Dadaş Bünyadzadə
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Dadaş Bünyadzadə | |
---|---|
Zaqafqaziya SFSR xalq torpaq komissarı | |
1932 – 1936 | |
14 mart 1930 – 23 oktyabr 1932 | |
Əvvəlki | Qəzənfər Musabəyov |
Sonrakı | Mircəfər Bağırov |
Azərbaycan SSR xalq torpaq komissarı | |
mart 1922 – 14 mart 1930 | |
Əvvəlki | Sultanməcid Əfəndiyev |
Sonrakı | Heydər Vəzirov |
Azərbaycan SSR xalq ərzaq komissarı | |
6 may 1922 – 1923 | |
Əvvəlki | Qəzənfər Musabəyov |
Sonrakı | vəzifə ləğv edilib |
Azərbaycan SSR xalq maarif komissarı | |
28 aprel 1920 – 6 may 1922 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Mustafa Quliyev |
Azərbaycan SSR xalq fəhlə-kəndli müfəttişliyi komissarı | |
28 aprel 1920 – 1921 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Behbud ağa Şahtaxtinski |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 aprel 1888 |
Doğum yeri | |
Vəfat tarixi | 21 aprel 1938 (50 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Dadaş Xocabəy oğlu Bünyadzadə (8 aprel 1888, Fatmayı, Bakı qəzası – 21 aprel 1938, Kommunarka poliqonu[d]) — Azərbaycan SSR dövlət xadimi, Azərbaycanın SSR-in ilk maarif komissarı,[1] 1930–1932-ci illərdə Azərbaycan SSR Xalq Komissarları Sovetinin Sovetinin sədri.
Həyatı
1888-ci ildə Bakı qəzasının Fatmayı kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur.
İlk təhsilini kənd məktəbində (mollaxanada) almış, sonra isə bir il Bakıda rus-tatar məktəbində oxumuşdur. Ailəsinin ağır vəziyyəti Dadaş Bünyadzadəni təhsilini davam etdirməyə imkan vermir. O, kiçik yaşlarından əmək fəaliyyətinə başlamışdır. O, bir müddət Bakı daş karxanalarının birində arabaçı işləmişdir. 1904-cü ildə Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində, 1905–1908-ci illərdə isə dəmirçixanada şagird, çəkicvuran işləmişdir. O, bu dövrdən Azərbaycan zəhmətkeşlərinin inqilabi mübarizəsində fəal iştirak etməyə başlamışdır. O, fəhləlik etməklə yanaşı təhsilini davam etdirməyi də unutmurdu.
1907-ci ildə "Nicat" cəmiyyətinin açdığı cümə günləri kursunda oxumağa başlamış, 1908-ci ildə isə 8 aylıq türk pedaqoji (axşam) kursunu bitirmişdir. O, həyatının bu dövrü haqqında öz tərcümeyi-halında belə yazmışdı: "Səhərdən gündüz saat 3-dək mən çəkicvuran fəhlə sifətilə işləyirdim, gündüz saat 4-dən axşam saat 7-dək axşam kursunda oxuyur, axşam 8-dən sonra isə axşam kursunda rus dilini öyrənirdim".
Kursu bitirən D. Bünyadzadə dəmirçi fəhlə işləməklə yanaşı axşam kurslarında türk dilindən dərs verir, türk dilli qəzetlərlə əməkdaşlıq edirdi. O, İranda şah zülmünə qarşı çıxmış inqilabçılara kömək etmək üçün 1908–1909-cu illərdə partiya təşkilatının tapşırığı ilə "Yeni həyat" qəzetinin müxbiri kimi bu ölkədə fəaliyyət göstərmişdir.
1909-cu ildə D. Bünyadzadə İrandan qayıtsa da, Bakıya gələ bilmir, onu Tiflisdə həbs edirlər. Onun İrandakı inqilabi fəaliyyəti jandarm idarəsinə məlum idi.
Dadaş Bünyadzadə həbs edilməsi haqqında sonralar yazırdı: "1909-cu ildə Tiflis jandarm polkovniki qarşısında bir cavan inqilabçı sosial-demokrat sifətilə durarkən, polkovnik məndən yoldaşlarımı və onların adlarını söyləməyi soruşdu. O, məni bir neçə dəfə öz hüzuruna apartdırıb gətirəndən sonra mənə dedi: "Hər nə istəsən verərik, söylə görək siz nə istəyirsiniz və yoldaşlarınız haradadır?" Mən hətta fikir etməyərək sakitcə, lakin dərhal polkovnikə dedim: "Cənab polkovnik, mənim istəyim odur ki, bir də sizin üzünüzü görməyim". Polkovnik qəzəbləndi və həbsxanaya göndərilməyimi əmr etdi". Üç ay sonra o həbsxanadan azad olaraq Bakıya gəlir.
1909–1911-ci illərdə D. Bünyadzadə müxtəlif qəzetlərdə işləmiş və "Bakı həyatı" qəzetini redaktə etmişdir. O, 1911-ci ilin axırlarında Bakıda bir neçə qəzet redaktoru ilə birlikdə həbs olunub Türküstana sürgün edilir. 1912-ci ildə sürgün vaxtı amnistiyaya düşən D. Bünyadzadə Bakıya qayıdır, lakin Bakıda ondan qəzetlərdə işləməmək haqqında dilindən kağız alınır. 1912–1916-cı illərdə Bakı daş karxanalarının birində işləsə də, qəzetlərdə başqa imzalarla məqalələr dərc etdirir. Eyni zamanda fəhlə kooperativləri və "Şəfa" cəmiyyəti təşkil etmişdir.
1917-ci il Fevral inqilabından sonra D. Bünyadzadə tamamilə Hümmət partiyasına işləməyə keçir. O, N. Nərimanovun sədrlik etdiyi Hümmət təşkilatının katibi seçilmiş və eyni zamanda Bakı Sovetinin üzvü, Bakı qəzası üzrə müvəkkil və ərzaq şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
O, bu vəzifələrdə Bakı zəhmətkeşlərinin arasında inqilabi təbliğat və təşviqatla yanaşı, şəhərin taxıl və başqa ərzaq məhsulları ilə təmin olunması işində ciddi tədbirlər görmüşdür. D. Bünyadzadə 1917-ci ilin dekabrında Bakıda keçirilən Qafqaz sosialistlərinin qurultayı nümayəndələrinə müraciət edərək "Hümmət" qəzetində yazırdı: "Bu gün qurultayda iştirak edən sosialist yoldaşlara üz çevirib cəsarətlə deyirəm: bu gün bizə təşkilat lazımdır. Bizə vahid bir qüvvət lazımdır ki, üç yüz illik romanovlar taxt-tacını parçalayan kimi, mənhus burjuaziya planı da cəmaətin boğazından açılsın, torpaqlar kəndlilərə verilsin, hökumət, fəhlə, əsgər və kəndlilər əlinə keçsin".
1918-ci ilin iyulunda Bakıda sovet hakimiyyəti yıxıldıqdan sonra D. Bünyadzadə bir sıra inqilabçılarla birlikdə Həştərxana gedir. O, Həştərxan quberniya komitəsinin tatar vilayət komitəsinin, Müsəlman Komissarlığının üzvü, mətbuat komissarı olmuş və tatar dilində "Tartış" ("Mübarizə") qəzetini redaktə etmişdir. D. Bünyadzadə bu zaman Həştərxanda təşkil edilmiş Zaqafqaziya müsəlmanları işləri komissarlığının sədri olmuşdur.
1918-ci ilin payızında Moskvaya çağırılan D. Bünyadzadə mərkəzə Azərbaycan haqqında məlumat verir. 1918-ci il noyabrında Moskvada Ümumrusiya müsəlman kommunistləri qurultayı çağırılmışdır. Qurultayda Moskva, Petroqrad, Nijni-Novqorod, Penza, Saratov, Samara, Həştərxan və s. yerlərdən 46 nümayəndə, həmçinin Azərbaycandan D. Bünyadzadə və B. Sərdarov iştirak etmişdir. Qurultayda D. Bünyadzadə iki dəfə məruzə etmişdir: 1) Şərqdə inqilab haqqında; 2) Azərbaycanda siyasi vəziyyət.
O, bu məruzələrdə Şərqdə, o cümlədən Azərbaycanda beynəlxalq vəziyyət haqqında qurultay nümayəndələrinə geniş məlumat vermişdir. Qurultayın D. Bünyadzadənin məruzəsi üzrə qəbul etdiyi qətnamədə göstərilir: "Beynəlxalq siyasətlə RK(b)P müsəlman təşkilatları MK ilə eyni taktikaya əməl edir". Şərq xalqları arasında təşviqat-təbliğat işini gücləndirmək məqsədilə qurultay beynəlxalq təbliğat şöbəsi təşkil etməyi məqsədəuyğun saydı. Qurultay RK(b)P Müsəlman Təşkilatlarının Mərkəzi Bürosunu seçdi.
D. Bünyadzadə büro üzvlüyünə namizəd seçildi. D. Bünyadzadə RK(b)P MK göstərişi ilə 1919-cu ilin iyulunda bir neçə inqilabçı ilə Zaqafqaziyada gizli partiya işi aparmaq üçün Həştərxandan gəmi ilə Bakıya gəlir. Burada o, polis tərəfindən həbs edilir, lakin Bakı fəhlələrinin tələbi ilə tezliklə azad olunur və yenidən inqilabi mübarizəyə qoşulur.
O, bu dövrdə Bakı Fəhlə Konfransı sədrinin müavini, Həmkarlar İttifaqı Komitəsinin üzvü kimi fəhlə və kəndlilər arasında təbliğati-təşviqati iş aparmışdır. 1919-cu il sentyabrın 25-də Qazax şəhərində Qazax qəzası kəndlilərinin qurultayı çağırılmışdır. Qurultayda Bakı Komitəsinin və Hümmət təşkilatının göstərişi ilə Ə. Qarayev, A. Yusifzadə və b. görkəmli inqilabçılarla yanaşı D. Bünyadzadə də iştirak etmişdir. Qurultayda çıxış edən D. Bünyadzadə AXC hökumətinin apardığı siyasəti tənqid edərək nümayəndələrə müraciətlə demişdir: "Hökumət də, parlament də sizi aldadır, bunlardan siz gün gözləyə bilməzsiniz.
Bunlar sizi fəlakətə aparır". D. Bünyadzadə Azərbaycan Kommunist Partiyası təşkilatçılarından və yaradıcılarından biri olmuşdur. 1920-ci il fevralın 11–12-də Bakıda Azərbaycanda fəaliyyət göstərən kommunist təşkilatların (RK(b)P Bakı komitəsi, Hümmət, Ədalət) I qurultayı qeyrileqal şəraitdə çağırılmışdır. D. Bünyadzadə qurultayda fəal iştirak etmiş və təşkilat məsələsi haqqında məruzə etmişdir.
O, qurultay tərəfindən yeni yaradılan AK(b) P MK-ya üzv sevilmişdir. Sonra o, hərbiinqilab qərargahının, onun əməliyyat qurumunun üzvü seçilir və fəhlə döyüş dəstələrinin təşkil olunmasına, silahlandırılmasına rəhbərlik edir. 1920-ci il martın 15-də Bakı Fəhlə klubunda mitinq keçirildi.
D. Bünyadzadə bu mitinqin təşkilatçılarından və fəal iştirakçılarından biri olmuşdur. Mitinqin keçirilməsindən xəbər tutan polis onun təşkilatçılarını, o cümlədən D. Bünyadzadəni də həbs edir. Hökumət orqanları onu AXC-yə qarşı silahlı üsyan hazırlayan qurumun üzvü kimi güllələnməyə məhkum edir. D. Bünyadzadəni bu ölümdən 1920-ci il aprelin 28-də edilən bolşevik çevrilişi xilas etmişdir.
D. Bünyadzadə 1920-ci il aprelin 28-də başda N. Nərimanov olmaqla təşkil edilmiş Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin üzvü və Azərbaycan SSR Xalq Komissarları Sovetinin tərkibinə daxil olur. D. Bünyadzadə Azərbaycan SSR xalq maarif komissarı və xalq fəhlə-kəndli müfəttişliyi komissarı seçilmişdir. O, bütün qüvvə və bacarığını Azərbaycanın tərəqqisinə və inkişafına sərf etməyə başlayır.
O, birinci növbədə savadsızlığın tezliklə aradan qaldırılması üçün köhnə məktəbləri kökündən dəyişib yeniləri ilə əvəz etmək, həmin məktəblərdə fəhlə və kəndli balalarının oxuması üçün hər cür şərait yaratmaq, müəllimlərin şəraitini yaxşılaşdırmaq məsələləri ilə məşğul olur. Respublikada gənc, savadlı mütəxəssislər hazırlanması üçün ali məktəblər, texnikumlar açılması işinə də o, böyük fikir vermişdir. Gənc nəslin düzgün tərbiyələndirilməsi, onların elmi biliklərə səylə yiyələnməsi D. Bünyadzadənin diqqət mərkəzində idi.
1922–1923-cü illərdə D. Bünyadzadə Azərbaycan SSR xalq ərzaq komissarı, Ali İqtisadi Şura və XKS sədrinin müavini, Zaqafqaziya xalq ərzaq komissarı vəzifələrində çalışmışdır. O, bu məsul dövlət vəzifələrində ərzaq vergisinin tətbiqi və toplanması sahəsində əzmlə çalışmış və respublikanın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə nail olmuşdur.
D. Bünyadzadə 1923–1930-cu illərdə Azərbaycan SSR xalq torpaq komissarı, XKS və AİŞ sədrlərinin müavini, Dövlət plan komissiyasının sədri, Zaqafqaziya pambıq komitəsinin sədri və s. vəzifələrdə işləmişdir. O, bu vəzifələrdə Azərbaycan kənd təsərrüfatının inkişafı, yeni-yeni əkin sahələrinin və pambıqçılığın genişləndirilməsi, texnikanın tətbiqi, kooperativ və kolxoz təsərrüfatlarının təşkili, qolçomaqlara qarşı mübarizə sahəsində xeyli iş görmüşdür.
D. Bünyadzadə kənd təsərrüfatının kollektivləşməsi uğrunda gedən mübarizənin ön sıralarında gedərək bu dövrdə Azərbaycanda fərdi, xırda təsərrüfatların kolxoz yoluna yönəldilməsində bütün imkanlardan istifadə etmək üçün var qüvvəsini sərf edirdi. O, fərdi təsərrüfatçılara yalnız torpaq verməyin az olduğunu qeyd edərək göstərirdi ki, torpaqdan başqa yoxsul fərdi təsərrüfatlara hər cür dövlət yardımı olmalıdır. Fərdi təsərrüfatçının kənd təsərrüfatı mədəniyyətini yüksəltmək üçün bütün müasir aqrotexniki üsullardan istifadə etmək üçün ona yardım etmək lazımdır.
1930–1932-ci illərdə D. Bünyadzadə Azərbaycan SSR-in ən yüksək vəzifələrindən birini Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri vəzifəsini tutmuşdur. O, bu yüksək vəzifədə Azərbaycan neft sənayesinin, maşınqayırma və metallurgiyasının, kənd təsərrüfatının, elm və mədəniyyətin inkişafı, fəhlə və kəndlilərin vəziyyətinin yaxşılaşdırılması sahəsində xeyli əmək sərf etmişdir.
D. Bünyadzadə 1932–1936-cı illərdə ZSFSR xalq torpaq komissarı və s. vəzifələrdə çalışmışdır. O, bu vəzifələrdə də Zaqafqaziya respublikalarında kollektivləşdirilmənin tamamilə başa çatdırılması, kolxozların maddi-texniki bazalarının möhkəmləndirilməsi, maşın-traktor stansiyalarının təşkili və kənd təsərrüfatı üçün mütəxəssislər hazırlanması sahəsində xeyli iş görmüşdür. D. Bünyadzadə məhz belə bir tədbirlərin həyata keçirilməsinə əzmlə çalışmaqla böyük təşkilatçılıq bacarığına malik olduğunu, fəhlə və kəndlilərin etibarını qazandığını dönə-dönə sübut etmişdir.
Adi fəhləlikdən görkəmli siyasi və dövlət xadimi səviyyəsinədək yol keçmiş D. Bünyadzadə Azərbaycan zəhmətkeşləri tərəfindən dəfələrlə AK(b)P, Zaqafqaziya partiya təşkilatlarının plenum, konfrans, qurultaylarının nümayəndəsi seçilmiş, AK(b)P MK, Zaqafqaziya Ölkə Komitəsinin və bürolarının üzvlüyə namizəd və üzvü olmuşdur. Azərbaycan MİK və ZSFSR MİK rəyasət heyətinin üzvü idi. SSRİ III sovetlər qurultayından başlayaraq SSRİ MİK-nin üzvü seçilmişdir.
D. Bünyadzadə kənd təsərrüfatında, xüsusən pambıqçılıqda qazanılan müvəffəqiyyətlərə görə dövlət tərəfindən Azərbaycan Qırmızı Əmək Bayrağı ordeni və ZSFSR Qırmızı Əmək Bayrağı ordeni və s. mükafatlandırılmışdır.
D. Bünyadzadə repressiyaya məruz qalmış və 1938-ci ildə həbs edilib güllələnmişdir. Dadaş Bünyadzadənin 2 oğul,1 qız övladı olmuşdur. Qızı Nəsibə akademik Əşrəf Hüseynovun həyat yoldaşı olmuşdur.
Həmçinin bax
İstinadlar
- ↑ Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 352.
Xarici keçidlər
- 8 apreldə doğulanlar
- 1888-ci ildə doğulanlar
- Bakı qəzasında doğulanlar
- 21 apreldə vəfat edənlər
- 1938-ci ildə vəfat edənlər
- 50 yaşında vəfat edənlər
- Kommunarka poliqonunda güllələnən və dəfn olunanlar
- Bakıda dəfn olunanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- ZSFSR-in "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunanlar
- Azərbaycan SSR-in "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Fəxri proletar" döş nişanı ilə təltif olunanlar
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan inqilabçıları
- Azərbaycan kommunistləri
- Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədrləri
- Azərbaycan SSR xalq maarifi komissarları
- SSRİ-də repressiya qurbanları
- Edam olunmuş siyasətçilər
- Edam olunmuş azərbaycanlılar
- Zaqafqaziya SFSR xalq komissarları
- Azərbaycan Dövlət Aqrar Universitetinin rektorları
- Azərbaycan SSR xalq torpaq komissarları
- Azərbaycan SSR xalq fəhlə-kəndli müfəttişliyi komissarları