Suzanbağıları (rəsm)
Suzanbağıları (rəsm) | ||
---|---|---|
| ||
Rəssam | Klod Mone | |
Tarixi | 1895 - 1926 | |
Üslubu | peyzaj | |
Texnikası | kətan, yağlı boya | |
Ölçüləri | 219 sm × 602 sm | |
Saxlanıldığı yer | Oranjeri muzeyi, Paris | |
Vikianbarda əlaqəli mediafayllar |
Suzanbağıları (fr. Les Nymphéas) — fransız impressionizm cərəyanının görkəmli rəssamlarından olan Klod Mone tərəfindən, həyatının son 30 ili ərzində hazırlanmış və 250-yə yaxın yağlı boya tablodan ibarət olan rəsm əsəri. Bu tablolar bir çiçək bağçasının, xüsusilə Monenin Parisdəki evinin bağçasındakı kiçik dərə və gölməçələrdə su içində yetişən suzanbağı çiçəklərinin rəsmləridir. Mone bundan əvvəl Parisdəki Sen-Lazar vağzalı stansiyasının gün ərzində fərqli işıq və hava şəraiti altında rəsmlərindən ibarət olan "Sen-Lazar vağzalı" seriyasını və 1890–91-ci illərdə eyni baxış tərzi ilə "Saman yığınları" seriyasını hazırlamışdı. "Suzanbağıları" bu yanaşmanın daha geniş formasında olub, dəyişkən işıq və hava şəraitində suzanbağı çiçəklərinin necə dəyişkən formada çəkiləcəyini sınamaqdadır. Rəssam bu əsərləri çəkməklə məşğul olarkən gözlərində yaranan kataraktadan əziyyət çəkirdi. Bu tablolar fərqli formalarda (kvadrat, düzbucaq, dairəvi və başqa formalı) və ölçülərdə (bəziləri bir neçə metr böyüklükdə) kətanlar üzərində çəkilib.
Xronologiya
[redaktə | mənbəni redaktə et]- noyabr 1890: Mone Jivernidəki evini satın alması və bağçasını dəyişdirərək yenidən qurması.
- may 1895: Monenin "Suzanbağıları" tabloları seriyasını hazırlamağa başlaması.
- noyabr 1901: Monenin Jivernidə bağçada yetişdirilən ekzotik bitkilərin su ehtiyacını qarşılamaq üçün yaxınlıqdakı Epte suyunun axarını dəyişdirərək bağçadan axmasını təmin etməsi.
- "Suzanbağıları" tablo seriyasının ciddi olaraq çəkilməyə başlanması.
- "Suzanbağıları" seriyası üçün tabloların düzəldilməsinin yavaşlaması. Monenin planlarını dəyişdirməsi. Hazırlamaqda olduğu bəzi tabloları məhv etməsi. Bu seriyanın planlanan sərgiləmə tarixinin daha əvvələ alınması.
- 6 may — 5 iyun 1909: İncəsənət əsərləri satıcısı Pol Duran-Ruelin 48 ədəd "Suzanbağıları" tablosunu sərgiləməsi.
- 1910ː "Suzanbağıları" hovuzunun daha da böyüdülməsi.
- iyul 1912: Monenin gözlərində cüt katarakt diaqnozunun qoyulması.
- 1914ː Fransız siyasətçi Klemansonun təşviqi ilə Monenin bir seriya "Suzanbağıları" mövzulu dekorativ pano hazırlamağa başlaması.
- 12 aprel 1922: Monenin Vernondakı notariusda "Suzanbağıları" panolarını tamamlayıb 1924-cü ilin aprelində Fransa dövlətinə təhvil verəcəyini qəbul edən bir müqavilə imzalaması. Monenin danışığını itirib kor olması. Lakin planlaşdırılan "Suzanbağıları" mənzərə lövhələrini bitirmək istəməsi. Bu səbəblə hər iki gözündə katarakt əməliyyatına razı olması.
- fevral 1924: Sənət əsəri satıcısı Duran-Ruelin son dövrlərdə hazırlanmış bir neçə "Suzanbağıları" tablosunu Nyu-Yorkda nümayiş etdirməsi.
- 1924: Monenin gözlərindəki problemlərlə əlaqədar Klemansonun, lövhələrin hazırlanıb dövlətə verilməsi üçün: Müqavilədə nəzərdə tutulan tarixlərdə gecikrmələri qəbul etməsi.
- 5 dekabr 1926: Rəssam Monenin 86 yaşında Jivernidə vəfat etməsi.
- 17 may 1927: Dövlətə verilmiş "Suzanbağıları" lövhələrinin sərgisinin rəsmi olaraq Parisdə Oranjeri Muzeyində açılması.
Tabloların xüsusi satışları
[redaktə | mənbəni redaktə et]19 iyul 2007-ci ildə Monenin "Suzanbağıları" tablo seriyasından yeganə bir tablo Londonda Sotheby auksionunda 18,5 milyon funt-sterlinqə satılmışdır.[1] 24 iyun 2008-ci ildə Londonda Christie şirkəti tərəfindən Monenin "Suzanbağıları" seriyasından "Le bassin aux nymphéas" adlı başqa bir tablo auksionda 41 milyon funt-sterlinqə satılmışdır. Bu tablonun ehtimal edilən satış qiyməti 18-24 milyon funt təşkil edirdi.[2]
2010-cu ilin may ayında Londondakı Christie şirkəti Monenin 1906-cı ildə hazırladığı digər bir lövhənin 2010-cu ilin iyun ayında hərrac vasitəsilə satılacağını elan etmişdir. Bu hərrac 23 iyunda keçirilmiş və təklif edilən qiymətlər 29 milyon funt-sterlinqi aşmamış və bu qiymətlər ehtimal olunan proqnoz qiymətdən aşağı olduğu üçün tablo satılmamışdır.[3]
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Monenin Jivernidəki bağçasında suzanbağı hovuzu.
-
Nyu-york MOMA muzeyində 12 m uzunluqda olan "Suzanbağıları hovuzunda buludların yansıması" tablosu.
-
"Suzanbağıları hovuzu üzərindəki körpü" tablosu.
-
Suzanbağıları, 1920-1926, Oranjeri muzeyi.
-
Water-Lily Pond, 1915–1926, Çiçu İncəsənət Muzeyi.
-
"Suzanbağıları hovuzu", 1919.
-
"Suzanbağıları hovuzu və salxım söyüd ağacı" (1916-19)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Dalya Alberge. "Monet lilies make £18.5m but just miss world record." The Times. 20 iyun 2007.
- ↑ "Laura Henri Kolleksiyanın aid olan Monenin şah əsər tablosu açıq artırma ilə təxminən £41 milyona satıldı. 25 İyun 2008". 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-02.
- ↑ "Picasso reaches £34.7m in Christie's auction". BBC News (BBC). 24 İyun 2010". 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-02.