabərsizliklər.
  8. Metrik fəzada təyin olunmuş kvazinormaya malik dəyişən dərəcəli Lebeq fəzasında Kolmoqorov-Ris tipli kompaktlıq meyarlarının alınmıası. Yeni üsul və yanaşmalar verilmişdir.
  9. Orliç-Musielak fəzasında harmonik analizin əsas inteqral operatorları üçün yeni məhdudluq meyarları alınmışdır.
  10. Hausdorf operatorunun ümumi şəkildə verilmiş çəkili Lebeq fəzasında məhdud olması üçün ayrı-ayrılıqda həm zəruri, həm də kafi şərtlərin tapılması. Hausdorf operatorunun çəkili Lebeq fəzasında kompakt olması üçün kafi şərtlər tapılmışdır. İlk dəfə olaraq kvazinorma ilə verilmiş Lebeq fəzasında Hausdorf operatorunun məhdudluğu.
  11. Hausdorf operatorunun dəyişən dərəcəli Lebeq fəzasında məhdudluq məsələsinin öyrənilmişdir. Bu zaman müəyyən yeni üsul təklif edilmişdir.

Qrant layihələrində iştirakı 

  • 1. "Weighted spaces of differentiable functions, weighted inequalities for integral operators and Applications" adlı "NATO Science programme, collaborative linkage grant" (2001–2002)-iştirakçı;
  • 2. "Holomorphic and harmonic function spaces, their boundary values and operator theory" adlı Award from Azerbaijan — U. S. Bilateral Grants Program Competition U. S. Civilian Research and; Development Foundation (2003–2005) layihəsində məsul elmi işçi;
  • 3. "Variable Exponent Analysis" INTAS. Collaborative Call with (2006–2008) (,,,) layihəsində gənclər üzrə məsul şəxs;
  • 4. "Harmonik analizin inteqral operatorlarının bəzi funksional fəzalarda məhdudluğu və tətbiqləri" adlı Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu (2011–2013) layihəsində iştirakçı;
  • 5. "Real analizin inteqral operatorlarının bəzi funksional fəzalarda məhdudluğu və tətbiqləri" adlı Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu (2014–2015) layihəsində iştirakçı;
  • 6. "Lokal Morri tipli fəzalarda harmonik analizin müasir problemləri və tətbiqləri" adlı AMEA Rəyasət Heyəti tərəfindən tövsiyə olunan elmi-tədqiqat proqramında (2015–2017) aparıcı elmi işçi.
  1. "Rövşən Bəndəliyev-Riyaziyyat üzrə elmlər doktoru". 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-31.
  2. "AMEA-nın professoru". 2021-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]