39°41′01″ şm. e. 47°03′26″ ş. u.HGYO

Amaras monastırı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Amaras monastırı və ya Ağoğlan məbədi
Xəritə
39°41′01″ şm. e. 47°03′26″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Xocavənd
Yerləşir Sos İƏD, Cütcü kəndi
Aidiyyatı Qafqaz Albaniyası
Müqəddəs Qriqoris
Sifarişçi III Vaçaqan
Əsas tarixlər IV əsr-1836 - Alban Həvari Kilsəsi
1836-2015 - Erməni Qriqoryan Kilsəsi
Tikilmə tarixi IV əsr
Üslubu Qafqaz Albaniyası memarlığı
Rəsmi sayt amaras.org
İstinad nöm.246
Kateqoriyamonastır
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Amaras monastırı (Azərbaycan)
Amaras monastırı
Kompleksin planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Amaras monastırı və ya Ağoğlan məbədiXocavənd rayonunun Sos İƏD Cütcü (Maçqalaşen) kəndi ərazisində yerləşən xristian alban monastırıdır. Monastır Qafqaz Albaniyasında erkən xristianlıq dövründən Alban Həvari Kilsəsinin ləğv edilməsinə kimi ziyarət edilmiş ən müqəddəs məbədlərdən biri olmaqla, yaxın vaxtlara kimi yerləşdiyi ərazinin həm xristian, həm də müsəlman əhalisi tərəfindən müqəddəs hesab edilmişdir.[1] Həmçinin Amaras ərazisi xristianlığın yayılmasından əvvəl də böyük dini mərkəz olmuşdur.[1] Bu faktı ərazidə arxeoloji tədqiqatlar zamanı əldə edilmiş artefaktlar və bizim eranın I əsrinə aid məbəd qalıqları sübut edir.[2]

Tarixi mənbələr həm monastırı, həm də onun əsas məbədini Qafqaz Albaniyasının birinci katolikosu Qriqorisin adı ilə əlaqələndirirlər. Vatnan çölündə öldürülməsindən sonra onun cəsədi hələ Maarifçi Qriqori tərəfindən inşa edilmiş monastır kilsəsinə gətirilmiş və burada sərdabədə (və ya altar altında) dəfn edilmişdir.[1]

Arxeoloji tədqiqatlar zamanı abidənin üç inşaat mərhələsi müəyyən edilmişdir: birinci mərhələ IV əsrə, ikinci mərhələ X əsrə, üçüncü mərhələ isə XIX əsrə aiddir.[3] Həmçinin, çoxsaylı məbəd inşa etdirmiş və köhnə məbədlərin bərpasına əmr vermiş Albaniya hökmdarı III Mömin Vaçaqanın (487-510) hakimiyyəti dövründə də məbəddə yenidənqurma işləri aparılmışdır.[1] Lakin, çoxsaylı, inşaat, dağılma və yenidənqurma işlərinə baxmayaraq müasir məbəd binası öz ilkin formasını saxlaya bilmişdir.[4]

Monastır kompleksinin mərkəzinə yerləşən əsas məbəd binası, 15.9x11 m ölçülərinə malik, uzun bazilikadır. Kvadrat formalı dörd sütun, onlar arasında inşa edilmiş tağlar vasitəsiylə neflərin tağvari tavanını saxlamağa kömək edir. Altar hissəsi uzun nalvari absidadan və onun hər iki tərəfində yerləşən oxşar formalı yan otaqlardan ibarətdir. XIX əsrdə bina ciddi dağıntılara məruz qalmış və elə həmin əsrdə də köhnə özüllər üzərində yenidən inşa edilmişdir. Divar hörgüsündə inşa edilmiş köhnə məbədə aid relyefli və efiqrafikalı daşlar istisna olmaqla məbədin müasir interyer və eksteryer dekoru tamamilə XIX əsrə (1858-ci ilə) aiddir.[1]

Məbədin planı, IV əsrə aid qədim məbədin planını kiçik əlavələrlə təkrar edən X əsrə aid məbədin xüsusiyyətlərini saxlamışdır. Belə olduğu halda, arxeoloji tədqiqatların nəticələri IV əsrdə Amarasda, Qafqaz Albaniyası ərazisində erkən xristianlıq dövrünə aid ən qədim üçnefli bazilikanın mövcudluğunu qeyd etməyə imkan verir.[5]

Müqəddəs Qriqorisin dağıdılmış (solda) və yenidən hazırlanmış (sağda) məzar daşları

Amaras monastırının tarixi ArsakUti havarlarında xristianlığın yayılması tarixi ilə bağlıdır. Buna görə də, sonrakı dövrdə monastır Qafqaz Albaniyasının ən mühüm dini və mədəni mərkəzlərindən birinə çevrilmişdir. Qədim erməni mənbələrinin məlumatına görə, IV əsrin əvvəllərində Amaras ərazisində Maarifçi Qriqori tərəfindən kilsənin əsası qoyulmudur. V əsr erməni tarixçisi Favstos Buzand ilk alban katolikosu Müqəddəs Qriqorisin şəhid edildikdən sonra monastır ərazisində dəfn edilməsini qeyd edir.[6] Buzandın verdiyi məlumata görə Qriqoris Cənubi Dağıstanda 337-ci ildə öldürülmüşdür:

" Daha sonra, onunla birlikdə Haband havarından buraya gəlmiş şəxslər, onun cəsədini götürürək, Ermənistanla sərhəddə yerləşən Alban ölkəsi ərazisindəki Haband havarının Amaras adlı kəndə gətirdilər.[7] "

IV əsrin 30-cu illərindən etibarən monastır yeparxiya mərkəzi olmuş və XIX əsrə kimi bu funksiyanı yerinə yetirmişdir.

V əsrdə, ehtimal ki, Sasanilərə qarşı Vardan Mamikonyanın rəhbərliyi ilə aparılan üsyan (449-451) zamanı Amaras monastırı dağıdılmışdır.[8] Monastırın dağıdılmasında pers maqları da böyük rol oynamışlar, belə ki, onlar öz ölkələrinin sərhəddinə yaxın bir ərazidə belə bir xristian məbədinin olmasını istəmirdilər.[8] V əsrin sonlarında Amaras monastırı Qafqaz Albaniyası hökmdarı III Mömin Vaçaqanın sifarişi ilə bərpa edilmişdir.[8]

Mesrop Maştots Qafqaz Albaniyasında olarkən maarifləndirmə işinə Amaras monastırından başlamışdır. Maştotsun Qafqaz Albaniyasında maarifçi fəaliyyətini erməni tarixçisi Leo belə təsvir edir:

" Bu marşrutun Şərq ölkəsindən keçən hissəsində biz Aluankın məşhur ziyarətgahı Amarası – Maarifçi Qriqorun nəvəsi şəhid Qriqoris burada dəfn edilmişdir – görürük. Buradan marşrut Dizapayt dağındakı ziyarətgaha gətirdi... Bura cənub son məntəqəsi idi. Dizapaytdan şəfaverən Pantalion ziyarətgahı vasitəsiylə yol qərbə tərəf – Mats-Aran əyalətinin meşəlik monastırlarına tərəf döndü, Maştots və tələbələri buradan fəaliyyətə başladılar.[9] "

Ərəblərin Cənubi Qafqaza yürüşü zamanı monastır yenidən dağıdılmış və yalnız IX əsrdə Beyləqan hakimi Yesai Əbu Musanın dəstəyi ilə bərpa edilmişdir.[10]

1223-cü ildə monqol-tatar hərbiçiləri Amaras monastırını talan edərək xəzinəsini ələ keçirmişlər. Ələ keçirilmiş qiymətli əşyalar arasında Müqəddəs Qriqorisin IV əsrdən monastırda saxlanan əsası və 36 qiymətli daşla bəzədilmiş böyük qızıl xaç da var idi. Stepannos Orbelinin verdiyi məlumata görə, monqol sərkərdəsinin yunan mənşəli həyat yoldaşı Despinanın təklifi ilə əsa və xaç Konstantinopola göndərilmişdir. Yarım əsr sonra, 1387-ci ildə Amaras Artsakın digər monastırları kimi Əmir Teymurun yürüşlərindən ziyan çəkmişdir. Əmir Teymur dağıdılmış tikililərin daşını Araza tökmək üçün döyüşçülərini Amarasdan Araz çayına kimi düzmüşdür.[8]

Monastırın ikinci çiçəklənmə dövrü XVI əsrin II yarısına təsadüf edir. Bu dövrdə Kiş kəndindən olan yepiskop Petrosun təşəbbüsü ilə monastırda yenidənqurma işləri aparılmışdır. Həmin dövrdə Herher kəndi ərazisində isə yepiskopun iqamətgahı inşa edilmişdir.[10] Xəmsə məliklərinin yeni formalaşdığı dövrdə daha da genişləndirilən Amaras monastırı Vərəndə məlikliyinin ən müqəddəs ziyarətgahı olmuşdur. XVIII əsrdə Vərəndə məliyi II Şahnəzər monastırda inşaat işlərini yekunlaşdıraraq, kompleks ətrafında qala divarları inşa etdirir. II Şahnəzərin himayəsi altında həyata keçirilmiş inşaat işləri zamanı kompleksə çoxlu sayda otaqlar, hücrələr və digər məişət tikililəri əlavə edilir.[10]

XIX əsrin II yarısından etibarən Amaras monastırında şərq ölkələrindən Rusiyaya gedən ticarət karvanları yerləşdirilmişdir. Həmin dövrdə monastır geniş torpaq sahələrinə, bağlara, dəyirmanlara və mülklərə sahib idi.

1836-cı ildə Alban Həvari Kilsəsinin Rusiya Müqəddəs Sinodu tərəfindən ləğv edilməsindən sonra, 1848-ci ildə Gəncəsər mitropoliti Ter-Baqdasarın göstərişi ilə Amaras monastırı Erməni Qriqoryan Kilsəsinə tabe edilmişdir.

Bundan sonra, 1858-ci ildə Şuşa ermənilərinin təşəbbüsü ilə monastırda yenidənqurma və inşaat işləri aparılmışdır. Bu yenidənqurma-inşaat işləri zamanı abidənin qədim kitabələri məhv edilmişdir.[10] Monastır ərazisindəki stellalardan birinin üzərindəki kitabədən, onun 925-ci ilə aid olması müəyyən edilmişdir.[11] 1898-ci ildə kilsənin şimal nefində Müqəddəs Qriqorisin şərəfinə Mikel Ter-İsraelyan tərəfindən hazırlanmış məzar daşı yerləşdirilmişdir.

Qarabağ münaqişəsi illərində

[redaktə | mənbəni redaktə et]

1988-ci ildə Moskvadan göndərilmiş direktivlə Dağlıq Qarabağ ərazisində bəzi erməni kilsə və monastırlarının fəaliyyətə başlamasına icazə verilsə də, Azərbaycan hakimiyyəti buna icazə vermir. Amaras monastırı fəaliyyətə başlayan məbədlərdən biri olduğuna görə, qapılarını qeyri-qanuni olaraq ziyarətçilərin üzünə açdıqdan iki gün sonra Azərbaycan hərbçiləri bunun qarşısını alır[12].

19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib. 5 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi monastırın təhlükəsizliyi və mühafizəsinin polis əməkdaşları tərəfindən təmin edildiyini açıqlayıb.[13]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Kompleks dörd küncündə dairəvi qüllələr yerləşən düzbucaqlı plana malik qala divarları ilə əhatə edilmişdir. Qala divarları 85 m uzunluğa, 5.9 m enə və 5 m hündürlüyə malikdir. Daxildən qala divarlarının bütün perimetri boyunca yaşayış otaqları, hücrələr və digər məişət tikililəri inşa edilmişdir. Kilsədən şərqdə yerləşən uzun otaqlar sırası bütün həyəti iki hissəyə bölür. Böyük qərb hissəsinin mərkəzində kompleksin əsas tikilisi olan Müqəddəs Qriqoris kilsəsi yerləşir. Bu hissədə yerləşən bütün yaşayış otaqlarının qapısı kilsəyə tərəf açılır. Kilsənin cənub qanadında trapez formalı gözəl iki mərtəbəli bina – baş keşişin iqamətgahı yerləşir.[14]

Kiçik şərq həyəti sırf mülki xarakter daşımışdır. Burada iş otaqları, mətbəxlər, anbarlar və sair yerləşir. Monastır kompleksi ərazisinə yeganə giriş cənub-şərq tərəfdəndir. Giriş əsas həyətə yox, kiçik həyətə açıldığına görə, M.Asratyan onu müdafiə xarakteri ilə əlaqələndirir. Beləcə kompleksə iki yaruslu girişi təmin etməklə, kilsənin təhlükəsizliyi daha da gücləndirilmiş olur. Anoloji xüsusiyyət Sünikin XVII əsrə aid bəzi abidələrində də müşayət olunur.[15]

Müqəddəs Qriqoris kilsəsi

[redaktə | mənbəni redaktə et]
Kilsənin altarı

Tarixilik baxımından hazırkı kilsənin altarı altında yerləşən martirium-şəhid Müqəddəs Qriqoris sovməsi böyük əhəmiyyət kəsb edir.[11] Sərdabə, yaxınlıqdakı Hazaz dağından əldə edilmiş yaxşı yonulmuş daşlardan inşa edilmişdir. Düzbucaqlı formaya malik (3.7x1.9 m) sərdabə 3.5 m hündürlüyə, cənub və qərb tərəfdə yerləşən iki qapıya (qərb qapısı indi qapadılmışdır) malikdir. Cənub girişindən aşağı aparan pilləkənlə üzbəüz yerləşən divar həndəsi və nəbati naxışlarla bəzədilmişdir. Sərdabədə Müqəddəs Qriqorisin məzarı yerləşir və bu məzar monastırın əsas ziyarətgahı hesab edilir. Məzar daşı üzərində yepiskop tacı, əsa və xaç təsvir edilmiş, aşağıdakı sözlər yazılmışdır:

Müqəddəs Qriqoris kilsəsinin planı
" Aluank katolikosu və Maarifçi Qriqori Partevin nəvəsi Müqəddəs Qriqorisin məzarı. 322-ci ilin yayında doğulmuş, 340-cı ildə məsh edilmiş, 348-ci ildə Dərbənddə masqutların çarı Saneasan tərəfindən işgəncəli ölümlə şəhid edilmişdir. Onun müqəddəs cəsədi Artsakdan olan davamçıları-dyakonlar tərəfindən Amarasa gətirilmişdir. [11] "

Amaras monastırının mərkəzində yerləşən hazırkı kilsə 1858-ci ildə yaxşı yonulmuş felzit daşından inşa edilmişdir. Kilsə üçnefli bazilika (23.9x13.5 m) formasına malikdir. İki cüt sütunla üç nefə bölünən ibadət zalı tağvari örtüyə malikdir. Apsidanın hər iki tərəfində düzbucaqlı plana malik kiçik otaqlar yerləşir. Hər iki otaq tağ-tavan örtüyə malikdir. Otaqların dərinliyi 5 metrə çatır ki, bu da altarın altında Müqəddəs Qriqorisin sərdabəsinin yerləşməsi ilə izah edilir. Kilsənin yeganə girişi qərb tərəfə açılır. Divarlarda yerləşdirilmiş üç böyük və geniş (xaricdən eni 1.4 m, daxildən eni 2 m) pəncərə ilə ibadət zalı yaxşı işıqlandırılır.[11]

İkiqatlı dam üzərində yüksələn altı sütunlu rotonda kilsənin zəng qülləsi funksiyasını yerinə yetirir. Kilsədə aparılmış son yenidənqurma işlərindən əvvəl abidənin damında üç bu cür günbəzli rotonda yerləşirdi. Onlardan ən böyük olanı mərkəzdə, iki qismən kiçik olanı isə şərq və qrb künclərində yerləşirdi.[16]

Tədqiqatçıların fikrinə görə, hazırkı kilsənin inşası/yenidənqurması zamanı, inşaatçılar əvvəlki məbədin memarlıq kompozisiyasını təkrarlamamışlar. XVII əsrdə inşa edilmiş kilsəni şəxsən görmüş S. Cəlalyants da buna şahidlik edir.[17] Qədim məbəd günbəzli bazilika formasına malik olmuşdur.[18]

Kilsənin interyer və eksteryeri kifayət qədər ciddi görünüşə malikdir. Yeganə istisna portala malik qərb fasadıdır. Portalın timanı və onun üzərində yerləşən kiçik pəncərə yeri relyefli daşlarla əhatə edilmiş, frontonun altında isə xaç yerləşdirilmişdir. Kilsənin digər divarları demək olar ki, dekordan məhrum edilmişdir.[14]

  1. 1 2 3 4 5 Мамедова, 2004. səh. 52
  2. Геюшев, 1975. səh. 26-27
  3. Геюшев, 1975. səh. 31
  4. Геюшев, 1975. səh. 55-57
  5. Мамедова, 2004. səh. 55
  6. К. В. Тревер. Очерки по истории и культуре Кавказской Албании IV в. до н. э. — VII в. н. э. (источники и литература). Издание Академии наук СССР, М.-Л., 1959, стр., 197
  7. Фавстос Бузанд. История Армении. Ереван 1953, стр.14
  8. 1 2 3 4 Мкртчян, 1989. səh. 117
  9. Лео - Собрание сочинений, Ереван, 1947, т.2, səh. 152 (erm).
  10. 1 2 3 4 Мкртчян, 1989. səh. 118
  11. 1 2 3 4 Мкртчян, 1989. səh. 119
  12. David B. Barrett, George Thomas Kurian, Todd M. Johnson / World Christian encyclopedia: a comparative survey of churches and religions in the modern world / Oxford University Press, 2001 - p.92 (876)
  13. DİN: Xankəndidə kafedral və kilsə mühafizə olunur - VİDEO
  14. 1 2 Мкртчян, 1989. səh. 121
  15. Асратян, 1975. səh. 38
  16. Асратян, 1975. səh. 51
  17. С. Джалалянц – Путешествие в Великую Армению, Тифлис, 1842, ч.1, səh. 196
  18. Асратян, 1975. səh. 42
  • Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
  • Мамедова, Гюльчохра, Христианское култовое зодчество Кавказской Албании эпохи раннего средневековья, Баку: Элм, 1985
  • Каланкатуаци, Мовсес, История страны Алуанк / Пер. Ш. В. Смбатяна, Ереван: Матенадаран, 1984
  • Геюшев, . Р.Б., Амарас-Агоглан, Баку: Элм, 1975
  • Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989
  • Асратян, М.М., Амарасский архитектурный комплекс, Ереван: Вестник обшественных наук АН Арм. ССР, №5, 1975