Belarus Konstitusiyası
Belarus Respublikasının Konstitusiyası (belar. Канстытуцыя Рэспублікі Беларусь; rus. Конституция Республики Беларусь) — Belarusun əsas qanunu.[1] Ölkə Sovet İttifaqından öz müstəqilliyini elan etdikdən üç il sonra – 1994-cü ildə qəbul edilmiş bu rəsmi sənəd Belarusun dövlət və hökumət quruluşunu müəyyən edir və vətəndaşların hüquq və azadlıqlarını sadalayır. Konstitusiya layihəsi ölkənin keçmiş qanunverici orqanı olan Belarus Ali Soveti tərəfindən hazırlanmış və vətəndaşlar və hüquqşünas ekspertlərin səyi ilə təkmilləşdirilmişdir. Konstitusiya preambula, doqquz bölmə və 146 maddədən ibarətdir.[2]
Konstitusiyanın strukturu və mətni daha çox Qərb dünyasının konstitusiyalarının və Sovet dövründə Belarusun təcrübələrinin təsirinə məruz qalmışdır. Konstitusiya daha çox hökumətin funksiyalarını və səlahiyyətlərini müəyyən etsə də, bütöv bir bölmə insan və vətəndaşların hüquq və azadlıqlarına həsr olunmuşdur. Sənədə qəbul olunduqdan sonra iki dəfə – 1996 və 2004-cü illərdə dəyişiklik edilmişdir. Müstəqil müşahidəçilər və müxalifət liderləri tərəfindən tənqid edilən iki referendum prezidentin hökumət üzərində səlahiyyətlərinin artmasına və prezidentlik üçün seçilmə müddətinə qoyulan məhdudiyyətin aradan qaldırılmasına səbəb olmuşdur.
Tarixi
[redaktə | mənbəni redaktə et]Litva statutları
[redaktə | mənbəni redaktə et]İndiki Belarus ərazisində (Böyük Litva knyazlığı) orta əsrlər dövlətinin qanunvericiliyinin kodifikasiya edilməsi sahəsində ilk cəhd 1529-cu ildən qüvvədə olan Litva qanunları olmuşdur. Qədim belarus dilində tərtib edilmiş sənəd ərazidə ali qanun rolunu oynayırdı.
3 may 1791-ci il Konstitusiyası
[redaktə | mənbəni redaktə et]Böyük Litva knyazlığı və Polşa Krallığı Taxt-tacından ibarət feodal dövləti Reç Pospolita XVIII əsrdə daxili siyasətin düzgün yeridilməməsi nəticəsində tənəzzül dövrü ilə üzləşdi.[3] Vəziyyəti düzəltmək üçün gec də olsa, 1791-ci il mayın 3-də dünyanın ən qədim kodifikasiya edilmiş milli konstitusiyalarından biri qəbul edildi.[4]
Yeni Konstitusiya liberum vetonu ləğv etdi və dövləti öz qərarlarından asılı edən şlyaxta konfederasiyalarını qadağan etdi.[3] Konstitusiya, həmçinin hökumətin qanunverici, icraedici və məhkəmə hakimiyyəti arasında səlahiyyətlərin bölgüsünü təmin edir, "ictimai suverenlik" yaradır və burjua üzvlərinin siyasi hüquqlarının dairəsini genşləndirirdi. Kəndlilər hüquqlarının artdığını gördülər, lakin yenidən təsdiqlənən təhkimçilik ləğv edilmədi.[5] Katolik dininin statusu tanınsa da, dini tolerantlıq qorunub saxlandı.
Konstitusiyanın ardınca qəbul edilən 22 oktyabr 1791-ci il İki Dövlətin Qarşılıqlı Zəmanəti tək bir dövlətdə Polşa və Böyük Litva knyazlığının vahidliyini və bölünməzliyini, eləcə də dövlət idarəetmə orqanlarında onların bərabər təmsilçiliyini təsdiq edirdi.[6]
1791-ci il sənədi 19 aydan az qüvvədə oldu; Rusiya ilə qısamüddətli müharibədən sonra 23 noyabr 1793-cü ildə Qrodno Seymi tərəfindən ləğv edildi.[7] 1795-ci ilədək Reç Pospolita Rusiya İmperiyası, Prussiya krallığı və Habsburq monarxiyası arasında bölündü. Böyük Knyazlıın ərazisinin əksəriyyəti Rusiya tərəfindən idarə edilməyə başlandı.
XX əsrdə
[redaktə | mənbəni redaktə et]Belarus, 1918-ci il oktyabrın 11-də Rusiya İmperiyasından müstəqillik elan edildikdən bir neçə ay sonra ilk müvəqqəti konstitusiyasını qəbul etdi.[8]
1919-cu ildə ölkənin rus bolşevikləri tərəfindən işğalından sonra Belarus Sovet respublikası oldu və özünün yeni konstitusiyasını qəbul etdi.[9] Sovet İttifaqının yaradılması haqqında Rusiya, Ukrayna və Zaqafqaziya ilə saziş bağlayanadək Belarusda həmin konstitusiya tətbiq edildi.[10] Sazişdən sonra Belorusiya Sovet Sosialist Respublikası (Belarus SSR) adlanan dövlət yenicə qəbul etdiyi konstitusiyanı tamamlayan və Sovet dövründə özünün ilk konstitusiyası olan sənədi 1927-ci ildə qəbul etdi.[9] Daha sonra 1937-ci ildə, sonuncu dəfə isə 1978-ci ildə Belarus SSR-in konstitusiyaları qəbul edildi.[9] Sonuncu konstitusiya, əsasən, 1977-ci ildə Sovet Konstitusiyasına edilən dəyişiklikləri əks etdirirdi.[11]
Müasir konstitusiya
[redaktə | mənbəni redaktə et]Belarus 1991-ci ildə Sovet İttifaqından müstəqillik əldə etdikdən sonra Belarus Ali Soveti Belorusiya Sovet Sosialist Respublikasının dövlət müstəqilliyi haqqında bəyannamə qəbul etdi. Sənəd Belarusiya SSR-in aktlarının SSRİ aktları üzərində üstün hüquqi qüvvəyə malik olduğunu bəyan edir (Bəyannamənin 7-ci maddəsi; lakin həmin müddəa 1978-ci il Konstitusiyasına yalnız 1991-ci ilin avqustunda daxil edildi) və rəsmi olaraq Respublikada konstitusiya prosesini başladırdı.[9][12] Tezliklə hökumət post-Sovet konstitusiyasının qəbulunu asanlaşdırmaq üçün Konstitusiya Komissiyası yaratdı. 1991-ci ilin noyabrında üç layihədən birincisini Ali Sovetə göndərdi. Ali Sovetin təsdiqindən sonra Belarus əhalisinin şərh və təkliflərini bildirməsi üçün 1991-ci ilin dekabrında birinci layihə dərc edildi.[13] Komissiya üçüncü və sonuncu layihəni Ali Sovetə göndərdi; layihə burada Ali Sovetin sədri və dövlət başçısı Meçislav Qrib tərəfindən 15 mart 1994-cü ildə imzalandı. On beş gün sonra Zvezda qəzeti rəsmi olaraq Konstitusiyanı dərc etdi.[14] Ali Sovet Konstitusiya ilə yanaşı qüvvəyə minmə haqqında ikinci qanun da qəbul etdi. Qanun bəzi istisnalarla 1978-ci il Belarusiya SSR Konstitusiyasını və Belarusiya Sovet Sosialist Respublikasının dövlət müstəqilliyi haqqında bəyannaməni etibarsız edirdi. Ali Sovetin on doqquzuncu sessiyasında qəbul edilmiş qanun, həmçinin iki il ərzində hökumət orqanlarının formalaşdırılması ilə bağlı keçid müddəaları nəzərdə tuturdu.[15] 1994-cü ildən etibarən hər il 15 mart Belarusda dövlət bayramı səviyyəsində Konstitusiya günü kimi qeyd olunur.[16]
Konstitusiya hakimiyyət bölgüsünü təqdim edirdi. Belarus qanunvericiliyinə əsasən, hakimiyyət qolları müstəqil və ayrıdır, lakin xalqa xidmət etmək üçün birgə fəaliyyət göstərməlidirlər.[9] Konstitusiya, həmçinin Belarusda prezidentli demokratiyanı bərqərar edir və baş nazirin rolunu əhəmiyyətli dərəcədə azaldır.[17] On beş keçmiş Sovet sosialist respublikası arasında Belarus SSRİ-nin dağılmasından sonra konstitusiya tərtib edib qəbul edən sonuncu dövlətlərdən biridir. Bu qədər gecikmə Ali Sovetin deputatları arasında gedən müzakirələrlə əlaqədar idi; deputatlar eyni zamanda Ali Soveti tamamilə bağlamaq istəyən müxalifət və demokratik qüvvələri sıradan çıxartmağa çalışırdılar.[18] Yeni icraedici hakimiyyətlə qanunvericilik orqanı arasında münasibətlərin müəyyən edilməsi ilə bağlı gedən güclü mübarizə 1992-93-cü illərdə çoxsaylı müzakirələrə səbəb olmuşdu.[13] Ali Sovetin keçmiş sədri Stanislav Şuşkeviç prezidentə verdiyi səlahiyyətlərin həcminə görə ilkin layihələri tənqid edirdi. Müxalifət Belarusiya Xalq Cəbhəsi partiyası iki hakimiyyət qolu arasında balansın olmamasına və SSR-də eyni vəzifədə xidmət etməsinə baxmayaraq, Vyaçeslav Kebiçə həmin ilin iyununda prezident seçkilərində iştirak etməsinə imkan verdiyinə görə sonuncu layihələri tənqid edirdi.[13]
Belarus Konstitusiyasının layihəsi hazırlanarkən Ali Sovetin deputatları Avstriya, Belçika, Danimarka, Fransa, Almaniya, İtaliya, İsveç və ABŞ da daxil olmaqla bir sıra ölkələrin konstitusiyalarından təsirlənmişdilər. Daxildən isə Konstitusiya sovet hökmranlığı dövründən və Sovet Hökumətinin bir kənara qoyduğu ənənələri geri gətirmək arzusundan təsirlənirdi.[19] Konstitusiyanın quruluşu Rusiya Konstitusiyasına oxşar idi: məsələn, Prezidentin səlahiyyətləri Rusiya Federasiyası Prezidentinin səlahiyyətlərinə oxşardır.[18] Ümumilikdə Konstitusiya Belarusun rus meylli birlik hərəkatlarından qalma dövlətçiliyi qorumaq, post-Sovet dövründəki çətinliklərə davam gətirə biləcək güclü dövlət başçısı statusunu formalaşdırmaq və Belarusda siyasi fraksiyalar arasında kompromisi təmin etməyə hesablanmışdı.[13]
Preambula
[redaktə | mənbəni redaktə et]Konstitusiyanın preambulasından məlum olur ki, Belarus beynəlxalq ictimaiyyətin üzvü kimi məsuliyyət daşıyır. Bu məsuliyyəti icra etmək məqsədilə, "Belarusiya dövlətçiliyinin çoxəsrlik inkişaf tarixinə əsasən, öz müqəddəratını təyin etmək kimi ayrılmaz hüququmuza uyğun olaraq dövlətimizi qurmaqla, bütün bəşəriyyətin dəyərlərinə sadiq qalacağımızı" öhdələrinə götürürlər. Belarus da öz vətəndaşlarının hüquq və azadlıqlarına hörmət etməyi və xalq tərəfindən idarə olunan və hüququn aliliyinə əsaslanan sabit bir hökumət qurmağı vəd edir.[20]
I bölmə: Konstitusiya quruluşunun prinsipləri
[redaktə | mənbəni redaktə et]Konstitusiyanın I bölməsi dövlətin konstitusiya quruluşunu və hakimiyyətin xalq tərəfindən həyata keçirildiyini müəyyən edir. Özünü çoxpartiyalı nümayəndəli demokratiya elan edən hökumət öz xarici siyasətini formalaşdırır və zəruri olduqda bu hüququn realizəsini müdafiə etmək niyyətində olduğunu bəyan edir. Birinci bölmə həmçinin müəyyən edir ki, dövlət öz vətəndaşlarının hüquq və azadlıqlarını qoruyur; eyni zamanda Belarus vətəndaşı "Konstitusiyanın onun üzərinə qoyduğu vəzifələri tərəddüdsüz icra etməklə bağlı dövlət qarşısında məsuliyyət daşıyır."[21]
Dövlət hakimiyyətin hər bir qoluna münasibətdə nəzarət və yoxlama sistemini tətbiq edir, lakin hər bir qol biri digərinə təsir etmədən müstəqil fəaliyyət göstərir. Dövlət Konstitusiyanın müddəalarına uyğun qanunlar qəbul etməkdə səlahiyyətlidir. Əgər qanunlar Konstitusiyaya uyğun olmasa, etibarsız hesab edilə bilər. Qanunlar özləri beynəlxalq hüquqa tabedir və Belarus "beynəlxalq hüququn ümumtanınmış prinsiplərinin ali hüquqi qüvvəsini tanıyır və qanunlarının həmin prinsiplərə uyğunluğuna təminat verir."[21]
Belarus ərazisi vilayət adlanan ayrı-ayrı regionlara ayrılmışdır. Regionlar bölgələrə, bölgələr isə şəhərlərə bölünür. Konstitusiya qanunvericiliklə idarə ediləcək xüsusi regionların da yaradılmasına imkan verir. Belarus vətəndaşları ölkə sərhədləri daxilində və ya xaricdə olmasından asılı olmyaraq, müdafiə ilə təmin olunur. Bəzi istisnalarla vətəndaşlığı olmayanlara və əcnəbilərə Konstitusiya ilə Belarus vətəndaşları ilə eyni status və hüquq verilir. Belarus həmçinin etnik, siyasi və ya dini mənsubiyyətinə görə təqibə məruz qalanlara da sığınacaq verir.[21]
Konstitusiya Belarus və rus dillərini ölkənin rəsmi dili kimi müəyyən edir, özünün bitərəf və nüvə əleyhinə olduğunu bəyan edir, milli rəmzlər qəbul edir və Minskin paytaxt olduu elan edilir (Minsk daha əvvəl Belorusiya Sovet Sosialist Respublikasının paytaxtı olub).[21]
II bölmə: Şəxsiyyət, cəmiyyət və dövlət
[redaktə | mənbəni redaktə et]II bölmə dövlətin vətəndaşlara verdiyi hüquqları əks etdirir. Konstitusiyaya əsasən, "zəruri qida, geyim, ev və zəruri həyat şərtlərinin daimi inkişafı da daxil olmaqla, layiqli yaşamaq hüququ" kimi əsas hüquqları təmin və müdafiə etmək dövlətin ali məqsədidir. Bu hüquqlar bütün Belarus vətəndaşlarına verilir və hər bir belaruslu qanun qarşısında bərabərdir. Lakin bu hüquqlardan milli təhlükəsizlik səbəbindən və ya fövqəladə vəziyyət baş verərsə, imtina edilə bilər. Heç kəs "qanunazidd imtiyaz və üstünlüklərə sahib ola bilməz".[22] 84-cü maddəyə əsasən fövqəladə vəziyyət Belarus Prezidenti tərəfindən elan edilir və 98-ci maddəyə əsasən, elan edildikdən sonra üç gün müddətində Respublika Şurası tərəfindən təsdiq edilməlidir.[23]
Konstitusiya müəyyən edir ki, yaşamaq hüquqdur və dövlət öz vətəndaşlarını onlara və ya onların mülkiyyətinə zərər vurmaq istəyən digər vətəndaşlardan qoruyur. Konstitusiya həmçinin yalnız qanunla müəyyən edilmiş hallarda ağır cinayətlərə görə ölüm cəzasına da icazə verir. Vətəndaşlar tutulduqda onların hüquqlarına zəmanət verilir və özləri və ailə üzvləri əleyhinə şahidlik etməmək hüquqları var. Vətəndaşların həmçinin səs vermək, yaşayış yeri seçmək, Belarus daxilində hərəkət etmək və dövlət əleyhinə şikayət etmək hüquqları var.[22]
III bölmə: Seçki sistemi, referendum
[redaktə | mənbəni redaktə et]Üçüncü bölmə seçkilərin təşkili və keçirilməsinə həsr olunmuş iki fəsilə bölünür. Birinci fəsil Belarusun seçki sistemi, ikinci fəsil isə milli referendumun təşkili xüsusiyyətlərindən bəhs edir.[24]
Belarusda yaşı on səkkizdən yuxarı olan şəxslərin seçkilərdə və plebisitdə iştirak etmək və səs vermək hüququ var. Seçki və plebisitlər zamanı vətəndaşlar səs verə və ya verməyə bilər: bu, onlar üçün heç bir hüquqi nəticə yaratmır. Konstitusiyada vətəndaşların səsvermədə iştirak etməsinin qarşısının alınmasının iki üsulu nəzərdə tutulur. Birincisi, məhkəmə qərarı ilə müəyyən edilə bilər ki, ağıl zəifliyi səbəbindən vətəndaş səsverməni başa düşmür və dərk etmir. İkincisi, seçkilər zamanı azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər səsvermədə iştirak edə bilməzlər. Lakin Konstitusiya cəzaçəkmə müddətini başa vurmuş şəxslərin seçki hüququnun olub-olmamasından, eləcə də bu hüquqları yenidən necə əldə etmələrindən bəhs etmir.[24]
Milli referendumlar və ya plebisitlər vətəndaşların spesifik hüquqi mətnin rəsmi qanun ola bilib-bilməməsini müəyyən edə biləcəkləri səsvermədir. Bunun baş tutması üçün aşağıdakı şərtlərdən biri yerinə yetirilməlidir: prezident keçirmək istəyir; Milli Məclisin hər iki palatası keçirməyi xahiş edir; və ya vətəndaşlar təşəbbüs göstərir. Əgər Milli Məclis referendum keçirilməsini istəyərsə, hər iki palatada əksəriyyətin lehinə səs verməsi zəruridir. Əgər vətəndaşlar plebisit tələb edirlərsə, ölkə üzrə səsvermə hüququ olan seçicilərdən 430,000 imza toplamalıdırlar. Bundan əlavə, paytaxt Minsk də daxil olmaqla, hər regiondan 30,000-dən çox insan petisiyanı imzalamalıdır. Bu şərtlərdən biri yerinə yetirildiyi halda prezident milli referendumun tarixi ilə bağlı fərman verməlidir. Plebisit fərman imzalandıqdan sonra üç aydan gec olmayaraq keçirilməlidir. Yerli əhalinin on faizi tələb etdikdə yerli şəhərlər də öz plebisitlərini keçirə bilərlər.[24]
IV bölmə: Prezident, parlament, hökumət, məhkəmələr
[redaktə | mənbəni redaktə et]Dörd fəsildən ibarət olan dördüncü bölmə Belarus hökumətinin, başlıca olaraq da Belarus Respublikasının Prezidentinin, eləcə də Nazirlər Kabineti, Milli Məclis və məhkəmələrin funksiyalarını müəyyən edir. Belarus xalqı tərəfindən seçilməsinə baxmayaraq, prezident hakimiyyətdə olduğu müddətdə heç bir siyasi partiyanın üzvü ola bilməz. Konstitusiyada həmçinin prezidentin tutduğu digər postlar sadalanır: məsələn, prezident Belarus Silahlı Qüvvələrinin ali baş komandanıdır. Bu bölmədə həmçinin prezident öz səlahiyyələrinin icrasını davam etdirə bilmədiyi və ya vəfat etdiyi halda prosedur qaydaları da təsbit edir.[23]
Dördüncü fəsil Milli Məclis adlanan Belarus Parlamentinin səlahiyyət və funksiyalarını müəyyən edir. Milli Məclis özü iki palataya bölünür: aşağı - Nümayəndələr Palatası və yuxarı - Respublika Şurası. Hər palatanın öz üzvlərinin necə seçilməsi ilə bağlı reqlamenti mövcuddur; hər iki palata Belarus qanunlarının qəbul edilməsində və prezidentin təqdimatına əsasən kabinet rəhbərlərinin təsdiq edilməsində iştirak edirlər.[23]
Baş nazirin rəhbərlik etdiyi Nazirlər Kabineti Belarus hökumətinin müxtəlif sahələr üzrə nazirlərindən ibarət qurumdur. Kabinetin hər bir üzvünü prezident təyin edir, lakin Milli Məclis də hər üzvü təsdiq etməlidir. Kabinet üzvləri səlahiyyətlərini səlahiyyətdə olma müddəti bitənədək və ya prezident başqası ilə əvəz edilənədək icra edirlər.[23]
Belarus Konstitusiya Məhkəməsi Belarusun ən yüksək məhkəmə orqanıdır. Digər məhkəmələr mülki və cinayət işləri baxdıqları halda, Konstitusiya Məhkəməsi Konstitusiya, o cümlədən hökumətin qəbul etdiyi qanunvericilik aktlarının qanuniliyi ilə bağlı məsələləri araşdırır. Məhkəmə istənilən qanunu konstitusiyaya zidd hesab edə bilər. 2007-ci ilin aprel-may aylarında Konstitusiya Məhkəməsi 101 qanun və fərmanı nəzərdən keçirmişdir: onlar konstitusional hesab edilmişdir.[25]
V bölmə: Yerli idarəetmə və özünüidarəetmə
[redaktə | mənbəni redaktə et]Beşinci bölmə əhaliyə yerlərdə yerli özünüidarəetmə orqanları yaratmağa imkan verir. Yerli özünüidarəetmə orqanları yerli əhali tərəfindən seçilir. Belə qurumlar yerli büdcə, sosial xidmətlər və iqtisadi inkişaf kimi yerli inzibati məsələləri həll edirlər. Onların həmçinin yerli vergilər toplamaq səlahiyyətləti vardır.
VI bölmə: Prokuror. Dövlət Nəzarət Komitəsi
[redaktə | mənbəni redaktə et]Altıncı bölmədə baş prokurorun və Dövlət Nəzarət Komitəsinin səlahiyyətləri və vəzifələri müəyyən edilir. Baş prokuror və onun müavinləri qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edirlər. Baş prokuror Respublika Şurasının razılığı ilə prezident tərəfindən təyin edilir.[26]
Dövlət Nəzarət Komitəsinin səlahiyyətlərinə dövlət büdcəsinə nəzarət edilməsi, prezidentin iqtisadi siyasətinin həyata keçirilməsi və dövlət əmlakından istifadənin tənzimlənməsi daxildir. Baş prokuror kimi Dövlət Nəzarət Komitəsi də prezident tərəfindən təyin edilir.[26]
VII bölmə: Belarus Respublikasının maliyyə və kredit sistemi
[redaktə | mənbəni redaktə et]Yeddinci bölmə Belarusun büdcə-vergi (fiskal) siyasətini müəyyən edir. Yerli region və şəhərlərlə yanaşı dövlət büdcəsi də olmalıdır. Dövlət büdcəsində istifadə edilən pul vəsaitləri vergi və cərimələr, eləcə də xarici hökumətlər tərəfindən Belarusa edilən ödənişlər hesabına toplanır. Büdcə ilinin sonunda Milli Məclis beş ay ərzində növbəti maliyyə ili üçün büdcəni nəzərdən keçirməlidir. Dövlət büdcəsinin nəzərdən keçirilməsi və qəbulundan sonra ictimai baxış üçün dərc olunur. Yerli büdcələr də eyni prosedurdan keçir. Belarus Respublikasının Mərkəzi Bankı Belarusun dövlət bankıdır və dövlətin milli valyutası olan Belarus rublunun tədavülə buraxılması üçün məsuldur.[27]
VIII bölmə: Konstitusiyanın tətbiqi
[redaktə | mənbəni redaktə et]Səkkizinci bölmə Konstitusiyanın hüquqi qüvvəyə minməsi və dəyişikliklər edilməsi proseslərini təsvir edir. Konstitusiya dövlətin ali qanunudur, buna görə də digər qanunlar və normativ aktlar onunla ziddiyyət təşkil edə bilməz. Ziddiyyət baş verərsə, Konstitusiya tətbiq olunur. Əgər Konstitusiya ilə zidd deyilsə, qanun və fərman bir-birinə zidd olduqda qanun tətbiq olunur.[28]
Konstitusiyaya dəyişikliklər edilməsi üçün iki şərtdən biri baş verməlidir: Prezident dəyişikliyi təklif etməlidir və ya səsvermə hüququ olan 150,000 vətəndaş Milli Məclisə bununla bağlı müraciət etməlidir. Ən az üç ay müddətində hər iki palata təklif edilən dəyişiklikləri müzakirə etməlidirlər. İki hal bu müzakirələrin qarşısını ala bilər: fövqəladə hal və ya Nümayəndələr Palatasının səlahiyyət müddətinin başa çatmasına altı aydan az bir müddət qaldıqda. Dəyişikliklərin hüquqi qüvvəyə minməsi üçün Milli Məclisin hər iki palatasında üçdə iki səs çoxluğu ilə təsdiq edilməli, yaxud milli referendumda Belarus seçicilərinin sadə səs çoxluğunu qazanmalıdır. Yeganə məhdudiyyət ondadır ki, bir, iki, dörd və səkkizinci bölmələrə yalnız milli referendumda dəyişiklik edilə bilər.[28] Milli referendumun keçirilmə qaydaları Belarus Respublikasının Seçki Məcəlləsinin 22-25-ci fəsillərində təsbit olunmuşdur.[29] 1994-cü ildə Konstitusiyanın ilk dəfə qəbul olunduğu tarixdən hal-hazıradək iki dəfə dəyişiklik edilmişdir: 1996 və 2004-cü illərdə.[30][31]
IX bölmə: Yekun və keçid müddəalar
[redaktə | mənbəni redaktə et]Konstitusiyanın sonuncu - doqquzuncu bölməsi 1996-cı ildə Konstitusiyaya edilən dəyişikliklər zamanı qəbul edilmişdi və 1996-cı ilədək qəbul edilmiş qanunlara istinad edir. Belə ki, Konstitusiya qəbul edilməzdən əvvəl qəbul edilmiş qanunlar Konstitusiya ilə ziddiyyət təşkil etmirsə, qüvvəsini saxlayır. Başqa cür müəyyən edilməyibsə, Konstitusiyaya edilən bütün dəyişikliklər prezident tərəfindən imzalandıqdan sonra rəsmi qüvvəyə minir. 1996-cı ildə Konstitusiyaya dəyişikliklərin qəbul edilməsi ilə 1994-cü il tarixli "Belarus Respublikasının Konstitusiyasının qüvvəyə minməsinin tənzimlənməsi haqqında" Qanun qüvvədən düşdü. Keçid müddəasına görə doqquzuncu bölmə qeyd edir ki, Belarusun hazırkı rəhbəri (1996-cı ilin noyabrında) səlahiyyət müddəti bitənədək xidmət etməyə davam edə bilər. Konstitusiya qüvvəyə mindikdə milli hökumətə öz səlahiyyətlətinə davam etməyə icazə veriləcək. Üçüncü hissədə 143-cü maddədə başqa cür müəyyən edilməyənədək, Konstitusiya qüvvəyə minməzdən iki ay əvvəl milli rəhbərlik dövlət hökumət orqanlarını formalaşdırmalıdır.[32]
Dəyişikliklər
[redaktə | mənbəni redaktə et]Lukaşenko 1994-cü ildə prezidentliyə keçdikdən sonra yaxınlarda qəbul olunmuş Konstitusiyaya dəyişiklik etmək niyyətində olduğunu bildirdi. Lukaşenkoya görə, dəyişikliklər onun səlahiyyətlərini artıracaq və Belarusda post-Sovet dövrünün siyasi proseslərinə geri dönüş edəcəkdi.[13] Dəyişikliklər prosesində 1995-ci ilin may referndumu ilk cəhd olmuşdur. Dörd sualdan birində parlamentarilər milli qanunvericiliyi pozduqları halda prezident tərəfindən parlamentin buraxılmasının mümkünlüyü soruşulurdu.[33] Ali Sovetin bir neçə deputatının etiraz etdiyi,[13] qanunvericilik orqanının prezident tərəfindən buraxılması müddəası ilə bağlı keçirilən səsvermə 77% lehinə olmaqla nəticələndi. Seçki bülletenindəki dövlət bayrağı və dövlət gerbi kimi digər suallar Konstitusiyaya bütövlükdə təsir etmədi, lakin onların statusu Konstitusiya ilə müəyyən edildi.[34] İki il sonra Lukaşenko Konstitusiyanı əhəmiyyətli dərəcədə dəyişəcək yeni referendum təyin etdi. Sonuncu referendum isə yeni Lukoşenkonun təyin etməsi ilə 2004-cü ildə baş tutdu.
1996
[redaktə | mənbəni redaktə et]1996-cı ildə Konstitusiya islahatları üçün çoxsaylı çağırışlar gəldi.[9] Ali Sovetin tədbirlər görmək və səsvermə tarixini təyin etməkdən imtina etməsindən sonra prezident Lukaşenko birtərəfli qaydada referendum təyin etdi.[35] 1996-cı ilin sentyabrında Ali Sovetin öz referendumunu təyin etməsi ilə bağlı erkən cəhdi Konstitusiya Məhkəməsi tərəfindən "Konstitusiya ilə ziddiyyət təşkil etməsi" əsası ilə rədd edildi.[36] Referendumda daha çox prezidentin hakimiyyətinin gücləndirilməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulurdu.[37] Dəyişikliklər arasında aşağıda qeyd edilənlər vardı:
- Belarusun tək palatalı parlamenti Ali Sovet ləğv edildi. Ali Sovet iki palatalı Milli Məclis ilə əvəz edildi;[30]
- Prezident Aleksandr Lukaşenkonun xidmət müddəti 1999-cu ildən 2001-ci ilədək uzadıldı.[30]
Referendum zamanı təxminən 7.5 milyon seçicinin 84%-i dəyişiklikləri təsdiqlədi.[38] Həmin il 28 noyabrda prezident Lukaşenko qanuna edilən dəyişiklikləri imzaladı.[39] Səsvermə ilə bilavasitə əlaqədar olmayan digər nəticələrə Nazirlər Kabinetinin səlahiyyətlərinin artması daxil idi; belə ki kabinetə Belarusun iqtisadi, sosial və siyasi inkişafı ilə bağlı məsələləri həll etmək səlahiyyəti verilmişdi.[9] Lakin 1996-cı il referendumu Ali Sovetin ləğvinə edilən ilk çağırış deyildi. 1991-1992-ci illərdə Moskvada Sov.İKP rəsmiləri tərəfindən təşkil edilən Avqust çevrilişindən sonra hökumətdə demokratik qüvvələr Ali Sovetin həmişəlik ləğvini tələb etmişdilər. Belarus Xalq Cəbhəsinin üzvləri referendum keçirilməsi üçün təzyiq göstərirdilər: həmin dövrdə qanunla tələb edilən sayda imza toplasalar da, Ali Sovet bu tədbirləri ləğv etdi.[17]
1996-cı il referendumunun nəticələri müxalif partiyaların yeni parlamentdən çıxarılması ilə nəticələndi. Səsvermənin şəffaflığı ilə bağlı yaranan problemlərə görə Avropa İttifaqı, ABŞ və bir neçə digər dövlətlər səsvermənin nəticələrini tanımadılar.[35]
2004
[redaktə | mənbəni redaktə et]Milli Məclisin üzvlərinin seçilməsi ilə yanaşı, Belarus seçiciləri prezidentin səlahiyyət müddəti ilə bağlı məsələyə də referendumda münasibət bildirməli idilər. Səsverməyədək prezident Aleksandr Lukaşenkoya Konstitusiya ilə istefa verməsi tələb edilməyincə iki dəfə xidmət etməsinə icazə verilirdi.[40] Referendumda iştirak edən seçicilər təxminən 90% idi: onların 77.3%-i səlahiyyət dövrlərinə qoyulan məhdudiyyətin aradan qaldırılmasına razılaşmışdılar.[31] Dəyişikliklər 17 oktyabr 2004-cü ildən tətbiq edildi.[41] 1996-cı il referendumu kimi səsvermənin etibarlılığı sual altında idi. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) görə, əksər yerlərdə səsvermə müstəqil müşahidəçilərin iştirakı olmadan keçirilmişdi. ATƏT-ə görə, səsvermənin standartları ATƏT-in "azad və ədalətli seçkilər" tələbini qarşılamır. Digər qeyri-hökumət təşkilatlarından əldə edilən məlumatlara əsasən, seçicilərin 50%-i referendumda iştirak etməmişdi. Odur ki, onlar mübahisə edirdilər ki, hökumətin yaydığı nəticələr nöqsanlıdır.[42] İki il sonra Lukaşenko 2006-cı il seçkisində iştirak edərək birinci səsvermədə səslərin 83%-ni qazandı.[43] Seçilmə sayına məhdudiyyət olmadığı müddətcə, Lukaşenko qeyd edirdi ki, sağlamlıq vəziyyətindən asılı olaraq, o, siyasətdən getməyəcək və güman ki, yenidən 2011-ci ildə seçkilərdə iştirak edəcək.[44]
Konstitusional dəyişikliklərin tənqidi
[redaktə | mənbəni redaktə et]Həm Belarusda siyasi müxalifət tərəfindən, həm də ATƏT kimi beynəlxalq müşahidəçilər tərəfindən hər iki referendum ciddi tənqid edilmişdi. Müşahidəçilər qeyd edirdilər ki, hər iki referendum qeyri-şəffaf keçib və əsl nəticələr açıqlanmayıb. Müşahidəçilərə səslərin sayılması prosesini izləməyə icazə verilməmişdi.[45] Xüsusən də, prezident Lukaşenkoya müxalif olan demokratik qüvvələr 1996-cı il referendumunu boykot etmək qərarına gəlmişdilər. Eyni seçkidə beynəlxalq müşahidəçilər səsvermə prosesində nöqsanlar və səsvermə məntəqələrində hökuməti dəstəkləyən elan və bldirişlərin asldığını aşkar etmişdilər.[38] Müxalif partiyalar iddia edirdilər ki, Ali Sovetin ləğvinə səs verməklə Belarusun demokratik seçkilərdə seçilmiş sonuncu parlamentini aradan qaldırdılar və Lukaşenkonun əli ilə qurulan məclis yaratdılar.[46] Seçkilərin və Konstitusiyanın özünün manipulyasiyası ilə bağlı iddialara baxmayaraq, Konstitusiyanın Belarusun müxalif demokrat liderləri tərəfindən bəyənilən hissələri də mövcuddur. 2005-ci ildə Azadlıq Radiosuna müsahibəsində prezidentliyə namizəd Aleksandr Milinkeviç qeyd etmişdir ki, Belarusun 18-ci maddədə də göstərildiyi kimi bitərəf dövlət kimi duruşu[21] NATO və Avropa İttifaqına qoşulmaq üçün qorunub saxlanmalıdır.[47] 1998-ci ildə dərc edilən jurnalda Nyu-York Universiteti Hüquq Məktəbi vurğulamışdır ki, Belarus hüquq alimləri hüquq elmində yeni nəzəriyyə ilə çıxış edirlər. Prezident Lukaşenko və xalqın iradəsinə uyğun olduğu təqdirdə qanunlar konstitusionaldır, əgər prezident və xalq bəyənmirsə konstitusiyaya ziddir. Sonuncu kateqoriya qanunlara hüquqşünas alimlər tərəfindən "məhəl qoyulmur".[48] 1999-cu ilin iyununda BMT-nin Hakimlər və Vəkillərin müstəqilliyi üzrə Xüsusi Məruzəçisi Belarusa səfər etmiş və milli qanunlar, fərmanlar və Konstitusiya arasında ziddiyyət olduğunu aşkar etmişdir. BMT məruzəçisi Dato Param Kumarasvami xüsusilə vurğulamışdır ki, dövlət orqanları tərəfindən qəbul edilən normativ aktlar qüvvədə olma müddəti bitsə də və ya Konstitusiyaya zidd olsa da, hələ də qüvvəvdədirlər.[49]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ In Section 1, Article 7 of the Constitution Arxivləşdirilib 2012-11-29 at Archive.today Arxivləşdirilib 2007-12-17 at the Wayback Machine, all laws that conflict with the Constitution are null and void. This means the Constitution claims to be the supreme law of the land.
- ↑ BelTA. March 15 - Day of Constitution (of the) Republic of Belarus Arxiv surəti 7 iyun 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-06-07 at the Wayback Machine. 13 mart 2007-ci ildə dərc edilib. (rus.)
- ↑ 1 2 Jacek Jędruch. Constitutions, elections, and legislatures of Poland, 1493–1977: a guide to their history. EJJ Books. noyabr 1982. səh. 151. ISBN 978-0-7818-0637-4. 2013-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2011.
- ↑ Bill Moyers. Moyers on Democracy. Random House Digital, Inc. 5 may 2009. səh. 68. ISBN 978-0-307-38773-8. 27 June 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2011.
- ↑ Machovenko, Jevgenij. "Piliečio ir valstybės santykiai 1791 m. Gegužės 3 d. konstitucijoje: paveldas ir pamoka" [Relations between citizen and state in the constitution of 3 May 1791: heritage and lesson]. Lietuvos Respublikos Konstitucijos dvidešimtmetis: patirtis ir iššūkiai (Lithuanian). Vilnüs Universiteti, Lithuanian Chamber of Notaries: 8–10. 2018-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 noyabr 2015.
- ↑ Bardach, Juliusz. "The Constitution of May Third and the mutual assurance of the Two Nations". The Polish Review. 36 (4). 1992: 407–420. JSTOR 25778593.
- ↑ Norman Davies. God's Playground: The origins to 1795. Columbia University Press. 30 mart 2005. səh. 254. ISBN 978-0-231-12817-9. 2016-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2011.
- ↑ "12 фактаў пра БНР". 2018-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-09.
- ↑ 1 2 3 4 5 6 7 House of Representatives of the Republic of Belarus History of Constitutionalism in Belarus Arxiv surəti 3 aprel 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-04-03 at the Wayback Machine. (rus.)
- ↑ British Broadcasting Corporation Timeline of the Soviet Union Arxivləşdirilib 2017-08-28 at the Wayback Machine. 2006-cı ilin mart ayında dərc edilib.
- ↑ Kremlin.ru The Constitutional Process in Russia Arxiv surəti 10 avqust 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-08-10 at the Wayback Machine.
- ↑ per article 12 of the Declaration Arxivləşdirilib 2017-04-19 at the Wayback Machine, its provisions shall be "implemented by the Supreme Soviet of the Byelorussian SSR through the adoption the new Constitution (Fundamental Law) of the Byelorussian SSR, the Byelorussian SSR laws", a similar clause also existed in other declarations, such as Russian (art. 15: "This Declaration shall be basis for the development of the new Constitution of the RSFSR, the conclusion of the Union Treaty, and improvement of the national legislation") and Ukrainian ("The Declaration shall be the basis for a new constitution and the laws of Ukraine, as well as determine the positions of the Republic regarding conclusion of international agreements. The principles of the Declaration of Sovereignty shall be used to sign the Union Treaty") ones.
- ↑ 1 2 3 4 5 6 Gönenç, Levent. Prospects for Constitutionalism in Post-Communist Countries. Turkey: Martinus Nijhoff. 2002-06-18. 190–191. ISBN 90-411-1836-5.
- ↑ Belconstitution.narod.ru Constitution of 1994 Arxivləşdirilib 2018-05-12 at the Wayback Machine. (belarus dilində)
- ↑ Republic of Belarus Enactment Law. 15 mart 1994-cü ildə qəbul edilib.
- ↑ Embassy of the Republic of Belarus to Mexico and the United States National Holidays Arxivləşdirilib 2017-11-02 at the Wayback Machine.
- ↑ 1 2 Library of Congress Country Studies Belarus - Prelude to Independence Arxivləşdirilib 2017-10-10 at the Wayback Machine. Library of Congress.
- ↑ 1 2 Virtual Guide to Belarus. Belarus Politics Arxivləşdirilib 2017-11-05 at the Wayback Machine.
- ↑ Belarus Telegraphy Agency. Belarus Constitution Day celebrated today Arxiv surəti 27 sentyabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine. 15 mart 2007-ci ildə dərc edilib.
- ↑ Webportal of the President of the Republic of Belarus Preamble of the Constitution Arxivləşdirilib 2013-12-07 at the Wayback Machine. 1994-cü ildə dərc edilib, 1996-cı ildə dəyişiklik edilib.
- ↑ 1 2 3 4 5 Webportal of the President of the Republic of Belarus Section One of the Constitution Arxivləşdirilib 2012-11-29 at Archive.today Arxivləşdirilib 2007-12-17 at the Wayback Machine. 1994-cü ildə dərc edilib, 1996-cı ildə dəyişiklik edilib.
- ↑ 1 2 Webportal of the President of the Republic of Belarus Section Two of the Constitution Arxiv surəti 23 iyun 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-06-23 at the Wayback Machine. 1994-cü ildə dərc edilib, 1996-cı ildə dəyişiklik edilib.
- ↑ 1 2 3 4 Webportal of the President of the Republic of Belarus Section Four of the Constitution Arxiv surəti 17 dekabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib dekabr 17, 2007, at the Wayback Machine. 1994-cü ildə dərc edilib, 1996-cı ildə dəyişiklik edilib.
- ↑ 1 2 3 Webportal of the President of the Republic of Belarus Section Three of the Constitution Arxiv surəti 23 iyun 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-06-23 at the Wayback Machine. 1994-cü ildə dərc edilib, 1996-cı ildə dəyişiklik edilib.
- ↑ Constitutional Court of the Republic of Belarus General Provisions and History Arxiv surəti 16 iyul 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-07-16 at the Wayback Machine. 21 may 2007-ci ildə dərc edilib.
- ↑ 1 2 Webportal of the President of the Republic of Belarus Section Six of the Constitution Arxiv surəti 23 iyun 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-06-23 at the Wayback Machine. 1994-cü ildə dərc edilib, 1996-cı ildə dəyişiklik edilib.
- ↑ Webportal of the President of the Republic of Belarus Section Seven of the Constitution Arxiv surəti 23 iyun 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-06-23 at the Wayback Machine. 1994-cü ildə dəyişiklik edilib, 1996-cı ildə dəyişiklik edilib.
- ↑ 1 2 Webportal of the President of the Republic of Belarus Section Eight of the Constitution Arxiv surəti 23 iyun 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-06-23 at the Wayback Machine. 1994-cü ildə dərc edilib, 1996-cı ildə dəyişiklik edilib.
- ↑ Law of the Republic of Belarus Electoral Code of the Republic of Belarus Arxiv surəti 27 dekabr 2010 tarixindən Wayback Machine saytında Arxivləşdirilib dekabr 27, 2010, at the Wayback Machine. 2000-ci ildə qəbul edilib, 2006-cı ildə dəyişiklik edilib.
- ↑ 1 2 3 CNN Belarus president convenes new parliament Arxivləşdirilib 2005-01-24 at the Wayback Machine. 26 noyabr 1996-cı ildə dərc edilib.
- ↑ 1 2 British Broadcasting Corporation Observers deplore Belarus vote Arxivləşdirilib 2017-07-02 at the Wayback Machine. 18 oktyabr 2004-cü ildə dərc edilib.
- ↑ Webportal of the President of the Republic of Belarus Section Nine of the Constitution Arxiv surəti 23 iyun 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-06-23 at the Wayback Machine. 1996-cı ildə dərc edilib.
- ↑ "National Referendum of the Republic of Belarus - Official list of questions" (Russian). Central Election Committee of the Republic of Belarus. 1995-05-14. 2008-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-03-12.
- ↑ "National Referendum of the Republic of Belarus - Official results" (Russian). Central Election Committee of the Republic of Belarus. 1995-05-14. 2007-10-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-03-12.
- ↑ 1 2 "Republic of Belarus - Background". World Report 1999. Human Rights Watch. 1999. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-03-12.
- ↑ "Judgment of the Constitutional Court, Minsk No. J-43/96". Constitutional Court of the Republic of Belarus. 1996-11-04. 30 dekabr 2005 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-03-21.
- ↑ Human Rights Watch Republic of Belarus - Background Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. 1999-cu ildə dərc edilib.
- ↑ 1 2 CNN Belarus president poised for victory in constitution re-write Arxiv surəti 16 fevral 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-02-16 at the Wayback Machine. 24 noyabr 1996-cı ildə dərc edilib.
- ↑ Webportal of the President of the Republic of Belarus Section Nine of the Constitution Arxiv surəti 23 iyun 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-06-23 at the Wayback Machine. 1994-cü ildə dərc edilib, 1996-cı ildə dəyişiklik edilib.
- ↑ Constitution of Belarus (1994). 1994-cü ildə dərc edilib.
- ↑ Legal Portal of the Republic of Belarus 2004 Text of the Constitution of Belarus Arxiv surəti 6 iyun 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2009-06-06 at the Wayback Machine. 2004-cü ildə dərc edilib.
- ↑ "Belarus" (PDF). Country Report. Freedom House. 2006. 2007-07-14 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2008-03-12.
- ↑ Xinhua Lukashenko confirmed as winner in Belarus presidential vote Arxiv surəti 13 oktyabr 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-10-13 at the Wayback Machine. 23 mart 2006-cı ildə dərc edilib.
- ↑ MosNews. Rightist Group Promote Belarus Dictator Lukashenko as Russian Presidential Candidate Arxivləşdirilib 2007-09-29 at the Wayback Machine. 28 fevral 2007-ci ildə dərc edilib.
- ↑ "COUNCIL COMMON POSITION 2004/848/CFSP" (PDF). Official Journal of the European Union. 2004-12-13. 2008-02-16 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2008-02-13.
- ↑ Balmaceda, Margarita Mercedes; Kevin Rosner. Belarus: Oil, Gas, Transit Pipelines and Russian Foreign Energy Policy. GMB Publishing Ltd. 2006. səh. 4. ISBN 1-905050-83-6.
- ↑ "Belarus: Opposition Candidate Hopes To Have Broad Public Support". Radio Free Europe. Radio Liberty. 2005-10-03. 2008-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-02-29.
- ↑ Lukashuk, Alexander. "Yesterday as Tomorrow: Why It Works in Belarus". Eastern Europe Constitutional Review. 7 (3). 1998. 2008-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-03-16.
- ↑ "Constitution Watch" (PDF). Eastern Europe Constitutional Review. New York University School of Law. 2000. 6. 2009-02-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2008-03-21.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Hazırkı mətni
- 1994-cü il mətni
- 1996-cı il mətni
- Hazırkı mətni Arxivləşdirilib 2011-05-17 at the Wayback Machine (rus.)
- 1994-cü il mətni (rus.)
- "1996 text" (rus). oktyabr 12, 2003 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: noyabr 4, 2010.
- Hazırkı mətni (belarus dilində)
- 1994-cü il mətni (belarus dilində)
- 1996-cı il mətni (belarus dilində)