Azərbaycan–Portuqaliya münasibətləri
Azərbaycan-Portuqaliya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan–Portuqaliya münasibətləri — Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Bu əlaqələr hələ XVI əsrdə başlamış, XVII əsrdən sonra uzun müddət demək olar ki, mövcud olmamış, Sovet dövründə Portuqaliya–SSRİ münasibətlərinin tərkib hissəsi olmuş, Azərbaycanın müstəqilliyinin bərpasının ilk on ilində zəif inkişaf etmiş, hazırda isə yüksələn xəttlə inkişaf etməkdədir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Səfəvi dövrü
[redaktə | mənbəni redaktə et]Səfəvilərin Portuqaliya ilə əlaqələrinin yaranması Avropadan Hindistana dəniz yolunun kəşf olunması və Portuqaliyanın Hind okeanı hövzəsində möhkəmlənməsi ilə bağlı idi.[1] Amma Səfəvilər dövlətinin mənafelərinin bilavasitə toqquşduğu Avropa ölkələrindən birincisi də məhz Portuqaliya olmuşdur.[2] Belə ki, 1507-ci ilin oktyabrında Alfonso de Albukerkenin başçılıq etdiyi Portuqaliya donanması, Səfəvilərdən asılı olan və Səfəvi xəzinəsinə illik xərac verən Hörmüz əmirliyinə hücum etdi.[1] Lakin Zülqədəroğlu Əlaüddövləyə qarşı yürüşdə olan Şah I İsmayıl öz dövləti üçün Hind okeanına çıxış olan bu mühüm strateji məntəqəni portuqallardan qorumaqdan ötrü Hörmüz əmirinə hərbi yardım göstərə bilmədi.[1] Hörmüzlülərin ciddi müqavimətinə baxmayaraq, portuqallar bu şəhəri ələ keçirdilər.[1] Bununla da Hörmüz hakimi Əmir Seyfəddin Portuqaliyanın asılılığını qəbul etdi.[3][4] Beləliklə, osmanlıların Şərqi Anadoluda, portuqalların isə Bəsrə körfəzindəki işğalları nəticəsində Səfəvi dövlətinin dünya ticarətində mövqeləri nəzərəçarpacaq dərəcədə zəiflədi və onlar Avropa-Asiya ticarət yolları üzərindəki nəzarəti itirmiş oldular.[1]
1515-ci ildə İran körfəzinin Hörmüzdən başqa digər adalarını tutan portuqaliyalılar Səfəvilərin ərazilərinin bilavasitə yaxınlığında görünərək, onlara özlərinin Hindistanla dəniz ticarətinin şərtlərini qəbul etdirməyə cəhd göstərdilər.[2] Böyük gəlir gətirən Avropa-Asiya ticarətinin Aralıq dənizi yolunu nəzarət altında saxlamaq üçün Portuqaliya hər cür cəhd göstərir, okean yolu ilə Hindistanla müntəzəm ticarət əlaqələri yaratmaqda ona mane olmağa səy edən Osmanlı dövləti ilə düşmənçilik edirdi.[2] Portuqaliyalılar Osmanlı ilə mübarizədə Səfəvilərlə yaxınlaşmağa başladılar.[2] Osmanlı ilə müharibələr dövründə Səfəvilər də belə bir ittifaqa meyl göstərirdi.[2] Çaldıran döyüşündən sonra Səfəvi şahı Şah İsmayıl Xətai Osmanlı İmperiyasına qarşı mübarizə aparmaq və İran körfəzi vasitəsilə istənilən silahı almaq niyyətilə Portuqaliya ilə ittifaqa girmişdir.[5] Məsələn, 1515-ci ilin aprel ayının 29-da Venesiya Respublikasının Kiprdəki canişini Zuan Hradeniqo Nikosiyadan öz hökumətinə belə bir xəbər vermişdir:[5]
"Təsdiq edirlər ki, Şah İsmayıl 100 mindən artıq qoşun və güclü artilleriya toplamışdır".
28 oktyabr 1518-ci il tarixli sənəddə isə qeyd edilir ki,[5]
"Sufinin (Şah İsmayıl) 70 minlik ordusuna Portuqaliya kralı tərəfindən göndərilmiş silahlı əsgərlər, artilleriya mütəxəssisləri daxildirlər".
Başqa bir sənəddə isə Sufinin "ordu və silahla çox güclü olduğu qeyd edilir".[5]
Bəzi məlumatlara görə, Portuqaliya Osmanlı əleyhinə Səfəvilərə yalnız odlu silahla deyil, habelə qoşunlarla, hərbi və maliyyə yardımı göstərirdi.[2] Məsələn, F. Kruzinskinin məlumatlarına görə, I Təhmasib 1549-cu ildə portuqaliyalılardan 10 minlik qoşun və 20 top almışdır.[6]
1551-ci ildə Portuqaliya kralı III Juan bacarıqlı bir elçisini töhfə və hədiyyələrlə Səfəvi sarayına göndərmiş, səmimi dostluğunu izhar etmişdir.[7] Qonaqlar sarayda mehribanlıqla qarşılanmışdılar.[8]
XVI əsrin 70-ci illərində Səfəvilərin Venesiyadakı səfiri Xacə Məhəmməd məlumat verir ki, Portuqaliya kralı Səfəvilərə 20 min tsexin məbləğində pul göndərmək barədə də göstəriş vermişdir.[9]
Aradakı əlaqələrin təməlini və qarşılıqlı etimadın dəbdəbəsini möhkəmlətmək üçün daha bir elçi isə azı 50 nəfərlik böyük bir heyətlə təxminən 1574-cü ildə Səfəvi dövlətinin paytaxtına gələrək, Portuqaliya kralı I Sebastyan tərəfindən bir sıra nadir töhfələr gətirmişdir ki, islam dünyasında onların tayı-bərabəri demək olar ki, yox idi.[10] Lakin portuqalların işğalı altında olan Cərun şəhərinin xristianları tərəfdən İslam dininə müxalif bəzi əməllərin törədilməsi və oradakı məscidlərin fəaliyyətlərinin dayandırılması səbəbindən sözügedən elçilər Səfəvi şahından iltifat görmədilər. Hətta I Təhmasib həyatda olduğu müddət ərzində ondan geri qayıtmaq üçün icazə də ala bilmədilər.[8][10] Yalnız növbəti Şah Məhəmməd Xudabəndənin dövründə icazə alıb, Portuqaliyaya yollandılar.[8][10][11]
1578-ci ildə Osmanlı öz ordularını Səfəvilərə qarşı yeridərkən, Şah Məhəmməd Xudabəndə Portuqaliyaya nümayəndə heyəti göndərmiş və Sultan III Murada qarşı birgə çıxış etmək çağırışı ilə Avropanın bütün xristian krallarına müraciət etmişdir.[12][13] Lakin Səfəvilər üçün ağır olan bu şəraitdə Portuqaliya Osmanlılara qarşı müharibəyə qoşulmadı.[14]
İranın cənubunda, Hörmüz boğazında yerləşən Bəndər-Abbas liman şəhəri XVI əsrdən portuqalların işğalı altında olmuşdur. I Şah Abbasın zamanında – 1614-cü ilin sonunda Səfəvi ordusu portuqalları oradan qovub çıxarmışdır. Həmin vaxtdan etibarən Cərun limanı Şah Abbasın şərəfinə Bəndər-Abbas adlanmağa başlamışdır.[15]
Sovet dövrü
[redaktə | mənbəni redaktə et]Hələ Sovet dövründə Portuqaliya ədəbiyyatından bəzi nümunələr Azərbaycan dilinə tərcümə edilmişdir.[16]
Lissabonda ənənəvi olaraq keçirilən Pianoçuların Beynəlxalq Müsabiqəsində müsabiqənin laureatı 1968-ci ildə Azərbaycan pianoçusu Fərhad Bədəlbəyli olmuşdur.[17]
Azərbaycan SSR 1975-ci ildə Portuqaliyada SSRİ günlərinin keçirilməsində iştirak etmişdir.[18]
1976-cı ildə Azərbaycan SSR-də Portuqaliya mədəniyyəti günləri keçirilmişdir.[18]
Müasir dövr
[redaktə | mənbəni redaktə et]Portuqaliya Azərbaycanın müstəqilliyini 7 yanvar 1992-ci ildə tanımışdır.[19][20][21]
Azərbaycan Prezidenti Heydər Əliyev 1994-cü ildə ATƏM-in Budapeştdə keçirilmiş Zirvə Görüşü zamanı Portuqaliyanın Hökumət Başçısı ilə, 1995-ci ilin oktyabr ayında isə Nyu-York şəhərində Portuqaliya Prezidenti Mario Soareşlə görüşmüşdür.[21]
Diplomatik əlaqələr
[redaktə | mənbəni redaktə et]İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin avqust ayının 4-də qurulmuşdur.[21][22]
Azərbaycanla Portuqaliya arasında ən yüksək səviyyələrdə məktub mübadiləsi həyata keçirilir.[23]
Portuqaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir.[24]
22 sentyabr 2011-ci il tarixində Murad Arif oğlu Rəhimov Portuqaliya Respublikasının Azərbaycan Respublikasındakı Fəxri Konsulu vəzifəsinə təyin edilmişdir.[23][25]
Azərbaycanın Portuqaliyada səfirliyi olmasa da, 4 may 2015-ci ildə Portuqaliyanın Azərbaycanda diplomatik nümayəndəliyi fəaliyyətə başlayıb.[26][27] Bu məqsədlə həmin gün nümayəndəliyin müvəqqəti işlər vəkili Maria Joao Lopes-Kordaso bununla əlaqədar Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində qəbul edilmişdir.[28]
Fövqəladə və səlahiyyətli səfirlər
[redaktə | mənbəni redaktə et]Azərbaycan səfirləri
[redaktə | mənbəni redaktə et]İqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Portuqaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mərakeş Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri Sabir Məmməd oğlu Ağabəyov iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Portuqaliya Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.[29] O, 13 iyul 2012-ci il tarixli Sərəncam ilə həmin vəzifədən geri çağırılmışdır.[30]
11 dekabr 2012-ci il tarixli Sərəncama əsasən Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tarik İsmayıl oğlu Əliyev igamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Portuqaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.[31] O, 16 oktyabr 2018-ci il tarixli Sərəncam ilə həmin vəzifədən geri çağırılmışdır.[32]
Portuqaliya səfirləri
[redaktə | mənbəni redaktə et]24 may 1995-ci ildə Portuqaliya özünün Türkiyə Respublikasındakı səfirinin Azərbaycanda akkreditə olunması barədə müraciət etmiş və 16 iyun 1995-ci il tarixində Azərbaycan tərəfi buna razılığını verilmişdir.[21]
17 may 2001-ci il tarixində Portuqaliyanın Azərbaycana təyin olunmuş səfiri A. Portuqal etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etmişdir.[21]
Portuqaliyanın Türkiyə və eyni zamanda Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Xorxe Alberto Noqeyra de Lemos Godino etimadnaməsini Azərbaycan Prezidentinə 15 fevral 2006-cı il tarixində təqdim etmişdir.[21]
2008-ci ildən Portuqaliyanın Azərbaycandakı səfiri Jose Manuel de Karvalo Lameyras,[21] 2011-ci ildən xanım Luisa Bastos de Almeida,[33] 2012-ci ildən isə Jorj Tito de Vaskonselos Kabral[34] olmuşdur.
Hazırda Portuqaliyanın Azərbaycandakı səfiri 2017-ci ilin mart ayının 26-da öz etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etmiş xanım Paula Leal da Silvadır.[35]
Parlamentlərarası əlaqələr
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.[36] Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Nizami Cəfərov olmuşdur.[37] Həmin işçi qrupuna 13 dekabr 2005-ci ildən Əkrəm Abdullayev[38],[36] 2 oktyabr 2006-cı ildən Əhəd Abıyev,[39] 8 aprel 2011-ci ildən isə Rüfət Quliyev[40] rəhbərlik etmişlər. 4 mart 2016-cı il tarixindən işçi qrupunun rəhbəri Aqiyə Naxçıvanlıdır.
Yüksək səviyyəli qarşılıqlı səfərlər
[redaktə | mənbəni redaktə et]1996-cı ilin 2–3 dekabr tarixlərində Azərbaycan Prezidenti Heydər Əliyev ATƏT-in Lissabonda keçirilən Zirvə görüşündə iştirak etmişdir.[19][20][41]
2010-cu ilin 20–21 noyabr tarixlərində Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Lissabonda keçirilən Zirvə toplantısında iştirak etmişdir.[19][20]
Portuqaliya tərəfindən isə Azərbaycana ilk yüksək səviyyəli səfər 11–12 iyul 2001-ci il tarixində baş tutmuşdur.[21] Həmin vaxt Portuqaliya Respublikasının xarici işlər naziri J. da Qama Azərbaycanda səfərdə olmuşdur.[21]
Diaspor
[redaktə | mənbəni redaktə et]Portuqaliya azərbaycanlıları
[redaktə | mənbəni redaktə et]Hələ XVI əsrdə azərbaycanlıların Portuqaliyaya yolu düşmüşdür. Belə ki, Qızılbaş Bayat tayfasından olan azərbaycanlı Oruc bəy Bayat 1599–1601-ci illərdə bir sıra Avropa ölkələri ilə yanaşı Portuqaliyaya da səyahət etmişdir.[42]
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin "Azərbaycan diasporunun məskunlaşma coğrafiyası" ilə bağlı məlumatında Portuqaliyadakı azərbaycanlıların sayının on mindən çox olduğu göstərilir[43]
Viza
[redaktə | mənbəni redaktə et]Portuqaliyaya gedən ümumi pasportlara malik Azərbaycan vətəndaşları üçün Şengen vizası tələb edilir.[44] Xidməti və xüsusi pasportlar, həmçinin diplomatik pasportlar üçün 90 günə qədər viza tələb edilmir.[44]
İqtisadi əlaqələr
[redaktə | mənbəni redaktə et]Biznes forumu
[redaktə | mənbəni redaktə et]27 iyun 2012-ci ildə Portuqaliyanın xarici işlər naziri Paulo Portaşın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun ("Azpromo") təşkilatçılığı ilə Bakıda Azərbaycan-Portuqaliya biznes forumu keçirilmişdir.[45] Tədbir zamanı "Azpromo" və Portuqaliyanın Xarici Ticarət və İnvestisiya Agentliyi (AICEP) arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.[45] Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilmişdir.[45]
Ticarət dövriyyəsi
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatlarına görə 1992–1996-cı illərdə iki ölkə arasında heç bir ticarət dövriyyəsi mövcud olmamışdır. Bu sahədə ən yüksək göstərici 2014-cü ildə qeydə alınmışdır ki, həmin il ticarət dövriyyəsinin ümumi məbləği 558 638,8 min ABŞ dolları məbləğində olmuşdur.[46]
2015-ci ildə isə Portuqaliyadan Azərbaycana idxal 26204,5 min ABŞ dolları, Azərbaycandan Portuqaliyaya ixrac əməliyyatları isə 368874,4 min ABŞ dolları məbləğində olmaqla,[47] ticarət dövriyyəsi 395 078,9 min ABŞ dolları məbləğində olmuşdur.[46]
Ümumilikdə bütün illər üzrə qeydə alınmış göstəricilər aşağıdakı cədvəldə göstərilmişdir:
İl | 1992–1996 | 1997 | 1998 | 1999 | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 |
---|---|---|---|---|---|---|---|---|---|---|
Ticarət dövriyyəsi[46] | - | 2,3 | 5,5 | 12,2 | 465,2 | 2 503,9 | 4 912,1 | 297,0 | 4 834,2 | 14 775,1 |
İdxal[48] | - | 2,0 | 5,5 | 12,2 | 464,6 | 2 503,9 | 1 928,3 | 266,3 | 1 901,3 | 6 229,4 |
İxrac[49] | - | 0,3 | - | - | 0,6 | - | 2 983,8 | 30,7 | 2 932,9 | 8 545,7 |
İl | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 |
Ticarət dövriyyəsi[46] | 22 368,3 | 5 093,8 | 265 558,1 | 29 639,8 | 225 367,3 | 327 454,9 | 245 998,7 | 528 202,5 | 558 638,8 | 395 078,9 |
İdxal[48] | 3 153,2 | 5 093,8 | 4 566,3 | 1 183,1 | 753,8 | 2 594,8 | 2 913,6 | 2 443,1 | 6 489,3 | 26 204,5 |
İxrac[49] | 19 215,1 | - | 260 991,8 | 28 456,7 | 224 613,5 | 324 860,0 | 243 085,1 | 525 759,4 | 552 149,5 | 368 874,4 |
Sərgilər
[redaktə | mənbəni redaktə et]23–26 oktyabr 2013-cü il tarixlərində Bakı şəhərində keçirilmiş "BakuBuild 2013" XIX Azərbaycan Beynəlxalq "İnşaat" sərgisində Portuqaliya şirkətləri olan "Apicer", "Metalcertima", "Moca Stone", "Nobel Mineral", "Revigres", "Solancis", "Trignolaxia" iştirak etmişdir.[23]
22–24 may 2014-cü il tarixlərində Bakı şəhərində keçirilmiş 3-cü Xəzər Beynəlxalq Plastik Kütlələr və Kauçuk "Plastex Caspian 2014" sərgisində Portuqaliyanın "Moldegama S. A." və "Sistrade Software Consulting S. A." şirkətləri iştirak etmişdir.[23]
22–25 oktyabr 2014-cü il tarixlərində Bakı şəhərində keçirilmiş 3-cü "BakuBuild 2014" XX Azərbaycan Beynəlxalq İnşaat sərgisinə Portuqaliya şirkətləri – "Apicer", "Metalcertima", "Grestejo", "İtalbox", "Motivounico", "Pecol S. A.", "Rodi" qatılmışdır.[23]
Portuqaliya Biznes Assosiasiyası 2016-cı ilin may ayında bu ölkənin 5 böyük şirkətinin Azərbaycana səfərini təşkil edib.[50] Onlar ("Dune Bleu" və "Manuel Maçado Souza" kimi tekstil şirkətləri, "Novarroz" qida məhsulları istehsalçısı, "Sublimerito" konsaltinq və mühəndislik şirkəti, "Tecnobento" qida sənayesi avadanlıqları istehsalçısı) Bakıda keçirilən "Caspian Agro" və "WorldFood Azerbaijan" sərgilərində iştirak etmişlər.[50]
Mədəni əlaqələr
[redaktə | mənbəni redaktə et]9 avqust – 6 sentyabr 2014-cü il tarixlərində Portuqaliyanın Portu şəhərində "Vieira Portuense" adlı qalereyada keçirilmiş "International Surrealism Now" layihəsinin sərgisində rəssam Mehriban Əfəndi "Mirriad" adlı əsəri ilə Azərbaycanı təmsil etmişdir.[23]
2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunması nəticəsində bu sahədə Portuqaliya ilə də əməkdaşlıq həyata keçirilmişdir. Artıq o vaxta qədər Lusofona Humanitar və Texnologiya Universitetinin beynəlxalq əlaqələr departamentinin direktoru, professor Teresa Damasio[51] Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Lissabon nümayəndəliyinin rəhbəri təyin olunmuşdur.[52] Həmin ali məktəbdə "Azərbaycan multikulturalizmi" fənnini Maya Cəfərquliyeva[53] və Gülnar Hüseynzadə[54] tədris etmiş və müdavimlər daha sonra qış məktəbi çərçivəsində də bu fənn vasitəsilə öyrəndiklərinin əyani şahidi olmuşlar.[52] 2015-ci ilin dekabr ayında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Lusofona Universitetinin təşəbbüsü ilə Portuqaliyanın Alfragide və Real kolleclərində "Azərbaycan günü" tədbirləri keçirilmişdir[55]. Teresa Damasio 8–15 fevral 2016-cı il tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə fəaliyyət göstərən "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016" adlı Beynəlxalq Multikulturalizm qış məktəbində mühazirəçi qismində iştirak edərək tələbələrə "Yeni dünya nizamı və multikulturalizm" mövzusunda mühazirə oxumuşdur.[51]
2016-cı ildə Portuqaliyanın Azərbaycandakı Nümayəndəliyi yerli tərəfdaşlarla birgə Bakıda bir neçə uğurlu mədəniyyət tədbiri həyata keçirmişdir.[56] Həmin ilin aprelinda üç portuqal rəssamın əsərləri Müasir İncəsənət Muzeyində keçirilmiş "I wanna be adored" adlı sərgidə nümayiş etdirilmişdir.[56] Sentyabr ayında Portuqaliyanın "Fad’Nu" musiqi qrupu "Landmark"da üçgünlük Portuqaliyanın xalq musiqisi olan fado konsert proqramı ilə çıxış etmişdir.[57] Dekabrda isə "Daniel Pereira Trio" qrupu "Səs dalğaları-etno-konsert" layihəsi çərçivəsində yerli musiqiçilərlə birgə Beynəlxalq Muğam Mərkəzində konsert vermişdir.[57]
10 mart 2017-ci ildə Bakıda "Nur Art House" qalereyasında "Salam, Portuqaliya! – Portuqaliya azərbaycanlı səyyahın gözü ilə" adlı sərgi açılıb.[56] Sərgidə Portuqaliyanın bir çox yerlərinə səyahət etmiş Aydın Sadıxovun çəkdiyi fotolar yer alıb.[56] Sərgi martın 12-dək davam etmişdir.[56]
İdman sahəsində əməkdaşlıq
[redaktə | mənbəni redaktə et]Futbol qarşılaşmaları
[redaktə | mənbəni redaktə et]İki ölkənin futbol komandaları arasında keçirilmiş ən diqqətçəkən qarşılaşma 1999-cu ilin sentyabr ayında Bakıda iki gün ərzində keçirilmiş "üçhissəli oyun"dur.[58] Millilər arasındakı UEFA Avropa Kuboku 2000-nin təsnifat mərhələsinin həmin matçı 3 sentyabrda başlamış, lakin 0:0 hesabı ilə bitən birinci hissədən sonra Tofiq Bəhramov adına Respublika Stadionun işıqlandırma sistemində yaranan problem[59] səbəbindən projektorların işləməməsi nəticəsində tərəflərin razılığı və UEFA-nın qərarı ilə matç ertəsi günə keçirilmişdir.[59][60]
Səhəri gün isə gündüz saatlarında baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə nəticələnmişdir.[60][61] İkinci hissənin əvvəllərində — 51-ci dəqiqədə Zaur Tağızadənin vurduğu qolla Azərbaycan millisi hesabda irəli çıxmış, lakin matça əlavə olunmuş 7-ci uzatma dəqiqəsində Luiş Fiqu Portuqaliya millisinin bərabərlik qolunu vurmuşdur.[60]
2016-cı ildə Bakıda keçirilmiş Futbol üzrə 17 yaşadək Avropa Çempionatının final mərhələsinin "A" qrupunda yer alan Azərbaycan millisi ilk oyunda 5 may 2016-cı ildə Portuqaliya millisi ilə qarşılaşmış və 0:5 hesabı ilə məğlub olmuşdur.[62] Azərbaycan millisinin qrupda qaldığı bu turnirin qalibi sonda məhz Portuqaliya futbolçuları olmuşlar.[63]
Legionerlər
[redaktə | mənbəni redaktə et]Bu iki ölkə arasında ilk legioner futbolçu azərbaycanlı Vəli Qasımov olmuşdur. O, 1997–1999-cu illərdə "Vitoriya"nın, 1999–2001-ci illərdə isə "İmortal"ın heyətində çıxış etmişdir.[64] Vəli Qasımov 2007-ci ildə isə "CD Gelves" komandasında baş məşqçi işləmişdir.
Azərbaycan milli futbol komandasının qapıçısı Kamran Ağayev[65] və yarımmüdafiəçisi Emin Mahmudov[66] 2016-cı ildən "Boavişta"da çıxış edirlər. Yarımmüdafiəçisi Budaq Nəsirov isə Lissabonun "Sportinq" klubunun "B" komandasındadır. O, 25 iyul 2016-cı ildə bu klub ilə 5 illik müqavilə imzalamışdır.[67]
Portuqal futbolçulardan isə daha çox futbolçu Azərbaycanda çıxış etmişdir. Bunlara misal üçün, Huqo Maçadonun "Standard"da,[68] Paulino Tavaresin "Qəbələ"də,[68] Serjio Kostanın "Kəpəz"də,[69] Migel Lorensonun isə "Zirə"də[70][71] oynadığını qeyd etmək olar.
Portuqaliya 2015-ci il 12-28 iyun tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən Birinci Avropa Oyunlarında 100 idmançı ilə iştirak etmişdir. Qazandığı 10 medal, o cümlədən 3 qızıl, 4 gümüş və 3 bürünc medal ilə Portuqaliya ilk Avropa Oyunlarını 18-ci pillədə başa vurmuşdur.[72]
Tarixində ilk dəfə 2016-cı ildə Kolumbiyada keçirilmiş Futzal üzrə FİFA Dünya Kubokunun final mərhələsinə qatılmış Azərbaycan milli futzal komandası bu turnirdə 1/4 finala qədər irəliləsə də, həmin mərhələdə Portuqaliya millisinə 2:3 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırmışdır.[73]
Müqavilə-hüquq bazası
[redaktə | mənbəni redaktə et]İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair cəmi 3 sənəd imzalanmışdır:
- 2010-cu il iyulun 15-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Portuqaliya Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu".[74]
- 2010-cu il noyabrın 20-də Lissabon şəhərində imzalanmış "Azərbaycan Respublikası və Portuqaliya Respublikası arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında" Saziş.[75]
- 2016-cı il noyabrın 16-da Lissabon şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında iqtisadi əməkdaşlıq haqqında" Saziş.[76]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 3 4 5 Mübariz Ağalarlı. ŞAH I İSMAYILIN HAKİMİYYƏTİ DÖVRÜNDƏ AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN XARİCİ SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine. "Geostrategiya" jurnalı № 03 (27) MAY-İYUN 2015, strategiya.az, 19.08.2015 (az.)
- ↑ 1 2 3 4 5 6 Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti Arxivləşdirilib 2017-09-28 at the Wayback Machine. Bakı, "Şərq-Qərb", 2007, səh.123 (az.)
- ↑ Шахмалиев Э.М. Дипломатические отношения Испании с Сефевидским государством во второй половине XVI века // "Ученые записки" Азербайджанского Государственного Университета, Серия истории и философии, 1955, № 7. 117 (rus.)
- ↑ Mahmudlu Y. M. Azərbaycan diplomatiyası. Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa ölkələri ilə əlaqələri (XV–XVII yüzilliklər). Bakı: Azərbaycan diplomatiyası, 1996, 150 (az.)
- ↑ 1 2 3 4 Vahid Ömərov. Azərbaycan Səfəvi dövlətinin Avropa ilə əlaqələri [ölü keçid]. sia.az, 04.10.2012 (az.)
- ↑ Xülasət ət-təvarix (B), vərəq 245b (T), vərəq 364b.
- ↑ İsgəndər bəy Münşi Türkman. Tarix-i aləmara-yi Abbasi Arxivləşdirilib 2016-03-31 at the Wayback Machine. I cild. Bakı, "Təhsil", 2009, səh.218 (az.)
- ↑ 1 2 3 Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti Arxivləşdirilib 2017-09-28 at the Wayback Machine. Bakı, "Şərq-Qərb", 2007, səh.124 (az.)
- ↑ Nizami-i əyalət, səh.73
- ↑ 1 2 3 İsgəndər bəy Münşi Türkman. Tarix-i aləmara-yi Abbasi Arxivləşdirilib 2016-03-31 at the Wayback Machine. I cild. Bakı, "Təhsil", 2009, səh.219 (az.)
- ↑ Minadoi, səh.77
- ↑ Təzkirət əl-mülük, səh.31.
- ↑ Əhsən ət-təvarix, səh.368.
- ↑ Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti Arxivləşdirilib 2017-09-28 at the Wayback Machine. Bakı, "Şərq-Qərb", 2007, səh.126 (az.)
- ↑ R. M. Savory. wan under the Safavids, p.115 (ing.)
- ↑ Португалија: Әдәбијјат // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 609.
- ↑ Португалија: Мусиги // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 609.
- ↑ 1 2 Португалија: Тарихи очерк // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 607.
- ↑ 1 2 3 Azərbaycan — Portuqaliya münasibətləri Arxivləşdirilib 2015-04-26 at the Wayback Machine. mfa.gov.az, 17.09.2014 (az.)
- ↑ 1 2 3 Azərbaycan — Portuqaliya münasibətləri Arxivləşdirilib 2018-04-17 at the Wayback Machine. mfa.gov.az, 14.08.2013 (az.)
- ↑ 1 2 3 4 5 6 7 8 9 Portuqaliya [ölü keçid]. mfa.gov.az (az.)
- ↑ Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az (az.)
- ↑ 1 2 3 4 5 6 Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinin kurasiyasında olan ölkələrlə ikitərəfli münasibətlər Arxivləşdirilib 2018-03-19 at the Wayback Machine. rabat.mfa.gov.az (az.)
- ↑ ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlərə dair ümumi tarixi arayış Arxivləşdirilib 2017-05-26 at the Wayback Machine. lib.aliyevheritage.org, 31.01.2009 (az.)
- ↑ Bu barədə Portuqaliyanın rəsmi qəzeti olan "Respublika gündəliyi" qəzetinin 183 saylı, 22 sentyabr 2011-ci il tarixli buraxılışında müvafiq qərar dərc edilmişdir
- ↑ Portuqaliyanın Bakıda diplomatik nümayəndəliyi açıldı Arxivləşdirilib 2021-08-03 at the Wayback Machine. azadliq.org, 04.05.2015 (az.)
- ↑ Portuguese Embassy in Baku, Azerbaijan. (Yeni Hayat, Azure Business Center. Nobel Ave.15, 19 floor, Apartment 127) embassypages.com (ing.)
- ↑ Portuqaliyanın Azərbaycanda diplomatik nümayəndəliyi fəaliyyətə başlayıb Arxivləşdirilib 2019-07-27 at the Wayback Machine. azertag.az, 04.05.2015 (az.)
- ↑ "Azərbaycan Respublikasının Mərakeş Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri S. M. Ağabəyovun iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Portuqaliya Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilməsi haqqında" Arxivləşdirilib 2018-05-29 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2008-ci il tarixli, 58 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- ↑ "S. M. Ağabəyovun Azərbaycan Respublikasının Mərakeş Krallığında, Tunis Respublikasında, Mavritaniya İslam Respublikasında, Seneqal Respublikasında, Mali Respublikasında, Qambiya Respublikasında və Portuqaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılması haqqında" Arxivləşdirilib 2020-06-08 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli, 2362 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- ↑ "Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri T. İ. Əliyevin iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Portuqaliya Respublikasında, Seneqal Respublikasında və Qambiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında" Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2012-ci il tarixli, 2587 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- ↑ "T. İ. Əliyevin Azərbaycan Respublikasının Mərakeş Krallığında, Qambiya Respublikasında, Mali Respublikasında, Mavritaniya İslam Respublikasında, Portuqaliya Respublikasında, Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında" Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2018-ci il tarixli, 555 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- ↑ İlham Əliyev Portuqaliyanın Azərbaycandakı səfiri xanım Luisa Bastos de Almeidanın etimadnaməsini qəbul etmişdir Arxivləşdirilib 2012-08-06 at the Wayback Machine. president.az, 01.12.2011 (az.)
- ↑ İlham Əliyev Portuqaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. president.az, 30.11.2012 (az.)
- ↑ İlham Əliyev Portuqaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib Arxivləşdirilib 2017-03-28 at the Wayback Machine. president.az, 26.03.2017 (az.)
- ↑ 1 2 "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Arxivləşdirilib 2017-11-25 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az (az.)
- ↑ "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Arxivləşdirilib 2020-08-27 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 5 dekabr 2000-ci il tarixli, 24-IIQR nömrəli Qərarı. e-qanun.az (az.)
- ↑ "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Arxivləşdirilib 2017-12-01 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2005-ci il tarixli, 21-IIIQR nömrəli Qərarı. e-qanun.az (az.)
- ↑ "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklər haqqında" Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 126-IIIQR nömrəli Qərarı. e-qanun.az (az.)
- ↑ "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Arxivləşdirilib 2018-08-20 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 8 aprel 2011-ci il tarixli, 99-IVQR nömrəli Qərarı. e-qanun.az (az.)
- ↑ 1994–1996-cı illərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində atılan addımlar və ATƏT üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Lissabon Zirvə görüşü (2–3 dekabr 1996-cı il) Arxivləşdirilib 2016-12-01 at the Wayback Machine. lib.aliyevheritage.org, 02.07.2008 (az.)
- ↑ Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti Arxivləşdirilib 2017-09-28 at the Wayback Machine. Bakı, "Şərq-Qərb", 2007, səh.28 (az.)
- ↑ Azərbaycan diasporunun məskunlaşma coğrafiyası Arxivləşdirilib 2017-05-19 at the Wayback Machine. diaspor.gov.az (az.)
- ↑ 1 2 "Passport and visa requirements" Arxivləşdirilib 2017-03-11 at the Wayback Machine. olympicair.com
- ↑ 1 2 3 Bakıda Azərbaycan-Portuqaliya biznes forumu keçirilib — FOTO [ölü keçid]. apa.az, 27.06.2012 (az.)
- ↑ 1 2 3 4 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Azərbaycanın xarici ticarəti. Ölkələr üzrə xarici ticarət dövriyyəsi Arxivləşdirilib 2017-05-18 at the Wayback Machine. stat.gov.az (az.)
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Azərbaycanın Xarici Ticarət Əlaqələri (yanvar-dekabr 2015). 2015-ci ilin yanvar-dekabr aylarında idxal və ixraca dair göstəricilər Arxivləşdirilib 2016-11-13 at the Wayback Machine. Bakı, 2016, səh. 9. stat.gov.az (az.)
- ↑ 1 2 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Azərbaycanın xarici ticarəti. Ölkələr üzrə idxal Arxivləşdirilib 2017-05-18 at the Wayback Machine. stat.gov.az (az.)
- ↑ 1 2 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Azərbaycanın xarici ticarəti. Ölkələr üzrə ixrac Arxivləşdirilib 2017-05-18 at the Wayback Machine. stat.gov.az (az.)
- ↑ 1 2 Portuqaliya Biznes Assosiasiyası Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır Arxivləşdirilib 2016-05-18 at the Wayback Machine. azertag.az, 16.05.2016
- ↑ 1 2 Azərbaycan multikulturalizmi Portuqaliya mətbuatında Arxivləşdirilib 2016-04-04 at the Wayback Machine. multikulturalizm.gov.az, 24.02.2016 (az.)
- ↑ 1 2 Azərbaycan multikulturalizmi Portuqaliya mətbuatında. anl.az, 27.02.2016, 525-ci qəzet, səh.3. (az.)
- ↑ Tələbələrin Azərbaycan multikulturalizmini dərindən dərk etmək istəyi var Arxivləşdirilib 2017-04-21 at the Wayback Machine. multikulturalizm.gov.az, 18.11.2015 (az.)
- ↑ "Lusofona kimi nəhəng universitetin qapılarını üzümüzə açması Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin böyük nailiyyətidir" [ölü keçid]. multikulturalizm.gov.az, 28.12.2016 (az.)
- ↑ Portuqaliyada "Azərbaycan günü" keçirilib Arxivləşdirilib 2016-01-15 at the Wayback Machine. multikulturalizm.gov.az, 25.12.2015 (az.)
- ↑ 1 2 3 4 5 Bakıda "Salam, Portuqaliya!" adlı fotosərgi Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine. azertag.az, 10.03.2017 (az.)
- ↑ 1 2 Portuqaliya musiqiçiləri Muğam Mərkəzində çıxış edəcək Arxivləşdirilib 2016-12-14 at the Wayback Machine. azertag.az, 13.12.2016 (az.)
- ↑ Azerbaijan 1–1 Portugal Arxivləşdirilib 2017-09-30 at the Wayback Machine. youtube.com
- ↑ 1 2 "Luis Fiqu hakimə dedi ki, bunu yoxlayın, dopinq qəbul edib" Arxivləşdirilib 2017-03-16 at the Wayback Machine. qol.az, 04.09.2016 (az.)
- ↑ 1 2 3 Azərbaycan millisi "Portuqaliya dərsi"ndən necə çıxacaq? [ölü keçid] lent.az, 26.03.2013 (az.)
- ↑ Report: Azerbaijan 1–1 Portugal Arxivləşdirilib 2017-06-12 at the Wayback Machine. uefa.com (ing.)
- ↑ Report: Final tournament — Group stage — Group A Arxivləşdirilib 2017-06-15 at the Wayback Machine. uefa.com, 05.05.2016 (az.)
- ↑ Report: Final Arxivləşdirilib 2017-06-16 at the Wayback Machine. uefa.com, 21.05.2016 (az.)
- ↑ "O azeri mais famoso do futebol português" (Portuguese). Revista Futebolista. 24 March 2013. 9 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 June 2013.
- ↑ "Boavista contrata guarda-redes internacional azeri para lugar de Mika". maisfutebol.iol.pt (Portuguese). Mais Futebol. 12 September 2016. 5 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 October 2016.
- ↑ "ЭМИН МАХМУДОВ - ИГРОК ПОРТУГАЛЬСКОЙ "БОАВИШТЫ"!" (Russian). Football-agent.ru. 21 July 2016. 16 September 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 March 2017.
- ↑ Médio chega do Azerbaijão e jogará pela equipa B Arxivləşdirilib 2016-07-28 at the Wayback Machine. sporting.pt, 25.07.2016 (por.)
- ↑ 1 2 "32"lər: Ronaldo və "kölgələri". apasport.az, 31.05.2010 (az.)
- ↑ Serjio Kosta Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine. pfl.az (az.)
- ↑ Portuqaliya mətbuatında "Zirə" klubunun legionerinin Azərbaycanla bağlı müsahibəsi dərc olunub Arxivləşdirilib 2016-12-21 at the Wayback Machine. azertag.az, 20.12.2016 (az.)
- ↑ Lorenso Migel Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine. pfl.az (az.)
- ↑ "All Sports Medals Standings" Arxivləşdirilib 2019-09-10 at the Wayback Machine. baku2015.com (ing.) (az.)
- ↑ "Report: FIFA Futsal World Cup Colombia 2016: Quarter-finals: Azerbaijan–Portugal". 2017-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-19.
- ↑ 2010-cu il iyulun 15-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Portuqaliya Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Arxivləşdirilib 2018-10-02 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 1 oktyabr 2010-cu il tarixli, 1129 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- ↑ "Azərbaycan Respublikası və Portuqaliya Respublikası arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə Arxivləşdirilib 2018-05-16 at the Wayback Machine Azərbaycan Respublikasının 1 fevral 2011-ci il tarixli, 52-IVQ nömrəli Qanunu. e-qanun.az (az.)
- ↑ "Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında iqtisadi əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine Azərbaycan Respublikasının 1 fevral 2017-ci il tarixli, 503-VQ nömrəli Qanunu. e-qanun.az (az.)