Xarıbülbül (simvol)
Xarıbülbül | |
---|---|
|
|
Ölkə | Azərbaycan |
Tip | İkinci Qarabağ müharibəsində Şəhid olan əsgərlərin xatirəsinin rəmzi |
Status | qeyri rəsmi |
Vikianbarda əlaqəli mediafayllar |
Xarıbülbül — xarıbülbül gülünün formasında olan rəmzi nişan. Azərbaycanda İkinci Qarabağ müharibəsində Şəhid olan əsgərlərin xatirəsinin rəmzi olaraq qəbul edilir. Həmçinin Azərbaycan ordusunun zəfər simvolu kimi də tanınır.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Azərbaycanda qədimdən xarıbülbül adlanan bitki latınca ophrys caucasica və ya ophrys mammosa adlanır. Ehtimal ki, ofris bitkisinin bütün növləri xalq arasında Azərbaycanda bu adla adlanır. Şuşa və ətraf ərazilərdə geniş yayıldığından[2] daha çox Qarabağ ilə ifadə olunur.
Qarabağ münaqişəsi başlayandan xarıbülbül xalqımızın mübarizəsinin rəmzinə çevrilmişdir. Qarabağ ərazisi işğal olunduqdan sonra isə xarıbülbül bəlkə də bir çoxları üçün nisgil, kədər, ağrı, həsrət simvolu olmuşdur. Mədəniyyətdə, incəsənətdə və ədəbiyyatda xarıbülbül ifadəsi işləndikdə həmişə söhbətin Qarabağdan getdiyi aydın olurdu.[1]
Xarıbülbülə qədim türk əsatirlərində də geniş yer verilmişdir. Belə ki, o xar olmuş, qəmli bülbül qədim türk əsatirlərində döyüşdə ağır yaralanmış bir əsgərin son ümidi olaraq bilinirdi. Qədim türk əfsanəsində deyildiyi kimi, Oğuz xanın alpaqutlarından (şəhid olan döyüşçü) birinin son nəfəsdə sinəsində gəzdirdiyi bülbülün ayağına qanlı köynəyindən cırıb sevgilisi Aybükə xanıma göndərdiyi namə ilə simgələşən bir üzüntülü nakam sevgi hekayəsidir.[3]
Qırğız yazıçısı Erlan Jurabekovun "Jarxı Bulbul" hekayəsində də qədim türk əsatirinə geniş yer verilir.[3] Bir çoxlarına görə, Xarı bülbül əhliləşdirilmiş ev quşu olub. Bəzi araşdırmaçılar isə hesab edir ki, bu növ bülbüldən yalnız döyüşçülər, sərkərdələr istifadə ediblər.
Qarabağ xanının qızı, Şuşalı Ağabəyim ağa 1801-ci ildən 1832-ci ilədək — ömrünün sonuna kimi Qacar şahlarının Tehrandakı sarayında yaşayır.[4] Vətən həsrəti çəkən Ağabəyim ağaya istinadlar verilən bir bayatı da vardır :
"Vətən bağı" al-əlvandır, Yox üstündə xarıbülbül. Nədən hər yerin əlvandır, Köksün altı sarı, bülbül.
Simvola çevrilməsi
[redaktə | mənbəni redaktə et]2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsi dövründə həyatını itirən şəhidlərin xatirəsinin anılmasında xarıbülbül nişanəsi sosial şəbəkələrdə geniş yayılmağa başladı. Xarıbülbülün əzəməti, məğrurluğu, haqsızlığa qarşı əyilməz duruşu onu əfsanədən qələbə simvoluna çevirməyə başladı. Tədricən isə nişan müharibənin simvoluna çevrildi. O, şəhidlərin xatirəsinin və Azərbaycan ordusunun zəfər simvolu kimi məşhurlaşmağa başlamışdır.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Səsin gəlir, XARI BÜLBÜL ! – "Ordumuzun zəfər simvoludur"". 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-24.
- ↑ Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
- ↑ 1 2 "Əfsanədən Zəfərə - Xarı bülbül Qələbə simvoluna necə çevrildi..." 2020-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-24.
- ↑ "Azərbaycan qadın şairləri antologiyası", Bakı: "Avrasiya press", 2005. səh.28–29.