Havanın üfüqi istiqamətdə hərəkətindən ibarət təbiət hadisəsi; yel. Külək əsir. Külək birdən kəsdi. Külək tutan yer. – Gecələr, gecələr, sonsuz gecələr; Çılğın küləkləri quduz gecələr! M.Müşfiq. Külək [Dürrənin] getməsinə mane olub paltarını sanki cırmaq istəyirdi.. S.Vəliyev. _Külək mühərriki – külək vasitəsilə hərəkətə gələn mühərrik.
məc. Təşbehlərdə sürət, itilik, cəldlik mənasında. Külək kimi yerimək. – Qoymaram başına açsınlar kələk; Duruşun buluddur, yerişin külək. M.Müşfiq. ◊ Külək hayana əssə, o yana əsmək – möhkəm əqidəyə sahib olmamaq, tez vəziyyətə uyğunlaşmaq, fikrində sabit olmamaq.