Ferens List
Ferens List | |
---|---|
mac. Liszt Ferenc | |
Ümumi məlumatlar | |
Doğum adı | Franz Liszt |
Doğum tarixi | 22 oktyabr 1811[1][2][…] |
Vəfat tarixi | 31 iyul 1886[3][1][…] (74 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | klassik musiqi bəstəkarı, pianoçu, dirijor, musiqi pedaqoqu, virtuoz, bəstəkar, yazıçı, katolik keşişi[d] |
Fəaliyyət illəri | 1830-cu ildən |
Janrlar | simfoniya, klassik musiqi |
Musiqi alətləri | piano, orqan |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Ferens List (mac. Liszt Ferenc, 22 oktyabr 1811[1][2][…] – 31 iyul 1886[3][1][…], Bayroyt, Bavariya Krallığı, Almaniya imperiyası[2][4][…]) — Macarıstan bəstəkarı, virtuoz pianoçusu, dirijoru, həssas pedaqoqu, fəal musiqi-ictimai xadimi. XIX əsrin ən məşhur pianoçularından biri olan Ferens List, həm də simfonik şeir tərzinin banisidir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Ferens List 22 oktyabr 1811-ci ildə Macarıstanın Doborjan qəsəbəsində (1921-ci ildən Avstriya, Raydinq) anadan olmuşdur. Atası Adam List piano, violoençel, violin kimi bir çox musiqi alətində ifa etməyi bacarırdı. Listin musiqi ilə tanışlığı da məhz atasının təşəbbüsü illə olmuşdur. Atası ona pianoda ifa etməyi öyrətmiş və hələ 7 yaşı olan List kiçik bəstələr yazmağa başlamışdı. Sonralar macar əsilzadələr tərəfindən 6 il müddətində təqaüdlə təmin edilərək təhsilini davam etdirmək üçün Vyanaya yola düşmüşdür. Burada Antonio Salieri və Ludoviq van Bethovenin tələbəsi olan Karlo Çernidən təhsil almışdır. 12 yaşında Ferens List artıq krallar, əsilzadələr tərəfindən rəğbət bəslənən bir musiqiçi idi, lakin 15 yaşında ikən atasının vəfat etməsi ilə onun musiqiyə olan həvəsi azalmış, ədəbiyyat və dinlə maraqlanmağa başlamışdı. Onun bu marağı yaratdığı bəstələrdə də öz təsirini göstərirdi. 1830-cu il inqilabı ilə List yenidən musiqi ilə məşğul olmağa başladı. Həmən il o "İnqilab simfoniyası" adlı əsərini bəstələməyə başlasa da bəstəkar bu əsərini tamamlaya bilməmişdir. List romantizm dövrünün ən qabaqcıl sənətkarları — Berlioz, Şopen, Paqanini, Hüqo, Jorj Sand, Balzak, Heyne və başqaları ilə sıx yaradıcılıq ünsiyyətində olub. Sənətşünasların fikrincə, məhz Paqanininin ecazkar sənəti Listin həm ifaçı, həm də bəstəkar kimi püxtələşməsinə ciddi təsir göstərib. 1834-cü ildə Parisdə Mariya Aqaultla tanış olaraq ailə həyatı qurmuşdur. 1844-cü ilədək davam edən bu evlilikdən 3 övladı olmuşdur. List 1839-cu ilin axırlarında Avropa ölkələrinə qastrol səfərinə çıxarkən, Parisdə başqa bir pianoçunun – Trauberqin şöhrəti dillər əzbəri idi. List özünü sınamaq, kimin daha virtuoz pianoçu olduğunu sübut etmək üçün onunla yarışmaq qərarına gəlmiş və bu səbəbdən Parisə yola düşmüşdü. Burada bir çox konsertlər vermiş, qazandığı pulları isə Macarıstanda sel fəlakətindən əziyyət çəkən ailələrə kömək məqsədilə xərcləmişdir. 1840–1847-ci illərdə İrlandiyadan yola çıxaraq, Osmanlı imperiyasına, Portuqaliyaya orada isə Rusiyaya səyahət etmişdir. 1847-ci ildə Osmanlı sultanı Əbdülməcid qarşısında konsert verdi. 1847-ci ildə o, Veymar şəhərində məskunlamış və saray kapelmeysteri işləməyə başlamışdı. Veymar tezliklə təkcə Almaniyanın deyil, həm də bütün Avropanın musiqi mərkəzinə çevrilmişdi. Artıq gənc musiqiçilər məhz bu şəhərə axışmağa başlamışdılar. Müəllim kimi çalışıdığı illərdə tələbələrindən ibarət "Altenberq qartalları" qrupunu yaratdı, lakin mühafizəkalar tərəfindən tez-tez tənqid edilməsi nəticəsindən müəllimlik peşəsindən istefa etdi.[5] 1861–1869-cu illərdə Romada yaşayan bəstəkar burada dini kitablar yazmış, rahib olmaq üçün təhsil almağa başlamışdı. Bu illərdə Budapeşt Musiqi Məktəbini yaratmış və onun rəhbəri olmuşdur. 31 iyul 1886-cı ildə Beyrutda sətəlcəm xəstəliyinə tutulmuş, vəfat etmişdir.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]F. List başlıca olaraq simfonik musiqi və fortepiano musiqisi sahəsində fəaliyyət göstərmiş, hər iki sahədə eyni dərəcədə çox böyük nailiyyətlər qazanmışdır. Bir cəhəti xüsusi qeyd etmək lazımdır: simfonik musiqidə List yeni bir formanın yaradıcısıdır. Simfonik poema adı ilə tanınan bu forma adi simfoniyadan fərqli olaraq dörd hissədən deyil, cəmi bir hissədən ibarətdir. F. Listin həyatında fortepiano yaradıcılığı qanunauyğun formalaşma, olduqca real təşəkkül tapmış və inkişaf prosesi keçirmişdir. Hələ gəncliyində List fortepianoda orkestri təqlid etməyi sevirdi. Onun ən böyük nailiyyəti də fortepianoya orkestr əhəmiyyəti verməsi, fortepianonu simfonikcəsinə şərh etməsindən ibarətdir. F. Listin həcm etibarilə böyük olan fortepiano yaradıcılığında müxtəlif janrlar təqdim olunub: parafrazlar, transkripsiyalar, etüdlər, çox vaxt silsilədə birləşən proqramlı pyeslər, sonatalar, rapsodiyalar. List fortepiano yaradıcılığına parafrazlarla başlayıb. Bəstəkarın Motsart, Veber, Rossini, Bellini, Meyerber, Quno, Vaqner, Verdinin opera melodiyalarına fantaziyaları klassik və başlıca olaraq müasir incəsənəti təbliğ edirdi. List o dövrdə hələ az məşhur olan operaların ayrı-ayrı səhnələrini də fortepiano üçün işləmişdir. Məsələn, Vaqnerin "Uçan Hollandiyalı", "Tangeyzer", "Tristan və İzolda", "Leonqrin", "Nibelunqların üzüyü", "Meysterzingerlər", "Parsifal"; Verdinin "Lombardlılar", "Trubadur", "Aida"; Qunonun "Faust"; Qlinkanın "Ruslan və Lüdmila" (Çernomorun marşı); Çaykovskinin "Yevgeni Onegin" (Polonez) operalarını göstərmək olar.
F. Listin transkripsiya sahəsindəki cəsarətli işləri H. Berlioz və L. V. Bethovenin bütün simfoniyaları və C. Rossini, K. M. Veber, R. Vaqner, H. Berliozun bir çox opera üvertüraların fortepiano üçün köçürməsində daha qabarıq şəkildə özünü göstərir. List dahi İ. S. Baxın da orqan əsərlərini – 6 prelüd və fuqa, bəstəkarın məşhur H-moll fantaziya və fuqası, eləcə də digər əsərlərini fortepiano üçün işləmişdir.[6]
Əsərləri
[redaktə | mənbəni redaktə et]Bəstəkar yaradıcılığı boyunca etüd janrına xüsusi diqqət yetirmiş və 12 etüd yaratmışdır. 1851-ci ildə həmin 12 etüdün III nəşrini yaratmış " Yüksək ifaçılıq sənətkarlığı etüdləri" adı altında çap etdirmişdir. Həmin etüdlərdə List fortepiano texnikasının 4 əsas növünü yaratmışdır.
Bəstəkarın 2 etüd məcmuəsindən başqa proqramlı etüdləri də vardır. F. List bütün yaradıcılığı boyu musiqidə mənzərəçiliyə, təsvirçiliyə də müəyyən meyl göstərib. Onun məşhur "Səyahət illəri" əsəri fortepiano pyesləri bəstəkarın təbiətdən, rəssamlıq və heykəltəraşlıqdan, oxuduğu ədəbi əsərlərdən aldığı təəssürat əsasında yazılıb. "Səyahət illəri" məcmuəsi 3 hissədən ibarətdir. Bu hissələrdə toplanan pyeslər müxtəlif illərdə yazılıb. I hissədəki pyeslər 30-cu illərin əvvəlində bəstələnib və 1855-ci ildə çap olunub. Bu hissədə 9 pyes var. ("Valenştad gölündə", "Bulaq başında", "Cenevrə zəngləri", "Pastoral", "Vətən həsrəti", "Tufan", "Vilhelm Tel Kilsəsi") II hissədə toplanan pyeslər 1838–1858-ci illərdə yazılıb. Burada 7 pyes toplanıb. "Səyahət illəri"nin III hissəsində toplanan pyeslər 1867–1877-ci illərdə yazılıb. Bu hissə 7 pyesdən ibarətdir. Əgər I və II hissədə romantik kədər hökm sürürdüsə, III hissədə kədər və məyusluq hakimdir, təbiət kədərli boyalarla verilir.[7] Bəstəkarın "19 Macar rapsodiyaları" dinamik, təzadlı bir məzmuna malikdir. Onların əsasında folklor mənbələri durur. List instrumental rapsodiya janrının banisi hesab edilir. Bu rapsodiyalar macar milli müstəqillik uğrunda mübarizə zamanı yaradılmışdır.[8]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Риман Г. Лист (rus.). // Музыкальный словарь: Перевод с 5-го немецкого издания / под ред. Ю. Д. Энгель, пер. Б. П. Юргенсон Москва: Музыкальное издательство П. И. Юргенсона, 1901. Т. 2. С. 768–771.
- ↑ 1 2 Walker A. Franz Liszt. / red. Fayard 1990. S. 1170. ISBN 978-2-213-02627-5
- ↑ 1 2 Н. С. Лист, Франц (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1896. Т. XVIIа. С. 759–760.
- ↑ Ben, Arnold (2002). The Liszt Companion
- ↑ "Bakıda "Ferens List ili" başa çatmışdır". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-24.
- ↑ Walker, Alan. Franz Liszt The final years- 1861-1886. NY. 1996.
- ↑ Ertayları, İ.Hikmet. F.Liszt hayatı ve eserleri. Türkiye İş Bankası. 1969.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- 22 oktyabrda doğulanlar
- 1811-ci ildə doğulanlar
- 31 iyulda vəfat edənlər
- 1886-cı ildə vəfat edənlər
- 74 yaşında vəfat edənlər
- Almaniya imperiyasında vəfat edənlər
- Maksimilianın "Elm və incəsənət üzrə" Bavariya ordeni kavalerləri
- İncəsənət və elm sahəsində Pour le Mérite ordeninin kavalerləri
- Əlifba sırasına görə musiqiçilər
- Macarıstanda doğulanlar
- Almaniyada vəfat edənlər
- Macarıstan pianoçuları
- Macarıstan bəstəkarları
- Macar bəstəkarlar
- XIX əsr bəstəkarları