Kərbəlayi Vəli Mikayılov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kərbəlayi Vəli Mikayılov
Şəxsi məlumatlar
Doğum tarixi 1877
Doğum yeri
Vəfat tarixi 1941
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi, şair, jurnalist, tərcüməçi

Kərbəlayi Vəli Əyyub oğlu Mikayılov (1877, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası1941, Zəncan, Cənubi Azərbaycan, Pəhləvilər İranı[d]) — Azərbaycan ictimai-siyasi xadimi, şair, jurnalist və tərcüməçi. Müsavat Partiyasının ilk üzvlərindən biri. AXC dövründə Hökumət mətbəəsinin rəhbəri (1918–1920).[1][2]

Kərbəlayi Vəli Mikayılov 1877-ci ildə Bakıda doğulub.[3] Kərbəlayi Vəlinin ulu babası "Topuz vuran" ləqəbli Eyvaz Bakının Bülbülə kəndindən olub.[4] Vəli ev təhsili almışdır.

"Həyat", "İrşad", "Məlumat", "İqbal", "Açıq söz", "Molla Nəsrəddin", "Babayi-Əmir", "Şəhabi-saqib" qəzet və jurnallarda Kərbəlayi Vəli yaxından iştirak edir, "Kərbəlayi Vəli Cəbir Badükubeyi", "K. V. M", "Sabir Badükubə", "Mozalan", "Cırtdan" və s. gizli imzalarla dövrün əksər mətbu nəşrlərində məqalə və şeirlərini çap etdirib.

"Müsavat" partiyasının ilk üzvlərindən biri olmuşdur. Zaqafqaziya SeymininAzərbaycan Milli Şurasının üzvü, 1918–1920-ci illərdə Hökumət mətbəəsinin müdiri olmuşdur.[1][2] Azərbaycanda "Türk ocaqları"nın açılmasında fəal iştirak edib.[5]

Sovet hakimiyyəti zamanı Bakıda 42-ci məktəbdə müəllim, Maarif Komissarlığının nəşriyyat şöbəsində ticarət agenti işləyib.

Gizli Müsavat təşkilatıyla əlaqəsinə görə 1923-cü ildə həbs edilib, 25 aprel 1924-cü ildə 3 illiyə Yaroslavla sürgün edilib.[3][6] 1928-ci ildə yenidən tutulub və buraxılıb.[7] Güney Azərbaycana mühacirət edib və müharibə zamanı sovet qoşunları buraya girərəkən kommunistlər onu Zəncanda öldürüblər.[1][4][8][9]

Ədəbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Kərbəlayi Vəli Mikayılov dövrün əksər mətbu nəşrlərində məqalə və şeirlərini çap etdirib. "Məlumat" qəzetinin bir neçə sayında Kərbəlayi Vəlinin "Sabir Badükubə" imzası ilə kiçik həcmli şeirləri çap olunub. Bu mətbu nəşrin 4 iyul 1911-ci il tarixli 3-cü sayında Kərbəlayi Vəlinin "Məktəb deyir" şeiri dərc olunub. Bu kiçik şeirdə inkişaf edən millətlər, xalqlar sırasında müsəlman xalqlarının elm, təhsil və inkişafda geriliyin səbəblərinin müqayisəsi aparılır. Tərəqqinin, inkişafın, yeniliyin yalnız təhsillə mümkünlüyünü dilə gətirən şair alloqorik tərzdə Məktəb obrazının dilindən xalqa çağırış edilir:[4]

" Mən açılacaq dövrəmə cəm oldu hərdəst
Nəku

Kəsb edib məndən hamı elm, kamal və abır
Çox təəssüf başqalar aşiq ikən, islamiyyan,
Mən tərəfə heç baxmayıb, hər saat irəlilər
Millət deyir:
Boşla getsin, bir az qədəri söyləmə, elmi həşir.
Böylə sözlər bizi kimi millətlərə eyləməz əsər!
Yüz mükatibdən bir çayxana əfzəldir, bizə.
Xaricilər qovi gedib, məktəbdən alsınlar xeyir.

"

Hacı Zeynalabdin Marağayinin "İbrahim bəyin səyahətnaməsi"ni ilk dəfə Kərbəlayi Vəli Mikayılovun tərcüməsində 1911-ci ildə nəşr olunmuşdur.[3][10] Şair Əliabbas Müznib ilə birlikdə "Molla Nəsrəddin" (1909) və "Bəhlul Danəndə" (1910) lətifələrini nəşr etdirmişdir.[11]

Əmisi Yaqubun qızı ilə ailə quran Kərbəlayi Vəlinin bir-birinin arxasınca 3 övladı dünyaya gəlir. 1906-cı ildə doğulan ilk övladına atası Əyyubun adını qoyur. 1908-ci ildə bir qız doğulur, amma iki yaşına çatmamış dünyasını dəyişir. 1912-ci ildə ailəyə növbəti oğlan övladı bəxş olur, adını Məhəmməd qoyurlar. Çox keçmir ki, bu xoşbəxt ailə növbəti çətinliklə üz-üzə qalır, Məhəmməd iflic xəstəliyinə yoluxur. Kərbəlayi Vəli onu Bakının ən məşhur həkimlərinə və Xarkova müalicəyə aparsa da xəstəliyə əlac tapılmır və gənc dünyasını dəyişir.[4]

Kərbəlayi Vəli sürgündən qaçıb İrana keçdikdən sonra Sovet hökuməti onun ailəsini Qazaxıstana sürgün edir. Ailə ancaq 1953-cü ildə Bakıya qayıda bilib.[12]

  1. 1 2 3 Tahirzadə, Ədalət; Manaflı, Həbibulla. Unutdurulmuş azman — Əliabbas Qədimov. Bakı: Apostroff. 2012. 141. ISBN 978-9952-404-46-3. 2022-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-02.
  2. 1 2 Sarıyeva, İradə. "İstiqlal poeziyamızın Daisi..." baki-xeber.com. 2015-08-08. 2019-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-27.
  3. 1 2 3 Əhməd, Dilqəm. Mühacirlər Güney Azərbaycanda (1921-1941) (az.). Bakı: Çapar nəşriyyatı. 2024. 128. ISBN 978-9952-5661-5-4.
  4. 1 2 3 4 Aşırlı, Akif. "İstiqlalın gizlin qəhrəmanı". sherg.az. 2023-06-21. 2024-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  5. Türk ocağı // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 415. ISBN 9952-417-44-4.
  6. AR MTN arxivi, PR-19894
  7. AR MTN arxivi, PR-41457, 4-cü cild
  8. Aşırlı, Akif. "İstiqlalın gizlin qəhrəmanı II". sherg.az. 2023-06-22. 2024-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  9. Aşırlı, Akif. "İstiqlalın gizlin qəhrəmanı III". sherg.az. 2023-07-04. 2024-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  10. Marağayi Zeynalabdin Əli oğlu // Cəlil Məmmədquluzadə ensiklopediyası. Bakı: Şərq-Qərb. 2008. 162. ISBN 978-9952-448-26-9. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-29.
  11. Müznib, Əliabbas // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 243–244. ISBN 9952-417-44-4.
  12. Əhməd, Dilqəm. Əski müsavatçılar nəsli: Bir cəmiyyətin tarixçəsi (az.). Bakı: Çapar nəşriyyatı. 2024. 149. ISBN 978-9952-5579-1-6.