Əminə Nazikəda Qadınəfəndi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əminə Nazikəda Qadınəfəndi
Şəxsi məlumatlar
Doğum tarixi 9 oktyabr 1866(1866-10-09)
Doğum yeri
Vəfat tarixi 4 aprel 1941(1941-04-04) (74 yaşında)
Vəfat yeri
Həyat yoldaşı
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əminə Nazikəda Qadınəfəndi (9 oktyabr 1866, Suxumi, Qafqaz canişinliyi, Rusiya imperiyası4 aprel 1941, Maadi, Misir krallığı[d]) — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin xanımı və Osmanlı imperiyasının son başqadınəfəndisi.

Abxaziyanın Suxumi vilayətində dünyaya gəlmişdir. Atası yerli əsilzadələrdən Həsən bəy Marşaya, anası isə Fatma Aredbadır. Ailəsi 1877–1878 Rusiya-Osmanlı müharibəsi əsnasında Abxaziyadan köç etmişdir.

Ailəsi tərəfindən 1876-cı ildə bacıları Dəryal və Naciyə, əmisi qızları Əminə, Rümeysa, Pakizə, Fatma və Kamilə ilə birlikdə Cəmilə Sultanın nədiməsi olan bibisi Suzidil Xatunun yanına göndərildi. Bunlardan adı kamilə olan qız daha sonra Məzidə adını alaraq Sultan Əbdülhəmidlə evləndirildi. Kiçik bacısı Dəryal xanım sonralar Sultan Əbdülhəmidin böyük oğlu Mehmed Səlim Əfəndi ilə evləndirilmişdir. Sarayda Əminə Nazikəda adını alan gənc qız Cəmilə Sultanın vərəm xəstəsi qızı Fatma xanım Sultanın ölümünədək (1890) nədiməsi oldu. Bu əsnada piano təhsili aldı.

Əminə Nazikəda xanımı görüb aşiq olan Şahzadə Vahidəddin isə gənc qızı bacısı Cəmilə Sultandan istədi. Cəmilə Sultan ondan sonra evlənməmək şərtilə qızı qardaşına gəlin olaraq hədiyyə etdi. O əsnada Vahidəddin 24, Əminə Nazikəda xanım isə 19 yaşında idi. Cütlük 8 iyun 1885 tarixində Çırağan sarayında evləndi.

1886-cı ildə dünyaya gələn ilk qızı Münirə Sultan 1 yaşında, 1888-ci ildə dünyaya gələn ikinci qızı Fənirə Sultan isə bir neçə həftə sonra vəfat etdi. Daha sonra 12 sentyabr 1892-ci ildə Fatma Ülviyə Sultan, 19 aprel 1894-cü ildə isə Ruqiyyə Sabiha Sultan dünyaya gəldi. Sabiha Sultanın dünyaya gəlişindən sonra həkimlərin diaqnozuyla bir daha övlad sahibi olmayacağını öyrənən Əminə Nazikəda xanım ərinin oğul övladının olması üçün yenidən evlənməsinə icazə verdi. Nəticədə Şahzadə Vahidəddin ögey anası Şayəstə xanımın 16 yaşlı nədiməsi Səniyə İnşirah ilə 8 iyul 1905-ci ildə Çəngəlköy sarayında evləndi.

Sabiha Sultanın toy mərasimi 1920 (soldan sağa: Fatma Ülviyə Sultan, Dürrüşəhvar Sultan, Əminə Nazikəda Qadınəfəndi, Ruqiyə Sabiha Sultan, Mehmed Ərtoğrul Əfəndi, Şahsüvar Qadınəfəndi)

Ərinin 1918-ci ildə taxta çıxmasıyla Osmanlı imperiyasının sonuncu başqadınəfəndisi oldu. 5 nədiməsi vardı. Baş nədiməsi onunla birlikdə saraya gələn Rümeysa Aredba (1875–1927), ikinci nədiməsi qardaşı qızı Şahəndə xanım, üçüncü nədiməsi Bayla xanım, dördüncü nədiməsi Şahəsər xanım, beşinci nədiməsi isə Leyla Açba idi. Böyük bacısı Asubican xanım (1891–1955) da saraydan ayrılanadək Əminə Nazikəda xanımın yanından ayrılmadı.

Sultan Vahidəddin vətəndən ayrıldıqdan sonra xanımları və hərəmindəki bütün qadınlar Ortaköydəki Fəriyə sarayına köçürüldü. Əminə Nazikəda Qadınəfəndi isə əvvəlcə qızının yanında, daha sonra isə Fəriyə sarayında olduqca ağır şəraitdə nəzarət altında yaşadı.

3 mart 1924 tarixində qəbul edilən 431 saylı qərarla sürgün edilənlər arasında idi. Yanında Sultan Vahidəddinin ikinci xanımı Müvəddət xanım, baş nədiməsi Rümeysa xanım, hərəm ağaları və 2 maşın dolusu əşyayla Sultan Vahidəddinin yaşadığı İtaliyanın San-Remo qəsəbəsinə köçdü.

Sultan Vahidəddinin ölümündən sonra Monte-Karloda qızı Fatma Ülviyə Sultanla ev alaraq burada yaşamağa başladı. 1929-cu ildə Fransanın Menton şəhərində bir müddət yaşadıqdan sonra Qahirəyə köçdü. 4 aprel 1941-ci ildə Qahirədə yoxsulluq içində vəfat etdi və burada Abbasiyə məzarlığına dəfn edildi.

  • Afife Rezzemaza: Saray'dan Sürgüne, İstanbul 2013
  • Çağatay Uluçay: Padişahların Kadınları ve Kızları, Ankara 1992
  • Prenses Leylâ Gülefşan Açba-Ançabadze: Bir Çerkes Prensesinin Harem Hatıraları, İstanbul 2010
  • Rumeysa Aredba: Sultan Vahdeddin'in San Remo Günleri, İstanbul 2009
  • Yılmaz Öztuna: İslam Devletleri, İstanbul 1989