Qadınlar sultanlığı
Qadınlar sultanlığı (osman. قادينلر سلطنتى) — Osmanlı imperiyasında, hasəki sultanların, ana sultanların və ya xanım sultanların ( Mihrimah Sultan, Fatma Sultan və ya Kösəm, Səfiyyə Sultan nümunələrində olduğu kimi Böyük Ana sultanların) dövlət idarəçiliyinə müdaxiləsi, Osmanlı imperiyasını şəxsən idarə etdikləri dövrə verilən addır.[1][2] Dövr, Qanuni Sultan Süleyman dövründə başlamış və 1656-cı ildə Körpülü Mehmed Paşa baş vəzir olana qədər davam etmişdir.[3]
Bu məqalə aşağıdaki məqalələr silsiləsinə aiddir: |
Türkiyə tarixi |
---|
Xronologiya |
Türkiyə portalı |
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Qadın sultanlığı anlayışı ilk dəfə Osmanlı tarixçisi Əhməd Rəfiq Altınay tərəfindən 1916-cı ildə eyni adla nəşr olunan məşhur tarix kitabında istifadə edilmişdir.[4] Lesli Pirs, ingiliscə versiyası 1993-cü ildə nəşr olunan Harem-i Hümayun: Suverenity and Women in Ottoman Empire adlı kitabında qadın sultanlığı anlayışını özündə əks etdirməklə, bu mövzuda xeyli anlaşılmazlıqların olduğuna diqqət çəkir. Bu anlaşılmazlıqlardan biri, qədim köklərə malik inanc, qadınların dövlət idarəçiliyinə cəlb edilməsinin Osmanlı imperiyasına zərəri fikridir. Lesli Pirs öz kitabında yazır ki, Hacı Mustafa Sunullah Əfəndi hələ 1599-cu ildə qadınların dövlət işlərinə qarışmasından şikayətlənmişdi. O zamandan sonra Osmanlı imperiyasının Qanuni Sultan Süleymandan sonra başlayan durğunluq və tənəzzülün qadınların dövlət işlərinə qarışmasından qaynaqlandığı fikri geniş vüsət almış, qadınların hökmranlıq dövrü ictimaiyyət və tarixçilər arasında mənfi qarşılanmağa başlanmışdır. Ancaq bu da həqiqətdir ki, qadınların səltənəti 1656-cı ildə başa çatsa da, Osmanlı imperiyasının süqutu səngimədi, əksinə, daha da sürətləndi. Əslində, Lesli Pirs və İlbər Ortaylı da daxil olmaqla bir çox Osmanlı tarixçisi Osmanlı imperiyasının əsl zəifləmə dövrünün 1683-cü il, Vyana döyüşündəki uğursuzluğundan sonra başladığına inanırlar[2] və buna görə də yazılarında Osmanlı imperiyasının dağılmasında qadınların hökmranlığının məsuliyyət daşımadığına işarə edirlər.
Bu gün "Qadınların sultanlığı" (və ya qərb dillərində bilindiyi kimi Qadının kökmdarlığı) termini tarixçilər tərəfindən 1533-1656-cı illər arasındakı dövrü təsvir etmək üçün istifadə olunur. Bu Osmanlı dövlətini qadınların şəxsən idarə etməsi mənasında deyil, Osmanlı dövlət idarəsində qadınların digər dövrlərlə müqayisədə daha çox gücə malik olması mənasında işlədilir. Zaman-zaman mütləq gücə yaxınlaşdılar, lakin heç vaxt Rusiya imperiyasında II Yekaterina və Britaniya imperiyasında I Yelizaveta kimi rəsmi status qazana bilmədilər. Qadınların hökmranlığının ən mühüm səbəblərindən biri Osmanlı İmperiyasının durğunluğu dövründə taxta çıxan uşaq və ya qüsurlu sultanlardır. Digər tərəfdən, sultanların qardaş öldürmə ənənəsi oğulları üçün lobbiçilik edən anaların siyasətə müdaxiləsi ilə nəticələnməyə səbəb vermişdir.
Osmanlı tarixinin qadın sultanları
[redaktə | mənbəni redaktə et]Dünyadakı bütün monarxiyalarda olduğu kimi Osmanlı imperiyasında da sülalə mənsubları həmişə hökmdarın dövlət idarəçiliyində verdiyi qərarlara təsir göstərmişlər. Lakin Osmanlı imperiyasının digər monarxiyalardan fərqi ondan ibarət idi ki, sultanlar öz arvadlarını cariyələr arasından seçir, rəsmi nikahdan çəkinirdilər.[5] Bu qayda xüsusilə yüksəliş dövründə qurulmuş və sultanın arvadlarının və ailələrinin sultana təsir etməsinin qarşısını almaq üçün tətbiq edilmişdir.
Qanuni Sultan Süleyman ilk dəfə Hürrəm Sultanla rəsmi nikah bağlamaqla bu qaydanı pozdu. Beləliklə, qadınların səltənəti sultanın ən sevimli arvadı Hasəki Sultanın hakimiyyətə gəldiyi bir dövr kimi başladı. III Muradın anası Nurbanu Sultan və III Mehmedin anası Səfiyyə Sultanın dövründə hakimiyyət Hasəki Sultandan, yəni sultanın anası Validə sultana keçirdi. İki sultanın (IV Murad və İbrahim) anası olan və nəvəsi IV Mehmedin dövründə də hakimiyyətini qoruyub saxlayan Kösəm Sultan dövrü qadınların hakimiyyətinin zirvəyə çatdığı dövr hesab olunur. O, dövləti şəxsən idarə edirdi, xüsusən də oğulları və nəvələri gənc olanda regent rolunu öz üzərinə götürmüşdü. Lakin qadınların səltənəti pik həddinə çatdıqdan sonrakı dövrün ana sultanı Turxan Xədicə Sultan ilə keçmiş ana sultan Kösəm Sultan arasında şiddətli mübarizə gedir və qadınların səltənəti Kösəm Sultanın öldürülməsi ilə sona çatır. Mübarizədə qalib gələn Turxan Sultan, əldə etdiyi gücdən istifadə etməyərək arxa plana çəkilmək qərarına gələrək, 1656-cı ildə Körpülü Mehmed Paşanın baş vəzir olmasına dəstək verdi və idarəni başqa dövlət adamlarına buraxır.[6]
Qadınların səltənətinin sona çatması ilə, Osmanlı imperiyasının idarəçiliyinə qadınların təsirləri tamamilə sonlanmadı. Validə Sultanlıq Osmanlı imperatorluğunun son illərinə qədər öz əhəmiyyətini qoruyub saxladı. Validə sultanlar sultan olan oğullarına dövlət işlərində daima təsir göstərməkdə davam etmiş, məscid, xəstəxana tikintisi və xeyriyyə işlərində də böyük büdcə və qərar qəbul etmə səlahiyyətlərinə malik olmuşlar. Məsələn, dövlətin bir çox memarlıq layihələrinin arxasında mərhum Validə sultanlardan Bəzmialəm Sultan və Pərtəvniyal Sultan dayanırdı. Lakin qadınların hökmranlığı ilə müqayisədə fərq ondadır ki, Kösəm Sultandan sonra ana sultanlar daxili və xarici siyasət məsələlərinə birbaşa qarışmaqdan çəkinmişdilər. Bundan əlavə, III Əhmədin qızı və Nevşəhərli Kürəkən İbrahim Paşanın həyat yoldaşı Fatma Sultan, Lalə dövrünün son illərində böyük gücə sahib idi və Osmanlı tarixinin son güclü xanım Sultanı idi.[7]
Sultanlar
[redaktə | mənbəni redaktə et]Hürrəm Sultan
[redaktə | mənbəni redaktə et]Hürrəm Sultan Osmanlı tarixində dövlət işləri ilə məşğul olan ilk qadın kimi tanınır. Hürrəm Sultanın öz möhürü var idi, məclis iclaslarını barmaqlıqlarla örtülmüş pəncərədən izləyir, fikirlərini sultana bildirirdi. Bir çox oxşar inqilabi hərəkatlarla qadınlar səltənətini onun başlatdığı qəbul edilir.
Hürrəm Sultan Osmanlı hərəmxanasının cariyəsi olmuş və rəsmi olaraq sultanla evlənən ilk Hasəki Sultan olmuşdur. Bu evlilik Qanuni Süleymanın əvvəlki həyat yoldaşı Mahidövran Sultanın təsirinin azalmasına səbəb oldu. Lakin Mahidövran Sultan yeniçərilər tərəfindən sevilən və gələcək sultan sayılan Şahzadə Mustafanın anası olduğu üçün gələcək Validə Sultan statusunu qoruyub saxla bilib. Hürrəm Sultan 1536-cı ildə Qanuni Süleymanın böyük vəziri, padşahın qardaşı kimi qüdrətli dövlət xadimi Parqalı İbrahim Paşanın, 1553-cü ildə[8] isə Şahzadə Mustafanın Qanuni Süleymanın əmri ilə öldürülməsindən sonra böyük güc qazandı. Bəzi tarixçilər 1553-cü ildə Qanuni Süleymanın Şahzadə Mustafanı öldürməsini Hürrəm Sultanın təsiri ilə əlaqələndirirlər. Bununla da Hürrəm Sultanın oğlu II Səlim üçün sultanlığa yol açıldı.
Bundan əlavə, Hürrəm Sultan o zamana qədər digər Osmanlı sultanları həyat yoldaşlarından fərqli olaraq xarici siyasətlə maraqlanırdı və diplomatik yazışmalar aparırdı. Qanuninin hökmdarlığının ikinci ilində Rodos cəngavərlərinə qarşı Rodos səfərinin açılmasını təşviq etdiyi və sonrakı illərdə də Fars səfərlərinə dəstək verdiyi düşünülən Hürrəm Sultan, 1548-ci ildə də Qanuni Süleyman ikinci İran səfərində olarkən Polşa taxtına çıxan yeni krala təbrik məktubu yazıb, hədiyyələr göndərmişdir.
Mihrimah Sultan
[redaktə | mənbəni redaktə et]Qanuni Süleyman və Hürrəm Sultanın qızı Mihrimah Sultan anası ilə birlikdə böyük güc qazanmış və əri, sədrəzəm Rüstəm Paşa ilə birlikdə imperiyanın ən güclü şəxslərindən birinə çevrilmişdir. Osmanlı imperiyasının Polşa krallığı ilə sülh içində olmasını təmin etməkdə həm Hürrəm Sultanın, həm də Mihrimah Sultanın böyük rolu olmuşdur. Hər iki sultanın Polşa kralı II Ziqmuntu taxta çıxması münasibətilə təbrik etmək üçün göndərdikləri məktublar Polşa Dövlət Arxivində qorunur.[9]
Əslində, Mihrimah Sultan o qədər zəngin və dövlət işlərinə o qədər maraqlı idi ki, atası Qanuni Süleymana onu Malta səfərinə qatılmağa razı salmaq üçün öz cibindən ödəyəcəyi pulla 400 gəmi inşa etdirəcəyini vəd etmişdi.[10] Mihrimah Sultanın hakimiyyəti valideynlərinin ölümündən sonra da davam etdi. O, ölümünə qədər sultan qardaşı II Səlimin ən yaxın məsləhətçilərindən biri olaraq qalıb.
Nurbanu Sultan
[redaktə | mənbəni redaktə et]Mihrimah Sultanın ölümündən sonra II Səlimin venesiyalı arvadı Nurbanu Sultanın hakimiyyətdəki gücü artdı. Onun sultanlığı dövründə ərinin təsiri oğlu III Muradın dövründə daha da artdı.[11] O, Avropa ilə maraqlanırdı və yəhudi əsilli katibi Ester Handali vasitəsilə Venesiya Respublikası ilə hədiyyələr mübadiləsi aparırdı. Fransız kraliçası Yekaterina Mediçi ilə yazışırdı.[12] Oğlunun hakimiyyəti dövründə o, Venesiya tərəfdarı siyasət yeritmiş, Venesiya ilə uzun müddət sülhü təmin etmişdir.[11]
Səfiyyə Sultan
[redaktə | mənbəni redaktə et]III Muradın arvadı Safiyyə Sultan ərinin sultanlığının ilk illərində qayınanası Nurbanu Sultan və qızları Əsməhan Sultan və Gövhərxan Sultan ilə hakimiyyət uğrunda mübarizə aparırdı. O, Nurbanu Sultan 1583-cü ildə vəfat etdikdən sonra əri üzərində böyük təsir gücünə sahib oldu. Səfiyyə Sultanın da qayınanası Nurbanu Sultan kimi venesiyapərəst siyasət yürütdüyü iddia edilir. Nurbanu Sultan kimi o da Avropa ilə maraqlanırdı və İngiltərə kraliçası I Yelizaveta ilə yazışırdı. I Ylizaveta Səfiyyə Sultana dəbdəbəli avtomobil hədiyyə etmişdi[13] və Səfiyyə Sultan o dövr üçün qeyri-adi olan bu avtomobillə İstanbulu gəzirdi. Səfiyyə Sultan saray daxili və xarici əlaqələri yəhudi əsilli katibəsi (katibi) Esperanza Malçi vasitəsilə həyata keçirirdi. Esperanza Malçi, Səfiyyə Sultana göstərdiyi xidmətlər sayəsində böyük sərvət qazanmışdı, lakin buna dözə bilməyən yeniçərilərin başlatdığı üsyan nəticəsində 1600-cü ildə öldürüldü.[5] Digər tərəfdən Şahzadə Mahmud və anas, Səfiyyə Sultanı daim təhdid edirdilər. Ona görə də gəlini və nəvəsini ortadan qaldırtdırır. Oğlu III Mehmedə təsir edən Səfiyyə Sultan məqsədinə çatmış oldu. Şahzadə Mahmud 1603-cü ildə sarayda səssizcə boğularaq öldürülür, gələcəyin Validə sultanı olacaq anası isə Köhnə saraya sürgün edilirdi.
Xəndan Sultan
[redaktə | mənbəni redaktə et]III Mehmedin həyat yoldaşı Xəndan Sultan 1603-cü ilin sonlarında I Əhmədin taxta çıxması ilə Validə sultan oldu. O, 1605-ci ildə ölümünə qədər oğluna və dövlətin fəaliyyətinə böyük təsir göstərmişdir. Böyük qardaşı Şahzadə Mahmudun ölümündən çox təsirlənən Sultan Əhmədə Xəndan Sultan çox təsəlli vermişdi. Çoxlu cariyələr gətirməklə Şahzadə Mustafa təhlükəsindən qurtulmaq və nəslinin oğlundan davam etməsini təmin etmək üçün nəvə sahibi olmaq istəyirdi.[14] Qardaşların öldürülməsi fikri, 1604-cü ilin əvvəllərində I Əhməd və Şahzadə Mustafanın yoluxduğu qızılca xəstəliyi nəticəsində sülalənin məhv olması qorxusu ilə təxirə salındı. Ancaq xarici mənbələrdə bildirilir ki, Şahzadə Mustafa xəstəlikdən sağaldıqdan sonra qəfəs sistemi tətbiq olunana qədər onu öldürmək fikri çox yayılmışdı. Bu səbəbdən Xəndan Sultanın alayı ilə səfərdə olarkən Şahzadə Mustafanı yanından heç vaxt ayırmadığı deyilir.[14]
Oğlunun uşaq yaşda taxta çıxmasından sonra təyinatlara, Səfiyyə Sultana yaxın adamların işdən çıxarılmasına, hərəmxanadan, digər güc qruplarına bağlı olanların xeyli hissəsinin təmizləndiyi dövrə təsadüf edir. Lesli Pirsə görə, Xəndan Sultan oğlunun adından dövləti şəxsən idarə edib.[15] İlk illərdə yaratdığı idarəçilik sistemi ilə təsirli siyasət həyata keçirən Validə sultanı, Şeyxülislam Əbülməyamin Mustafa Əfəndi və Cərrah Mehmed Paşa müşayiət edirdi.[16] Ancaq ömrünün qısa olması və Validə sultanlığına görə, qayınanası Səfiyyə Sultan və ya gəlini Kösəm Sultan qədər tanına bilmədi.
Digər Validə sultanlardan fərqli olaraq Xəndan Sultan öz ailə üzvlərini saraya və paytaxta toplaya bilib. O, bacılarını hərəmxanaya gətirtmiş, qardaşı Qeysudar Mustafa isə Mahmud Hüdayinin dərgahına daxil olmuşdu.[17]
Venesiyalıların təqdim etdiyi Balyos hesabatına görə, Validə sultan olana qədər oğlunun öldürülməsi qorxusu ilə keçirdiyi çətin həyatdan sonra, o, çox güman ki, ağır mədə xəstəliyi nəticəsində vəfat edib. Xəndan Sultanın erkən ölümü və Səfiyyə Sultanın 9 yanvar 1604-cü ildə böyük bir yürüşün müşayiəti ilə Köhnə saraya göndərilməsi, Kösəm Sultanın sarayda yüksəlişinin əsas səbəblərindən biridir. Çünki Xəndan Sultan sağ olduğu müddətcə Kösəm Sultanın hərəmdə yüksəlməsinə imkan yox idi.
Həlimə Sultan
[redaktə | mənbəni redaktə et]III Mehmedin Hasəki sultanlarından biridir. Hərəmə girdikdən sonra Həlimə Sultan ilk olaraq Şahzadə Mahmudu, daha sonra isə 1590-1591-ci illərdə I Mustafanı dünyaya gətirib.[18] Oğlunun taxta çıxması üçün çalışan Validə Sultanın səyləri bəlli olanda, Şahzadə Mahmudun III Mehmed hakimiyyətini təhdid edə biləcək sözləri bardağında son damla oldu.[19] Səfiyyə Sultanın təsiri ilə şahzadə bir gecə öz dairəsində gizlicə boğularaq öldürülür.[20] Validə Sultan da bu hadisədən sonra Köhnə saraya göndərildi. Hərəmdə Səfiyyə Sultandan sonra gələn Hasəki Handan Sultan, Şahzadə Mustafanın qayğısına qaldı. I Əhməd taxta çıxdıqdan sonra Handan Validə sultan Validə sultanın yeganə oğlunun öldürülməsinin qarşısını aldı.[21] Bu məsələ Validə sultanın ölümündən sonra uzun müddət gizli qaldı. Lakin 1612-ci ildə Şahzadə Mustafanın öldürülməsi fikri yenidən gündəmə gəlsə də, Kösəm Sultanın təsiri ilə sultan bu fikrindən döndərilir.[22]
I Mustafa taxta çıxanda Validə sultan da Köhnə saraydan gələrək illərdir boş qalan Validə sultan dairəsində məskunlaşdı. Amma bir problem var idi, qayınanası Səfiyyə Sultan sağ idi. Səfiyyə Sultan həm əri III Murad, həm də oğlu III Mehmedin dövründə saray siyasətində çox nüfuzlu bir Validə sultan idi. İki nəvəsinin sultan olduğunu görüb. Halbuki Osmanlı ənənəsinə görə, Validə sultan kimi dövlətin ən güclü qadını sultanın nənəsi deyil, anası idi. Validə sultan nüfuzlu olmaq istəsə də, oğlunun psixi problemləri onun həyatına da təsir göstərmişdi. Güclü olsa da, Handan Sultan kimi qısa müddət ərzində Validə sultan olduğu üçün kifayət qədər nüfuz qazana bilmədi.
Oğlu I Mustafanın ilk səltənətliyi dövründə hakimiyyət Validə sultan və qızı Dilruba Sultanla evli olan kürəkəni Qara Davud Paşanın əlində idi. 1618-ci ildə oğlu taxtdan endirildi və yerinə II Osman taxta çıxdı, lakin 1622-ci ildə yenidən taxta çıxdı və növbəti il yenidən taxtdan salındı. Validə sultan vəzifəsini itirdi.
Mahpeykər Kösəm Sultan
[redaktə | mənbəni redaktə et]I Əhmədin həyat yoldaşı Kösəm Sultan ərinin hakimiyyəti dövründə sarayda o qədər də nüfuzlu deyildi. Lakin ərinin ölümündən sonra o, siyasətə qarışmağa başlayıb. O, IV Murad və sonradan taxta çıxan İbrahimin anası idi. Lakin, ərinin daha əvvəlki cariyəsindən doğulan oğlu II Osman taxta çıxanda onu Köhnə saraya göndərirlər. Öz övladları sultan olduqdan sonra yenidən saraya qayıdaraq, qısa müddətdə böyük nüfuz qazanıb. 11 yaşında taxta çıxan oğlu IV Muradın uşaqlıqda naib rolu və digər oğlu İbrahimin hökumətdəki zəifliyi Kösəm Sultanı imperiyanın ən mühüm hökmdarlarından birinə çevirdi.[23]
Kösəm Sultan Anadoludakı üsyanları yatırmaq üçün çox cəhdlər etmiş və Abaza Paşa üsyanını yatırmışdı. O, anarxiya dövründə ölkəni bərpa etmək üçün çox səylər göstərmişdir. Kösəm Sultan təxminən 10 illik hakimiyyəti dövründə 8 sədrəzəm və 9 xəzinədar dəyişib. Bundan əlavə, ehtiyacı olanlar üçün yeməkxanalar açıb, xeyriyyə müəssisələri tikdirib, borclarına görə həbsdə olan məhbusları həbsdən azad etdirib, ehtiyacı olan ailələrin qızları üçün cehiz hazırlayıb evləndirib. Bu cürə fəaliyyətləri onun hakimiyyətinin ilk dövründə cəmiyyətdə və bürokratik dairələrdə yüksək qiymətləndirilib.
Oğulları Şahzadə Süleyman və Şahzadə Kasımın IV Murad tərəfindən öldürülməsinin qarşısını ala bilmədi; lakin o, İbrahimin padşahlıq yükünü daşıya bilməyəcək qədər zəif olduğunu iddia edərək onun öldürülməsinin qarşısını ala bilib. Sultanın gənc yaşlarında vəfat etməsindən sonra Kösəm Sultanın digər oğlu İbrahim taxta çıxdı. İbrahim şahzadə olduğu müddətdə daim öldürülmək qorxusu ilə yaşadığı üçün psixoloji cəhətdən çox sarsılmışdı və bu, Osmanlı imperiyasında idarəetmə boşluğuna gətirib çıxardı. Paytaxtda yeni ixtilaflar yarandı, Qapıqulu əsgərləri, üləmaları, vəzirləri və saray məmurları hakimiyyətdə necə daha çox söz sahibi ola biləcəkləri barədə dəqiq hesablamalar aparmağa başladılar. İqtidarın olmaması bu cür qarşıdurmalara səbəb olduğu üçün həmişə idarəçilik həvəsində olan Kösəm Sultan hərəkətə keçdi; sultan kimi önə çıxardığı oğlu İbrahimin dövründə o, yenidən dövlət işlərində fəal iştirak etdi.
Sonralar 6 yaşında sultan olan nəvəsi IV Mehmed dövründə o, IV Mehmedin anası Turxan Xədicə Sultan ilə başlayan hakimiyyət mübarizəsində məğlub olmuş və öldürülmüşdür.
Turxan Xədicə Sultan
[redaktə | mənbəni redaktə et]Lakin Sultan İbrahim taxtdan salındıqdan sonra Kösəm Sultanın yeni bir rəqibi oldu. O, IV Mehmedin anası Turxan Sultan idi.[24] Kösəm Sultan IV Turxan Sultanın gücünü qırmaq üçün Mehmedi taxtdan salmağı planlaşdırırdı. Lakin vəziyyəti öyrənən Turxan Sultanın tərəfdarları Kösəm Sultanı öldürtdürdülər. Mübarizədə qalib gələn Turxan Sultan regent oldu. Lakin o, ölkəni birbaşa idarə etməmiş və bir neçə baş vəziri dəyişdikdən sonra 1656-cı ildə bu vəzifəni Körpülü Mehmed Paşaya vermişdi.[25] Mehmed Paşa bu vəzifəni onun işlərinə qarışmamaq şərti ilə qəbul edib. Bu tarix qadınların sultanlığının bitdiyi tarix hesab olunur.
Dövrün sona çatmasının səbəbləri
[redaktə | mənbəni redaktə et]İlk dövrlərdə qadın sultanların oğullarının hakimiyyət uğrunda mübarizədə rolu təkcə hakimiyyət uğrunda mübarizə deyil, həm də onların həyat mübarizəsi idi. I Əhmədin səltənətinə qədər qüvvədə olan Fateh Qanunnaməsi görə, taxta çıxan sultanlar qardaşlarını öldürdükləri üçün hakimiyyət uğrunda mübarizədə məğlub olanlar da həyatlarını itirirdilər. Buna görə də Hürrəm Sultanın timsalında göründüyü kimi, Hasəki Sultanın oğlunu sultan etmək üçün iştirak etdiyi hadisələr onun oğullarının həyat mübarizəsinin bir parçası idi. Lakin I Əhməd dövründə Fatih Qanunnaməsinin ləğvindən sonra gənc yaşda taxta çıxan sultanlar sayəsində Kösəm Sultan dövründə qadınların səltənəti bir müddət davam etdi; amma bundan sonra öz gücünü itirdi.
Bəzi hallarda sağ qalma instinkti ilə yanaşı, öz doğma torpaqları ilə əlaqələrini qoruyub saxlayan Nurbanu Sultan kimi bəzi sultanların vətənlərinin mənafeyini müdafiə etmək üçün dövlət işlərinə qarışdıqları da müşahidə edilmişdir.
Qadınlar sultanlığının sona çatmasının səbəblərindən biri Turxan Xədicə Sultanın Körpülü Mehmed Paşaya vəzifə verməsi oldu. Körpülülər nəslindən başlayaraq bir sıra istedadlı baş vəzirlər hakimiyyətə gələrək dövlət işlərini daha çox başqa dövlət adamlarına həvalə etməyə başladılar. Beləliklə, hakimiyyət müəyyən qədər Topqapı sarayından Bab-ı-Aliyə keçdi və təkcə qadın sultanların deyil, sultanların da məsuliyyəti azalmağa başladı.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Kumar, Lisa, redaktorEncyclopedia of World Biography. Farmington Hills, MI: Gale. 2017. 305–306. ISBN 9781410324139.
- ↑ 1 2 İlber Ortaylı: Tarihimiz ve Biz, Timaş, sf.119
- ↑ İlber Ortaylı: Son İmparatorluk Osmanlı, Timaş sf.78 ISBN 975-263-490-7
- ↑ Kadınlar Saltanatı, Ahmet Refik Altınay, Tarih Vakfı Yayınları, ISBN 975-333-192-4, Mayıs 2005. Osmanlıca aslı: قادينلر ساطنتي
- ↑ 1 2 "Osman's dream: the story of the Ottoman Empire, 1300-1923", Caroline Finkel, ISBN 0-7195-5513-2, John Murray Publishers Ltd., 2005.
- ↑ Ottoman Women Builders: The Architectural Patronage of Hadice Turhan Sultan (Women and Gender in the Early Modern World), Lucienne Thys-Senocak, ISBN 0-7546-3310-1, Ashgate Publishing, 2007
- ↑ Alev Lytle Croutier: Harem
- ↑ "Şehzade Mustafa öldürülmeseydi..." 10 Şubat 2015. 30 Haziran 2015 tarixində arxivləşdirilib.
- ↑ Hürriyet Gazetesi[ölü keçid]
- ↑ "Suleyman the Magnificent". 27 Eylül 2009 tarixində arxivləşdirilib.
- ↑ 1 2 Venice and the Islamic world, 828-1797, Issue 6921, By Stefano Carboni, Institut du monde arabe (Fransa), Yale University Press, 2007.
- ↑ http://arama.hurriyet.com.tr/arsivnews.aspx?id=7836090[ölü keçid]
- ↑ "Kadın liderler". 3 Nisan 2021 tarixində arxivləşdirilib.
- ↑ 1 2 ASVe, SDC, filza 60, fol. 11r (18 Eylül 1604 tarihli rapor)
- ↑ Imperial Harem : Women and Sovereignty in the Ottoman Empire 1993, Oxford University Press, ISBN 0-19-508677-5
- ↑ Günhan Börekçi, Encyclopedia of The Ottoman Empire, Sayfa:23
- ↑ İnkırâzın Eşiğinde Bir Hanedan: III. Mehmed, I. Ahmed, I. Mustafa ve 17. Yüzyıl Osmanlı Siyasî Krizi, Günhan BÖREKÇİ, 2009, sayfa: 90
- ↑ "MUSTAFA I - TDV İslâm Ansiklopedisi" (Türkçe). 7 Nisan 2022 tarixində arxivləşdirilib.
- ↑ Bakınız Şahzadə Mahmud
- ↑ Bakınız Səfiyyə Sultan, Başlık: Valide Sultanlık dönemi, Alt Başlık: Şehzade Mahmud'un boğdurulması
- ↑ Enver Behnan Şapolyo, Osmanlı Sultanları Tarihi, Rafet Zaimler Yayınevi, Basım Tarihi: 1961, Sayfa: 226
- ↑ Günhan Börekçi, İnkırâzın Eşiğinde Bir Hanedan III. Mehmed I. Ahmed I. Mustafa ve 17. Yüzyıl Osmanlı Siyasî Krizi, Sayfa: 94 ve 95
- ↑ Rüknü Özkök - Mustafa Barış Özkök: Malazgirt'ten Dumlupınar'a sf.182,183 ISBN 978-605-111-252-7
- ↑ Gelişim Hachette Ansiklopedisi 9.Cilt sf.3096
- ↑ Gelişim Hachette Ansiklopedisi 9.Cilt sf.3097
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Lord Kinross: Osmanlı İmparatorluğu'nun Yükselişi ve Çöküşü (Türkçesi: Meral Gaspıralı) İstanbul, Altın Kitaplar-2008 (Hürrem Sultan için sf 233, Safiye Sultan için sf 274, Kösem Sultan için sf 296-304)
- Prof Yaşar Yücel-Prof Ali Sevim: Türkiye tarihi cilt II, İstanbul, Atatürk Kültür Dil ve tarih Yüksek Kurumu yayınları (Hürrem Sultan ve Şehzade Mustafa'nın idamı için sf 298)
- Prof Yaşar Yücel-Prof Ali Sevim: Türkiye tarihi cilt III, İstanbul, Atatürk Kültür Dil ve tarih Yüksek Kurumu yayınları (Nurbanu Sultan için sf 18, Safiye Sultan için sf 29, 42, Kösem Sultan Turhan Sultan mücadelesi için sf 106-109)
- Jean Paul Roux: Türklerin Tarihi (Türkçesi:Prof Aykut Kazancıgil, Lale Aslan Özcan, İstanbul, Kabalcı yayınevi-2004 (Safiye Sultan ve Kösem Sultan hakkında değerlendirme için sf 403)
- Encyclopaedia Britannica, Expo 70 ed., William Benton pub., (Safiye Sultan için cilt 19 sf 876, Kösem Sultan için cilt 13 sf 478, Kösem Sultan Turhan Sultan mücadelesi için cilt 22 sf 374)
- Kadınlar Saltanatı; Ahmet Refik Altınay, Tarih Vakfı Yurt Yayınları-2000(ilk basım 1916-1923 arasında dört cilt), ISBN 975-333-139-8