Səidə İmanzadə
Səidə İmanzadə | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şəki |
Vəfat tarixi | (81 yaşında) |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | ali |
İxtisası | tarixçi |
Fəaliyyəti | pedaqoq |
Əsərlərinin dili | Azərbaycan dili |
Mükafatları |
Səidə İmanzadə (29 dekabr 1910, Nuxa – 1 may 1992) — Azərbaycanın pedaqoqu, Azərbaycan SSR-in Əməkdar Müəllimi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Səidə xanım İmanzadə 29 dekabr 1910-cu ildə Şəkidə doğulmuşdur. O, ailəsi ilə 1924-cü ildə Bakıya köçmüşdür.
Yeni cəmiyyət quruculuğunun ilk dövründə öz həllini tələb edən ən mühüm ictimai problemlərdən biri də qadın azadlığı idi. Bu məqsədlə Bakı və onun rayonlarında onlarca qadın klubları, savad kursları yaradılmış və burada qadınlar arasında fəal ictimai-siyasi iş aparılırdı.
Səidə xanım İmanzadə 1925-ci ildə Əmircan qəsəbəsində fəaliyyət göstərən "Qadın nümayəndələri iclası" adlanan təşkilatın fəal üzvlərindən biri olmuş, burada azərbaycanlı qadınlar arasında iş aparmış, qadınların hüqüq və imkanlarını onlara başa salmışdır. Elə ilk vaxtlardan Səidə xanım və onun kimi digər ictimaiyyətçi azərbaycanlı qadınların apardıqları iş öz müsbət nəticəsini verirdi. Səidə xanım İmanzadə ictimai fəaliyyəti ilə yanaşı, öz təhsilini davam etdirməyi də unutmamışdı. O, 1926-cı ildə Bakıda fəaliyyət göstərən "Türk sənaye məktəbi"nə daxil oldu. O zaman Azərbaycanda qadın azadlığı hərəkatının mərkəzi hesab edilən Əli Bayramov adına qadınlar klubunda 1928-ci ildən başladığı fəaliyyət Səidə xanımın ictimai həyatında yeni mərhələ oldu. O, bütün qüvvəsini qadın hüquqları uğrunda mübarizəyə yönəltmişdi. Təqiblər, təhqirlər və hədələr gənc Səidəni xalqın balalarına savad vermək kimi şərəfli yoldan çəkindirə bilmədi. Onun Əli Bayramov klubundakı fəaliyyəti nəticəsində neçə-neçə azərbaycanlı qadın ictimai həyata qədəm qoymuşdur.[1]
Təhsili və pedaqoji fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Səidə İmanzadə ilk təhsilinə 1915-ci ildə molla məktəbində başlamışdır.[2] O, 1930-cu ildə sənaye məktəbini müvəffəqiyyətlə bitirdikdən sonra təhsilini artırmaq məqsədilə fəhlə fakültəsinə qəbul edilmişdi. O, 1934-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix və ictimaiyyət fakültəsini bitirməklə özünün ən böyük arzusuna çatdı. Sonrakı bütün şüurlu həyatını müəllimliyə- bu xeyirxah peşəyə sərf etdi. Əvvəlcə Pirallahı adasındakı 98 saylı orta məktəbdə, sonradan 21 saylı məktəbdə çalışmış, qısa müddətdə adi müəllimlikdən orta məktəb direktoru vəzifəsinə qədər yüksəlmişdi. O, müəllimliklə yanaşı, ictimai fəaliyyətini uğurla davam etdirmiş, Bakı Soveti nəzdindəki "Mədəni yürüş" təşkilatının fəal iştirakçısı olmuşdu. Həmin illərdə S. İmanzadəni qadın azadlığının düşmənlərinə qarşı, cəhalətə və savadsızlığa qarşı respublikada gedən ümumxalq hərəkatının önündə görmək olardı.
1941-ci ildə faşizmə qarşı müharibənin başlanması ilə Səidə xanımın qayğıları daha da artmış və fəaliyyət dairəsi genişlənmişdir. İndi onu öz ər və oğullarını fabrik-zavodlarda əvəz etmiş fəhlə qadınlar arasında, hərbi xəstəxanalarda tez-tez görmək olurdu. 1942-ci ildə o, sənətkarlar Səməd Vurğun və Mirzə İbrahimovla birlikdə Tiflisdə keçirilən Zaqafqaziya ziyalılarının antifaşist mitinqində iştirak edir və alovlu nitq söyləyir.
Müharibə illərində Səidə İmanzadəni Bakıda Qızlar İnternatının müdiri kimi məsul bir vəzifəyə irəli çəkmişdilər. O, sonralar həmin çətin illəri böyük ürək ağrısı ilə xatırlayaraq deyirdi: "Atalarını müharibədə itirmiş, valideyn himayəsindən məhrum olmuş qızların təhsili və taleyi məsələsi bizi çox düşündürürdü. Nə qədər ağır, iztirablı anlar keçirsək də, məktəbdə təlim-tərbiyə işini yüksək səviyyədə qura bilmişdik. Müəllimlərimiz bu qızlara əsl analıq qayğısı göstərirdilər…"
1943-cü ildə S. İmanzadə Bakının qabaqcıl təhsil ocaqlarından biri olan 132 nömrəli məktəbə direktor təyin olunur, kadr çatışmazlığı olduğuna görə eyni zamanda, BDU-nun tarix fakültəsində dərs deyir. 1946-cı ildən isə o, taleyini universitetlə bağlayır.
1941–1945-ci illərin ağır müharibə günlərində Səidə xanım İmanzadənin çoxcəhətli fəaliyyəti — ilk növbədə pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdi. 1943-cü ildə ona respublikanın "Əməkdar müəllimi" fəxri adı verildi. 1944-cü ildə "Qafqazın müdafiəsi, 1945-ci ildə isə "1941–1945-ci illərdə arxa cəbhədə fədakar əməyə görə" medalı ilə təltif edildi. 1946-cı ildə Səidə xanım İmanzadə Lenin ordeninə layiq görüldü.
Yaradıcılıq fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Hələ gəncliyindən qadın azadlığı hərəkatını izləyən, öz elmi, pedaqoji və ictimai fəaliyyəti ilə bu hərəkatda bilavasitə iştirak edən Səidə xanım həmin mövzuda 75-dən çox kitabça və məqalə çap etdirmişdi. S. İmanzadənin "Qadınlar cəmiyyətdə və ailədə" (1963), "Qadının- ananın şərəfini yüksəldək" (1967), "İslam dini və qadın məsələsi" (1968), "Azərbaycan qadınları Böyük Vətən müharibəsində"(1969), "Azərbaycan qadınları mədəniyyət cəbhəsində" (1970) kitablarında Azərbaycanda qadın azadlığı uğrunda mübarizə tarixinin çətin, ziddiyyətli, mürəkkəb, həm də şərəfli dövrü zəmanənin siyasi çərçivələrini və qadağalarını, siyasi konyukturasını nəzərə alaraq, mümkün qədər obyektiv işıqlandırılmışdır.[3] Onun Azərbaycanda qadın hərəkatı tarixinə həsr olunmuş tədqiqatı Paris və San-Fransisko şəhərlərinin kitabxanalarında saxlanılır.
Səidə İmanzadə uzun illər universitetin tarix fakültəsinin dekanı kimi səmərəli fəaliyyət göstərmiş, SSRİ tarixi kafedrasında dosent vəzifəsində işləmiş, keçmiş SSRİ tarixinin yeni dövrü üzrə yüksək səviyyədə və məzmunlu mühazirələr oxumuş, ixtisas kursları tədris etmişdir.
Səidə İmanzadə xalqın taleyində müstəsna rol oynamış, millətin taleyüklü məqamlarında xilaskarlıq missiyasını şərəflə yerinə yetirmiş Heydər Əliyev kimi tələbəsi ilə daim fəxr etmişdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə Səidə xanıma müxtəlif vəzifələr, xüsusilə rəhbər vəzifələr təklif etsə də, təvazökar qadın müəllimliyi bütün vəzifələrdən üstün tutaraq sevimli tələbəsinin təklifilə razılaşmamış, BDU-da pedaqoji fəaliyyətini davam etdirmiş, Bakı Qadınlar Şurasının sədri kimi respublikanın ictimai-siyasi həyatında önəmli rol oynamış, Azərbaycan Qadınlar Şurası sədrinin müavini kimi fəal ictimai iş aparmış, İçərişəhərdəki xalçaçılıq sexində "Ləyaqət", Əbilov adına mədəniyyət sarayında "İsmət" qadınlar klublarına rəhbərlik etmişdir. 1982-ci ildə təqaüdə çıxsa da BDU-da və Bakı Qadınlar Şurasında fəaliyyətini ömrünün sonunadək davam etdirmişdir.[4]
Səidə İmanzadə 1992-ci ilin may ayının 1-də 82 yaşında dünyasını dəyişdi, qəlbində silinməz iz qoyduğu insanlardan, yetirmələrindən ibarət böyük izdihamın müşayiətilə İkinci Fəxri Xiyabanda torpağa tapşırıldı.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Səidə xanım həyat yoldaşı Şakir Abdulla əfəndi oğlu İmanzadə ilə 1924-cü ildə ailə qurub. Şakir Şəkidə mədrəsə təhsili alıb, 1909-cu ildə Bakıya köçüb müəllimlik etməyə başlayıb. 15–16 yaşlarına qədər mədrəsə təhsili alsa da, riyaziyyatı, tarixi əla bilir, ərəb, fars dillərinə mükəmməl yiyələnmişdi. Bakının bir çox ucqar kəndlərində- Pirallahı, Mərdəkan, Bülbülə və Əmircanda müəllim işləyib.[5]
Səidə xanımın Taleə və Mübariz adlı iki övladı olmuşdur.[6] Qızı Taleə Şakir qızı İmanzadə 1928-ci ildə anadan olmuş, 134 nömrəli orta məktəbi qurtardıqdan sonra 1946–1951-ci illərdə BDU-nun rus dili və ədəbiyyatı fakültəsini bitirib filoloq ixtisasına yiyələnmişdi. Moskvada qədim slavyan dili üzrə aspiranturanı bitirdikdən sonra Bakıya qayıtıb, BDU-da müəllim işləməyə başlayıb. Bir il sonra isə M. F. Axundov adına Azərbaycan Dillər İnstitutunda (sonralar- 1972-ci ildən M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatu İnstitutu, (hazırda Bakı Slavyan Universiteti- BSU) rus dilçiliyi kafedrasında qədim slavyan dili müəllimi işləməyə başlayıb.
Səidə xanımın oğlu Mübariz İmanzadə 1943-cü ildə Şəki şəhərində anadan olub. 1950–60-cı illərdə Bakı şəhəri 6 nömrəli orta məktəbdə oxumuşdur. Qabaqcıl məktəb, gözəl müəllimlər, mükəmməl dərs- bütün bunlar Mübarizin yaxşı oxumasına şərait yaratdı. Orta məktəbi bitirib BDU-nun şərqşünasluq fakültəsinə qəbul olundu. Yaxşı oxuduğuna görə 3-cü kursdan onu xaricə, bilavasitə tərcüməçiliyə ezam etdilər. Moskvadan xüsusi komissiya gəlib 50 nəfərin içindən 3 nəfəri seçmişdi ki, onlardan biri də Mübariz idi. Onları Moskvaya aparıb hərbi tərcüməçi kimi 6 ay xüsusi kurs keçdikdən sonra Suriyaya hərbi tərcüməçi göndərdilər. İl yarım sonra- 1970-ci ildə onu yenidən müddətli hərbi xidmətə götürdülər. 1972-ci ildə xidməti başa vurub BDU-nun fəlsəfə kafedrasının aspiranturasına qəbul olunan Mübarizin elmi rəhbəri akademik, gözəl şair, sanballı ziyalı, anası Səidə xanımın tələbəsi olmuş Aslan Aslanov oldu. (bu da həyatın bir sürprizi idi). Aspiranturanı bitirən kimi A. Aslanov onu rektor olduğu İncəsənət İnstitutuna tədris hissə müdiri vəzifəsinə təyin etdi. Aslan müəllim onun həyatına, dünyagörüşünə çox güclü təsir etmiş ziyalılardandır. İki il institutda işlədikdən sonra Mübarizi Yəmənə- Sovet səfirliyində baş tərcüməçi işinə göndərdilər. Dörd il orada işlədikdən sonra yenidən instituta qayıtdı, lakin az sonra Moskvanın tələbilə yenidən Yəməndə dörd il baş tərcüməçi işlədi. Artıq 10 il xaricdə işləmişdi, ordan qayıtdıqdan sonra M. İmanzadəni Dövlət Plan Komitəsində İnformasiya şöbəsinin müdiri təyin etdilər. İki il orada işlədikdən sonra onu yenidən Suriyaya Sovet səfirliyinə baş tərcüməçi göndərdilər. SSRİ dağıldığına görə 1991-ci ildən səfirlik artıq Rusiya səfirliyinə çevrildi, ona görə Mübariz 1992-ci ildə Bakıya qayıtdı. 1992–2001-ci illərdə vaxtilə anasının 40 illik ömrünü həsr etdiyi BDU-da, özəl ali məktəblərdə (Xəzər Universitetində, Ali İctimai-Siyasi Kollecdə və s.) hərbi və ərəb dili kafedralarında müəllim işlədi. 2001-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə 1-ci katib vəzifəsinə dəvət etdilər. Bir ildən sonra Səudiyyə Ərəbistanındakı Azərbaycan səfirliyinə müşavir göndərdilər. Səfir başqa yerə gedəndə müşavir onu əvəz edirdi. Səfir eyni vaxtda Oman, Qətər, Bəhreyndə də səfirlik edirdi, tez-tez o ölkələrə gedirdi və Mübariz onu əvəz edirdi. Xaricdə xidmətini başa vurub Xarici İşlər Nazirliyində müşavir işləməyə başladı. 2009-cu ildə ona yenidən etimad göstərib bu dəfə Afrika ölkəsinə- Tunisə diplomatik işə- müvəqqəti işlər vəkili göndərdilər.[7]
Mükafatları
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Ali Sovetinin Fəxri fərmanı (1943)
- "Əməkdar müəllim" fəxri adı (1943)
- "Qafqazın müdafiəsinə görə" medalı (1944)
- "1941–1945-ci il müharibəsində qələbə" medalı (1945)
- Lenin ordeni (1946)
- "Şərəf nişanı" ordeni (1960)
- Azərbaycan Ali Sovetinin Fəxri fərmanları (1964, 1967, 1968, 1970)
- Ümumittifaq "Bilik" cəmiyyətinin fəxri kitabına daxil edilib (1968)
- Ümumittifaq "Bilik" cəmiyyətinin Fəxri fərmanları (1957, 1969, 1973)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycanda qadın hərəkatının fəal xadimi, alim və tanınmış pedaqoq (az.)
- ↑ Nura boyanmış ömür. Xeyrulla Ağayev. Bakı: 2012, səh. 11
- ↑ Nura boyanmış ömür. Xeyrulla Ağayev. Bakı: 2012, səh. 78
- ↑ Nura boyanmış ömür. Xeyrulla Ağayev. Bakı: 2012, səh. 80
- ↑ Nura boyanmış ömür. Xeyrulla Ağayev. Bakı: 2012, səh. 87
- ↑ Nura boyanmış ömür. Xeyrulla Ağayev. Bakı: 2012, səh. 82
- ↑ Nura boyanmış ömür. Xeyrulla Ağayev. Bakı: 2012, səh. 84
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Görkəmli ictimai xadim Səidə İmanzadənin 100 illik yubileyi qeyd olunub [ölü keçid]
- howiw Redaktə Səidə İmanzadə Arxivləşdirilib 2021-12-05 at the Wayback Machine
- Xeyrulla Ağayev. Foto qalereya / Səidə İmanzadəyə həsr edilmiş "Nura boyanmış ömür" kitabının təqdimatı. sheki-ih.gov.az (az.)
- Görkəmli alimin həyat yolu "Nura boyanmış ömür" kitabında. azerbaijan-news.az, 13.03.2013 (az.)
- 29 dekabrda doğulanlar
- 1910-cu ildə doğulanlar
- 81 yaşında vəfat edənlər
- 1 mayda vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- "Lenin" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə yazıçı və şairlər
- Şəkidə doğulanlar
- Azərbaycan pedaqoqları
- Azərbaycanlı pedaqoqlar
- Azərbaycan tarixçiləri
- Azərbaycanlı tarixçilər
- Azərbaycan feministləri