Cəmilə Sultan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cəmilə Sultan
türk. Cemile Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 18 avqust 1843(1843-08-18)
Doğum yeri
Vəfat tarixi 26 fevral 1915(1915-02-26) (71 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası I Əbdülməcid
Anası Düzdidil xanım
Həyat yoldaşı Mahmud Cəlaləddin Paşa
Uşaqları Əminə Fəthiyə xanım Sultan
Sultanzadə Mahmud Cəlaləddin bəy
Sultanzadə İbrahim Saqib bəy
Sultanzadə Bəsim bəy
Ayşə Sidiqə xanım Sultan
Fatma xanım Sultan
Ailəsi Osmanlı xanədanı
Dini sünni islam, islam

Cəmilə Sultan (18 avqust 1843, Bəylərbəyi Sarayı, İstanbul26 fevral 1915, İstanbul) — 31. Osmanlı padşahı Sultan Əbdülməcidin qızlarındandır.

18 avqust 1843-cü ildə Bəylərbəyi sarayında dünyaya gəldi. Atası Osmanlı sultanı Sultan Əbdülməcid, anası onun xanımlarından Düzdidil xanımdır. Dünyaya gəlişi üç gün ard-arda atılan top atəşləriylə paytaxtda elan olundu.[1][2] Dünyaya gəlişi səbəbilə dönəmin validə sultanı Bəzmialəm Sultan tərəfindən sarayda şənliklər təşkil edildi və həm anasına, həm də yeni dünyaya gələn Cəmilə Sultana dəyərli hədiyyələr verildi. Hələ 2 yaşında ikən 1845-ci ildə anası Düzdidil xanım tutulduğu vərəm xəstəliyi səbəbilə vəfat etdi.[3] Atasının istəyilə 2 yaşlı qızcığaz Sultan Əbdülməcidin övladı olmayan xanımı Pərəstu xanımın himayəsinə verildi.[4][5][6] Pərəstu xanım gələcəkdə Tirimüjgan xanımın vəfatıyla yetim qalan Əbdülhəmid Əfəndini də öz himayəsinə alacaq, uşaqlı illəri birlikdə keçən Cəmilə Sultanla Sultan Əbdülhəmidin bir-birinə yaxınlığı məhz bu illərdən başlayacaqdır.

20 sentyabr 1847-ci ildə keçirilən saray mərasimiylə, bacıları Fatma Sultan, Rəfiyə Sultan, qardaşları Əbdülhəmid ƏfəndiMurad Əfəndiylə birlikdə Topqapı sarayındakı şahzadələr məktəbində ilk təhsilinə başlanıldı.[7][8][9] Hökumətin Ulduz sarayına köçürülməsinin ardından uşaqlar təhsillərini saray kompleksinin bir parçası olan Kiçik Mabeyn köşkündə davam etdirdilər. Burada Quran-i kərim, riyaziyyat, coğrafiya, tarix və hüsnxətt kimi dərslər alan Cəmilə Sultan digər yandan fortepiano dərsləri də almağa başladı.[10] Musiqiyə olan sevgisi gələcəkdə də davam edəcək, himayəsində böüyüdülən qız uşaqlarının da musiqi təhsillərinə önəm verəcəkdir. Bu qızlar arasında qardaşı Sultan Əbdülhəmidin xanımlarından Nazikəda Qadınəfəndi, digər qardaşı Sultan Vahidəddinin xanımlarından Əminə Qadınəfəndi və bacısı Dəryal xanım (Mehmed Səlim Əfəndinin xanımı) da vardır.[11]

Hələ 15 yaşında ikən 1858-ci ildə atası Sultan Əbdülməcidin istəyilə Əhməd Fəthi Paşanın oğlu Cəlaləddin Paşayla nişanlandı. Əhməd Fəthi Paşa bibisi Atiyə Sultanla evli idi.[12] Ancaq bəy namizədi paşanın Şəmsinur adlı ilk xanımından doğulan oğlu idi. Üstəlik Cəlaləddin Paşanın bir kənizindən Mehmed Kazım və Əhməd Fazil bəy adlı 2 oğlu da vardı. Bu səbəblə, saray ənənəsinə uyğun olaraq, öncə bu evliliyi sonlandırıldı. 27 may 1858-ci ildə başlayan toy şənliklərinin ardından 11 iyunda cütlüyün nigahı şeyxülislam Məşrəfzadə Arif Əfəndi tərəfindən bağlandı. Bu nigah mərasimi əsnasında kiçik bacısı Münirə Sultan da Kavalalı Hilmi Paşayla nigahlandı. Cütlüyün şərəfinə Fındıklıda bir saray inşa olunsa da, sarayın inşası gecikmiş, bu səbəblə cütlük toy mərasiminin ardından bir müddət Əmirgandakı sahilsaraylarının birində yaşamışdır.[13] Bir-birlərini çox sevdikləri bilinən cütlüyün bu nigahdan 6 övladları dünyaya gəlsə də, bunlardan ikisi uşaq yaşlarında vəfat etdi.

Olduqca sərt və qərarlı biri olan Cəmilə Sultanın bu xasiyyəti, himayəsində böyüdüyü ciddiliyi və dindarlığı ilə bilinən Pərəstu xanımdan qaynaqlanır.[14] Bu sərt və ciddi xasiyyətini yalnız öz saray əhalisinə deyil, öz ailə üzvlərinə qarşı da göstərmişdir. Belə ki, qardaşı Əbdülhəmid Əfəndinin saray ziyarətlərindən birində kiçik qızı Fatma xanım Sultanın nədiməsi olan saraylı Nazikəda xanımı görüb bəyənməsi, ancaq Cəmilə Sultanın yalnız nigah bağlandığı təqdirdə bu evliliyə razılıq verməsi buna nümunə ola bilər.[15][16]

Siyasi hadisələrdə iştirakı

[redaktə | mənbəni redaktə et]

Ancaq atasının 1861-ci ildə vəfatından sonra taxta çıxan əmisi Sultan Əbdüləziz səltənətində cütlük sıxıntı çəkdi. Bu dövrdə 18721875-ci illərdə 2 dəfə ticarət nazirliyinə təyin edilməsinə baxmayaraq, Cəlaləddin Paşa Sultan Əbdüləzizə müxalif cəbhədən idi. Bu düşmənlik isə 30 may 1876-cı ildə Sultan Əbdüləzizin taxtdan endirilməsi və 5 gün sonra isə müəmmalı şəkildə qətlə yetirilməsiylə nəticələndi. Hadisədə adı hallananlar arasında Cəlaləddin Paşa da var idi. Saray çevrilişinin ardından Cəmilə Sultanın böyük qardaşı Sultan Murad taxta çıxarıldı. Bu münasibətlə Cəlaləddin Paşa Topxana müşirliyinə təyin olundu. Ancaq çox keçmədən yeni bir saray çevrilişiylə Sultan Muradın əqli səhhətinin pis olması bəhanə göstərildi və Cəmilə Sultanın sevimli qardaşı Sultan Əbdülhəmid taxta çıxarıldı (31 avqust 1876).

Həmin ilin sonlarında 2 yaşlı oğlu Bəsim bəy vəfat etmiş, bu səbəblə qardaşı Sultan Əbdülhəmid bacısını təsəlli etmək üçün ona Kandilli səmtində Cəmilə Sultan korusunu hədiyyə etmişdir. Ancaq Cəlaləddin Paşanın Sultan Əbdüləzizin qətlində adının hallanması və Sultan Əbdülhəmidin buna cavabsız qalması sarayda narazılığa səbəb oldu. Nəticədə Cəlaləddin Paşa 1879-cu ilin yanvarında Trablusqərb valisi təyin edilərək paytaxtdan uzaqlaşdırıldı.

1881-ci ildə Sultan Əbdülhəmidin əmriylə aparılan Ulduz məhkəmələrinin nəticəsində, Cəlaləddin Paşanın saray hərəminə edilən basqının ardından hərəmdə tutulan kəniz və xidmətçilərin saraydan atılmasıyla, eləcə də çevrilişdə iştirak edən ordu mənsublarına ödəniləcək mükafatların təyin edilməsiylə vəzifələndirildiyi aşkarlandı. 29 iyun 1881-ci ildə tamamlanan məhkəmə tədqiqatının nəticəsində Sultan Əbdülməcidin digər kürəkəni Nuri Paşa və təqsirləndirilən digər 7 şəxslə birlikdə Cəlaləddin Paşa da edama məhkum olundu. Ancaq Cəmilə Sultan ərinin günahsız olduğunu iddia edərək qardaşından onun bağışlanmasını istədi. Uzun müzakirələrin ardından Sultan Əbdülhəmid bacıları Cəmilə Sultanın əri Cəlaləddin Paşanı və digər bacısı Fatma Sultanın əri Nuri Paşanı bağışladı. Hər iki bacısını ərlərindən boşandıran Sultan Əbdülhəmid haqlarında çıxarılan edam hökmünü ömürlük sürgünlə dəyişdirdi və hər ikisini Taifə sürgün etdi.

Cəlaləddin Paşanın sürgündə müəmmalı şəkildə öldürülməsindən sonra qalan illərini qardaşı Sultan Əbdülhəmiddən küskün olaraq keçirən Cəmilə Sultan Fındıqlı sarayını oğluna verərək Ərənköydəki köşkünə çəkildi və uzun illər burada övladlarıyla qapalı bir həyat sürdü. İllər sonra mərhum ərinə aid təraş dəstinin Ulduz sarayından oğlu Mahmud Cəlaləddin bəyə hədiyyə olaraq göndərilməsinin ardından, Ulduz sarayına gedərək qardaşı Sultan Əbdülhəmidlə barışmışdır.

Olduqca yardımsevər biri kimi tanınan Cəmilə Sultan 1902-ci ildə saray xəzinəsindən ayrılan bir aylıq ödənəyini Hicaz dəmiryolları inşaatına bağışlamış, bu səbəblə ona qızıl Hicaz Dəmiryolları Medalı təqdim edilmişdir.[17] Son zamanlarında səhhəti pisləşən Cəmilə Sultan bir müddət yatağa bağlı halda qaldıqdan sonra 26 fevral 1915-ci ildə Ərənköydəki köşkündə vəfat etdi. Cənazəsi Sultan Səlim məscidindəki Sultan Əbdülməcid türbəsinin yaxınlığına dəfn olundu.

  1. M. Çağatay Uluçay, Padişahların Kadınları ve Kızları, Ötüken Yayıncılık, İstanbul 2011, s. 206,221
  2. Giz, Osmanlı Prensesleri, s. 21
  3. Mehmed Süreyya, Sicill-i Osmani, C. 1, Tarih Vakfı Yurt Yayınları, (haz. Nuri Akbayar), İstanbul 1996, s. 11
  4. Uluçay, Kızları, s. 206, 222
  5. Hanzade Sultanefendi, Saray, s. 45
  6. John Freely, Osmanlı Sarayı Bir Hanedanlığın Öyküsü, (çev. Ayşegül Çetin), Remzi Kitabevi, İstanbul 2000, s. 267
  7. Akyıldız, Refia, s. 11
  8. Tezcan, Sarayın Çocukları, s. 210
  9. Ş. Osmanoğlu, Saray ve Sürgün, s. 19
  10. Erol Özbilgen, Bütün Yönleriyle Osmanlı Âdâb-ı Osmâniyye, İz Yayıncılık, İstanbul 2014, s. 528-529
  11. Açba, Harem Hatıraları, s. 51,75
  12. Serap Sunay, “Bir Hanedan Damadının Yaşam Tarzı ve Standardı: Ahmed Fethi Paşa’nın Terekesi”, Belleten Dergisi, C. 84, S. 300, Ağustos 2020, s. 754
  13. Freely, Osmanlı Sarayı, s. 276-277
  14. Necdet Sakaoğlu, Osmanoğulları’nın Ünlü Kadın Sultanları, Creative Yayıncılık, İstanbul 2007, s. 256
  15. Ziya Şakir, Sultan Abdülhamid, Akıl Fikir Yayınları, İstanbul 2010, s. 220
  16. A. Osmanoğlu, Sultan Abdülhamid, s. 36
  17. Başmabeyinci Lütfi Bey, Osmanlı Sarayının Son Günleri, Hürriyet Yayınları, İstanbul Birinci Baskı, s. 102-103
  18. Osman Selahaddin Osmanoğlu, Osmanlı Devleti’nin Kuruluşunun 700. Yılında Osmanlı Hanedanı, ISAR, İstanbul 1999, s. 17
  19. Jamil Adra, Genealogy Of The Imperial Ottoman Family, First Edition, Paris 2004, s. 9