Xose Eçeqaray
Xose Eçeqaray | |
---|---|
isp. José Echegaray y Eizaguirre | |
Doğum tarixi | 19 aprel 1832[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 14 sentyabr 1916[1][3] (84 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | dramaturq, inşaat mühəndisi[d], siyasətçi, yazıçı, mühəndis, riyaziyyatçı, iqtisadçı |
Əsərlərinin dili | ispan dili |
Janrlar | dramaturgiya, teatr |
Üzvlüyü | |
Mükafatları | |
Xose Eçeqaray Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Xose Eçeqaray (isp. José Echegaray y Eizaguirre; 19 aprel 1832[1][2][…], Madrid – 14 sentyabr 1916[1][3], Madrid) — ispan dramaturqu, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1904).
Həyatı
[redaktə | mənbəni redaktə et]Tam adı Xose Mariya Valdo Eçeqaray-i-Eysaqirre olan bask əsilli ispan dramaturqu Madriddə doğulmuşdu. Atası yunan dili müəllimi idi. Kiçik yaşlarından vunderkind kimi tanınan Xose Mariya latın və yunan dillərini, habelə təbiət tarixini mükəmməl öyrənmiş və 14 yaşında fəlsəfə bakalavrı dərəcəsi qazanmışdı. Sonra isə Madriddəki Eskuelo de Kaminosu — Texniki Məktəbi riyaziyyat ixtisası üzrə vaxtından əvvəl uğurla başa vurmuşdu. Bir müddət mühəndis kimi işlədikdən sonra həmin məktəbdə riyaziyyatdan mühazirələr oxumuşdu.
Gənc yaşlarından İspaniyanın görkəmli riyaziyyatçı-alimi adını qazanan Eçeqaray nəzəri və tətbiqi riyaziyyatla bağlı məqalələr və monoqrafiyalar çap etdirmişdi, lakin onun istedadı yalnız bir sahə ilə məhdudlaşmırdı. Eçeqaray siyasi iqtisad, fəlsəfə və coğrafiyaya dair əsərlərin də müəllifi idi. Ədəbiyyatla ciddi məşğul olmadığı dövrlərdə də geniş mütaliəsi ilə seçilirdi.
Kiçik qardaşı Miqelin nəzmlə birpərdəli pyes yazması və həvəskar səhnədə tamaşaya qoyması Xose Mariyanın da ədəbiyyata marağını artırmışdı.
Yazıçı və dramaturq kimi tanınmamışdan əvvəl o, özünü siyasətdə də sınamışdı. 1868-ci ildə kraliça İzabella taxtdan salındıqda ictimai işlər naziri, bir il sonra isə ticarət naziri olmuşdu. İspaniya Bankının təsis edilməsi Eçeqarayın adı ilə bağlı idi. 1869-cu ildə o, həm də kortesin — İspaniya parlamentinin üzvü seçilmişdi.
Burbonlar sülaləsinin 1874-cü ildə hakimiyyətə qayıtması Eçeqarayın siyasi səhnədən getməsi ilə nəticələndi. Parisdə mühacir kimi yaşadığı dövrdə özünü tamamilə ədəbiyyata həsr etmək qərarına gəldi. 1874-cü ilin sonlarında Madridə qayıdıb Xorxe Ayaseka-i-Eysaqirre təxəllüsü ilə "Çek kitabçası" adlı ilk pyesini qələmə aldı. Və bundan sonra ispan teatrsevərləri hər il onun iki-üç yeni pyesinə tamaşa etmək imkanı qazandılar.
Eçeqaray 60-dan çox səhnə əsərinin müəllifidir. Bu əsərlərin təxminən yarısı nəzmlə yazılıb. Sənətkarlıq baxımından həmin pyeslərdə məşhur ispan dramaturqu Pedro Kalderonun təsiri duyulur. Eçeqaray dram yaradıcılığında namus, şərəf, borc, sədaqət kimi romantik mövzulara üstünlük verməklə yanaşı ispan tamaşaçılarının yüksək melodrama olan rəğbət və tələbatını nəzərə almağı da unutmurdu.
"Qisasçının arvadı" (1875), "Qılıncın qəbzəsində" (1875) kimi ilk pyesləri Eçeqarayı İspaniyada tanıtdı, "Ağılsızlıq, yaxud qüdsiyyət" (1877) dramı isə Avropa miqyasına çıxmasına imkan yaratdı. Bu pyesin ingilis tərcüməsi ilə tanış olan Bernard Şou yazmışdı ki, dramaturq Eçeqaray əsərlərinin koloriti, tragizmi, gözəllik və qəhrəmanlığın tale ilə amansız mübarizəsi baxımından Şiller, Hüqo, Verdi kimi sənətkarların davamçısı sayıla bilər.
Zaman keçdikcə Eçeqarayın yaradıcılığında romantik pafosdan realizmə keçid özünü daha aydın göstərirdi. "Don Juanın oğlu" (1892) pyesi bu baxımdan xüsusən səciyyəvidir. Bəzi tədqiqatçılar əsərin İbsenin "Qarabasmalar" pyesinin təsiri altında yazıldığını qeyd edirlər. Müəllifin digər məşhur pyesi — "Böyük Qalioto" (1891) isə şaiyə və dedi-qodular nəticəsində günahsız adamların həyatının puç olmasının realist təsviri üzərində qurulmuşdur.
Xose Eçeqaraya 1894-cü ildə İspaniya Kral Akademiyasının üzvü seçilmişdi, lakin bu, bir müddət sonra "1898-ci il nəsli" adı ilə meydana çıxan ədəbi cərəyan nümayəndələrinin onun əsərlərinə sərt meyarlarla yanaşmasına, Eçeqarayı üslub mühafizəkarlığında, yersiz sentimentalizm və epiqonçuluqda, ispan xalqının həyatından və istəklərindən xəbərsizlikdə günahlandırmağa mane olmamışdı.
1904-cü ildə Xose Eçeqaray Frederik Mistralla birlikdə Nobel mükafatına layiq görüldü. Mükafat ona "ispan dramının ənənələrinin dirçəldilməsindəki çoxsaylı xidmətlərinə görə" verilmişdi. Laureat naməlum səbəbdən təntənəli təqdimat mərasiminə qatılmamışdı.
İspan ədəbiyyatının nisbətən gənc nəslinin nümayəndələri Eçeqaraya Nobel mükafatının verilməsini ciddi narazılıqla qarşılamış, hətta əleyhinə petisiya imzalamışdılar. Onun yaradıcılığını milli dramaturgiyanın tənəzzül mərhələsi kimi təqdim etməyə təşəbbüslər də göstərilmişdi, lakin müasir tədqiqatçılar ""teatrda teatr" ünsürlərindən istifadə, dramın konfliktini onun səhnə həlli ilə əlaqələndirmək, səhnədə yaradıcı prosesin anatomiyasını açmaq" və s. baxımından Eçeqaray pyeslərinin dram sənətinə müəyyən pozitiv təsir imkanlarını etiraf edirlər.
İstənilən halda, Xose Eçeqaray ispandilli ədəbiyyatın ilk Nobel mükafatçısı kimi həm öz xalqının, həm də bu dildə danışan bütün xalqların mədəniyyət tarixində öz yerini tutmuşdur.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- O Locura o Santidad, Drama en Tres Actos y en Drosa. Madrid, 1877;
- Shay F. (ed.), Twenty-five Short Plays, 1925;
- L. A. Modern Spanish Literature, 1929.
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Штейн А. Л. Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 8.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 José de Echegaray y Eizaguirre // Diccionario biográfico español (isp.). Real Academia de la Historia, 2011.
- ↑ 1 2 http://www.rae.es/academicos/jose-echegaray.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 19 apreldə doğulanlar
- 1832-ci ildə doğulanlar
- Madriddə doğulanlar
- 14 sentyabrda vəfat edənlər
- 1916-cı ildə vəfat edənlər
- 84 yaşında vəfat edənlər
- Madriddə vəfat edənlər
- İspan dili Krallıq Akademiyasının üzvləri
- Qızıl Yun ordeni kavalerləri
- Əlifba sırasına görə yazıçı və şairlər
- İspaniya yazıçıları
- İspan yazıçılar
- Ədəbiyyat üzrə Nobel mükafatı laureatları
- İspaniyalı Nobel mükafatı laureatları