Kürəkən Nuri Paşa
Mehmed Nuri Paşa | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | Taif, Osmanlı imperiyası |
Atası | Arif Paşa |
Həyat yoldaşı | Fatma Sultan |
Uşaqları |
Sultanzadə Mehmed Fuad bəy Əminə Lütfiyə xanım Sultan |
Mehmed Nuri Paşa (d. 1840 - ö. 21 iyul 1890[1]) — Osmanlı sultanı Sultan Əbdülməcid və Sultan Əbdüləziz dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.
Atası Sultan Əbdülməcid dönəmi dövlət adamlarından Arif Paşa idi[2]. Gənc yaşda saraya girdiyi bilinsə də, tutduğu vəzifələr haqqında yetərli məlumat yoxdur. 24 mart 1859-cu ildə Sultan Əbdülməcidin qızlarından Fatma Sultanla nigahlandı. Nigahın ardından sultanın Baltalimanındakı sarayında yaşamağa başlayan cütlüyün Sultanzadə Mehmed Fuad bəy (ö. iyul 1862) adlı oğlu və Əminə Lütfiyə xanım Sultan (ö. 13 avqust 1865) adlı qızı dünyaya gəlsə də, hər iki övladı uşaq yaşlarında vəfat etdi.
30 may 1876-cı ildə Sultan Əbdüləzizin taxtdan endirilməsi və 5 gün sonra tutulduğu Fəriyə sarayında şübhəli şəkildə qətlə yetirilməsində yaxından iştirak etdi. 1881-ci ildə Sultan Əbdülhəmidin əmriylə aparılan Ulduz məhkəmələrinin nəticəsində Sultan Əbdüləzizi qətlə yetirən Pəhləvan Mustafa, Cəzayirli Mustafa və Hacı Mehmed ağaların etiraf etməsiylə, onları şəxsən Nuri Paşanın vəzifələndirdiyi aşkarlandı.[3]
Bundan başqa sabiq sultanın qətlə yetirilməsinin ardından yanında can-fəşanlıq edən anası Validə Pərtəvniyal Sultanın üzərindəki zinyət əşyalarının Darüssəadə ağası Süleyman ağa vasitəsilə Nuri Paşaya təslim edildiyi aşkarlandı[4]. Nuri Paşa isə öz ifadəsində bu zinyət əşyalarını, eləcə də saray çevrilişinin ardından Dolmabağça sarayının hərəminə edilən basqında əldə edilən digər qənimətlərin böyük bir hissəsini yeni validə sultan Şövqəfza Sultana təslim etdiyini etiraf etdi.
Bundan başqa saray hərəminə edilən basqının ardından hərəmdə tutulan kəniz və xidmətçilərin saraydan atılmasıyla, eləcə də çevrilişdə iştirak edən ordu mənsublarına ödəniləcək mükafatların təyin edilməsiylə vəzifələndirildiyi aşkarlandı.
29 iyun 1881-ci ildə tamamlanan məhkəmə soruşdurmasının nəticəsində Sultan Əbdülməcidin digər kürəkəni Mahmud Cəlaləddin Paşa və təqsirləndirilən digər 7 şəxslə birlikdə edama məhkum olundu. Ancaq Sultan Əbdülhəmid tərəfindən canları bağışlanaraq edam qərarı ömürlük sürgünlə əvəz olundu. Digər təqsirləndirilən şəxslərlə birlikdə Taifə sürgün edildi. Öncəliklə Fatma Sultan zorla ərindən boşandırıldı. Ancaq məhkəmə prosesi əsnasında yaşadığı stres səbəbilə ağlını itirdi və bu halda ikən sürgünə yollandı. Sürgün olunduqları Taif qalasında çevrilişin əsas üzvləri olan Mithat Paşa və Mahmud Cəlaləddin Paşa gizlicə edam olunmuş, Nuri Paşaya isə dəliliyi səbəb göstərilərək əl vurulmamışdır. Sürgündə çox yaşamadı və 21 iyul 1890-cu ildə həbs tutulduğu qalada vəfat etdi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Sicill-i Osmani I cild, səh. 25, 28, 29.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Rodovid - Damat Mehmed Nuri Pasha". 2021-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-10.
- ↑ "Arxivlənmiş surət". 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-10.
- ↑ "Ondeio Haber - Yıldız Mahkemeleri". 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-10.
- ↑ "Derin tarih - Yıldız Mahkemeleri, Sultanın haremine de el uzattılar". 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-10.