Lockheed AC-130
Lockheed AC-130 | |
---|---|
Tipi | Lockheed C-130 Hercules |
İstehsalçı | Lockheed Martin |
İlk uçuş | 1966 |
İstimarının bitmə tarixi | 1995 |
Baza modeli | Lockheed C-130 Hercules |
Vikianbarda əlaqəli mediafayllar |
AC-130 Gunship, Lockheed C-130 Hercules nəqliyyat təyyarəsinin xüsusi təyinatlı qüvvələrə qaynar müharibə bölgələrində yaxın hava dəstəyini təmin edə bilmək üçün modifikasiya edilmiş versiyasıdır. Standart bir Lockheed C-130 Hercules nəqliyyat təyyarəsindən daha artıq mühərrik gücü, dırmaşma sürəti və döyüş mənzilinə malikdir. Aşağı hündürlükdə olan uçuşlarda olduqca uğurlu olan, yerləşdiyi bölgələri çöl yerlərindəki hədəflərə qarşı dəqiq atəş aça bilən, təsir gücü yüksək olan hücum təyyarəsidir. Dəqiqə ərzində 610 metr hündürlüyə qalxa bilən təyyarə hər cür eniş-qalxış zolağından istifadə edə bilər. Təyyarədə dörd ədəd hər biri 4.910 at gücündə olan Allison T56-A15 turbopərvanə mühərrikləri vardır. Xilasetmə əməliyyatlarında da istifadə edilə bilən təyyarələrdən ABŞ Silahlı Qüvvələrində 8 ədədi H və 13 ədədi U modelli AC-130 vardır.
İnkişaf etdirilməsi
[redaktə | mənbəni redaktə et]AC-130 modellərinin meydana çıxması Vyetnam müharibəsi dövrünə aiddir. Koreya müharibəsi dövründən etibarən ABŞ Hərbi Hava Qüvvələri (USAF) qurudakı qoşunlara kömək məqsədilə xüsusi olaraq təchiz edilmiş olan hərbi təyyarələrdən istifadə etməyə başladı. Vyetnam müharibəsində C-47 başda olmaqla müxtəlif nəqliyyat təyyarələri dəyişkən kalibrli və çaplı toplar ilə təchiz edilərək düşmən atəşi altında qalmış ABŞ hərbi birliklərinə aşağı hündürlükdən hava dəstəyini təmin etmək üçün modifikasiya edilmişdilər. Ehtiyaclar nəticəsində Lockheed C-130 Hercules nəqliyyat təyyarələrindən bir qismi də 105, 40, 20 mm-lik toplarla təchiz edilmişdir. Modifikasiya olunmuş bu C-130 modellərinin ən böyük üstünlüyü digər təyyarələrdən daha yuxarı hündürlükdə uçması, beləliklə də düşmənin yerdən açılan atəşlərinin özlərinə çatmamaları idi. Vyetnamda müharibəsində yaxın hava dəstəyi, axtarış-xilasetmə vəzifələrində istifadə edilmiş bu təyyarələr, Şimali Vyetnamdakı təchizat yollarına etdikləri hücumları ilə adlarını dünyaya tanıtdırmışdırlar. Meşəlik ərazilərdə sıxışdırılmış dəniz piyadalarının və xüsusi təyinatlı qüvvələrin ərazilərdən təxliyə edilməsində kömək etmişdirlər.
Vyetnamdan sonra ilk dəfə 1983-cü ilin oktyabr ayında Qrenadada istifadə edilmişdir. Körfəz müharibəsindən əvvəl 1989-cu ildə Panamada güclü atəş altında qalmış dəniz piyadalarına güclü atəş dəstəyi verməsi ilə özünü sübut etmişdir. Körfəz müharibəsindəki performansı çox yüksəkdir. İraqda yaxın hava dəstəyi ilə bərabər zirehli döyüş maşınlarının vurulmasında da istifadə edilmişdir. 17 yanvar-27 yanvar 1991-ci il tarixlərində H modelləri, 50 sortidə 300 saata yaxın uçdu. Körfəz müharibəsi, AC-130H modellərinin ən çox xidmət etmiş olduğu müharibədir. Bir uçuş müddəti 10 saatdan çox olurdu. Somalidə də partizan dəstələrinin yardım vəsaitlərini oğurlamasının qarşısının alınması əməliyyatlarında istifadə edilmişdir. 1999-cu ildə olmuş Kosovo müharibəsində Belqrad yaxınlığında vurulmuş olan Lockheed F-117 Nighthawk pilotunun xilas edilməsi əməliyyatında və Serbiyanın quru qoşunlarının məhv edilməsində uğurla istifadə edilmişdir. Bir AC-130 modelinin Serbiya artilleriya batareyasına hücum etməsi və ordu cəbbəxanasını məhv etməsi rezonans doğurmuşdur. 2001-ci ildə ABŞ-nin Əfqanıstanı və 2003-cü ildə ABŞ-nin İraqı işğal etməsində də iştirak etmişdir. AC-130 modellərinin bu günə qədər 10.000-ə qədər düşmən döyüş texnikasını məhv etməsi ehtimal edilir.
Modelləri
[redaktə | mənbəni redaktə et]Təyyarənin ilk buraxılmış modeli A modeli olmuşdur. Bu model 13 avqust 1954-cü ildə ilk uçuşunu həyata keçirmişdir. 2 ədəd 40 mm-lik top, 2 ədəd 20 mm-lik Vulcan və 2 ədəd 7.65 mm-lik balaca topdan ibarət olan silah sisteminə malik olmuşdur. Ümumi olaraq 19 ədəd A modeli istehsal edilmişdir. Vyetnam müharibəsi zamanı 5 ədədi vurulmuşdur. 1995-ci ilin sonunda bütün A versiya modellər xidmətdən çıxarılmışdırlar. E modeli ilk uçuşunu 1974-cü ildə həyata keçirmişdir. A modelindəki 40 mm-lik bir top, 105 mm-lik tank əleyhinə haubitsa tolu ilə əvəz edilmişdir. Bütün E modeli olan AC-130 təyyarələri reviziya edilərək (yəni təftiş edilmək) H modeli səviyyəsinə çatdırılmışdırlar. H modeli mühərrik və digər başqa dəyişikliklərlə E modellərinin modernizasiya edilmiş halıdır. Spectre ləqəbi ilə adlandırılmışdırlar. Ümumi olaraq 11 ədəd H modelli AC-130 istehsal edilmiş və dənəsi vurulmuşdur. H modellləri 14 nəfərlik personala malikdirlər.
AC-130U, üçüncü nəsildir və ən müasir texnologiyaları özündə birləşdirmişdir. Spooky ləqəbi ilə adlandırılmışdırlar. 20 dekabr 1990-cı ildə ilk uçuşunu həyata keçirmişdir. AC-130H modelinin daşıya bildiyi cəbbəxananın iki qat artığını daşıya bilir. Eyni zamanda iki fərqli hədəfə hücum etməyə qadirdir. Personal müdafiəsi üçün U modellərində Spectra keramika zirehdən istifadə edilmişdir. 1 ədəd hərəkət edə bilən 25 mm-lik top və hədəfin müəyyənləşdirilməsi üçün elektro-optik axtarış sistemi H modelindəki 2 ədəd stabil topun yerinə quraşdırılmışdır. 25 mm-lik top tam avtomatik olduğu üçün personala ehtiyac yoxdur və buna görə ekipajın sayı 13 nəfər olmuşdur. Təyyarənin daxilində baş verə biləcək yanğın hadisələrinə qarşı daxili yanğınsöndürmə sistemi mövcuddur. Təyyarədə olan GPS, INS, APQ-180 rəqəmsal atəşə nəzarət sistemi və ALLTV (Aşağı hündürlükdə TV sistemi) hər bir hava şəraitində gecə və gündüz, müşahidə və atəş açmağa şərait yaradır. Eyni sistemin bir başqa modeli F-15E Strike Eagle təyyarələrində istifadə edilir. SAR (Sintetik radar) ilə hədəfin müəyyənləşdirilməsi və kilidlənmə qabiliyyəti artmışdır. Beləliklə də, xəta payı azaldılmış, bir atış-bir məhv etmə qabiliyyətinə sahib olmuşdur. Hədəf müəyyən edilir, tanınır və məqsədəmüvafiq silah hədəfə doğru tuşlanır. Pilot kabinəsində olan pilot və ya sistem zabiti də, silahdan atəş açır. Özünü müdafiə sistemri U modeli ilə inkişaf etdirilmişdir. AN/AAQ-24 “DIRCM” sisteminin sayəsində təyyarəyə doğru tuşlanmış istilik başlıqlı döyüş raketləri müəyyən edilib təyyarəyə yaxınlaşmadan əvvəl başlıq sisteminə IR istiliyi əks etdirərək döyüş raketinin korlaşmasını və hədəfini itirməsini təmin edir. U modelindən 13 ədəd istehsal edilmişdir və hal-hazırda hamısı işlək vəziyyətdədir.
Silah sistemləri
[redaktə | mənbəni redaktə et]AC-130 təyyarələrindəki bütün silahlar təyyarənin sol hissəsində yerləşdirilmişdir. ABŞ Hərbi Hava Qüvvələrinin arsenalında olan ən böyük silah çapı və kalibrə malik olan təyyarə hesab olunur. 1 ədəd 105 mm-lik M101 Haubica yüngül haubitsa topu ən ağır silahı hesab olunur. Haubitsanın arxaya təpməsi mövcuddur. Təsirli mənzili 7.500 m-dən çox olan bu haubitsa bir dəqiqə ərzində 6-10 mərmi atmağı bacarır. H modelində 2, U modelində 1 ədəd olan 40 mm-lik Bofors L-70 topunun təsirli mənzili 4.500 m-dir və dəqiqədə 100 mərmi ata bilir. Təyyarədə də, 256 ədəd 40 mm-lik mərmisi daşınır. U modelində 1 ədəd 25 mm-lik GAU-25 topu vardır və bir dəqiqə ərzində 1.800 mərmi atmağı bacarır. 3.700 m-dən atəş açmağı bacaran bu bu topun 3.000 ədəd mərmisi vardır. H modelində əlavə olaraq 2 ədəd 6 lüləli M61 Vulcan topu mövcuddur.
Hücum taktikası
[redaktə | mənbəni redaktə et]AC-130 təyyarəsinin klassik hücum taktikası 3.000 m hündürlükdən 300 km/saat sürətlə hədəf bölgəyə yaxınlaşmaq və saat əqrəbinin əksi istiqamətində hədəfin üstündə dairələr çəkməkdən ibarətdir. Belə yüksəklik və sürət etibarlı atəş və dəqiqlik üçündür. Müəyyənləşdirilmiş hədəfə lazer işarələmə sisteminin köməyi ilə nöqtə atəşi edilir. Hədəfin ətrafında dairələrin çəkilməsi, atəşdən əvvəl və atəşdən sonra müxtəlif vəziyyətlərdə hədəfin üzərinə hücum etməyə şərait yaradır. Radar bölməsi və həcminin böyük olmasına görə əsasən gecə əməliyyatlarında istifadə edilir. Əlverişsiz olan hava şəraitində də, uğurlu nəticələr əldə etməyi bacaran bu təyyarələr, inkişaf etdirilmiş radarının sayəsində yerdəki hədəflərin dostlaramı, yoxsa düşmənəmi aid olduğunu müəyyənləşdirməyi bacarır.
Gələcəyi
[redaktə | mənbəni redaktə et]ABŞ Hərbi Hava Qüvvələrinin Floridadakı Xüsusi Əməliyyatlar Komandanlığına aid olan AC-130 təyyarələri 4 filoda xidmət edirlər. Böhran vaxtlarında da, münaqişə zonalarına yaxın olan hava limanlarına yanacaq doldurulması yolu ilə köçürülə bilirlər. Müxtəlif versiyalara malik olan AC-130 təyyarələrindən uzun müddət istifadə etmək planlaşdırılır.