Kəlniyyət (jurnal)
Kəlniyyət | |
---|---|
az.-əski. کل نیت | |
| |
Baş redaktor | Hacı İbrahim Qasımov |
Növ | satirik jurnal |
Nəşriyyat | Seyid Hüseyn Sadiq |
Təsis tarixi | 24 may (6 iyun) 1912[1] |
Nəşrini dayandırıb | 10 (23) fevral 1913[1] |
Qərargah | Bakı |
Dil | Azərbaycan dili |
Vikianbarda əlaqəli mediafayllar |
"Kəlniyyət" jurnalı (az.-əski. کل نیت) — 1912–1913-cu illərdə Bakıda həftədə iki dəfə nəşr olunan satirik jurnal.[2][3]
Haqqında
[redaktə | mənbəni redaktə et]"Kəlniyyət" jurnalının ilk nömrəsi 1912-ci il may ayının 24-də Bakıda nəşr edilmişdir. Jurnalın müdiri Hacı İbrahim Qasımov, imtiyaz sahibi isə Seyid Hüseyn Sadiq idi. Jurnal Orucov qardaşları mətbəəsi və "Kaspi" tipolitoqrafda çap olunmuşdur. Məzhəkə məcmuəsi idi. 8 səhifəli, şəkilli, satira və karikatura jurnalı olub. "Kəlniyyət" 1912-ci ildə 31 nömrə çıxmış, 1913-cü ilin fevral ayının 10-da isə 6-cı nömrəsindən sonra bağlanmışdır.[3][4] Cəmi 37 nömrəsi çıxmışdır.[2]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Jurnalın birinci səhifəsində böyük şriftlərlə "Kəllə" sözə verilmişdir. Bu, baş məqalənin sərlövhəsidir. Jurnalın oxucu ilə ilk söhbəti belə başlayır:
Yaxşı oxu, kəllə deyirəm ha! Nə kellədir, nə küllə. Sözüm kəllə üstündədir. Hərçənd müsəlmanlar elmi, maarifi, tərbiyəni ayaqdan başa düşən kimi mən də gərək məqsədimizi ayaqdan başlayaydım. Amma biz yeldöyən şəhərində oluruq və həmişə də yel əsən tərəfə burnumuzu çeviririk. Bu cəhətə bu səfərliyə biz də ayağı buraxıb kəllədən başlamağa məcbur oluruq. |
Oxucularla ilk söhbətini bu cür maraqlı başlayan jurnal öz səhifələrində dövrün aktual problemlərinə, bir sıra ictimai-siyasi məsələlərə toxunmuşdur. Jurnalın əsas materialları "Felyeton" başlığı altında verilirdi. Bundan başqa, jurnalın daimi "Bakı xəbərləri", "Xüsusi telefonumuz", və "Poçtumuzdan" rubrikaları da var idi. "Nə yaxşıdır?" adlı satirik yazıda sual-cavab yolu ilə bir sıra nöqsanlar tənqid edilir. "Xüsusi telefonumuz" rubrikası altında gedən yazılarda yerli əhvalatlar isə Mollanəsrəddinsayağı qələmə alınırdı.
"Kəlniyyət" öz səhifələrində daim satirik şeirlərə də yer verirdi. Jurnalın mühərrirləri arasında "Mürid", "Yetim cücə", "Dilənçi", "Bibi Raziyə", "Bambılı", "Kefsiz" və s. təxəllüslərə rast gəlinir. Bunlardan bir neçəsinin şəxsiyyəti məlumdur. Mollanəsrədinçilərdən Əli Nəzmi "Kefsiz", Əli Məhzun İrəvani "Yetim cücə" təxəllüsü ilə bu jurnalda da iştirak edirdilər. On üçüncü nömrədə verilən "Gəncədə" adlı satirik şeir, on birinci nömrədə gedən "Ay bacı", üçüncü nömrədəki "Dəng olmuşam", ikinci nömrədəki "Eyibdir" şeirləri o dövrün bir sıra mühüm nöqsanlarını açıb göstərirdi. "Gəncədə" şeirində xalqın qanını soran burjuaziya satira atəşinə tutulmuşdu. "Dəng olmuşam" şeirində də yuxarı təbələrə nifrət hissi vardı.
Jurnalda mövzu müxtəlifliyi, hadisələrə fərqli yanaşmalar onun maraqlılığını artırır, oxucunu özünə cəlb edirdi. Avamlıq, gerilik, milli-müstəmləkə siyasəti, din xadimlərinin riyakarlığı və s. mövzularda onlarca maraqlı yazılar dərc olunmuşdur. Bunlarla yanaşı, "Kəlniyyət" jurnalının da məhdud və ziddiyyətli cəhətləri var idi. Doğrudur, Mollanəsrəddinçi müəlliflər jurnalın məzmununu xeyli yaxşılaşdırmışdılar. Burjua məsləkli yazıçıların məqalələrindəki bəzi fikirlər isə jurnalın əsas ideya-siyasi istiqamətinə uyğun gəlmirdi.[4]
Karikaturaların müəllifi
[redaktə | mənbəni redaktə et]Jurnalın karikaturalarının çəkilməsində Beno (Benedikt Telinqator), Əzim Əzimzadə və Xəlil bəy Musayev yaxından iştirak etmişdir. Ə. Əzimzadə öz karikaturalarını "Əzim", "Əzimov", "Ə. Ə" imzaları ilə verirdi. "Kəlniyyət"in 7-ci sayında karikaturada mollaların tamahkarlığı və rüşvətxorluğu göstərilir. Müəllif mövzu olaraq xalq arasında işlədilən "Başı mollanın, leşi mollanın, iki qabırğa bir dişi mollanın, qaldı dörd əl-ayağı, onlarla da var işi mollanın" zərb-məsəlindən istifadə etmişdir.
Jurnalın 8-ci sayında verilən bir karikaturada Beno duma üzvlərinin xalqa heç bir xeyir vermədiyini təsvir etmişdir. Karikaturada göstərilir ki, ölülər Mərdəkan qəbirstanlıqda duma üzvü Hacı Ağa Musa Nağıyevi qovub deyirlər:
Ay hacı, bura sənin üçün Bakı duması deyil ki, müftə bir stol tutasan? |
Qalereya
[redaktə | mənbəni redaktə et]-
"Mərhum milli şairimiz Ə.Sabirin vəfatının illiyi münasibətilə" (№ 3, 8 iyun 1912-ci il). Rəssam: naməlum
-
"Yoldaşlıqda əgər olmasa ittifaq. Yeriyər işləri çox gedər qabaq" (№ 3, 8 iyun 1912-ci il). Rəssam: Neon
-
"Mərdəkanda qəbristan məsələsi" (№ 8, 13 iyul 1912-ci il). Rəssam: Beno
-
"Peterburqda müsəlman studentləri yoxsulluqdan dərsləri buraxıb küçədə qənbər döşüyürlər" (№ 5, 27 yanvar 1913-cü il). Rəssam: Ə.Əzimzadə
-
"Bakıda məktəb himayəsi rəisi" (№ 5, 27 yanvar 1913-cü il). Rəssam: Ə.Əzimzadə
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- N.N.Zeynalov. Azərbaycan mətbuat tarixi. I hissə. Bakı: ADU-nun nəşriyyatı, 1973
- A.Vəliyev (Aşırlı). Azərbaycan mətbuatı tarixi (1875–1920). Bakı: "Elm və Təhsil", 2009
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы, 1976. C. 5. S. 338.
- ↑ 1 2 Кәлнијјәт // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 338.
- ↑ 1 2 "Kitabxana üzrə: Kəlniyyət — Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivi". presarchive.gov.az. 2023-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-29.
- ↑ 1 2 "Şahverdiyev A. B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006–248 səh" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-19.